525.Az

Nəsimi: elm və mifologiyanın qovşağında


 

Nəsimi: <b style="color:red">elm və mifologiyanın qovşağında </b>

İ.Nəsiminin həyat və yaradıcılığına dair müxtəlif tədqiqatlar mövcud olsa da, şairin fəlsəfi düşüncələrinin şərhi, poeziyasında yer alan gizli bilgilərin öyrənilməsi bu gün də araşdırmaya ehtiyacı olan sahələrdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi şairin irsinin öyrənilməsinə marağı daha da artırdı, şairin yaradıcılığının bir çox sirli məqamlarına aydınlıq gətirildi. İlahi nuru insanda görməyi diləyən, "sanki damlada dənizi, zərrədə Günəşi görməyə" can atan sənətkarın təxəllüsü təkcə "külək" anlayışı ilə əlaqələndirilmir, "Allahla insan arasında olan asılılıqdan və ruhi-mənəvi qovuşmadan agah olan" mənasını da ifadə etməsinə dair fikir mövcuddur. Burada Nəsimi yaradıcılığına təsəvvüfün təsiri qeyd olunmalıdır. Hər bir elmi kəşf Yaradanın qüdrət və əzəmətinə dəlil olaraq ortaya çıxır. Saib Təbrizi yazırdı: "Ağıl ilə bir küçə boyu məsafə yol getdim, dəlil  tikanlarından ətəyim parça-parça oldu". Beləliklə, kimya, fizika, astronomiya və digər elmlər ilahi həqiqətə yol almaqda müəyyən rol oynayır. Sadaladığımız sahələrdəki yeni kəşflər "Qurani-Kərim"in ülvi mahiyyətini təsdiq edən yeni dəlillərin ortaya çıxmasına da yol açmışdır. Təsadüfi deyildir ki, beytlərin batini məzmununda sakral informasiyaları məharətlə kodlaşdırmağa nail olan İ.Nəsimi Azərbaycan ədəbiyyatında müqəddəs kitabdan ən çox iqtibas gətirən şairdir.

Quranın şərhlərindən birində 18000 aləmin mövcud olması barədə məlumat yer almışdır. Nəsimi yaradıcılığında da bununla bağlı eyham var:

Çün Nəsimi on səkkiz min aləmin məqsududur,
Kim bu dövrü bilmədi, sür ta çıxa dəvvarədən.

18000 aləm mövcuddurmu? Nəsiminin sələflərinin və müasirlərinin yaradıcılığında "18 aləm" ifadəsinə rast gəlirik: bitkilər aləmi, heyvanlar aləmi və s. 18000 ərəblərdə çoxluğu ifadə edən say kimi də işlənə bilər. Paralel aləmlər var, lakin say məlum deyil. Bu, elm üçün sirr olaraq qalır. Nəsimi özü də yaradıcılığında şərhi olmayan bu mənalara işarə edərək yazır:

Ey badi-səba, var, xəbəri yarə ilət kim,
Hüdhüd dilidir, bunu Süleyman dəxi bilməz.

Nəsimi beytlərindən birində mifologiya, elm və bədiiliyin vəhdətini daha aydın şəkildə görə bilirik:

Dairəsində sünbülün nöqtə günəşdir, ay ilə,
Gör nə imiş bu nöqtənin daireyi-müdəvvəri.

