525.Az

"Bu sevda qələmim nə ilıq yazır?!"


 

YUSİF NƏĞMƏKARIN "POETİK SEVGİ BUKETİ"NƏ QISA YARADICI BAXIŞ

"Bu sevda qələmim nə ilıq yazır?!"<b style="color:red"></b>

Yaddaşında illərin ağrı-acıları bərq vuran insan (fərd) öz şüurunun üst qatına çıxıb ruhən Tanrı ilə qabaq-qənşər duranda, ruhunu zamanı qabaqlamaq şansı ilə müjdələyir.

Belə demək mümkünsə, bu müjdə onu ruhi tənəzzüldən gen tutur; onun ruhsal-ədəbi zövqü idrakda təcəlla edən həyat cizgisi kimi məna verir. Su şırıltısına bənzər ilhamı ilə oxucu yaddaşına sığa bilmək iqtidarında olan istedadlı şair Yusif Nəğməkarın yaradıcılıq müstəvisində də məhz bu tərzlər bərq vurur... Biz, Yusif Nəğməkarın - poeziya gerçəkləri səmimiyyət aynası kimi işıq saçan bu istiqanlı, vətənsevər şairin vəcd anında çırpınan duyğularının oxucu üçün gerçək bir "poeziya buketi" olduğuna (tam mənada) əminik. Onun bu çağa qədər oxuduğumuz bütün şeirlərində, həmçinin, "Sevgi məbədi" adlı yeni kitabında biz bu ruhi zəmini aşkar görə bilirik. Yusif müəllim hətta ədəbi zövqü, lirik fırtınaları ilə də bir hörmət etalonudur; qalxdığı rəğbət mərtəbəsində qələmindən süzülənləri köksünə sıxıb, düşünmək istəyirsən ki, fəlsəfi dəyərlər həqiqi mənada poetik ruhunun diktəsidir, dalğın baxışlı ləngərlər də insan vəcdinin ağır ehtişamıdır. Bu salxarlı çırpıntının odunda yanaq pörtmək idrakda görünə bilmək fəlsəfəsi kimi eyhamlanır və bizi bu yönə çəkə bildiyi üçün Yusif müəllimə isti könül alqışları ucaldırıq...

Yusif Nəğməkar bütün yaradıcılığında, xüsusən də, sevgi hissləri ilə aşıb-daşan şeirlərində fərqli-səmimidir: 

... Bu axşam o gözlər başqa dünyadı -
Sevdalar qitəsi kəşf eləmişdim... 

***

Hər telində bir həsrətim
Kəsilə-kəsilə qaldı.
O qədər qısaldı səbrim,
Dərdlərim silsilə qaldı... 

Kitab boyu biz Yusif Nəğməkarın ötkəm ruhunu, işığına səmt tutduğu hisslərin pərişan - ovqatverici təsirlərini aşkar sezirik. Fəqət ortadakı (bir az) məyusluq çək-çeviri, (bir az) həyatdan gileylənmə, (bir az da) taleyə acıma halları oxucunu düşündürür, onu bu obrazlarla bir dialoq qurmağa məcbur edir. Sanki o, müəllifdən və bu obrazlardan soruşmaq istəyir ki, niyə lirik hissin yağışında islandığın halda üşümək yadına düşmür? Yaxud nəyə görə sən dodağında çiçək ətri, qulağında gülüş səsi və gözlərində sevgi şəkli gətirdiyin halda, o, sənə qapı açmır? Bax, bunlar Yusif müəllimin inandırıcı poetik-şüurüstü keçidləridir və o, bu qatlarda təcəlla edən səmtləri asanca müəyyən edə bilir. 

