525.Az

Tanıyaq və tanıdaq! - Mircamal Hüseyni (İncik)


 

Tanıyaq və tanıdaq! - <b style="color:red"> Mircamal Hüseyni (İncik)</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Mircamal HÜSEYNİ (İNCİK)

1973-cü ildə qədim adı Muğan olan Parsabad şəhərində dünyaya göz açıb. İbtidai və orta məktəbi həmin şəhərdə bitirib, sonra əsgərlik xidmətini başa çatdırıb. İşləyib, ailəsinin dolanışığı üçün əziyyət çəkib. Ailə qurduqdan sonra Tehrana üz tutub. Ali təhsilə alıb. Mircamalın ədəbiyyat aləminə qədəm qoymasında şair qardaşı Mircəlil Hüseyninin böyük təsiri olub. Azərbaycanın çağdaş dövr tanınmış şairləri ilə ünsiyyət qurub, klassik ədəbiyyatı öyrənib və şeir sənətinin incəliklərinə varıb.

Muğan ədəbiyyat dərnəyinin fəal üzvüdür. Dörd şeir kitabını çapa hazırlayan şair hələ ki, onların çapına nail ola bilməyib...

Söz

Zaman gedir,
Baxır həsrət bir göz,
Ömür imiş unutduğum.
Ürəyimdən nə hay gəlir, nə bir xəbər,
Laxtalanıb sükutumda bütün sözlər.
Nə kimsəni dinləməyə halım vardı,
Nə kimsəyə danışmağa yaxşı bir söz.
Sözsüz qalıbdır söz...

Qələmim

Ey mənim duyğulu odlu qələmim,
Həyatın o gizli üzündən danış.
Ey şərəf yurdunda əsən ələmim,
Qorxmaz ol, vicdanın əlindən yapış.

Yaşamın sirrini öyrəndin demək,
Çox baha uğurdur çox gözəl paydır.
Qiyməti min dəfə ölmək-dirilmək,
Zülmətdə doğulmuş bir yeni aydır.

Zamanda birləşir fasilələr də,
Qorxuda itirir özünü insan.
Saxta qürurların lap iç üzündə.         
Aydın həqiqəti ayaqlayırsan.

Hansısa bir gücü axtaranların,
Gözucu baxsanız müəmmasına
Tapmayır bir arxa gizləyə canın,
Özü də lam baxır uçulmasına.

Elə çal qanadı bilməsin fələk,
Yaxanı vicdanın əlinə vermə.
Uç yerdən, havalan görünməz ruh tək,
Nə duyğu danışsın, nə də ki kəlmə.

Vücudum böyüyüb gəlmir əynimə,
Daşıya bilməyir ruhumu bədən.
Ey sənin yolunda əzab çəkdiyim,
Saxlaya bilmədin İnciyi vətən.

Qarabağda

Səsləndi "Heyratı", "Cəngi", "Koroğlu",
Üz tutub igidlər cəbhəyə doğru,
Titrəyir qorxudan qəsbkar oğru
Göstərib ordumuz şan, Qarabağda!

Çatdı savaş çağı, kişilik çağı,
Dirəndi sümüyə dözüm bıçağı,
Eşitsin elimin hər bir qocağı,
Yurduma gərəkdir can Qarabağda!

Ağardıb əsarət Zəngəzur saçın,
Gözləri yoldadır Kəlbəcər, Laçın,
Müqəddəs Şuşanın qolların açın
Ağlasın şikəstə Xan Qarabağda!

Hər kimsə düz deyir, anamdır vətən,
Buyursun meydana geyinsin kəfən...
Yaltaqlar görünmür gözümə nədən,
Əsarət deyilmi mən (yasaq - red) Qarabağda?

And olsun ürəkdə qalan sözlərə,
Qızların canını yaxan közlərə,
And olsun süngüylə çıxan gözlərə
Erməni qusacaq qan Qarabağda!

Görməsə düşməni dardan asılı,
Çətin ki, bağışlar bizi Xocalı...
Düşmənin o zaman pozular halı,
Ordumuz görəndə san Qarabağda!

Arzumdur, elə ki basıldı yağı,
Ucaldı Şuşada vətən bayrağı,
Görəydim yuxudan ayılan çağı
Sökülmüş bu səhər dan Qarabağda!

 

 





28.12.2019    çap et  çap et