525.Az

Soyuq əllər, isti ürəklər- Nuranə Tağıyeva yazır...


 

Soyuq əllər, isti ürəklər<b style="color:red">- Nuranə Tağıyeva yazır...</b>

Bakı, qırmızı və yaşıl rənglərin əsrarəngiz gözəlliyinə bürünüb bu günlərdə. Adından da göründüyü kimi,soyuq əllərə diqqət etmədən isti ürəklərə kürəklərini söykəyən xalqımız, uşaqlı böyüklü Tarqovı meydanına və şəhərimizin bir-birindən gözəl yerlərinə axın edirlər. Ölkəmizə 2020-ci il gəlir, həm də çox böyük ümidlərlə, yeniliklərlə gəlir...

Uşaqlığımdan bəri təkliyi sevən və tək qalmaq uğrunda demək olar ki mübarizə aparan bir şəxs kimi qeyd etmək istərdim ki, tətil və bənzərixüsusi günlərə çox əhəmiyyət verən birisi deyiləm. Ancaq dünən rəfiqəmin təzyiqi və təşviqi ilə soyuq əllər, isti ürəklər adlı o möhtəşəm bayram şənliyini ziyarət etməyə qərar verdim. Yola çıxarkən, uzun müddət sonra böyük izdihamın içində nə edəcəyim, necə hisslər keçirdəcəyim haqqında düşünmədim desəm yalan olar. Eyni zamanda, ruhumun bu baxımdan ac olduğunu və bu aclığı doyurmağın vaxtının çatdığını düşünmüşdüm. Beləliklə tıxaclı amma tərifi mümkünsüz möhtəşəmlik simvolu şəhərimin mərkəzi meydanına çatdıq. Hətta bəxtimiz elə gətirdi ki, avtomobili çox əlverişli yerdə saxladıq. Avtomobildən düşdük və müxtəlif mövzularda söhbət edərək Tarqovının arxa küçələrində, yağış çiskinlərinin yer ilə səssiz təmasının xoş atmosferində yeriməyə başladıq.

Nərgiz Fondunun təşkilatçılığında Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürəklər”yarmarkasının reklam lövhəsinin insanları salamladığı girişinə yaxınlaşmışdıq ki, dünyada keçirilən böyük mitinqlərdə, dünyaca məşhur müğənnilərin sehirli konsert proqramlarında belə görə bilməyəcəyimiz dəhşətli bir izdihamla qarşılaşdıq. Hətta bir-birimizi itirməmək üçün az qala əl-ələ tutuşacaqdıq. Qurulan bayram çadırlarının içərisinə girən kimi içimdəki o xoşbəxtlik üzümdəki təbəssümlə özünü büruzə verdi. Allahım, necə də xoşbəxtdir insanlar. Bura mənim ölkəmdir və bu insanlar mənim xalqımdır, deyə düşünməyə başladım. Rəfiqəmə, gəl, sağ tərəfdən başlayaq gəzməyə bütün tribunaları izləmək və müşahidə etmək istəyirəm, dedim. Çünki bir yazıçı kimi ağlıma gələn ilk şey bu gözəlliyi yazıb, qalıcı bir əsər halına gətirmək idi. Gördüyüm bu xoşbəxtliyi, bu bayram ab-havasını yaxşıca müşahidə edib yazmağa qərar verməyimin üzərindən çox keçməmişdi ki müxtəlif stendlərdən qardaş ölkə Türkiyəmizin də bir çox bölgəsinin məşhur təamları gözlərimin içinə baxırdı. Sanki biz də buradayıq, bizi də yazmağı unutma deyirdilər.

Gözlərimi açıb, diqqətlə ətrafı müşahidə edirdim. Danışan, deyib-gülən gənclər, uşaqlar, yaşlılar sanki susaraq mənimlə söhbət edirdilər. Eyni zamanda gördüyüm qədəriylə aldıqları zövqdən gözlərində yaranan o qığılcımı, ürəklərindəki o xoş duyğuları soyuqdan büzüşən bədənlərinə aldırış etmədən yaşamağa can atırdılar. Sağ tərəfdən girişdə Azərbaycanımızın ən gözəl şəhərlərindən biri olan Qəbələnin zəngin mətbəxi əl sallayırdı bizə. Düzdü, qocaman sahədə başqa bölgələrimizin adlarına və mətbəx incilərinə rastlamasaq da tənqidçi qələm sahibləri kimi çıxış edərək bu cür gözəlliyin mənfi tərəflərinin üzərində durmaq istəmirəm. Hər şeydən əvvəl olmayanda olmur və yaxud olanla kifayətlənmək lazımdır fikrini xüsusi həssaslıqa müdafiə edirəm hər zaman. Qayıdaq əsas mövzuya. Çadırların içərisində insanlarla toqquşa-toqquşa, üzlərdəki təbəssümü izləyə-izləyə standın qarşısına qoyulmuş samovar və qoyun fiquru ilə selfie çəkdirərərk müasir dövrün tələblərinə də cavab verdik.

Gəlin, qonaq və qardaş ölkə ilə davam edək. Köftə, bişmiş kartof (kumpir), vafli və s. türk mətbəxinə məxsus bir-birindən dadlı yemək çeşidlərinin Yeni ili bizimlə qarşılamaq üçün ölkəmizə gəldiyini görürük. Böyük bayram şənliyinin içərisində demək olar ki hər cür şərait yaradılıb. Dincəlmək və qidalanmaq üçün ortaya qoyulan stol stulllar, uşaqlar üçün əyləncə yerləri, avtomobilin içərisində qurulan səs sistemi, üç insan boyu qədər uzun, oyuncaqlarla bəzədilmiş yaşıl yolka ağacı lap insanı uşaqlığına, uşaqlıqda yaşadığı lakin illər keçdikcə diblərə çökmüş unudulmaqda olan xatirələrə götürür.

Hər il ənənəvi olaraq dekabr ayının 1-dən etibarən Fəvvarələr meydanında qurulan “Soyuq əllər, isti ürəklər” xeyriyyə yarmarkasının mən deyərdim ki ən böyük və dəyərli missiyası insanların mənəvi dünyasına bəxş etdiyi sevinc və fərahlıq hissidir. Bu xalqın ən çox buna ehtiyacı var və bu xalq hərkəsdən çox layiqdir buna...

 

                             

 

 





31.12.2019    çap et  çap et