525.Az

Peşəkar jurnalist, ləyaqətli insan - Yalçın Əlizadə


 

Peşəkar jurnalist, ləyaqətli insan - <b style="color:red">Yalçın Əlizadə </b>

Mənim vüqarlı dostum

Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə vəfatından bir az əvvəl müsahibə verdiyi jurnalistə demişdi:

- Mən səni tanıdığım qədər hələ özümü yaxşı tanımıram.

 Həqiqətən də insan mürəkkəb, təzadlı məxluqdur. Təsadüfi deyil ki, onu təfərrüatına, incəliyinə qədər tanımaq bəzən ən mürəkkəb texnikanı idarə etməkdən də çətin görünür. Ancaq bunun üçün iki yaxşı vasitə var. Bir gərək səfər və səyahətlərdə onunla yol yoldaşı olasan, bir də tabeliyində işləyəsən. Yalçın Əlizadə ilə bunların hər ikisi olub və onların hər ikisində onda ən yaxşı keyfiyyətləri görmüşəm. Hansıları? Sadalamazdan əvvəl özüm üçün vacib olan bir məsələni qeyd etmək istəyirəm. Məni tanıyanlar, yəqin ki, yaxşı bilir və sözümə etiraz etməzlər. Ancaq qoy tanımayanlar da bilsin: əgər Yalçın müəllim indi  də keçmişdəki kimi jurnalistika fakültəsinin dekanı, o cümlədən, mənim dekanım olsaydı, təmənnalı görünər deyə bu sözləri üzünə deməzdim. Deməmişəm də. Ancaq hiss etdiyim kiçik bir nöqsanı nəzərinə çatdırmışam. Zarafatla demişəm Elmi Şurada məsələ qaldıracam ki, fakültə dekanı hökmən papiros çəkən olmalıdır. Soruşub ki, niyə? Demişəm ki, səndən əvvəl dekanımız, rəhmətlik Tofiq Rüstəmovun vaxtında da bəzi nöqsanlar olurdu. Ancaq o, dərhal əsəbləşib özündən çıxmırdı. Əksinə, sakit şəkildə damağına bir papiros alıb nöqsanın necə, niyə baş vermə səbəbləri barədə düşünür, onun hansı vasitə və üsullarla aradan qaldırılması yollarını arayıb- axtarırdı.

Lakin iki səbəb üzündən Yalçın müəllimin bu hərəkətinə də bəraət qazandırmaq olardı. Əvvəla belə ciddi tələbkarlıq böyük təəssübkeşlik hissindən, fakültəyə qayğıkeşliyindən irəli gəlirdi. Digər tərəfdən həmin tələbkarlığı ilk növbədə bilavasitə özündən, mərhum aktyorumuz Yaşar Nurinin ifadəsi ilə demiş olsaq "məhzi" özündən başlayırdı. Həm də son dərəcə sadəliyi, mehribanlığı, qayğıkeşliyi, səmimiyyəti ilə seçilirdi. Böyük-kiçiyin yerini bilməkdə, hərəyə öz layiq olduğu qiyməti verməkdə də fərqlənirdi. Həm də bütün bunlarla yanaşı, mənim nəzərimdə onun ən yaxşı keyfiyyəti son dərəcə qürurlu olması, adını, şərəf və ləyaqətini hər şeydən uca tutmasıdır. Əgər belə etməsəydi, indiki mənəvi mövqeyə yüksəlib, böyüklü-kiçikli hamının hörmətini, rəğbətini qazana bilərdimi? Əsla   yox!

Yuxarıdakı fikrimə istinad edib inamla söyləyirəm: o, keçmişdəki kimi elə indi də fakültənin rəhbəri, o cümlədən, mənim də dekanım olsaydı, bu sözləri nə dilə gətirər, nə qələmə alardım. İndi isə hər yerdə haqqında söz düşəndə qürurla, iftixar hissi ilə deyirəm: mənim son dərəcə xeyirxah, sadə və səmimi, vüqarlı dostumdur YALÇIN ƏLİZADƏ! 80 illiyini ürəkdən təbrik edir, sağlam ömür arzulayıram.