Nəsimi bu beytdə sünbül deyərkən Qız bürcünü nəzərdə tutur. Nöqtə dairənin tən ortasında olduğu kimi, bu bürc də bürclər ardıcıllığında öz dövrünü il dövriyyəsinin tam yarısında başa vurur. Bu bürcün planeti Merkuridir (Ütarid). Merkurini qədim türklər Tülek adlandırır və arzu, diləklə bağlayırdılar. "Kutadqu-bilik" əsərinin müəllifi Yusif Xas Hacib bu səbəbdən yazır ki, "Kimə yaxınlaşsa, onu özünə bağlar". Qız bürcünə Buğda başı, Sünbülə adları da təsadüfən verilməmişdi. Bu bürcün simvolu əlində sünbül dəstəsi olan qadındır. Sünbül Qız bürcünün a ulduzu hesab olunur. Merkuri Günəşə ən yaxın olan planetdir, Günəş ətrafında sürətlə hərəkət edir. "Sünbül" sözü ərəb hərfləri ilə yazıldıqda "nun" hərfinin nöqtəsi sözün ortasına düşür. Ərəbcə qələm "nun" kəlməsi ilə ifadə olunur. Qələm olmasa, nöqtə də olmaz. Nöqtə dairəni yaradır.

Günəşin ətrafında planetlər öz peykləri ilə dövr edirlər. Qız bürcünün ünsürü torpaqdır. Günəşin hərəkəti elmdə əslində Yerin öz oxu ətrafında fırlanması səbəbi ilə Yer üzərində olan nöqtələrin Günəşə nisbətən hərəkətidir.

Təsəvvüfdə iman Günəşə, mərifət Aya işarədir. Günəş təcəlli, Ay müşahidə ilə bağlanır. Maraqlıdır ki, qədim türklərə görə, rəmzi olaraq Günəş ədaləti, Ay isə səadəti bildirirdi.

Ay Yerlə birgə Günəş ətrafında dövr edir. Qəməri təqvimdə 14-cü gecə Ay dairə forması alır ki, bu məhz ayın ortasına təsadüf edir. Bu dövrdə Ay Şərq üfüqündən çıxır, həmin vaxt isə Günəşin Qərb üfüqündə gözdən itdiyi zamana təsadüf edir. Miflərə görə, üzündəki ləkə səbəbindən Ay Günəşlə görüşmək istəmir. Beləliklə, Ay və Günəşin müxtəlif üfüqlərdə ən uzaq məsafədə üz-üzə durması müşahidə edilir. Məlumdur ki, Ay öz işığını Günəşdən alır. Günəşsə Ayın bir yarımkürəsinə işıq saça bilir. Hər yeni ayın 14-cü gecəsi istisna olmaqla, Ay yerdən baxdıqda qövs şəklində görünür. Bir Ayı dairə formasında Günəşin işıqlandırdığı yarımkürəsinə ancaq ön tərəfdən baxdıqda görə bilərik ki, bu da 14-cü gecəyə təsadüf edir. Ay öz oxu ətrafında fırlanmaqla yanaşı, Yer ətrafında da eyni istiqamətdə, yəni qərbdən şərqə fırlanır ki, nəticədə biz Ayın yalnız bir yarımkürəsini müşahidə edə bilirik. O biri yarımkürəni görmək isə qeyri-mümkündür. 14-cü gecə Ayın Günəşdən ən uzaq vəziyyəti hesab olunur. Klassik ədəbiyyatda üzün Günəşə, alnın Aya bənzədildiyinə rast gəlirik.

Merkuri planetinin müşahidələri göstərdi ki, o, günəşə çox yaxın olduğu üçün gözlə baxmaqda çətinlik yaranır və görünüşü ilə günəş şüalarını xatırladır. Qız bürcündən Tərəzi bürcünə keçən gündən etibarən gündüzlər qısalmağa, gecələrsə uzanmağa başlayır. Buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz səbəblərdən Ayı il boyu yalnız 14-cü gecələr dairə formasında görə bilirik. 14 rəqəmi isə 28-in tam yarısıdır. Günəşin işığını əks etdirən ayın dairəvi dairə forması alması elmdə belə izah olunur. Nəsimi bu beytdə Böyük Partlayışın bir nöqtədən başlanmasına da işarə etmişdir. Bunu Nəsimi "cuş etdi əqli-küll" deyə beytlərindən birində də diqqətə çatdırır ki, əqli-küll Yaradana işarədir. Kainatın "Böyük Partlayış" nəticəsində yaranması fərziyyəsi Nəsimi yaradıcılığında həmin beytdə belə əks olunmuşdur:

Cuş qıldı əql küll, gəldi vücuda kainat,
Kafü nun əmrindən oldu dü cahan yekbar məst.