... Yusif Nəğməkarın lirik obrazları (belə demək mümkünsə) hələ vəcdin nə olduğunu bilmədikləri halda belə, dastanlaşmış - tarixləşmiş, yaxşı mənada heykələ dönmüş, əbədiyyət qazanmış obrazlardır... Həm də bu obrazların duyğu qatındakı ruhsallıq könül aynalarının gözlə güclə görünən cizgiləri kimi ehtiva edir deyə biz belə bir qənaətə gəlirik ki, xoşovqat duyğu Yusif Nəğməkar şeirinin unudulmazlığıdır və o, bütün yaradıcılığında idraki-vəcdi bir ədəbiyyat (poeziya) qayəsi kimi əxz edir. Doğrudan da, Yusif Nəğməkar ruhunun poetik mayası (başdan-başa) məhz bu təsirdən yoğrulub. Biz təkcə onun lirik duyğularını, sevgi şeirlərini öpüb gözümüzün üstünə qoymaqla, "Gözümdən gözünün xəyalı getmir, Bir də gözlərimə baxa o gözlər", "Ondan göz olmağa gözüm ki çatmaz, Bir də gözlərimə baxa o gözlər", "Uçunan ürəyim uçub dindimi?! Uçqun xəyalımın uçağı yansın" kimi qabarıq lirik hissləri oxumaqla yeriyə-yeriyə, gülə-gülə, sevə-sevə ölür-dirilirik. Bu şeirlər bizə poetik dərkdən bir mərtəbə yüksəyə qalxmaq gücü verir, onları (idraka köklənməklə) təhlilə çəkəndə də, bəlli olur ki, xoşovqat duyğularda dəyişilən insan fəhmləri yeriyə-yeriyə, gülə-gülə, sevə-sevə ölməyin sürreal zəminidir, bu şeirlərdə müəllifin öz mistik baxış tərzləri də qabarıq hissi keçidlər əhatəsində mükəmməl oblast tapır və idrak müstəvisində cilalanır.

Səmimi deyək ki, biz Yusif Nəğməkarın sevgi şeirlərini oxuyarkən zamanın ən hündür dalğalarında qara kölgələr kimi çırpınırıq; həm də tam mənada aşkar edirik ki, biz o kölgələrin içindəyik və üstümüzdə onların qoxuları var. "Ondan göz olmağa gözüm ki çatmaz, Bir də gözlərimə baxa o gözlər" lirik ehtivasında bu qoxuların iç rahatladan hənirləri aşkar görünür. Bəlkə də şair insanda sevgi hissinin yaranışını, belə deyək, adi bir təbiət cisminin hansı halda baha bir daşa çevrilməsi prosesi kimi qabardır, nəticədə, bir insan bətnindən bir kövrək sevgi (eşq) doğuşunun müfəssəl anını məharətlə cızır. Bu məna çalarında biz hadisələrin azdan çoxa artdığını, bir həyat elementinin yetişmə, cücərmə və hasilolma məğzlərini fəlsəfi dərkimizdə gerçək müstəvilərə çəkə bilirik. 

Ümumiyyətlə, götürdükdə isə, sevgi Yusif Nəğməkar poetik ovqatında bir hayqırtıdır, ruhumuzu çox uzaq səmtlərə - idrakın üst qatlarında zahir olan gerçəklərə, vəcd anında yaranan susqunluğa, həniri günəş istisi qədər ilğımlı olan duyğulara çəkir. Biz həmin anı yaddaşımızın dərin qatlarında çırpınan işığa bükür, o işığın daha nurlu olması üçün ruhumuzu sakit hücrələrə yönəldirik.

Eləcə də, (kitab boyu) müəllifin cızdığı intellekt-sevgi xəritəsi belə deyək, bir idrak çək-çeviridir. Bu xəritədə əks edən şeir-miqyasları poeziya zirvəsində işartı verən geniş hüdud kimi də xarakterizə etmək olar. Çünki Yusif müəllim oxucunun vətəndaşlıq əzminə heyrandır, oxucu da onu öz mənəvi əhatəsində cəm edə bilir. Bu (qarşılıqlı) təsir altinda biz onun ən parlaq cəhətlərini aşkar görürük.

Bu sarıyanaq payız,
Dilində qınaq payız,
bir şahlıq quşu kimi
uçub qondu sinəmə,
Könül verdi sinəmdə
sevgi adlı sənəmə...

***

Vuruldum qədəriyaza, bilmirəm,
Bu sevda qələmim nə ilıq yazır!
Sənlə görüşəndə yaza bilmirəm,
Səndən ayrılanda, ayrılıq yazır... 