Mahmud MAHMUDOV
dosent

Mənim həyat müəllimim 

Radionun sirlərini, Azərbaycan radiosunun ənənələrini, eləcə də ədəbi redaktənin incəliklərini hələ 22-23 il əvvəl (1996-2000) böyük sevgi ilə mənə öyrədən professor Yalçın Əlizadə... O, mənim universitet illərimin ən əziz və parlaq simlarındandır. O, mənim tələbəliyimdə, televiziya yaradıcılığımda, elmi-pedaqoji fəaliyyətimdə xüsusi rolu olan özəl insanlardandır. O, mənim diqqətli müəllimim, qayğıkeş kafedra müdirim, tələbkar dekanım, dəyərli elmi rəhbərimdir. Yalçın müəllimlə həm bir tələbə, həm bir qrup nümayəndəsi, həm bir araşdırmaçı, həm də bir gənc müəllim kimi ünsiyyətdə olmaq, oxumaq, öyrənmək, çalışmaq mənə həyatımın çox böyük təcrübəsini qazandırıb. Hər zaman tələbkar, razı qaldığını çox az büruzə verən, daim üzərində işləməyin önəmini təlqin edən Yalçın müəllim, jurnalist həyatımın ən vacib məqamlarında məni istiqamətləndirib.

90-cı illərin sonunda Azərbaycan Televiziyasında ilk addımları onun dəstəyi ilə atmışam. 2010-cu ildə gənc müəllim kimi auditoriyaya ilk dəfə onun xeyir-duası ilə qədəm qoymuşam. "Azərbaycan televiziyasının inkişaf meylləri" adlı elmi işimi onun rəhbərliyi ilə ərsəyə gətirib müdafiə etmişəm. Amma mən Yalçın müəllimdən sadəcə, elmin sirlərini öyrənməmişəm. O, həm də həyatı öyrədən müəllimlərdəndir. Dissertasiya üzərində işlərkən, kiçik yaşlı oğlumun qayğılarından yaranan çətinliklərdən şikayətləndiyim zamanlar olurdu. Hər zaman ciddi, bəzən qaşqabaqlı Yalçın müəllim isə həmin anda təbəssümlə, "O, əslində, sənin əsas elmi işindir" demişdi.

Maraqlı məqamlardan biri də odur ki, Yalçın Əlizadə sadəcə mənim yox, həm də həyat yoldaşımın müəllimi və elmi rəhbəri olub. Hətta Ramil Ələkbərovun magistr işi Yalçın müəllimin araşdırmalarının davamını əhatə edirdi. Elə buna görə də, bizim ailədə dəyərli müəllimimizin adı ikiqat əzizdir.

Professor Yalçın Əlizadə mənim üçün çox doğma, dəyərli və unudulmaz müəllimlərdəndir. Nə yaxşı ki, mən onun tələbəsi, yetirməsi olmuşam. Bu gün də ona zəng vuranda, hal-əhval tutanda illər öncənin tələbəsinə - Billurəsinə çevrilirəm. Eyni dərəcədə həyəcanlanıram, qürur duyuram. Çünki Yalçın Əlizadə bu gün də yazan, araşdıran, eyni zamanda, yetirmələrinin elmi uğurlarını izləyən, diqqətini, məsləhətini əsirgəməyən dəyərli alim, gözəl ziyalıdır.

Billurə Aslanqızı

Yalçın müəllimin yaşıl işığı

Yalçın Əlizadə... Bu ad və soyad məni 26 il əvvələ aparır. 1994-cü il, 1-ci kurs, 2-ci semestr, ixtisaslara seçim üçün müsahibə mərhələsi. Qrupumuzda çoxları Televiziya və radio jurnalistikası kafedrasına düşmək üçün can atırdı. Kafedra müdiri Yalçın Əlizadənin zəhmi hamımızı qorxutsa da, televiziya və  radioya olan həvəs bu qorxuya qalib gəlirdi. Aydın məsələ idi ki, istəyənlərin hamısı arzusuna çatmayacaqdı. Mən şanslılardan oldum.

