525.Az

"Əgər desəm, daha şair deyilsən sən..." - Gülnaz Kutuyevanın şeirləri


 

"Əgər desəm, daha şair deyilsən sən..." - <b style="color:red">Gülnaz Kutuyevanın şeirləri </b>

Başqırd şairi, publisisti Gülnaz Kutuyeva 1974-cü ildə Başqırdıstanın İşkul kəndində dünyaya gəlib. Şeir yazmağa orta məktəb illərindən başlayıb.

Yazıları "İskra" rayon qəzetində, "Amanat" və "Yenşişma" gənclik almanaxlarında nəşr olunub. Başqırdıstan Dövlət Universitetinin Başqırd filologiyası və jurnalistikası fakültəsini bitirib. Tələbəlik illərində "Gül kimi açılaram" adlı şeir toplusu işıq üzü görüb.

1996-cı ildə "Kitap" bədii və uşaq ədəbiyyatı nəşriyyatında redaktor işləyib. 1998-ci ildə "Ayın sərhədləri", 2002-ci ildə isə "Yağışlı küləklərin həsrəti" kitabları çap olunub. 2002-ci ildən "Aqidel" ictimai-siyasi jurnalının redaktoru olub. 2005-ci ildə "Başqırd əfsanələri və dastanları" mövzusunda elmi iş yazaraq müdafiə edib.

2006-cı ildə nəşr olunan "Qəlbimin su zanbağı" kitabına görə "Şaixzadə Babiç" mükafatına layiq görülüb.

Türkiyədə keçirilən bir çox elmi və ədəbi konfransların iştirakçısıdır. Hazırda Ufada çap olunan "Başqırdıstan qızı" jurnalının baş redaktorudur.

Gülnaz Kutuyevanın "Azərbaycan dəftəri" silsiləsindən olan şeirlərini oxuculara təqdim edirik.

Gülnaz KUTUYEVA 

"AZƏRBAYCAN DƏFTƏRİ" SİLSİLƏSİNDƏN

YAŞA!

Azərbaycan! Bakı!
Məni sehrləmiş məmləkət!
İgidliyin, comərdliyin sınağı!
Budur, indi buradayam, -
Gözəl odlar diyarının qonağı!

İndi qəlbim intizarda, - 
Açılacaq bağlı qalan qapılar,
Əsrlərin naxışıdır,
Nəsillərin beşiyidir bu diyar!

Qanımız bir, canımız bir!
Necə asan nəfəs alır
insan oğlu burada.
Adətimiz, həm dilimiz
Eyni olan insanların
yurd saldığı bir ada.
Azərbaycan! Bakı!
Necə çox sevirəm səni mən!
Yaşa, yaşa, daim yaşa!
Çiçəklən!

ŞƏHİDLƏR

Rahat uyuyurmu haqq qurbanları
O təpə başında, sükut içində?
Ana duaları qorur onları,
Kəpənək qanadlı yellər uçanda...

Ölüm doy gəlmədi o igidlərə
Dəmir maşınlara sinə gərərkən.
Onlara güc verən, dəyanət verən
Bir namus borcuydu, bir Ana Vətən!

Onlar heykəl oldu haqqa o gündən!
Dedilər: "Düşməndə çox hiylələr var!
Əgər biz durmasaq namərd önündə
Dünyanı ilanlar, əqrəblər tutar!

Qoymayın zalımlar açsınlar ayaq!
Yalançı şahidlər gəlməsin dilə!
Ey mənim millətim, oyaq ol, oyaq!
Fitnələr yuvada boğulsun elə!

Bir qəfil zərbənin, qatı nifrətin
Şahidi - günahsız şəhidlərik biz!"
Məzar daşlarına baxmaq nə çətin!
Atəşlər içində yanır qəlbimiz!

QIZ QALASI

Durmuşam önündə xəyala dalıb,
Qəlbimi bir ilginc duyğu sarıbdır...
O, hansı əsrdən yadigar qalıb,
Onu kim düşünüb, kim yaradıbdır?..