... Yusif Nəğməkar eşqə (daxildə) təlatüm fonunda yanaşır, zahirdə onu ictimai zəmin kimi xarakterizə edir (lakin buradakı (zahirən) bənzər ovqatlar müəllif yanaşmasını (daxilən) müxtəlif proseslərlə örtür). Əslində, Yusif müəllimin şüurüstü təfəkkür əhatəsində motiv əgər sərxoş sevdalara yuxulu sistem qurmaqdırsa, cəmiyyətə münasibətindəki aktivlik hazırkı ənənəçi ruhun təcəllasıdır. O, öz eyhamında sistemsiz eşqə, ictimai meyllərə yad baxışla baxır və bu, faktiki olaraq dürüst ictimai mənaya zəmin verir: müəllif öz qəhrəmanlarının həyat axarında talesizlik, eşq salxarında məntiqsiz məna da axtarmır, əksinə, bu maraqdan uzaqdır, lakin cəmiyyətdə eşq sevgi çaları kimi yer tuta bilmir deyə onun yanaşmasında da bu xarakterlər acı girdaba tuşdur. Doğrusu, ağılsız sevdalara tuşolma eşq zəminləri deyil (ola da bilməz), bu mənada müəllif bütün sevgi şeirlərində hadisələri (obrazlar əhatəsində) sistemli dəyişikliyə məruz qoyur və oxucunu öz anlamaq cəhdləri ilə üz-üzə buraxır.

Açığı, oxuduğumuz lirik duyğuları bizi Yusif müəllimin eşq fırtınası barədə fərqli düşünməyə məcbur qoyur. Belə anlayırıq ki, Yusif Nəğməkar bir-birinə yaxın ovqatda bir sevgi nəğməsi yazıb, onun ifaçıları da məhz eşq-həyat və talesizlik dadmış obrazlardır. Bu obrazlar müəyyən mənada özlərində (həm də) ictimai təzad ehtiva edir, sonda məntiqin bu aspektdə təzahür etməsi üçün müəllif özü vizual ovqat yaradır. Yaxud Yusif müəllimin "Sevgi məbədi" kitabında eşq-sevgi çalarları qapalı-açıqdır, obrazlar sadəcə gündəlik həyat qayğıları ilə kifayətlənmirlər. Təbii ki, bu obrazların düşdüyü mühit də eynidir, xarakterlər yanğısı da, fərqli olan sivilizasiyalı tərzlərə min illərin real faktoru kimi önəm verə bilməkdir.

Yusif Nəğməkarın sevgi şeirləri vəcd anında ürəyi qanayan bitkin fikirli bir şairin poetik təlatümüdür. Bu şeirlərdə əslinə qalsa, gerçək şüurüstü təsirlər əks edir; sanki könül hissi keçmişin küləyində titrəyən bir cism (əşya) kimi dərinliklərə düşür, dibsiz vadilərin səssizliyində boynunu bükür, özünə belə bəlli olmayan (ya da bəlli olan) əksi ilə ünsiyyət qurur, nəhayətdə, özündən Allaha, Allahdan özünə qədər məsafələri bir sevgi aralığında görür...

Yusif müəllimin yeni kitabına daxil etdiyi, lirik hisslərin tərcümanı olan "Güllər atılmasın" poemasının da poetik-ictimai mündəricəsi sevgi-qəlb aralığında var-gəl edən səmimi-kövrək çırpıntılardır. Müəllif, bu əsərdə belə deyək, poetik müqayisələri ilə oxucuya anladır ki, güllərin atılması hicran dağlarının çoxalmasına zəmin yaradır. Burada diqqətimizi çəkən əsas hədəf (bəlkə də və ya əsl gerçəkdə) güllərə münasibət deyil, güllərin fonunda aşiq-məşuq reallığıdır; Yusif müəllim "Güllər atılmasın" ricəti ilə sanki ailələrə, xüsusən də, gənclərə bir ismarıc verir, qurduqları ailənin təməlini daha möhkəm bərkitməyi, sevdiklərini heç vaxt atmamağı tövsiyə edir. Bu əsər həm də bir həyat materialıdır və özünün nəsihətamiz, tərbiyəvi əhəmiyyəti ilə fərqli təsir bağışlayır.