Məhz həmin həvəsin nəticəsidir ki, 26 ildir bu kafedraya bağlıyam. Zəhmindən qorxduğum insanın - Yalçın müəllimin göstərdiyi yol və bu yolda yandırdığı yaşıl işıq sayəsində kafedranın dosenti vəzifəsinə qədər addımlamışam. Bakalavriat, magistratura, dissertantura...

Hər üç pillədə elmi rəhbər kimi məhz Yalçın müəllimin məsləhətlərindən yararlanmışam. Magistraturanı bitirdikdən sonra Yalçın müəllim mənə dissertant olmaqla yanaşı, fakültədə işləməyi təklif etdi. Hələ ki jurnalist fəaliyyətimi davam etdirmək istəyində olduğumu bildirdim. Etiraz eləmədi Yalçın müəllim...

Elmi rəhbərimlə razılaşdıq - qısa müddət ərzində elmi fəaliyyətimi də davam etdirəcəkdim. Bu qısa müddət ərzində bir sıra  çap  və  elektron mediada -  televiziyada çalışdım. Sonra özüm müraciət etdim. Jurnalistika fakültəsinin Tədris Televiziya Studiyasında işə başladım və dissertant olaraq dəyişməz elmi rəhbərimlə mövzu üzərində məsləhətləşmələr apardıq.

Artıq Yalçın Əlizadə Jurnalistika fakültəsinin dekanı, mən isə müəllim idim. Onu tanıyanlar nə qədər tələbkar olduğunu çox gözəl bilirlər. Heç yadımdan çıxmaz, sənədlərimlə bağlı rektorluğa getdim və  dərsə gecikdim. Fikirləşirdim ki, yəqin dərsə gecikməyim problem olmaz. Amma dəhlizdə məni gözləyən dekanı görəndə yanıldığımı və möhkəm danlanacağımı anladım. Düşündüyüm kimi də oldu, auditoriyaya göz yaşlarımı silərək daxil oldum. Dərs bitdi, dəhlizə çıxdım, yenə qarşımda Yalçın müəllimi gördüm, amma tamam fərqli əhvalda. Otağına çağırdı, sanki bir saat əvvəlki adam deyildi. Dörd ildən artıq idi müəllim kimi hər gün auditoriyaya girsəm də, ancaq o zaman anladım bu peşənin gerçək  məsuliyyətini.

Müəllimimin növbəti etimadını BDU-da vəzifədə olanların dərs yükünün azaldılması ilə bağlı qərar çıxarkən gördüm. Məzuniyyətdə olarkən fakültədən zəng edib, təcili Yalçın müəllimin  yanına gəl, dedilər. Düzü, elmi işimlə bağlı problem olduğunu düşündüm. Lakin yanılmışdım. Yalçın müəllim Televiziya və radio jurnalistikası kafedrasının iki əsas fənnindən birini, illərdir özünün tədris etdiyi "Radio jurnalistikasının əsasları" fənninin yeni tədris ilindən mənə verildiyini dedi. Əlavə etdi ki, bir aya yeni mühazirələrlə səni gözləyirəm. Heç gözləmədiyim təklif olduğu üçün imtina etdim. Nə qədər  "hazır deyiləm", "çox az vaxt qalıb" və digər bu kimi bəhanələr gətirsəm də, vaxtilə dərsə gecikdiyim zaman gördüyüm ciddiyyətlə məni susdurdu...

Yalçın müəllim heç vaxt dəyişmədi: dürüst, tələbkar və qayğıkeş. Elə bu cür olduğuna görə də istər dekanlıq müddətində, istərsə də indi ƏSL MÜƏLLİM olaraq xatırlanan insanlardandır Yalçın Əlizadə.

