525.Az

Yazılı daş - (Hekayə)


 

Yazılı daş - <b style="color:red">(Hekayə)</b>

Səhər idi. Hələ də yerimdə uzanıb hamının oyanmasını səbirsizliklə gözləyirdim. Səhəri, demək olar ki, dirigözlü açmışdım. Birdən nənəmin "Uşaqlar, gecdir, qalxın!" deməsini eşidib, sevincimdən tez yatağımdan qalxdım.

Bir neçə gün bundan qabaq atam məni nənəmgilə yola salanda demişdi ki, əmin səni dağların qoynuna, Çalbayır yaylağına kəklikotu yığmağa aparacaq, orada bitən dərman bitkiləri ilə də tanış edəcək. Buna görə elə sevinirdim ki... Deməli, atamın mənə öz uşaqlıq xatirələrində söhbət açdığı xoş, mənzərəli yerləri görəcək, kəklikotu yığacaqdım. Həyəcanla gedəcəyim yerləri xəyalımda canlandırırdım ki, bu vaxt nənəmin "Gəlin, gəlin, hamı süfrəyə, Allah verən nemətlərdən bir tikə yeyin, ac getməyin!" sözləri məni şirin xəyallarımdan ayırdı. Heç yemək istəmirdim, nənəmin ürəyincə olsun, məndən nigaran qalmasın deyə, az da olsa, yedim. Onu da deyim ki, nənəmgilə tətil günlərində gəlib qalan vaxtlarda, həmişə o, əmilərimə deyərdi: "Bu uşaq bizə əmanətdir, qardaşınızın gözünün ilkidir, ona daha çox qayğı göstərin, ay bala!" Doğrusu, o zaman bu sözlərin mənasını anlamasam da, öz uşaq düşüncəmlə başa düşürdüm ki, mən onlara daha çox əzizəm və bu hiss mənə xoş gəlirdi. İndi də hamının nənəsindən yaxşı, mənim qayğıkeş, xeyirxah, əziz, mehriban Ağca nənəm adəti üzrə arxamızca bir qab su atdı və əmimə bərk-bərk tapşırdı: "İmamverdi, sən Allah, uşaqlardan muğayat ol, əsas da Züleyxadan. Qız heç yanı tanımır, itib-eləyər. Sonra qardaşına nə cavab verərik". Sonra da o biri nəvələrinin üzündən, mənim isə onlardan fərqli olaraq, saçlarımı xüsusi nəvazişlə sığallayıb alnımdan öpərək yola saldı.

Yolboyu əmim bizə yaylağın əsrarəngiz təbiətindən, sərin bulaqlarından, şəfalı bitkilərindən söz açdı və kəklikotunu göstərərək, onun yığılması qaydasını öyrətdi. Artıq mən də bizimlə gedən əmim uşaqları, bibim uşaqları və digər qonşu uşaqları kimi kəklikotunu tanıyır və onları bir-bir dərib, nənəmin mənə həvəslə tikdiyi pambıq parçadan olan naxışlı torbama yığırdım.

Çox sevinirdim, kəklikotunu axtarıb tapmaq, onu yığmaq, həqiqətən, maraqlı və əyləncəli idi. Hələ onu yığarkən bitkinin ətirli, gözəl qoxusunun adama necə xoş təsir etdiyini duymağın daha da gözəl olmağını demirəm...

Hərdən uşaqlardan geri qalır, hərdən də onlardan qabağa gedərək, torbanı tez doldurmağa çalışırdım. Birdən bibim qızı Xatirə ucadan qışqırdı: "Xına! Xına! Xına tapdım, uşaqlar, buraya gəlin!" Mən tez onun yanına qaçdım. Xatirə inamla bitkinin xına olduğunu və onu yaxşı tanıdığını bizə başa salmaq istəyirdi. İlk baxışdan bu bitkinin xına olduğu ağıla gəlməzdi. Çünki adi görünürdü, daşın üstündə yapıxmış şəkildə mamırabənzər, yarısaralmış, yarıyaşıl olan kiçik otlara bənzəyirdi.

