525.Az

Tam fərqli Az.TV - uğurlu bir il


 

Tam fərqli Az.TV - <b style="color:red">uğurlu bir il</b>

2019-cu il tarixə çevrildi, yerini 2020-ci ilə verdi. Amma təbii ki, izini hər yerdə saxlayır, dəyişən isə sadəcə təqvimdir. Ötən bir il ölkəmizin Ana televiziyasının - AzTV-nin həyatında da böyük və uğurlu dəyişikliklər ili kimi qaldı.

Qosqocaman Teleradiomuz Prezident İlham Əliyevin qayğısı ilə inamla və qətiyyətlə dəyişdi, yeniləşdi, müasirləşdi. Və bu dəyişikliklər adi tamaşaçıdan tutmuş, dövlət başçısına qədər heç kimin diqqətindən yayınmadı. Prezident İlham Əliyevin ötən il dekabrın 23-də, doğum günü ərəfəsində yerli jurnalistlərə geniş müsahibəsində səsləndirdiyi fikirlər də bunu təsdiq edir.

Əslində, həmin müsahibə ölkə rəhbərinin yerli mediaya doğma, səmimi, dost münasibətini, inam və etimadını bir daha ortaya qoydu. Prezidentin "Bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm", "Siz mənim köməkçilərimsiniz" fikri, heç şübhəsiz, hər bir jurnalist, hər bir KİV nümayəndəsi, hər bir teleradio işçisi üçün şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Bu müsahibə media nümayəndələri ilə yanaşı, hər bir azərbaycanlı üçün də əlamətdar idi. Ölkəmizin müstəqillik illərində atdığı prinsipial addımlar, bütün istiqamətlərdə qazanılan uğurlar, həyata keçirilən islahatlar, qarşıdakı yeni hədəflər müsahibədə geniş əksini tapmışdı.

Müsahibədə iştirak edən media təmsilçilərindən biri də Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə sədr təyin olunan və AzTV-nin tarixində ən gənc sədr olan Rövşən Məmmədov idi. O, artıq bir ildir ki, dövlətin ən böyük və mühüm ideoloji qurumuna rəhbərlik edir. Teleradionun həyatında yeni dövr də elə bir il əvvəl başladı, ciddi islahatlar aparıldı, kanalın simasında diqqətçəkən dəyişikliklər edildi.

"Rövşən Məmmədov" - bu imza son bir ilədək tamaşaçılara, sadəcə istedadlı bir jurnalistin, səmimi, intellektli, peşəkar bir aparıcının adını xatırladırdı. Tamaşaçılar onu hər həftə AzTV-nin ən məşhur proqramında - "Həftə"də görür (yenə həmin proqramın aparıcısıdır və o, indiyədək AzTV-yə sədrlik edən yeganə şəxsdir ki, həm də veriliş aparır), həftə ərzində baş verən hadisələrin analitik təhlilini ondan eşidir, maraqlı şərh və icmallarının şahidi olur, bir sözlə, həftəyə onunla "yekun vururdular". Ötən bir il isə onun üçün rəhbər, idarəçi kimi də son dərəcə məsuliyyətli dönəm oldu. Teleradio onun rəhbərliyi ilə bu qısa zaman kəsiyində heç bir dövrdə olmadığı qədər sürətlə və keyfiyyətlə dəyişdi. İlk gündən islahatlar yeni hədəflərə istiqamətlənmişdi, yeni hədəflər isə yeni uğurlar demək idi. Tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməklə teleradionun nüfuzunu artırmaq başlıca məqsəd idi. İlk dəyişiklik AzTV, "Mədəniyyət" və "İdman" kanallarının loqosundan başladı. Peşəkarlıqla hazırlanan yeni loqoların rənglərinin ümumiləşmiş forması üçrəngli bayrağımızın rənglərini özündə birləşdirməklə yanaşı, həm də dəyərlərə, ənənələrə hörmət, müasirlik və yeniliklərə açıq olmaq, gələcək hədəflərə doğru inamla addımlamaq arzusunu ifadə edirdi. Dövlət başçısının Sərəncamlarına əsasən, il ərzində ayrılan vəsaitlərlə TV-nin maddi-texniki bazasının modernləşdirilməsi, zəruri texniki avadanlıqların alınması bu arzunu reallaşdırmağa, Teleradionun öz işini daha peşəkar və müasir prinsiplər üzərində qurmasına imkan yaradır, yaradıcılıq imkanlarının genişləndirilməsinə xidmət edirdi. Budur, bir ildə 17 yeni studiya tikilib, yayım sistemini rəqəmsallaşdırmaq, HD sistemə keçid üçün yeni server sistemi quraşdırılıb. Yeni HD kameraları, canlı bağlantıları təmin etmək üçün avadanlıq, dron, kompüterlər, həmçinin, avtomobillər alınıb. Hər 3 kanalda bütün qrafiklər yenilənib və s.