Aynur NƏSİROVA
dosent

Alqışlar ömrümüzü uzadır

Ötən ilin - 2019-cu ilin sonlarında  Bakı Dövlət Universitetinin 100, Jurnalistika fakültəsinin 50 illik yubileylərini sevinclə və həvəslə qeyd etdik. Elə bu yüzdə də, əllidə də Yalçın müəllimin özünəməxsus xidmətləri var. Uzun illər universitetin həmkarlar ittifaqı komitəsinin sədri, jurnalistika fakültəsində  kafedra  müdiri, dekan vəzifələrində çalışıb. Çalışmaq bir az mücərrəd ifadədir. Əsas odur ki, onu tanıyanların, iş yoldaşlarının yaddaşında necə qalıb:  Xeyirxah,  Prinsipial, Qürurlu. Xeyirxahlıq başa düşüləndir. Ancaq prinsipial və qürurlu olmaq xüsusiyyətlərinin daşıyıcısını bir mənalı qiymətləndirənlər çox deyil. Belə adamları bəziləri qaraqabaq, kobud, özünüdartan kimi də qələmə verə bilərlər. İllər ötəndən sonra isə səhv etdiklərini başa düşürlər. Məlum olur ki, Yalçın müəllim kimi insanlar özünə və başqalarına dəyər verməyi bacaran və bunu əməlində həyata keçirən şəxsiyyətlərdir.

Mən 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışam. Yalçın Əlizadənin tələbəsi olmuşam. Bundan qürur duyuram. Sevinirəm ki, həm bir tələbə kimi, həm də bir jurnalist kimi onun etimadını doğrultmuşam. Tələbə olduğum  beş il ərzində 52 imtahan vermişəm və bundan ikisi yaxşı, 50-si əla olub. Uzun müddət Yalçın müəllimdən öyrəndiklərimdən Naxçıvan televiziyasında və Azərbaycan dövlət televiziyasında işlərkən bəhrələnmişəm. Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmüşəm. Hesab edirəm ki, Jurnalistika sahəsində qazandığım uğurlarda onun da payı var. Televiziya və radio jurnalistikasının sirlərini mənə o öyrədib. Düzdür, o vaxt tələbə  - müəllim kimi bizim aramızda pərdə olub, mən ondan çəkinmişəm. Nədənsə,  onun ən xırda iradı da biz tələbələrə ağır gəlirdi. Adəti idi, tələbənin səhvini onun üzünə yox, yerə baxaraq deyirdi. Təkcə tələbələrinə yox, elə hamıya. Onunla birgə işləyəndə bunun bir daha şahidi oldum...

Mən Cahangir müəllimin tövsiyəsi və Yalçın müəllimin razılığı ilə müəllimliyə başlamışam. Şübhəsiz, elmə həvəsimlə yanaşı, praktik jurnalist olmağım da işə yarayıb. Mənə dərs deyən müəllimlərimlə bir yerdə işləmək cox məsuliyyətli və qürurverici bir hissdir. Hər dəfə doğma divarlar arasında müəllimlərimlə görüşüb söhbət edəndə özümü tələbə sanıram. Bəzən mənə dərs deyən müəllimlərlə özümü müqayisə edirəm, paralellər aparıram. Fikirləşirəm ki, Yalçın müəllimlə mənim həyat yolum bir neçə məqamda kəsişib. Məsələn, Yalçın müəllimin də baza təhsili jurnalistdir, mənim də.  O da əvvəllər AzTV-də işləyib, mən də. Vaxtilə Televiziya və Radio Jurnalistikası  kafedrasının müdiri olub, indi mən həmin kafedranın müdiriyəm. Üstəgəl, hər ikimiz  eyni xidmətlərə görə  Əməkdar jurnalistik. 

Yenə də Yalçın müəllimlə bir kafedradayıq. Yalçın müəllim kafedramızın məsləhətçisidir. Müəllimlərimiz onun tövsiyələrinə həmişə ehtiyac duyurlar. Çünki Yalçın müəllim doğrunu sevəndi, nəfsinə sahib olmağı bacarandı, həqiqətə dözümlü olmağı öyrədəndi və nəhayət, ləyaqət sahibidir. Əxz olunası keyfiyyətlərdir.

