525.Az

Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər...


 

Gömrük sistemində aparılan islahatlar: <b style="color:red">nəticələr, perspektivlər...</b>

"Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - deyən Ümumilli lider Heydər Əliyev hakimiyyətinin ilk illərindən başlayaraq öncə məhz gömrük işinin uğurlu və qabaqcıl təşkili sahəsinə böyük diqqət ayırıb.

Ulu öndərin başladığı bu uğurlu və mütərəqqi siyasət sonradan ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilib. Onun uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də bir-birindən faydalı islahatlar hıyata keçirlir, önəmli nəaliyyətlər əldə olunur.

Dövlət sərhəddən başlayır. Sərhəddi etibarı əllərdə olan ölkənin dövlətçiliyi də uğurla təşkil olunub deməkdir. Sərhəd isə təkcə silahlı qüvvələrə deyil, eyni zamanda gömrük xidmətinə də əmanətdir. Etibarlı gömrük xidməti dövlətçiliyin əsas amillərindən biridir. Bunun fərqində olan gömrük orqanları genişmiqyaslı islahatlar, müasir tətbiqlər, sağlam düüncə və gərgin əmək sayəsində ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, beynəlxalq ticarətin sürətli, təhlüksəzi və mütəşəkkil təşkilində mühüm rol oynayan quruma çevrilib.

Sevindirici haldır ki, illərdir Dövlət Gömrük Komitəsi rəhbərliyi və bütün əməkdaşlarıyla birlikdə Azərbayan dövlətçiliyinin inkişafı üçün öz işlərinə son dərəcə məsuliyyətlə yanaşaraq üzərilərinə düşən vəzifəni şərəflə həyata keçirirlər. Məhz buna görə də bu gün Azərbaycan gömrük işinin təşkilinə görə dünya standartlarına cavab verərək digər dövlətlərin nümunə kimi seçdiyi ölkələr arasındadır.

Uğurla bitən 2019...

Dövlət Gömrük Komitəsinin apardığı islahatlar, həyata keçirtdiyi layihələr 2019-cu ildə də uğurla davam etdirildi. "Kölgə iqtisadiyyatı"na qarşı həyata keçirilən tədbirlər, "Yaşıl dəhliz" sistemi, narkotik ticarətiylə mübarizədə əldə olunan rəqəmlər, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların məbləği, bir-birinin ardınca keçirilən konfranslar, hesabat xarakterli dəyirmi masalar da bunun bariz nümunəsidir.

Bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Gömrük komitəsindəki islahatlar, yeniliklər və gələcək perspektivlər haqqında danışarkən bildirib ki,  ölkədə aparılan uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində həyata keçirilən islahatlar da xarici ticarət iştirakçılarının aktivliyini artırıb, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin qorunub saxlanması, şəffaflıq təmin edilib, eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların məbləğ etibarilə artırılmasına nail olunub:

"2019-cu il komitə üzrə makrogöstəricilər baxımından uğurlu bir il olub. Belə ki, 2018-ci ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən faktiki olaraq 1 milyard 970 milyon əlavə vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Cənab Prezident, Sizin bütün sahələrdə apardığınız uğurlu islahatların nəticəsi olaraq gömrük sistemində də son iki ildə aparılan islahatlar sayəsində əvvəlki illərlə müqayisədə keçən il bir milyard, bu il 2 milyarda yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da iki dəfədən çoxdur.

2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil edib, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülüb və icraya 119,1 faiz əməl olunub. 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. Belə ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib. Ümumilikdə bu kontekstdə gördüyümüz işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunub, xüsusilə də digər ölkələrdən, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə sahibkarların qiymət azaltma tendensiyası 2019-cu ildə azalıb. Bu sahədə aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə də 900 milyon dollara yaxın malların dəyərini aşağı salmağa cəhdlər edilib, bunun qarşısı alınıb və 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib".

Azərbaycanın gömrük təcrübəsi dünya ölkələrinə nümunə kimi

Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün Azrbaycanın gömrük işindəki mütərəqqi təcrübəsi dünya ölkələrinin maraq obyektinə çevrilib. Bir sıra ölkələr Gömrük Xidmətinin təcrübəsini öyrənir, bu sahədə Azərbaycanla əməkdaşlıq əalqələrinin artırılmasına çalışırlar. Ötən illər ərzində Ukrayna, Belarus, Qırğızıstan, Özbəkistan, Əfqanıstan və digər ölkələrin gömrük xidmətlərinin nümayəndə heyətləri Azərbaycana səfər edərək, əsasən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, həmçinin "bir pəncərə" prinsipi və "yaşıl dəhliz" buraxılış sistemi, qaçaqmalçılıq hallarına qarşı mübarizə sahəsində Azərbaycan tərəfinin təcrübəsindən yararlanırlar.

Dövlət Gömrük Komitəsinin gömrük işinin müasirləşdirilməsi, eləcə də narkotiklərlə mübarizə sahəsində göstərdiyi səylər və qazandığı nailiyyətlər Ümumdünya Gömrük Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Bu günlərdə Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın Azərbaycana işgüzar səfəri və ölkə başçısı İlham Əliyevlə görüşü bunu bir daha təsdiq edir.

Görüşdə Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğuladı.

Kunio Mikuriyanın Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirməsi isə bu sahədə görülən islahatların, həyata keçirilən silsilə tədbirlərin yüksək uğurunun xəbərçisi idi. Baş katib xüsusilə Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını dedi və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd etdi.

