525.Az

"İmtahanlar və yoxlama zamanı hər hansı pozuntu olmayıb"


 

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ 2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI DAVAM EDİR

"İmtahanlar və yoxlama zamanı hər hansı pozuntu olmayıb"<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

12 fakültə və SABAH qrupları da daxil olmaqla 270 qrup üzrə 6846 tələbə imtahan verib. İmtahanlardan öncə müəllim-koordinatorların bölgüsü aparılır və onlar müvafiq auditoriyalara təhkim edilirlər. İmtahanlar başa çatdıqdan sonra müəllim-koordinatorlar yazı işlərini yoxlama üçün ayrılmış auditoriyalarda ümumi rəhbərlərə təhvil verirlər. İşlər kodlaşdırılır və yoxlama prosesinə başlanılır.

İmtahanların təşkili və gedişi barədə fikirlərini bölüşən BDU-nun hüquq fakültəsinin müəllimi, rəhbər-koordinator Akif Rəsulov deyib ki, ümumi rəhbərlər rektorluğun qərarı və yerdəyişmə qaydası gözlənilməklə yazı işlərinin yoxlanılması üçün ayrılmış auditoriyalara təhkim edilirlər: "Universitet üzrə yoxlama işləri altı auditoriyada həyata keçirilir. Hər gün 13:00-dan etibarən ümumi rəhbərlər təhkim olunduqları yoxlama zalına getməklə orada müəllim-koordinatorlar tərəfindən gətirilmiş imtahan yazı işlərinin qəbulunu həyata keçirir və kodlaşdırıcılar arasında bölgü aparırlar". Koordinatorların gətirdiyi imtahan yazı vərəqələri yoxlanıldıqdan sonra qəbul edilir və hər bir qrup üzrə tələbə sayı, imtahana gəlməyən və buraxılmayan tələbələrlə bağlı qeydlər aparılır. Təxminən saat 14:00-da kodlaşma bitir və işlər fakültələr üzrə yoxlamanı aparacaq müəllimlərə təqdim edilir". A.Rəsulovun sözlərinə görə, hər bir sual 0-10 bal arası qiymətləndirilir və yazılmış hər bir qiymətlə bağlı əsaslandırma aparılır. Bunun üçün müəllimlər əvvəlcədən əsaslandırma vərəqələri ilə təmin edilirlər. A.Rəsulov artıq bir neçə gündür ki, keçirilən imtahanlarda və yoxlama zamanı hər hansı pozuntu hallarının olmadığını, nizam-intizamın yüksək səviyyədə təşkil edildiyini bildirib.

İnsan və heyvan fiziologiyası kafedrasının böyük laborantı, kodlaşdırma prosesində iştirak edən Elvin Hüseynov isə vurğulayıb ki, əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Bundan sonra müəllim yoxlamaya başlaya bilər. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır: "Diqqət tələb edən bu prosesin tətbiqi olduqca zəruridir. Çünki bu halda imtahanı yoxlayan müəllim hansı tələbənin cavabını yoxladığını bilmir, bu da yoxlama prosesinə subyektiv yanaşmanı aradan qaldırır və nəticədə daha obyektiv qiymətləndirmə aparılmış olur. Bütün bu sadalananları nəzərə alsaq, bu işin iştirakçısı və vaxtilə subyekti olmuş biri kimi bu sistemin imtahanların şəffaf şəkildə qiymətləndirilməsi üçün olduqca effektiv bir yol olduğunu deyə bilərəm".

Biologiya fakültəsinin professoru, rəhbər-koordinator Məcnun Babayev bütövlükdə imtahan prosesinin təşkili, keçirilməsi, ümumi rəhbərlər, kodlaşdırıcılar və yoxlama işlərini həyata keçirən müəllimlərin işindən razı qaldığını bildirib. Onun sözlərinə görə, yazı işləri müəllim-koordinatorlardan təhvil alındıqdan sonra kodlaşdırma prosesi aparılır və ümumi rəhbər tərəfindən yoxlamaya gələn müəllimlərə təqdim edilir. Müəllimlər səliqəli şəkildə yoxlama prosesini həyata keçirir və hər bir suala yazdıqları cavabları əsaslandıraraq yekun bal yazırlar. Beləliklə, proses başa çatır.

Geologiya fakültəsinin professoru, rəhbər-koordinator Nazim İmamverdiyev də prosesin təşkilindən razılıq ifadə edib. O bildirib ki, imtahanlar obyektiv və şəffaf keçirilir, nizam-intizam qaydalarına tam əməl olunur. İşlər kodlaşdırılır və yoxlayan müəllim imtahan vərəqinin kimə məxsusluğunu bilmir. Burada hər hansı müdaxilədən söhbət gedə bilməz.

İqtisadiyyat və idarəetmə kafedrasının baş laborantı Heyran Əlizadə artıq 2-ci ildir ki, kodlaşdırma prosesində iştirak etdiyini vurğulayıb: "Biz kodlaşdırıcı olaraq imtahan vərəqində tələbənin koordinatları olan hissəni kəsir və yazı işlərini ümumi koordinatorlara təhvil veririk. Bu isə, öz növbəsində imtahan prosesinin şəffaflığını təmin edir, çünki imtahan yoxlayan müəllim işin hansı tələbəyə aid olduğunu bilmir. Müəllimlər yazı işlərini yoxladıqdan sonra rəhbər-koordinatorlara təhvil verirlər. Bundan sonra kodlaşdırıcılar müvafiq kodlara uyğun işləri müəyyənləşdirir və tələbənin yekun balını hesablayaraq qeyd edirlər. Qruplar üzrə işlər ümumi koordinatorlara təhvil verildikdən sonra proses basa çatır".

S.QARAYEVA

 





15.01.2020    çap et  çap et