525.Az

Parlamentin yenilənməsi müasir siyasi çağırışlar fonunda - Şərh


 

Parlamentin yenilənməsi müasir siyasi çağırışlar fonunda - <b style="color:red">Şərh</b>

Azərbaycanda ölkə həyatının bütün sahələrini əhatə edən islahatlar uğurla davam edir. Artıq bu istiqamətdə sıra dövlətin ali qanunvericilik orqanı olan Milli Məclisdədir.

Əminəm ki, seçkilərdən dərhal sonra ölkəmizin idarəetmə sistemində aparılan islahatlar yeni vüsət alacaq və bu təkamül xarakterli dəyişikliklərin uğurlu davamını müşahidə edəcəyik. Etiraf etməliyik ki, sosial şəbəkələr və ümumiyyətlə, internet məkanımız məsələ ilə bağlı olan müxtəlif xarakterli mülahizələr ilə, sözün əsl mənasında, aşıb-daşır. Doğrudur, sözügedən istiqamətdəki mövcud materialların böyük əksəriyyəti subyektiv xarakterli və qeyri-peşəkar səviyyədə olsa da, onlar cəmiyyətimizin ictimai şüuruna və sosial əhvalına müəyyən qədər təsir edə bilir. Əslində, ən ciddiyə alınmalı məqamlardan biri məhz budur.

İqtidar partiyasının əksər namizədləri öz seçki kampaniyalarının aparılması ilə məşğul olduqları, bütün diqqəti oraya yönəltdikləri üçün hakimiyyətin ünvanına  virtual məkandakı yersiz tənqidlər  cavabsız qalır. Həmin materialların çoxu cəmiyyətimizin emosional reaksiyasına hesablanıb. Odur ki, burada gözlənilməz və qeyri-adekvat reaksiyalar ehtimalı heç də az deyil. Mövcud məsələ üzrə beynəlxalq təcrübəyə istinadən deyə bilərik ki, cavabsız qalmış haqsız tənqidlər, hətta yolverilməz ifadələr cəhalət yayır, mühiti yanlış istiqamətləndirir. Söz azadlığı və sərbəstlik demokratik münasibətlərin təməli olduğu qədər, ona düzgün riayət edilməyəndə, ümumən qəbul olunmuş əxlaq normaları və davranış qaydaları pozulanda sağlam polemika alınmır və bu da sabitliyə, inkişafa xələl gətirir.

Düşünürəm ki, bu cür qərəzli və emosionallığa hesablanmış haqsız tənqidlərə qarşı iqtidar partiyası namizədlərinin bir çoxu tərəfindən "əvvəl seçilim, sonra öz münasibətimi bildirərəm" mövqeyi sərgilənməsi son dərəcə yanlış strategiyadır. Ən azından ona görə ki, yersiz və ünvanlı tənqidlərə qarşı səslənəcək çıxışların təkcə "müdafiə olunuram" anlamında qəbul edilməsi düzgün deyil. Səslənəcək cavabların mahiyyətində, eyni zamanda, şəxsi potensial, siyasi mövqe, gələcək fəaliyyətin strateji istiqamətləri və təmsil etdiyin hakim siyasi partiyanın fəlsəfəsi də öz əksini tapacaq. Bəzən cəmiyyət cavabsız qalmış suallara fokuslanır və bu səbəbdən güclü pozitiv tendensiyaları görmək qabiliyyəti zəifləyir. Bu cür tendensiyaların davamlılığı isə istənilən cəmiyyətlərdə xroniki xarakterli sosial bədbinliyin formalaşmasına səbəbi olur. Sözügedən mühit isə qərəzli və emosional siyasi bəyanatlar üçün əlverişli şərait yaradır.

Beynəlxalq təcrübəyə istinadən hakimiyyətin siyasi analitikləri qeyd olunan sosial-psixoloji məqamları mütləq nəzərə almalıdırlar. Qərəzli, funksional olmayan, ancaq iddialı müxalifət siyasi nəzəriyyədə "böyüdücü şüşə" adlanan metoddan istifadə edərək ölkədə əldə olunmuş misilsiz nailiyyətləri "kamera obyektivi"dən kənarda saxlamağa, ictimai diqqəti neqativ məqamlara yönəltmək niyyətindədir. Qeyd olunan təzahür əslində, müxalifətin əsas xüsusiyyətlərindəndir.