Qanunsuzluqla mübarizədə qazanılmış uğurlar

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın toxunduğu məsələlər həqiqətən də son illərdə Azərbaycanda gömrük sahəsində əldə olunan uğurların ən önəmlilərindəndir. Xüsusən korrupsiya hallarıyla mübarizə son illərdə özünün müsbət nəticələrini göstərməkdədir. Bunu görüşdə dövlət başçısı İlham Əliyev də qeyd edib. O deyib ki, Azərbaycanda korrupsiya ilə mübarizə ən prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev, həmçinin, gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rüsumların planlaşdırıldığından da artıq olduğunu bildirdi. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının "Doing Business" hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirdi.

Ötən il prezidentin məmurlara öz vəzifələrindən sui-istifadə hallarını yığışdırmaları və problemləri açıq-aydın dilə gətirib, həlli yollarını tapmaqları ilə bağlı çağırışı özünün müsbət nəticəsini verdi. Belə ki, Dövlət Gömrük Komitəsi bu mənada ən yaxşı çalışan dövlət orqanlarından biri kimi qeyd edilməlidir. Komitə problemləri gizlətmir, əksinə, onları söylərək qısa zamanda həllinə nail olmağa çalışır. Rəhbərlik öz işçilərini də daim nəzarətdə saxlayaraq, onların vicdanla işləmələri üçün lazım olan hər bir tədbirdən çəkinmir. Buna görə də vaxtaşırı öz sıralarında təmizlənmə işləri aparır, qanunsuzluğa yol verən, vəzifəsindən sui-istifadə edən işçiləri sıralarından kənarlaşdırırlar. Məsələn, 2019-cu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri yol verdikləri qanun pozuntuları ilə əlaqədar olaraq məsuliyyətə cəlb edilib.Yenə ötən ilin iyunun 28-də Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət ittihamı ilə vəzifədən azad edilib və məsuliyyətə cəlb edilib.

Sevindirici haldır ki, Gömrük Komitəsi bunu mətbuatdan gizlətmir, media ilə hər zaman sıx əlaqədə çalışır. Onlar uğurları kimi bu cür halları da ictimaiyyətin diqqətinə çatdırmaqdan çəkinmirlər. Media nümayəndələri ilə əlaqələrin genişləndirilməsi yönündə tez-tez media turların təşkil edilməsi, seminarların keçirilməsi Dövlət Gömrük Komitəsinin cəmiyyətə son dərəcə açıq olmasından xəbər verir.

Dünyaya açılan qapı - "Yaşıl dəhliz"

Dövlət Gömrük Komitəsinin uğurlarından biri də beynəlxalq təcrübəyə istinadən gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilmiş gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan istifadəsidir.

Bu cür proqramlardan biri də ötən ilin fevralından tətbiq olunan "Yaşıl Dəhliz" buraxılış sistemidir. Sistemin məqsədi könüllü riayət mədəniyyətini formalaşdırmaq, gömrük qaydalarının daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, məmur-sahibkar münasibətlərini virtuallaşdırılmaqdır.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı ilə "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" təsdiqinə əsasən həyata keçirilən sistemə 2019-cu il 1 fevral tarixindən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə icazələr verilib.

"Yaşıl Dəhliz" buraxılış sisteminin imkanlarından yararlanan sahibkarlar mal və nəqliyyat vasitələrini gömrük ərazisinə gətirənədək birbaşa öz ofislərindən qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə gətirdikləri mal və nəqliyyat vasitələrini birbaşa anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli həyata keçirilməsinə imkan verir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sözlərinə görə, bu sistem üzrə ümumi ticarət dövriyyəsi artıq 6,4 mlrd. ABŞ dollarını keçib: "Yaşıl dəhliz" sisteminin kifayət qədər üstün cəhətləri var. Bu sistem vasitəsilə heç bir növbə gözləmədən yükləri anbara daşımaq olur. Hesab edirəm ki, gələn il "Yaşıl dəhliz" iştirakçılarının sayı daha da artacaq.

"Yaşıl dəhliz" və "bir pəncərə" kimi sistemlərin tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit yüklərinin daşınmasının sürətləndirilməsinə, eyni zamanda, "kölgə iqtisadiyyatı"na qarşı mübarizədə öz müsbət təsirini göstərib. Belə ki, dövlət başçısının "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsi barədə müvafiq icra orqanlarına verdiyi tapşırıqların yerinə yetirilməsinə dair çağırışlara artıq biznes subyektlərinin də qoşulması aparılan xarici ticarət əməliyyatları üzrə uçot və hesabatlılığın düzgün bəyan edilməsini şərtləndirib, dövlət büdcəsinə qanunla müəyyən edilmiş vergilərin və gömrük rüsumlarının vaxtında və artıqlaması ilə ödənilməsi təmin olunub. Görülən tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsində son iki ildə idxal-ixrac əməliyyatları üzrə səffaflığın təmin edilməsi ilə beynəlxalq iqtisadi münasibətlər kontekstində illik ticarət dövriyyəsi böyük həcmdə artıb ki, bu da "güzgülü statistik" uçotun aparılmasını asanlaşdırır".

Ötən ilin nəticələri göstərir ki, gömrük sistemində aparılan islahatlar qısa zamanda özünün ən yüksək nəticələrini verməkdədir. İnanırıq ki, dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunan gömrük xidməti bundan sonrakı illərdə də islahatların davamlılığı sayəsində ölkə iqtisadiyyatının təhlükəsizliyinin əsas təminatçısı olmağa davam edəcək.

Şahanə MÜŞFİQ

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür.

 





15.01.2020    çap et  çap et