Bu il biz müəllimlərin müəllimi Yalçın müəllimin 80 yaşı tamam olur. Yaşın müdriklik  zirvəsidir. Bu zirvəyə qalxmaq çətindir. Ancaq bu zirvədən baxmaq çox fərəhlidir:  yaşanan ömür  təmizlik və ləyaqət nümunəsidir. Sənə olan sayğını, sevgini görmək ondan da fərəhlidir: axı, alqışlar ömrümüzü uzadır.

Əziz və hörmətli müəllimim!

Sizi 80 illik  yubileyiniz münasibətilə təbrik edir, ən xoş arzularımı - alqışlarımı  bildirirəm: Canınız sağlam, əhvalınız nikbin olsun! Günləriniz xoş, illəriniz  mənalı keçsin! 

Allahverdi MƏMMƏDLİ
Professor, Əməkdar jurnalist

Ömür yolu

Yalçın müəllimlə ilk tanışlığımız 2002-ci ildə mən fakültəyə saathesabı dərs deməyə gələndə oldu. O vaxt mən filologiya fakültəsində işləyirdim. Açığını deyim ki, mənim gəlişimə o qədər də sevinməmişdi. Səbəbini çox sonralar bildim. Səbəb o idi ki, Yalçın müəllim çox təəssübkeş bir dekan idi və düşünürdü ki,  rəhbərlik etdiyi fakültəsinin  məzunları qala-qala niyə filologiyadan kimsə gəlib dərs desin. Amma biləndə ki, mən də jurnalistikanın məzunuyam, fikri tamamilə dəyişdi. Məni bir ştat vahidində müəllim, sonra isə özünə elmi işlər üzrə müavin seçdi. Yalçın müəllimin yaşından, vəzifəsindən, sosial vəziyyətindən asılı olmayaraq hamıya münasibəti səmimi və təmənnasız idi. Yalçın Əlizadənin alimliyindən, pedaqoqluğundan, ictimai işlərindən əlavə, milli-mənəvi dəyərlərə malik olan insani keyfiyyətləri də yüksəkdir. Bacarıqlı elm təşkilatçısıdır.

Özünə qarşı tələbkar olan, təəssübkeş, gözəl təşkilatçı və məsləhətçi Yalçın müəllim mənim üçün həm də öz sənətini sevən bacarıqlı tədqiqatçı, ziyalı nüfuzunu layiqincə qoruyub saxlayan, bir alimdir. Onun rəhbərliyi dövründə fakültəmiz daima bütün yeniliklərdə pilot olurdu, bununla da birincilər siyahısına imza atırdı. Respublikamızda Boloniya təhsil sisteminə keçiddə də universitet fakültələri arasında ilk bizim fakültə olmuşdur. Digər fakültələrin dekanları məhz Yalçın müəllimdən məsləhət alırdılar.

"Uğur gətirən işgüzarlıq adamın canında, qanında ola gərək. Bir də şərəf və məsuliyyət hissini heç vaxt özündən kənarlaşdırmayasan". Bunlar Yalçın müəllimin bütün əməkdaşlara dəfələrlə söylədiyi ifadələrdir. Onunla söhbət edəndə bir təsəlli, bir rahatlıq duyursan, məmnun olursan.  Şair demişkən: insanın şöhrəti, şanı hünərdən yaranıb: ləyaqətlə, hallallıqla, işinə dəqiq və sonsuz sevgilə mərdanə keçən omürlə! Yalçın müəllim belə ömür sahibidir.

Doğru deyiblər ki, insanın əməlləri, insanlığı, alicənablığı yaşadır və sevdirir. Bu gün də Yalçın müəllimin səsi qulağımdadı. İş prosesində bir çətinliyə düşəndə tez onun məsləhətlərini yadıma salıram və çıxış yolu tapıram.

Həyatda heç nə izsiz qalmır, yox olmur. Yaxşılıq və xeyirxahlıq, hamıya hayan olmaq, hamının köməyinə yetmək isə yüksək əxlaqi keyfiyyətlərdir. Yalçın müəllimin həyat yolu, onun şəxsiyyəti nəsillərə nümunədir.

Ad gününüz mübarək, Yalçın müəllim! Sizin elminizə, məsləhətlərinizə hələ uzun müddət ehtiyacımız olacaq. 