Biz onun başına toplaşaraq, heyrətlə tamaşa etməyə başladıq. Qız əlindəki dolu su qabından daşın üstünə beş-altı damcı su tökərək, yerdən tapdığı daş parçası ilə onu qarışdırmağa başladı, bir neçə dəfə bu hərəkəti təkrar etdi, bitki tamamilə qəhvəyi rəng aldı və sonra həmin qarışıqdan götürüb ovuclarına yaxdı, qurumağını gözlədi. Bir neçə dəqiqə keçəndən sonra su ilə əllərini yudu. Nə görsək, yaxşıdır, Xatirənin ovucları qırmızı rəngə boyanmışdı! Bütün uşaqların həsədlə onun əlinə baxdığını görən Xatirə birdən uca səslə bizi çağırdı: "Nə durmusunuz, gedin siz də axtarın, mənim kimi əziyyət çəkin, tapın, öyrətdim də sizə, daha xınalı daş da tapıb göstərməyəcəm ki!"

Başqa vaxt olsaydı, bibiqızının bu cür kobudluğundan inciyər, onu danışdırmazdım. Çünki mən kobudluğu, qəlb qırmağı, elədiyi yaxşılığı başa vurmağı çox pis xüsusiyyət sayırdım. İstəməzdim ki, insanlar bir-biri ilə bu cür davransınlar. Amma indi elə çox da acığım tutmadı, ondan küsmədim də. Axı, necə olsa, o, mənə və uşaqlara xına bitkisini tanıtmışdı. Sadəcə, "sağ ol" deyərək, kənara çəkildim.

Daxilimdə özünəinam və cəsarət hissi yarandı və qətiyyətlə axtarışa başladım. Öz-özümə danışır, mütləq mən də tapacağam deyə düşünürdüm. Uşaqlardan necə uzaqlaşdığımı belə, hiss etmədim. Uzaqdan görünən digər daşlardan böyük olan bir qaya parçasına yaxınlaşdım, onun üstündəki saralmış otlar məni cəlb etdi. Sevincək halda düşündüm ki, yəqin bu, xınadır. Əlimlə otları daşların üstündən təmizlədim. Xına deyilmiş... Çox məyus oldum və birdən daşın üstündə yazıları oxuyub xeyli təəccübləndim. Orada iki ad yazılmışdı, adlar mənim atamla anamın adı ilə eyni idi. Yadıma düşdü ki, atamla anamın gəncliyi bu dağlarda, bu xınalı daşlar olan yaylaqlarda keçmişdi, onlar biri-birilərini burda sevib ailə həyatı qurmuşdular. Onların adının daş üzərində yazıldığını atamdan eşitmişdim. Mən gözlərimi atamla anamın adı yazılan daş parçasına zillədim. Birdən valideynlərimçün darıxdığımdanmı, ya uşaqlardan uzaq düşüb itdiyimdənmi, ya da xına tapıb, əlimi boyaya bilmədiyimdənmi, kövrəlib hönkür-hönkür ağladım...

Qorxudan, həyəcandan əlim-ayağım titrəyirdi, geriyə belə çevrilib baxa bilmirdim. Səs-səmir yox idi. Anladım ki, azmışam. Bu vaxt Ağca nənəmin "Uşaq heç yanı tanımır, itib-eləyər" kəlməsi qulağımda səsləndi. Qəhər məni boğdu. İstədim, qayıdam, cəsarətim çatmadı. Təkrar atamla anamın adı yazılan daşa tərəf baxdım. Sanki bir az sakitləşdim. Yazılı daş mənə çox doğma göründü. Elə zənn etdim ki, valideynlərim yanımdadır. Bunları düşünəndə göz yaşlarım qurudu və ürəyimə bir rahatlıq gəldiyini duydum. Birdən əmimin əlini çiynimə qoyaraq: "Qorxma, qızım, mən burdayam, heç əmi səni tək qoyar? Uzaqdan səni izləyirdim" deməsi məni düşüncələrdən ayırdı. 

Tutu ƏSGƏRQIZI

 





17.01.2020    çap et  çap et