Təbii ki, insan öz ömrünün künclərində mümkün və qeyri-mümkün yanlışlıqlar da gizlədir. Bu mənada, onun özünə acıması, yaxud biganə sifətlər göstərməsi labüd haldır. Nə qədər ki, o, idraki-vəcdi bir həyat qayəsi kimi əxz edə bilmir, öz ruhuna çırpılır, qınaqedici nəzərlərini (başdan-başa) məhz bu təsirdə cilalayır. Biz Yusif müəllimin əksər sevgi şeirində və ələlxüsus da, "Güllər atılmasın" poemasında bu eyhamı sıfırla nöqtə arsındakı məsafə kimi başa düşürük...

Əsər bizdə son dərəcə bitkin fikirlər doğurur; müəllif əslində, "Güllər atılmasın" qabarıq-çarpaz ricəti ilə həm poemaçılıqda bəşəri duyğular ifadə etməyin zəruriliyini deyir, həm də müasir cəmiyyətimizdə, ailə-həyat tənəzzülündə qəfil dəyişmələr, gənclər arasında yeni Leyli-Məcnunlar, yeni Fərhad-Şirinlər, yeni Əsli-Kərəmlər görmək istəyir, sevgini ucuzlaşdıran və hətta cılızlaşdıran maddi ifratları, qəlb-düşüncə və iradə zəifliyini (həmişəlik) bir kənara atmağı tövsiyə edir. Necə  ki, Nizamilər, Füzulilər öz "Leyli və Məcnun"ları ilə min illik (möhkəm) ailə bağları qurmağa müvəffəq oldular, eləcə də, Yusif Nəğməkar "Güllər atılmasın" əsəri ilə yeni möhkəm ailə resursları qurmaq israrındadır; o, ümumiyyətlə, ailələrin dağılmasını istəmir, gənclərdə Leyli və Məcnun məhəbbəti aşılamaq fikrində qətidir. Məhz onun adıçəkilən poemada oxucuya anlatmaq istədiyi də elə budur.   

Biz, həm də, Yusif müəllimin "Güllər atılmasın" poemasında yeni-fərqli bir ədəbi proseslə qarşılaşırıq; əsərin başlanğıcında maraqlı forma qurub, müfəssəl fikirlərini əruz-heca qarşılığı ilə sistemə salıb və oxucuda ovqat duruldan "priyoma" müraciət edib, öz düşündürən improvizasiyaları ilə əruz-heca çarpazlığında maraqlı situasiya formalaşdırıb. Bu, az hallarda rast gəlinən (bəlkə də heç rast gəlinməyən) paradoksdur, poema janrı üçün fərqli göstəricidir. Ən əsası, Yusif Nəğməkardakı istedada yaxından bələd olduğumuza görə bu, bizdə təəccüb doğurmur...

Bəllidir ki, bəşər yaranandan insan digər canlılardan öz ağlı və zəkası ilə fərqlənir. Bəsirət-qəlb gözü ilə həyata, zamana nüfuz etməyi bacaran insanlar idrakın şüurüstü qatlarında yol-riz tapmaqda aciz deyillər. Bu baxımdan, hətta ən duyğusuz obrazını ruhi vəcdə gətirmək əzmində olan Yusif Nəğməkarın ədəbiyyat üfüqlərində var-gəl etdirdiyi fəlsəfi çırpıntılar bizə hadisələrə ayrı bir məntiqdən yanaşmağımızı təlqin edir. Belə deyək, ruhi ucalıqda pərvəriş tapması onun insanlıq vəsfi, şairliyi isə onun Allaha etiqadıdır. Yüksək şəxsiyyətində cəmləşən bu iki İlahi-genetik kod onun bəşər məğzində vətəndaşlığa sevgi səpə bilmək amalıdır...

Hikmət MƏLİKZADƏ

 





17.01.2020    çap et  çap et