Qeyd etməliyəm ki, təşəbbüskar, fəal və güclü ictimai simpatiya qazanmaq iqtidarında olacaq yeni parlamentin formalaşması üçün növbədənkənar seçkilərin keçirilməsi dövlət başçısının son dərəcə uğurlu siyasi addımıdır. Bu addım əslində, radikal müxalifətin gedişlərini neytrallaşdırmağa imkan verir. Rasionallığını itirmiş, dövlətçiliyə zərbə vura biləcək müxalifətin tamamilə arxa plana atılması, bunun əksinə olaraq konstruktiv müxalif qüvvələrin parlamentdə iqtidarla birgə təmsil olunması çox önəmli məsələdir. Belə tərkibə malik parlament həm qanunvericilikdə fəallığı ilə seçilər, həm də xalq-dövlət birliyinin təmin olunmasına təkan verər.

Sirr deyil ki, bəzi keçmiş millət vəkillərinin cəmiyyətimizdə tanınmalarına rəğmən müasir çağırışlara cavab verə bilməməsi, qanunvericilik təşəbbüslərinin zəifliyi Milli Məclisin statusuna kölgə salırdı. Qeyd olunan amil isə bilavasitə dövlətin siyasi sistemi üçün ümumilikdə ziyanlı hal kimi qiymətləndirilə bilər. Siyasi nəzəriyyəyə əsasən hakimiyyətin bölgüsü eyni zamanda, sosial-siyasi məsuliyyətin qurumlar arasında paylanması deməkdir. Belə ki, güclü dövlətlərdə güclü parlament siyasi bufer vəzifəsini daşımaqla hakimiyyətlə məsuliyyəti pozitiv mənada bölüşür və bunun nəticəsində, əslində, onu qorumuş olur. Ona görə də yeni formalaşacaq parlamentin üzvləri həm Milli Məclisin mövqeyini gücləndirərək, cəmiyyətdə ciddi etimad qazanmalı, həm də qanunvericilikdə mühüm irəliləyiş etməlidir.

Çox təəssüf, son dövrlərdə ali qanunvericilik qurumu dövlətimizə qarşı ünvanlanmış tənqidlərin əsas səbəblərindən birinə çevrilmişdi. Sözsüz ki, istisnalar var, ancaq onların nümayiş etdirdikləri peşəkarlıq və təşəbbüskarlığı bütün vəkillərə şamil etmək olmur. Bu baxımdan, qarşıdakı parlament seçkilərindən sonra daha təkmil və çevik, fəal və nüfuzlu parlamentin formalaşacağına dərin ümidlər bəsləyirik.

Qeyd olunanlara istinadən, yeni parlament və seçiləcək şəxslər qarşısında müəyyən olunacaq əsas strateji vəzifələri ehtimal etmək olar. Heç şübhəsiz ki, önəmli vəzifələrdən biri yuxarıda da qeyd etdiyim kimi, daha çox ictimai simpatiyanın qazanılması olacaq. Bu amil, yəni ictimai simpatiya siyasi sabitliyin əsas təminedici meyarlarından biri olaraq hakimiyyəti möhkəmləndirir. Bu səbəbdən gələcək millət vəkillərimiz müasirlik, çeviklik, peşəkarlıq və şəffaflıq kimi keyfiyyətlər ortaya qoymalı, seçicilərlə daha sıx-sıx görüşlər keçirməlidirlər. Bu hal isə dövlətdə demokratik münasibətlərin təcəssümü olmaqla yanaşı, xalqın hakimiyyətə etibar dərəcəsini artıracaq və xalqla hakimiyyətin vəhdətini möhkəmləndirəcək.

Siyasi nəzəriyyədən irəli gələn daha bir məqamı qeyd etmək istərdim. Belə ki, siyasi elita nəzəriyyəsinə görə, hakimiyyətin sabitliyini təmin etmək üçün iqtidar komandası daxilində vaxtaşırı yenilənmə təşəbbüsləri həyata keçirilməlidir. Milli Məclisin tərkibinin yenilənməsi məhz həmin vacib düsturun tərkib hissəsi kimi qəbul olunmalıdır. Yəni bu cəhətdən normal və qəbul olunmuş bir siyasi təcrübədir. Bir çox dövlətlərin tarixinə müraciət etsək aydın olur ki, sözügedən mərhələ, yəni siyasi elitanın qaçılmaz yenilənmə prosesi, dövlətə sadiq və əsl peşəkar şəxslər üçün mükəmməl şanslar yaradacaqdır.

 





17.01.2020    çap et  çap et