Lakin dəyişikliklər təkcə maddi-texniki bazanın təzələnməsində, yeni studiyalarda, çəkiliş pavilyonlarında, görüntüdə deyil, həm də məzmunda, mahiyyətdədir. Təcrübə, peşəkar komanda, güclü və bacarıqlı yaradıcı heyətlə yeni studiyalar elə yeni veriliş və tok-şoularların meydanına çevrildi. Son bir ildə 56 yeni veriliş efirə vəsiqə alıb. Bunun 32-i AzTV, 12-i Mədəniyyət TV, 12-i isə İdman TV-də açılıb. Eləcə də 32 yeni film hazırlanıb, onlardan 11-i siyasi (dövlət quruculuğu, müstəqillik illərində ölkəmizin sürətli inkişafından bəhs edən filmlərdir), 25-i "Azərbaycantelefilm"in istehsalıdır. Bu filmlər də, ayrı-ayrı verilişlər də AzTV-nin keyfiyyət və məzmunca yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Teleradio dövlət siyasətinin mahiyyətini ölkə vətəndaşlarına uğurla çatdırır. Ölkəmizin dinamik inkişafı, tarixi nailiyyətləri, dünyadakı nüfuzu, "Mən xalqımın bir nömrəli xidmətçisiyəm" deyən Prezident İlham Əliyevin vətəndaşların rifahı naminə islahatları, xalq-iqtidar birliyi, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın son dərəcə diqqətçəkən fəaliyyəti kanalın gündəlik efirində mükəmməl şəkildə öz əksini tapır. Bütövlükdə, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti, bu siyasətin qətiyyətli davamını hamıdan yaxşı "izləyən", bu mənada, müstəqil dövlət quruculuğu prosesinin, Azərbaycan dili və mədəniyyətinin inkişafının canlı salnaməsini yaradan, məhz Azərbaycan Televiziyasıdır.

Xəbər proqramları hər bir televiziyanın görən "göz"üdür və etiraf edək ki, indi AzTV-nin "Xəbərlər"i informasiya çəkisinə görə digər kanalların anoloji proqramlarını üstələyir. Tamaşaçılar ən dəqiq və dürüst xəbərləri bu proqramdan alır. Rəsmi xronika, dövlət tədbirləri, Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli toplantılar, ölkə həyatı, dünyada baş verən hadisələr, idman yenilikləri böyük operativlik və peşəkarlıqla tamaşaçılara çatdırılır. Məkanından asılı olmayaraq xəbərin ünvanından, hadisə yerindən birbaşa bağlantılar "Xəbərlər"in mötəbərliyini daha da artırır. İnformasiya Proqramları Studiyasının müasir xəbərçilik standartlarına tam uyğunlaşdırılan, xəbərin istehsalından tutmuş tamaşaçılara çatdırılmasına qədər bütün prosesi bir məkanda cəmləyən "Xəbər otağı" xəbərlərin daha çevik istehsalına, tamaşaçılara daha çox informasiya ötürülməsinə imkan verir, operativliyə təminat yaradır. "Xəbərlər"in "Mobil qrup"u da son bir ilin təqdirolunası yeniliklərindəndir. Çeviklilik və məsuliyyət tələb olunan bu qrup, demək olar ki, hər buraxılış üçün gündəmlə bağlı reportajlar, həmçinin, xüsusi reportajlar hazırlayır. "Şənbə reportaj"ları isə daha geniş coğrafiyanı əhatə edir, tamaşaçılara ölkəmizlə yanaşı, dünyanın müxtəlif yerlərindən hazırlanan maraqlı reportajlar təqdim olunur. AzTV-nin xaricdəki müxbir məntəqələrindən hər gün "Xəbərlər"ə yeni videomateriallar daxil olur. "Xəbərlər" Azərbaycan, rus və ingilis dillərində olmaqla 13 dəfə efirə çıxır.

