525.Az

Dürüstlük və ləyaqət rəmzi - Yalçın Əlizadə-80


 

Dürüstlük və ləyaqət rəmzi - <b style="color:red">Yalçın Əlizadə-80</b>

Adam var ki, yalnız formadır, mövcuddur, nəfəs alır, hərəkət də edir, amma elə bir məzmun və mahiyyət daşımır. Adam da var ki, bütün varlığı ilə mahiyyətdir.

Professor Yalçın Əlizadə başdan-ayağa mahiyyətdir, yaşayan dəyərdir. O, adı jurnalistika və təhsil tarixinə yazılmış Nurəddin Babayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Famil Mehdi, Nəriman Zeynalov kimi şəxsiyyətlərin yaratdığı dəyərlərin təmsilçisidir.

Yanvarın 17-də 80 yaşı tamam olan professor Yalçın Əlizadəni, bəlkə də geniş auditoriya çox tanımır. Səbəbi hədsiz təvazökar olmasındadır. O, öz prinsipləri ilə yaşayan, davranışlarına çərçivələr qoymağı bacaran ağır taxtalı kişilərdəndir. Tutduğu vəzifələrə heç vaxt "bəhrələnmək fürsəti" kimi baxmayıb, harda olubsa, vicdan və ləyaqətlə çalışıb, kimlərinsə xoşuna gəlmək üçün özünü oda-közə vurmayıb, nahaq söz danışmayıb, yaltaqlara meydan verməyib. Elmi, biliyi, şəxsiyyəti, mənliyi ilə çoxlarına nümunə olub. Buna görə də jurnalistika aləmində, ali təhsil sistemində Yalçın müəllimi nüfuzlu şəxsiyyət və mənəviyyat adamı kimi tanıyır və ehtiram göstərirlər.  

Zahirən quru, ünsiyyətə meylli olmayan, bir az sərt və hövsələsiz adam təsiri bağışlayır, amma yaxınlaşdıqca, mahiyyətə vardıqca, tanıdıqca, xüsusən böhranlı vəziyyətlərdə onun mərdanə davranışlarını gördükcə bu adamın hansı böyük mənəvi ölçülərlə yaşadığının şahidi olursan. Tanıdıqca da onun dürüstlüyünə heyran olmaya bilmirsən.

***

Yalçın Əlizadə müəllimliyə praktik jurnalistikadan gəlib. Onun jurnalistlik fəaliyyəti isə radio ilə bağlı olub. 1962-ci ildə Universitetin Jurnalistika bölməsini bitirdikdən sonra bir müddət radioda çalışıb, reportyorluq edib, redaktor və şöbə müdiri olub. Efirə xeyli maraqlı reportaj və oçerkləri gedib, daim axtarışda olan jurnalist kimi qeyri-adi insanlarla müsahibələr aparıb, görkəmli elm xadimlərinin efir portretini yaradıb. Çalışdığı kollektivdə tezliklə böyük hörmət sahibi olub, biliyi, bacarığı, istedadı ilə çoxlarından fərqlənib. Nəhayət, "Xəbərlər" baş redaksiyasının baş redaktoru vəzifəsinə irəli çəkilib, radionun çox mühüm, hər dəqiqəsi yüksək məsuliyyət tələb edən informasiya işinə rəhbərlik edib. Radioda Hacı Hacıyev, Valid Sənani, Bəhram Gözəlov, Aydın Qaradağlı, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Ramiz Mustafayev, Sabutay Quliyev, Altay Zahidov kimi parlaq jurnalist, diktor və radio xadimləri ilə çiyin-çiyinə çalışıb.