Sevinc ƏLİYEVA 

Mənim müəllimim  

Müəllim adı ən uca bir zirvədir. Hər birimizin qəlbində  müəllimin ali  yeri var. Onlar bizi dayanmadan bu zirvəyə çəkən, boynumuza danılmaz haqq- say qoyan böyük şəxsiyyətlərdəndir. Biz müəllimlərimizi valideynlərimiz qədər sevirik . Hamının rifahi üçün öz vəzifəsinə məsuliyyətlə, diqqətlə yanaşan, səadət yolumuzda dahi Atatürk demişkən "Yanıb tükənərkən ətrafını işıqlandıran şamdır müəllim". Düşüncələrimizi yeniləyən, həyatı bizə sevdirən, qayğıkeş müəllimlərimizdən biri də Yalçın Əlizadədir. Yalçın müəllim həyatını Bakı Dövlət universitetinə, xalqına həsr edən professor, əməkdar jurnalist, "Qızıl qələm" laureatı, öz vəzifəsinə vicdanla, məsuliyyətlə yanaşan vətəndaş həm də fənlərin tədrisini minlərlə tələbəyə aşılayan, sevdirən şərəfli müəllimdir. Yalçın müəllimin ad günüdür. Ona can sağlığı, balalarının səadət və firavanlığını görməyi arzulayıram.

Diləfruz ŞAHBAZOVA

Peşəkar jurnalist, ləyaqətli insan - Yalçın Əlizadə

Yalçın Əlizadə-80 

Jurnalistika fakültəsi özünəməxsus ənənələri və hər zaman təmizliyi, tələblərinə olan qayğısı ilə seçilən, sayılan fakültə olub. Bu fakültə böyük ustad qələm sahiblərinin hər zaman müqəddəs ocaq olaraq seçib sevdiyi bir ünvan kimi tanınıb. Heç şübhəsiz ki, 1969-cu ildə yaradıldığı dövrdən başlayaraq əsası qoyulan bu dəyərlərin nəsildən-nəsilə ötürülərək yaşadılmasında fakültə müəllimlərinin böyük rolu olub. Bu cür ustad müəllimlərimizdən bir də professor Yalçın Əlizadədir.

1999-cu ildən 2012-ci ilə qədər Jurnalistika fakültəsinin dekanı olub. Dekan vəzifəsində çalışdığı bu illər ərzində şübhəsiz ki, fakültənin hən inkişafı, həm də yüksək nəticələr əldə etməsində böyük xidmətləri olub. İstər idarəetmədə prinsipiallığı, istərsə də tələbələrə, əməkdaşlara münasibətdə hər zaman öz diqqəti ilə seçilən Yalçın müəllim, həm də fakültənin  təmiz, saf  xarakterini yaşada bildi. Ümumiyyətlə, Jurnalistika fakültəsində dekan olmaq daha fərqli xüsusiyyətlər tələb edir. Və bu xüsusiyyətlərdən ən önəmlisi yalnız nəfsinə hakim olmağı bacarmaq deyil, eyni zamanda, mənən təmiz və zəngin olmağı bacarmaqdır.

Başqa bir önəmli xüsus, Yalçın müəllimin Azərbaycan radiojurnalistikasının nəzəri bazasının hazırlanmasına verdiyi töhfələrlə bağlıdır. Yalçın müəllim, həm də peşəkar radio nəzəriyyəçisidir. Müasir Azərbaycan radiosunun nəzəri bilikləri barədə söz açarkən, Yalçın müəllimi yada salmamaq olmur. Onun bu sahədə yazdığı əsərlər, bu gün də ciddi istinad mənbəyidir.