Tamaşaçılar ölkə və dünya iqtisadiyyatının ən mühüm yenilikləri ilə həftə içi 5 gün "İqtisadiyyat xəbərləri"ndə tanış olur. Bölgələrimizin həyatı "Region xəbərləri"ndə geniş işıqlandırılır, rayonlardakı abadlıq-quruculuq işləri bu proqramda aydın görünür. "Mədəniyyət xəbərləri" də yeni formatda efirə çıxır.

Dövlət əhəmiyyətli hadisələr haqqında xüsusi buraxılışlar isə ana "Xəbərlər"dən sonra təqdim olunur. Dövlət başçısının iştirakı ilə ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin birbaşa yayımlanması isə ümumilikdə, AzTV-nin tarixində bir ilk idi. 2019-cu il oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, məhz AzTV ilə birbaşa yayımlandı. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Televiziyası artıq dünyanın ən qabaqcıl telekanalları ilə rəqabət apara biləcək səviyyədədir.

AzTV xəbər həftəsinə hər bazar günü "Həftə" analitik informasiya proqramında daha geniş və ətraflı təhlillə yekun vurur, aparıcının səriştəli və dolğun şərhləri tamaşaçıları həftənin mənzərəsi ilə tam şəkildə tanış edir.

Son bir ildə AzTV-nin analitik proqramlarının sayı da artıb. Bu verilişlər "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın komandası tərəfindən ərsəyə gətirilir: "Əsas məsələ", "Hədəf", "Parlament vaxtı", "Planet", "Rakurs", "Multikulturalizm", "Milli istehsal", "Jurnalist araşdırması" və s. Günün aktual məsələsi, gündəmdə olan mövzu "Hədəf" ictimai-siyasi proqramında həftə içi 5 gün qonaqlarla birgə geniş təhlil edilir. "Əsas məsələ" tok-şousu da həftə içi 5 gün efirdədir. Tok-şouda ölkənin ictimai-siyasi həyatı, beynəlxalq əhəmiyyətli hadisələr ekspertlərlə və auditoriya ilə birgə müzakirə olunur. Hər şənbə efirə çıxan "Jurnalist araşdırması" vacib problemləri qabardır, həmin problemlərin həlli yollarını araşdırır, mütəxəssis rəylərini diqqətə çatdırır. "Parlament vaxtı"nın yeni formatda təqdimatı da uğurludur. Həftə içi 5 gün canlı yayımlanan "Çıxışa doğru" tok-şousunda, əsasən sosial məsələlər ətrafında fikir mübadiləsi aparılır, çıxış yolları axtarılır.

Müxtəlif zövqlü tamaşaçılar üçün nəzərdə tutulan əyləncəli verilişlər, maarifləndirici proqramlar, intellektual oyunlar AzTV-nin efirini daha rəngarəng və baxımlı edir. "Telesəhər", "Gün başladı", "Analar Akademiyası", "Sağlam ol", "Sözüm var", "Ağ-qara", "Bir AzTV", "Məlahətli qonaqlar", "Görüş yeri", "Qazan-Manqal", "PalitrArt", "Məmləkətim", "Mən azərbaycanlıyam", "Xəmsə", "Təhsil üçbucağı, "Uğur düsturu", "Belə-belə işlər", "Vətənə xidmət", "Döyüşçü", "Bəlalar", "Gün-ellə səyahət" və digər verilişlər bütün təbəqədən olan tamaşaçıların marağını təmin edir. Əslində, bu amil TV-nin proqram siyasətində əsas yer tutur.