Tanrının lütfüdür cahanın özü,
O da bu cahanın şah əsəridir.
Xəzər sularının nur saçan gözü,
Odlar diyarının qürur yeridir.

Ona sığal çəkib illər, əsrlər,
Nəsillər dəyişib o vaxtdan bəri.
Başında buludlar, köksündə sirlər...
Sarılmış belinə səhər yelləri...

... Möcüzə dünyanın çöksə təməli
Bu Qala qalacaq, dəniz qalacaq!
Toxunmaz telinə zamanın əli,
Tarixdən tarixə təmiz qalacaq!

GƏNCƏVİ

Yox dünyanın elə yeri -
Burdakı tək baş tacıdır şairləri!
Mən Gəncənin girişində
Salam-dua deyə-deyə,
Ehtiramla
Baş əyirəm mavzoleyə:
- Salam, şair!
De, necəsən?
Sənmi məni bu yerlərə gətirmisən?
Bir yuxumu? -
Bu yerlərdə dolaşdıqca tanımıram öz ruhumu?
Sənin müdrik surətində - bir dahilik nişanəsi!
Əmanətin - Leyli-Məcnun əfsanəsi!
Əldən-ələ,
dildən-dilə gəzir Xəmsən,
ucaldığın zirvələrə ucalmadı hələ kimsə!
Yazdıqların bir irs kimi nəsillərə qalacaqdır.
Ədəbiyyat dünyasına daim işıq salacaqdır.
Əgər desəm, daha şair deyilsən sən - əfv et məni!
Sən dühasan!
Bir düha ki, şöhrətiyə ucaldıbdır bu Vətəni!

NƏSİMİ

Bu necə baxışdır, qılıncdan iti!
İnsanı Allaha bənzədən adam!
Əsrlər dəyişib, o, dillərdədir -
Qanları donduran dəhşətli edam!

"Kafir! Sən Allaha şərik qoşursan?
Onun qarşısında nəkarəyik biz!
Günah içindədir insan doğuşdan,
Allahın quludur, miskin, çarəsiz!

Dilindən asılar, varsa "Mən" deyən!
İtaət etməyən olar canından!
Dərisi soyular görk olsun deyə!"
... Sən isə dönmədin öz amalından.

Ey böyük şairim, azadsan daha!
Sözün də, ruhun da nur içindədir.
Səni suçlayanlar batmış günaha!
Çəkdiyin çilələr qəlbimi didir.

... Keçir yüzilliklər, keçmir bu acı,
İncə misraları qəlblərə sızmış.
Bağlı könüllərə qapılar açıb,
Silinməz adını tarixə yazmış!

Həqiqət yolunda asılsa belə,
Hətta diri-diri soyulsa belə,
Dünyanın ən böyük bəxtəvəridir! -
Amalı uğrunda ölən - diridir!

GÖYGÖL

Göygöl - təbiətin büllur damlası,
Hüsnünü görüncə zaman dayanır.
Yox olur dünyanın dərdi, davası,
Hər kəs məhəbbətlə adını anır.

Yaradan bizlərə bəxş edib onu -
Suları dumduru mavi piyalə.
Baxıb aynasında ağ simasına
Önündə baş əyir buludlar belə.

Zərif gülüş doğur məhəbbətimdən,
O bir zərrəsidir əbədiyyətin;
Günəşə yol gedən buxar kimiyəm -
Ömrümün bir anı həkk olub onda,
Seyrinə dalmışkən getmək çox çətin!

Hüsnünə bir daha baxıb uzaqdan,
Qərib bir quş kimi enirəm dağdan.

Göygöl - gözəlliyin mavi yaddaşı!
Həm duzlu, həm şirin - sevinc göz yaşı!
Əfsun camalına vurğun baxışlar!
Sənə hər bir könül sevgi bağışlar!


Tərcümə etdi: Afaq Şıxlı

 





17.01.2020    çap et  çap et