O, 1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, filologiya elmləri namizədidir. 70 elmi məqalənin müəllifidir. "Qoşa qanadın uğuru" (2005), "Vaxtında və yerində deyilən söz" (2005), "İşıqlı ömür" (2006), "Jurnalistikaya həsr edilmiş ömür" (2007), "Heydər Əliyev və mətbuat" dörd cildliyində jurnalistikaya yeni baxış" (2008), "Nəsillərin həyat məktəbi" (2008), "Muğanın mayakı" (1961), "Yer altında işıqlar" (1972), "Radiojurnalistikanın əsasları" (1991), "Azərbaycan efiri - tarix və müasirlik" (professor Qulu Məhərrəmli ilə birlikdə 2006) kimi bir çox əsərləri, dərs vəsaitləri işıq üzü görüb.

Professor Yalçın Əlizadə, məncə, doğma universitetimizin jurnalistika fakültəsinə deyil, ümumilikdə  ölkəmizin ali jurnalistika təhsilinin tarixinə öz adını yazdırmağı bacarmış bir şəxsiyyətdir. Yalçın müəlim, həm alim, həm də müəllim ləyaqətini özündə birləşdirməyi bacarıb. Və Yalçın müəllim gözəl iş yoldaşıdır. Hər zaman yanındakına diqqətini, qayğısını əsirgəməyən, onun üçün əlindən gəldiyi qədər kömək edən və bunu özünə borc bilən bir insandır.

Onun həm pedaqoji fəaliyyəti, həm idarəçiliyi şübhəsiz ki, müasir Azərbaycan jurnalistikasının inkişafına müəyyən qədər öz təsirini göstərib. Bu gün fakültəmizdə çalışan bir çox istedadlı gənc müəllimlər, məhz onun dövründə işə qəbul olunublar, onun yetirmələridirlər.

Vüqar ZİFƏROĞLU
Jurnalistika fakültəsinin dekanı 

Sevimli müəllimimi xatırlayarkən... 

1975-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil oldum. İlk gündən marağım olduğu üçün secmə fənn olaraq radio-televiziya jurnalistikasını seçdim. Bu seçim məni "Televiziya və radio jurnalistikası"  kafedrasının müəllimləri, xüsusən də Yalçın müəllimlə daha da yaxınlaşdırdı.  Ciddi olduğu üçün Yalçın müəllimlə dil tapa bilməyəcəymi düşündüm. Bir neçə dərsdən sonra tamamilə yanlış fikridə olduğuma sevindim. Yalçın müəllim dərs prosesində nə qədər ciddi, rəsmi olsa da, dərsdən sonra fakültənin dəhlizində, kafedranın otaqlarında tələbələrilə  çox mehriban, qayğıkeş bir insan kimi rəftar edirdi.

1980-ci ildə jurnalistika fakültəsini bitirdikdən sonra Az.TV-də "Elmi-kütləvi və tədris proqramları" baş redaksiyasında işləməyə başladım. Bir neçə il "Sağlamlıq" televiziya jurnalının, "Azərbaycan dili" tədris verilişinin redaktoru oldum. Televiziyada işlədiyim müddətdə daim Yalçın müəllimlə məsləhətləşirdim. "Azərbaycantelefilm" yaradıcılıq birliyində böyük redaktor vəzifəsində çalışarkən yenə də Yalçın müəllimlə əlaqəni  üzmədim. 

2005-ci ildə Yalçın müəllimin xeyir-duası ilə yenidən BDU-nun jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasına qayıtdım. Bu dəfə tələbə kimi yox, müəllim kimi.

On-on beş il bundan əvvəlin sözüdür. Fakültədə yenicə müəllim işləməyə başlamışdım. Bir gün kafedramızın müəllimlərinin iştirakı ilə "Açıq dərs" keçirməli oldum. Bütün gecəni sabahkı dərsimə hazırlaşdım. Doğrusunu deyim ki, çox həyacanlı idim. Yalnız ona görə, yox ki, birdən auditoriyanın diqqətini cəlb edə, əsas informasiyanı tələbələrin diqqətinə çatdıra bilmərəm. Daha çox ona görə narahat idim ki, müəllimlərim qarşısında dərs keçirdim, hesabat verirdim.