Bəli, bu gün AzTV-nin efiri "qaynayıb-daşır", maraqlı layihələr bir-birini əvəz edir. Bu qaynarlıq, bu dinamika, bu canlılıq tamaşaçını öz cazibəsinə salır, onu ekran qarşısında saxlayır. Ana Televiziyanı tam yeni formatda görən tamaşaçı onu məmnunluqla izləyir.

"İdman" TV-nin, "Mədəniyyət" kanalının efiri də yeni verilişlərlə zənginləşib. Azərbaycan Radiosu da texnoloji, istehsalat və yaradıcılıq dəyişiklikləri ilə diqqəti çəkir. AzTV-yə canlı yayıma qoşulması isə onun fəaliyyətinə əlavə canlılıq bəxş edir.

Hər kəs uzun zamandır AzTV-nin efirində yeni teletamaşaları səbirsizliklə gözləyirdi. Son bir ildə bu intizara da son qoyuldu. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi və "Sabah" Yaradıcılıq Studiyası yeni film və tamaşaların istehsalına başladı. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, Xalq artisti Ramiz Həsənoğlunun çəkdiyi, filosof-şair İmadəddin Nəsimiyə həsr olunan "Son gecə" filmi Prezident İlham Əliyevin elan etdiyi "Nəsimi ili"nə, dahi şairin 650 illik yubileyinə AzTV-nin dəyərli hədiyyəsi sayıla bilər. Yeni ildə təqdim olunan "Zəng" teletamaşası da son bir ilin hadisəsi kimi maraqla qarşılandı.

Yeniliklərdən biri də Prezident İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də yaradılan Bədii Şuradır. Tanınmış mədəniyyət və incəsənət xadimlərini özündə birləşdirən Bədii Şura efir strukturu, verilişlərin bədii tərtibatı, məzmunu, diktor və aparıcıların peşəkarlıq səviyyəsinə nəzarət funksiyasını həyata keçirir.

Teleradio Akademiyasının fəaliyyətində də son bir ildə ciddi dönüş yarandı. Rəhbərliyin təşəbbüsü və dəstəyi ilə ümumilikdə, Azərbaycan teleməkanı üçün kadr hazırlığına start verildi, teleradio işçiləri ilə bərabər, ali təhsilli və bu sahədə işləmək istəyənlərə imkan yaradıldı. Artıq Akademiya gənc jurnalist, rejissor və operatorların təkmilləşməsi üçün mühüm mərkəz rolunu oynayır. Son bir ildə bura qəbul olunan 153 nəfərdən 73-ü məzun adını qazanıb. Onlardan 21-i artıq Teleradionun əməkdaşıdır.

AzTV nəsilləri birləşdirən televiziyadır. Nəsillər bir-birini əvəz edir və bu əvəzetmə yeninin köhnədən öyrənməsi prinsipinə əsaslanır. Gənclər peşəkarlarla çiyin-çiyinə çalışır, öyrənir, yetişir. Bir vacib məqam da odur ki, bu yenilikləri teleradio əməkdaşlarının əməkhaqqı və qonorarının artırılması müşayiət edir. Kollektivin qayğıları rəhbərliyin diqqətindədir, hər həftənin 5-ci günü AzTV-də sədrin qəbul günüdür - yalnız əməkdaşlar üçün...

Son bir ilin uğurlarını isə elə son bir ilin hesabatı kimi qəbul etmək olar. Bir illik nəticənin ən gözəl "qiyməti"ni isə yenə də Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində görmək mümkündür. Sitat: "Mən sizin fəaliyyətinizi izləyirəm, televiziyalarda görürəm. Siz ümumi işimizə çox böyük töhfə verirsiniz. Müasir, gənc insanlar kimi, hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm etdirirsiniz və təcəssüm etdirməlisiniz".

Bu fikir, həm də AzTV-yə ünvanlanmışdı. Tamaşaçının qarşısındakı bugünkü tam fərqli AzTV isə, məhz Prezidentin onun inkişafına, kollektivə diqqətinin, qayğısının nəticəsidir. Və buradakı islahatları ölkə səviyyəsində dünya standartlarına uyğun müasirləşmənin kiçik modeli də saymaq olar. Yeniliklər isə davam edir...

 





16.01.2020    çap et  çap et