Mövlana Allaha müraciətlə yazırdı ki, "ey bizim canımıza can olan, var olan sənsən, biz yoxlarıq, öz varlığını fani-fani şəkillərlə tanıdan sən, yoxa varlıq dadını daddırdın, yoxu özünə aşiq etdin". Yoxluqdan varlığa keçid nöqtə və çevrə ilə izah olunur. Əqli-küll irfan ədəbiyyatında qələmə də işarədir.

İ.Nəsimi beytlərinin zahiri məzmununda sözün gözəlliyi, şairin poetik məharəti, bilgisi özünü büruzə verirsə, batini məzmununda mənəvi kamilliklə bağlanan sevgi fəlsəfəsi və elmi həqiqətlər əks olunur. Kainat şairi olan Nəsiminin bədii örnəklərində gözəllik, sevgi, bilgi və elm vəhdətdədir.

Nəsimi şeirlərinin birində Tanrı nurunun könlündə  təcəlli etdiyini bildirir:

Musa mənəm kim, həqq ilə daim münacat eylərəm,
Könlüm təcəlli nuridir, anın üçün Tur olmuşam.

Nəfsin tərbiyələndirilməsi və qəlbin təmizlənməsi nəticəsində könüldə Tanrı nuru təcəlli edir. Musanın qissəsinə işarə edərək şair  beytin batini məzmununda özünün bəsirət əhlindən olduğunu vurğulamışdır.

İnsanda məhz bəsirət gözü - üçüncü göz açılanda qəlb ilahi nur selinə qərq olur. Hadisələrin həqiqi mahiyyətinin seyri olan bu hal kəşf halıdır. Şairin qəlbinin Tur dağına bənzədilməsi təsadüf deyildir. Bəsirət gözü dünyanın ən gizli sirlərindəndir. Bu orqana epifiz vəzi də deyilir. Elmə görə, epifiz vəzi dəniz səviyyəsində çox az, yüksək yerlərdə isə daha çox hormon ifraz edir. Bu hormon üst şüurla təmas etmə, kainatla rabitə istəyi ilə bağlıdır. Düşünmək olar ki, bu səbəbdən dağlar ibadət üçün daha münasib sayılmışdır. Allah öz nurunu Tur dağına saçmış, Məhəmməd peyğəmbərə ilk vəhy Hira dağında nazil olmuşdur.

Nəsimi beytlərindən birində "qabi-qövseyn" təkcə merac zamanı Allahla rəsulu arasındakı məsafəni bildirmir. Burada qədim ərəblərin Şira adlandırdıqları ulduz cütlüyünə də işarə edilir ki, müasir dövrdə bunun adı Siriusdur:

"Qabi-qövseyn" iki qaşın yayıdır,
"Vəzzüha"nın şəmsi üzün ayıdır.

Sirius ulduz sistemi iki ulduzdan ibarətdir. Bu ulduzlardan biri çox sönükdür. Həmin ulduz Sirius B adlanır. Sirius A çox parlaqdır. Sirius A və B bir-birlərinin ətrafında bir cüt yay şəklində trayektoriya cızaraq dolanırlar. Dolanma müddəti 49,9 il olaraq müəyyən edilmişdir. Hər iki ulduz bir-birinin ətrafında dolanarkən əyri yay formasında 2 ədəd trayektoriya cizdikləri elmə keçən əsrin sonlarında məlum olmuşdur. Nəsimi isə beytin I misrasında 2 yay deyərkən Sirius cütlüyünü nəzərdə tutur. II misrada isə "Şəms" ("Günəş ")  surəsinin 1-ci ayəsini iqtibas alaraq bu ulduz sistemilə Günəş arasındakı ortaq cəhətə eyham vurur. Bu ulduz cütlüyünün dünya üfüqündən çıxmaq periodu bizim bir Günəş ilimizlə eynidir - 365 gün 6 saat.