"Açıq dərs" bitdikdən sonra kafedrada müzakirəsi keçirildi. Həyəcanla Yalçın müəllimin fikrini gözləyirdim. Onun sakit bir tərzdə "Sevil, qızım, bir daha hiss etdim ki, işinə çox məsuliyyətlə yanaşırsan. Bu, mənim çox xoşuma gəldi" dedi və bir neçə məsləhət verdi. Həmin gündən neçə illər kecib. Amma hər dəfə auditoriyaya girərkən Yalçın müəllimin tövsiyələrini  xatırlayıram və onun etimadını doğrultmağa çalışıram.

Bu gün jurnalistika fakültəsində çalışdığıma görə də, elmi işimi davam etməyimə görə də Yalçın müəllimə minnətdaram, yubileyi münasibəti ilə  ailəmiz adından və şəxsən öz adımdan onu ürəkdən təbrik edirəm.  Uzun ömür, möhkəm can sağlığı arzulayıram.

Sevil HƏSƏNOVA
dosent 

Yalçın Əlizadənin 80 illik yubileyi

Yalçın müəllimlə mənim tanışlığım nə az-nə çox, 40 ilə yaxındır. Yeri gəlmişkən, onu da qeyd edim ki, məhz Yalçın müəllimin tövsiyəsi, xeyir-duası ilə mən Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının nəzdində fəaliyyət göstərən Tədris televiziya və radio studiyasına rəhbər vəzifəsinə işə götürülmüşəm.

1998-ci ildən Yalçın müəllimin rəhbərlik etdiyi kafedraya baş müəllim, eyni zamanda, Jurnalistika fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişəm.

1999-cu ildə Yalçın müəllim Jurnalistika fakültəsinə dekan seçildikdən sonra isə onunla həm bir kafedrada, həm də dekanlıqda 2012-ci ilə qədər birlikdə çalışmışam.

Bunları qeyd etməkdə məqsədim Jurnalistika fakültəsində professor Yalçın Əlizadəni yaxından tanıyan, həftənin 6 günü işlə bağlı ünsiyyət saxlayan bir əməkdaş olduğumu vurğulamaq istəyimdir.

Mən Yalçın müəllimi peşəkar jurnalist, gözəl pedaqoq, prinsipial və mərd insan kimi xarakterizə edərdim.  Onu tanıdığım bu illər ərzindəki müşahidələrim bunları onun haqqında deməyimə əsas verir. Xüsusilə də, Jurnalistika fakültəsinin dekanı olduğu müddətdə Yalçın müəllimin öz işinə necə ciddi yanaşdığının, müəllim həmkarlarından da işlərinə məsuliyyətli yanaşma tələb etdiyinin, bacarıqlı təşkilatçı olduğunun, lazım gələrsə, müəllim və tələbə kollektivini necə qoruduğunun dəfələrlə şahidi olmuşam.

Heç də təsadüfi deyil ki, o, dekan olduğu dövrlər Jurnalistika fakültəsi Bakı Dövlət Universitetində dəfələrlə ilin fakültəsi adına layiq görülmüşdü.

Jurnalistika fakültəsi respublikamızda ilk çoxballı sistemə və Bolonya prosesinə qoşulan fakültə olub. Təbii ki, bu seçim təsadüfi deyildi. Universitet rəhbərliyi Yalçın müəllimin necə təşkilatçı və prinsipial olduğunu bildiyindən bu etimadı fakültə kollektivinə göstərmişdi.

O, gözəl ziyalı olmaqla yanaşı, həm də bacarıqlı tədqiqatçı alimdir. Yalçın müəllim bir sıra dərslik və dərs vəsaitinin müəllifidir.

Yalçın müəllim Jurnalistika fakültəsinin elmi-texniki bazasının da günün tələbləri səviyyəsində olması üçün əlindən gələni etmişdir. Məhz fakültənin tədris televiziya və radio studiyası, həmçinin, jurnalistika elmi-tədqiqat laboratoriyası da onun yaxından iştirakı ilə fəaliyyətə başlamışdır.

Yalçın müəllimin 80 yaşı tamam olur. Ona insan üçün ən gözəl nemət olan can sağlığı arzu edirəm!

Əli HACIYEV

 





16.01.2020    çap et  çap et