525.Az

"Elə bir ailədənəm ki..."


 

"Elə bir ailədənəm ki..." <b style="color:red"></b>

Üç ilə yaxındır tanıdığım yaxın dostlarımdan biri, fakültəmizin dördüncü kurs tələbəsi Kənan Novruzov hələ yay aylarından deyirdi ki, bir kitab üzərində işləyir, əgər çap eləməyi bacarsa, bu, onun fakültəmizlə - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə bağlı ən böyük uğuru olacaq. Budur, artıq onun "Elə bir ailədənəm ki..." adlı kitabı masamın üzərindədir.

İki hissədən ibarət kitab fakültəmiz və müəllimlərimiz haqqında yazılmış yazılardan ibarətdir. Kənan əvvəl yarım əsrlik Jurnalistika fakültəsi ilə bağlı öz fikirlərini oxuculara çatdırır, sonra isə müəllimlərimizlə bağlı düşüncələrini qələmə alır. Özünün də dediyi kimi, kitabdakı reportaj və məqalələr hələ müxtəlif vaxtlarda "525-ci qəzet" və "Şərq" qəzetlərində dərc olunanda ağlına da gəlməzdi ki, nə vaxtsa onları bir kitabda toplayacaq.

Kənanın fakültəmizə nə qədər bağlı olduğunun, müəllimlərimizlə isti, səmimi münasibətinin şəxsən şahidiyəm. Bunun nəticəsidir ki, o, kitabın "Müəllimlərim... ustadlarım..." adlı hissəsində fakültəmizin professor-müəllim heyətinin, demək olar, bütün üzvləri haqqında fikirlərini bölüşür.

Kitab oxumağı çox sevirəm. Amma tələbə yoldaşımızın bu kitabını daha böyük həvəslə, maraqla oxudum. Bu, bir tərəfdən, az qala, hər səhifədə fakültəmizin, müəllimlərimizin adının çəkilməsi ilə bağlıdırsa, digər tərəfdən müəllifin sadə dilidir. Təsadüfi deyil ki, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli kitaba yazdığı "Kənanın kitabına kiçik bir prelüdiya" sərlövhəli ön sözdə qeyd edir ki, "Mən Kənanın kitabı haqqında danışmadım. Bilirəm ki, Kənanın aydın, səriştəli üslubu bu kitabı oxutduracaq".

 

Tələbə yoldaşımızın kitabı səmimi duyğularla, fakültə ilə bağlı nostalji hisslərlə doludur. Kənan müəllimlərimizlə bağlı yazılarında onların hər birini xarakterizə etməyi bacarıb. Seçdiyi sərlövhələr də göstərir ki, ötən illər ərzində Kənan ona dərs deyən və deməyən müəllimləri kifayət qədər müşahidə etməyi bacarıb.

Bir müddət əvvəl fakültəmizdə "Elə bir ailədənəm ki..." kitabının təqdimat mərasimi keçirildi. Mən də həmin tədbirdə iştirak edirdim. Dekanımız Vüqar Zifəroğlu, müəllimlərimiz - professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Həmid Vəliyev, dosent Mahmud Mahmudov, Könül Niftəliyeva, Qərənfil Dünyaminqızı və digərləri kitab haqqında təəssüratlarını bölüşüb, sevimli tələbələrinə uğurlar arzuladılar. Üzündəki təbəssümdən, gözündən işıqdan hiss edirdim ki, bu gün Kənanın ən sevincli günlərindən biridir. Söz ona veriləndə üzünü birinci kurs tələbələrinə tutub dedi ki, fakültəmizlə fəxr edin, müəllimlərimizi sevin. Kənan etiraf edir ki, ikinci ailəsinə çevrilən bu kollektivdən ayrılmaq onu üçün çətindir. Amma Cahangir müəllim yetirməsinə təsəlli verdi: "Bizim məzunlarımız heç vaxt universitetdən, Jurnalistika fakültəsindən tam ayrılmırlar". Ümumiyyətlə, tələbələrin ən sevimli müəllimlərindən biri olan Cahangir Məmmədli başqa tələbələr kimi Kənana da həmişə diqqət və qayğı ilə yanaşıb. Bu kitabın ərsəyə gəlməsində, şübhəsiz, onun da böyük xidmətləri var.

Kənanın ən böyük arzularından biri gələcəkdə doğma fakültəsinin əməkdaşlarından birinə çevrilərək həm də babası - filoloq-alim, Əməkdar müəllim Ramiz Novruzovun yolunu davam etdirməkdir. İnanıram ki, Kənan bunu bacaracaq və indilərdə tələbə kimi ayrıldığı ailəsinə, gələcəkdə müəllim kimi yenidən qovuşacaq.

Nə yaxşı ki, bizim belə ailəmiz var...

Günel ABBAS
BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi

 





15.01.2020    çap et  çap et