Müasir cihazlar vasitəsi ilə, dənizlərdə dalğaların altında daxili dalğaların olduğu müşahidə edilir. Daxili dalğaları gözlə görmək mümkün deyil. Məlumdur ki, dənizlərdə təxminən 200 metr dərinliyə işıq çatmır, 1000 metrdən sonra isə zülmət, yəni qaranlıqdır. Quranın "Nur" surəsinin 40-cı ayəsinə əsaslandıqda belə bir ardıcıllıq yaranır: qaranlıq-daxili dalğa-dalğa-bulud. Nəsimi dünya daşqını ilə bağlı beytlərinin birində nəfsin qaranlığını dənizin dərinliklərindəki qaranlığa bənzədir.

Salamını Nuha yetir sən mənim kim,
Anınla qərq olub tufanı gördüm.

İnsan hallar və məqamlar silsiləsini keçərkən öz iradəsi ilə dözüm nümayiş etdirir. Nəhayət, ruhunu paklaşdıraraq hikmət əldə edir, həqiqətə qovuşur. Bu yüksəliş qara rəngdən ağ rəngə, yəni qaranlıqdan işığa doğru gedir. Dənizin dibi də qaranlıqdır, buludlarsa ağ rəngdədir. Ağ rəng kamilliyin və işığın rəngidir.

Nəsimi yaradıcılığından aldığımız beytlərdən biri şairin folklordan bəhrələnərək təsəvvüfi məzmun yaratmaq bacarığını əks etdirməklə yanaşı, doğma mifoloji təfəkkürü də hürufilik kimi şeirlərində həkk etdirməsinin isbatıdır. Xızırla bağlı milli mifik düşüncə isə beytin batini məzmununda şifrələnmişdir:

Yaquti-reyhandır xətin, ey quti-can ləli-ləbin,
Söylə ki, qonmuş Xızr tək ol abi-heyvan üstünə.

Xızır obrazı Nizami Gəncəvinin "Yeddi gözəl" və "İsgəndərnamə" əsərlərində yer almışdır. Nəsimi yaradıcılığında bu mifik obrazla bağlı çox sayda təlmihlər var. Bu beytdə zahirən şair Xızırın dirilik suyu içib əbədi həyat qazanması ilə bağlı rəvayətə eyham edir. Batini məzmunda isə mühüm bəşəri ideya yer almışdır. Xızırın su ilə - İlyasla adı el içində birgə çəkilir. Nəsimi beytində üzdəki 7 cərgə tük yaşıllığın hamisi olan Xızır, dodaqlarsa, dirilik çeşməsi, mərifət mövqeyindədir. Müqəddəs Quranda adı çəkilməsə də, qeybə dair biliklərdən xəbərdar olan şəxsin Xızır olduğu güman edilir. Rəmzi olaraq Xızır mərifət əhlidir. Nəsimi "Laməkan təxtində gizlidir yedi" deyərkən 7 rəqəminin gizli biliklərin rəmzi olduğuna işarə edir. Mərifətə yiyələnən insan Məna aləminin sirlərinə can atır və beləliklə, ruhani dünyanın ülviyyətinə qovuşaraq əbədiyyət əldə edir. Su və mərifət paralelinə gəlincə, su uğurdur, suyun hafizəsinin olması da elmdə sübut edilib. Su həyatdır. Suda enerji var. İnsanın da daxilində güclü enerji var. Yaqutun rəngi qırmızıdır. Qırmızı həm də odun rəngidir. XIV əsr ədəbiyyatında sevgi rəmzi olaraq dörd ünsür sırasında oda bənzədilir. "Eşq odu" ifadəsi Ş.İ.Xətai yaradıcılığında da yer almışdır. 

