525.Az

Tanıyaq və tanıdaq: Məsud Haray


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Məsud Haray </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Məsud HARAY

1974-cü ildə Xoyda - Urmuda dünyaya göz açıb. Şair öz tərcümeyi-halı barədə yazır: "8 ilə yaxın farsca şeir yazdım, duyğularımı, kədərlərimi ata-anamla paylaşım deyə, türkcə düşünməyə başladım, bu yaşayışımın acı çağlarının başlanışı oldu. Daha sonra bu acı içimi gəzdi və məni kim olduğuma doğru sürüdü və indi mən şair deyiləm, bəlkə vətənim Azərbaycanın acıyan yarasıyam".

Nəfəs aldığım havanı,
Ayaq basdığım toprağı,
Udduğum, içdiyim suyu belə anladım.
Bax dəliliyim burdan başladı.
Bunu doktorlar hələ bilmədi,
Sən belə bilmədin,
Möcüzələr belə dərmanım olamaz,
Peyğəmbərlər
qoltuqlarında kitablarıyla belə. 

***

Uğursuzluqdur deməyin
Ürəyimizin çörəyidir bu
İt qabağına atsanız,
Ac qalırsa yeyər.
İştə
Bulbullər də qəfəsdə
O üzdən ötərlər.
Bax mən də o üzdən şairəm.

***

Türkcəmiz təmizdir, taysızdır, qızım
Gün gəlir dərdimiz dağ olur, qızım,
Qapqara baxtımız ağ olur, qızım,
İnləyən yaramız sağ olur, qızım.
Biz Vətən namına ölməyəcəyiz,
Düşmənin üzünə gülməyəyəcəyiz.

Əl-ələ verərkən qalxacayıq biz,
Tarixə qanı ilə salacayıq iz,
Səninlə birlikdə olacayıq biz.
Sel kimi, vulkan tək patlayacayız,
Dağ-dərə saymadan atlayacayız.
Bu Vətən, bu topraq namusumuzdur,
Düşmənə verəcək kabusumuzdur,
Biz Türküz, türkcəmiz qamusumuzdur,
Türkcəmiz təmizdir, taysızdır, qızım.
Tarixdə fəxrimiz saysızdır, qızım.

Dədəmiz Babəkdir, anamız Tomiris,
Vətənsiz bir kərə gülməz üzümüz,
Əyricə Azəri, Türkcə düzümüz.
Namərdlər anlamır, düşünmür, qızım.
Təhqirdən, sitəmdən üşünmür, qızım.

Tökülür gözümdən təkər-təkər yaş.
Hönkürüb gecələr ağlıram yavaş.
Ayılsa millətim, başlanır savaş.
Biz Vətən namına ölməyəcəyiz,
Düşmanın üzünə gülməyəcəyiz.

***

Yerqurdular
Toprağın ağ ciyərləridilər.
Özgürlük deyə,
Dar ağacına tapşırılanlar isə
İnsanlığın.
Təkcə ölüm, arzılarımın biçimində

Təkcə ölüm 
    arzularımın biçimində
 təkcə sən 
    künlümün içində
 unutma bu anılar sürəsində 
ayrılmayacaqlarımız var.
 ölüm bir həyat bağışlanacağı
     və sən,
    vəmən səndən incimədən,
    ölüm arzılarımın biçimində.

 bu gün doğum günüm
      yarın yaşam
       srağagün doğulmamışım anı
 yenə də ölüm
    arzularımın biçimində
 yenə də sən
    könlümün içində...

 





17.01.2020    çap et  çap et