525.Az

Pedaqoq ömrü


 

Pedaqoq ömrü<b style="color:red"></b>

Bu yazıda sizlərə yaxından tanıdığım və böyük hörmət bəslədiyim bir nəfər müəllim və alim haqqında - biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri Anaxanım Yusifova haqqında danışacağam.

Anaxanım Yusifova 1983-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2001-ci ildə dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru adını alıb, 2009-cu ildə dosent elmi adına layiq görülüb. 2001-2009-cu illərdə ADPU-nun Botanika kafedrasının baş müəllimi vəzifəsində işləyib, 2009-2013-cü illərdə ADPU-nun Botanika kafedrasının dosenti olub. 2011-2017-ci illərdə ADPU-nun Botanika kafedrasının müdiri vəzifəsində çalışıb. 2017-ci ildən o, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri vəzifəsində işləyir. Elmlər doktorluğu üzrə dissertasiya üzərində çalışır, 54 elmi əsərin müəllifidir.

Qeyd etdiyimiz bu göstəricilər bir insan, bir alim və bir müəllim üçün şərəfli həyat yolu olmaqla bərabər, həm də gərgin zəhmət bahasına əldə olunası nailiyyətlərdir. Müəllimlik ən şərəfli peşə olsa da, bu peşənin çətinliyini hər kəs bilir. Bu peşə insanın həyatını öz dərinliklərinə aparır, müəllim yalnız öz həyatını yaşamır, təhsil verdiyi tələbələrin həyatını da öz həyatı ilə bərabər yaşayır.

Bir insan ömrü gənc nəslin yetişməsinə həsr olunursa, bu insan bir növ öz həyatını bu işə həsr edir, bu yolda daima axtarışda olur. Azərbaycan təhsilinin dünyaya inteqrasiyası və təhsil mentalitetinin dəyişməsi müəllimin işini daha da mürəkkəbləşdirdiyi üçün müəllim daima öz biliyini zənginləşdirməlidir.

Məlumdur ki, müasir təhsil sistemi daim dəyişir, bu da öz növbəsində müəllimin də öz metodikasını daima təkmilləşdirməsini, tələbələrə və digər təhsil işçilərinə fərdi yanaşmasını tələb edir. Müasir müəllim tələbənin daim dəyişən dünyada gedən proseslərə hazır olmasına, stress və depressiya vəziyyətlərində özünütənzimləməsinə kömək etməyi, eləcə də tələbələrə psixoloji-emosional hallarda sərbəst və düzgün qərarlar verməyi öyrətməyi bacarmalıdır. Göründüyü kimi, müəllimin öhdəsinə düşən vəzifələr daim yenilənir və çətinləşir.

Anaxanım müəllimə bir müəllim və kafedra müdiri kimi öz öhdəsinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bunu Anaxanım müəllimə barədə fakültənin dekanı Elnarə xanım Mehbalıyevanın sözlərində də görmək mümkündür: "Fakültədə tələbənin xeyrinə olan bütün məsələlərdə Anaxanım müəlliməyə ürəklə müraciət edə bilirik, o, həmişə hər hansı bir problemin tələbənin xeyrinə həll olunmasına çalışır və bizə yaxından kömək edir".

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu sərəncama ADPU-da xüsusi diqqətlə yanaşılıb, martın 27-si Azərbaycanda ilk dəfə olaraq "Elm günü" kimi qeyd edildiyindən Kimya-biologiya fakültəsində də xüsusi təntənə ilə qeyd edilib. Anaxanım müəllimə həmin tədbirin təşkilatçılarından biri olmaqla bərabər, "Genmodifikasiyaedici qidalar və onlara qarşı maarifləndirmə tədbirləri" adlı məruzə ilə çıxış edib, insan sağlamlığını qorunması sahəsində gənc nəslə elmi məlumatlar verib. 

Anaxanım müəllimə uzun illərdir, ADPU-nun imtahanlarında Apellyasiya Komissiyasında fəaliyyət göstərir. Onun obyektivliyi, humanistliyi universitet rəhbərliyi, eyni zamanda, tələbələr tərəfindən müsbət qiymətləndirilir.

Anaxanım müəllimə rəhbərlik etdiyi kafedrada təzə işə başlayan müəllimlərin, doktorantların dərsə hazırlaşmasına çox diqqət və qayğı ilə yanaşır. Onun mühazirəsini oxuduğu "Bitki fiziologiyası" fənninin laboratoriya dərslərini aparan müəllimlərə dərsin bütün incəliklərini, dərsdə qoyulacaq təcrübələrin texnologiyasını xüsusi diqqətlə öyrədir. Onun rəhbərlik etdiyi kafedrada professor-müəllim, o cümlədən, tədris-köməkçi heyəti Anaxanım müəllimədən xüsusi razılıqla danışırlar. O, hamının qayğısına qalır, hamının iş və şəxsi problemlərinə xüsusi diqqətlə yanaşır.

Bu günlərdə ADPU-nun Elmi şurasında Anaxanım müəllimə rektorluq tərəfindən Fəxri fərmanla təltif olunub. Onun Azərbaycan təhsilinə göstərdiyi xidmət göz qabağındadır. İnsanlığı, alimliyi, müəllimliyi ən qiymətli sözlərə layiq olan Anaxanım Yusifovaya gələcək fəaliyyətində də bol-bol uğurlar və cansağlığı arzulayırıq.

A.HƏSƏNOVA
ADPU-nun "Biologiya və onun tədrisi texnologiyası" kafedrasının dosenti

 





16.01.2020    çap et  çap et