El arasında belə bir inam var ki, hər gün reyhan yeyən qocalmaz. Nəfəs yolları xəstəlikləri zamanı reyhan dəmləməsi faydalıdır. Ruhun məskəni isə damaqdır. Reyhan həm də Şərqdə sevginin simvoludur. O, insanda olan enerji səviyyələrini artırır. Reyhan mikrobu öldürür, vücudu təmizləyir. Qəlb və ruh sağlığına müsbət təsir göstərir. Reyhan diqqəti cəmləşdirməkdə problem olduqda kömək edir, beynin funksional çalışmasını təmin edir. Yaddaş zəifliyi zamanı da məsləhət görülür. Mistik yolçuluğun altıncı məqamının patoloji əlamətləri sırasında fikri cəmləşdirə bilməmək, keyləşmə, yuxuya meyl vardır. Nəsimi mistik yolçuluğun bu məqamı ilə bağlı fikirləri beytlərin batini məzmununda kodlaşdırarkən reyhanın bu kimi xüsusiyyətlərini nəzərə alaraq rəmzi mənada faydalanır. Bu isə şairin bitkilər aləmi ilə bağlı biliklərindən xəbər verir.

Nar meyvəsi ilə bağlı elmdə kifayət qədər məlumat var. Dini-təsəvvüfi dünyagörüşdə  isə nar sevgiyə, biliyə, birliyə işarədir. Ana dilimizdə bu söz meyvəni bildirirsə, ərəb dilində "nar" dedikdə od nəzərdə tutulur. Nəsimi yaradıcılığında söz hər iki mənada işlədilmişdir. Mifik inanca görə, nar yemək qəlbi 40 gün nurlandırır. Təsəvvüfdə insan kamilliyə 40 yaşda çatır fikri də yer almışdır. Nar suyu bəzi göz xəstəliklərinə faydalıdır. Nəsimi bunu nəzərə alaraq bir beytində nar və nur paraleli yaradır. Narın tərkibində elə bir maddə var ki, onu yedikdə yüksək hərarəti normaya salır. Nəsimi məhz "nar" sözünün ərəbcə "atəş" mənasından cəhənnəm istifadə edərkən narın inanclarda sevgiyə, tibdə isə atəşsalıcı xüsusiyyətə malik olduğunu nəzərə almışdır. Sevgi xeyirxah əməllərə yol açaraq insanı səadətə aparır, qəlbi nurlandırır, yəni cəhənnəm odundan xilas edir. Eləcə də, insanın hər hansı xəstəlik səbəbindən hərarəti yuxarı olduqda nar yemək müsbət təsirini göstərir. Nar həm ruh, həm də cisim üçün şəfalıdır.

Beləliklə, Nəsimi yaradıcılığında elmiliklə bədiiliyin vəhdətini görürük. Bu, Azərbaycanda XIV-XV əsrlərdə elmin inkişafından xəbər verir. Unutmaq olmaz ki, Nəsimi türk dünyasında Mövlanadan sonra Müqəddəs kitaba ən çox müraciət edən şairdir və Quran bütün elmləri əhatə edən bir mənbədir. Nəsimi kainat şairidir. Mənəvi bütövlük baxımından bəşər kainatla eyniləşdirilə bilər. İnsan kainatın kiçildilmiş modelidir.

Nəsimi beytlərindən birində "Bu quş dilidir, bunu Süleyman bilir ancaq" deyərkən beytlərinin sətiraltı məzmununun dərinliklərində elmi həqiqətlərin yer aldığına işarə etmişdir. Quran ayəsində Davuda və Süleymana elm verildiyi bildirilir. Elm isə bütün yaradılışın və baş verən hadisələrin arxasındakı məna aləmini, yaradılışdan məqsədin nə olduğunu dərk etməkdir.

Sevinc QOCAYEVA

 





17.01.2020    çap et  çap et