Bakı Dövlət Universitetində Jurnalistika bölməsi fakültəyə çevrildikdən sonra zəngin jurnalist təcrübəsi olan müəllimlərə, həm nəzəriyyəni yaxşı bilən, həm də öz sahəsinin peşəkarı olan jurnalistlərin tədris işinə cəlb edilməsi zərurəti yaranmışdır. Bax belə bir vaxtda Yalçın Əlizadəni Jurnalistika fakültəsinə müəllimliyə dəvət edilib. Radio və televiziya jurnalistikasından dərs deməyə və elmi tədqiqatlar aparmağa başlayıb. Ölkəmizdə ilk dəfə Azərbaycan radiosunun tarixini araşdırıb, tanınmış televiziya nəzəriyyəçisi, Moskva Dövlət Universitetinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri, professor, həmyerlimiz Ənvər Bağırovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib. Tezliklə fakültədə yeni yaradılmış Televiziya, radio jurnalistikası və tərcümə kafedrasının müdiri seçilib.

Bu dövrdə həm də praktik jurnalistika fəaliyyətini davam etdirən, televiziya və radio üçün ssenarilər yazan Yalçın müəllim elmi axtarışlarından da qalmayıb. İlk dəfə "Radiojurnalistikanın əsasları" dərsliyini yazıb, bu kursun xüsusi proqramını hazırlayıb. Daha sonralar "Azərbaycan efiri: tarix və müasirlik" kimi sanballı monoqrafiyanı ortaya qoyub, neçə-neçə dissertanta və aspiranta elmi rəhbərlik edib. Adıçəkilən monoqrafiya üzərində birgə çalışırdıq və mən həqiqi elmi məktəb görmüş ciddi alim kimi Yalçın müəllimin hər faktı, sənədi, rəqəmi, sitatı necə incəliklə dəqiqləşdirib yoxlamasını müşahidə etməkdən zövq alır, mənə tanış olmayan yeni qatların açıldığını görürdüm.

***

İstənilən adamı vəzifədə daha yaxşı tanımaq olur, çünki kresloda insanın bütün keyfiyyətlərini üzə çıxarır. Bu mənada professor Yalçın Əlizadə Jurnalistika fakültəsində uzun illər dekan vəzifəsində çalışarkən yüksək əxlaq sahibi olduğunu, hansı ictimai ideallara xidmət etdiyini, mənəvi təmizliyini, dürüstlüyünü və başqa parlaq keyfiyyətlərini nümayiş etdirə bilib. Əslində, Jurnalistika fakültəsində başqa cür olmaq da mümkün deyil, çünki bu tədris ocağı yaranandan burada Həsən Şahgəldiyev, Nəsir İmanquliyev, Qulu Xəlilov kimi ləyaqətli insanlar dərs deyib. Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Akif Rüstəmov kimi mənəviyyat adamları bu fakültənin dekanları olublar. Ona görə də burada dekan vəzifəsini tutmaq daim rentgen şüaları altında olmaq deməkdir: sənin hər addımın görünür, izlənir və qiymətləndirilir.

Nəcabətli bir ailədən çıxmış Yalçın müəllim də öz sələflərinin yolu ilə gedərək Jurnalistika fakültəsində əxlaqi varisliyi məharətlə təmin edə bildi. Nəzərə alsaq ki, onun dekanlığı mürəkkəb keçid dövrünə, insanların əxlaq və psixologiyasında ciddi boşluqların artdığı bir dövrə düşmüşdü, onda bu böyük şəxsiyyətin fakültədə dəyərləri hansı mənəvi gücün hesabına saxladığını anlamaq olar. Təbii ki, xarakter nümayişi, tələbkarlıq və sərtlik asan başa gəlmir, bəzən sənin prinsipiallığından küsür, tələbkarlığından inciyirlər. Adamlar həmişə rəhbərdən daha çox güzəşt, nöqsanlara göz yummaq, yumşaqlıq və mərhəmət umurlar. Əlbəttə, Yalçın müəllim mərhəmətli və humanist adamdır, amma keyfiyyətli tədris və intizam məsələsində ondan güzəşt gözləmək mümkünsüzdür.

Bir dəfə hansısa mətbuat tədbirindən çıxanda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Hacı Hacıyevi və Şirməmməd müəllimi evlərinə aparırdım. Yolda söhbət Jurnalistika fakültəsindən düşəndə Hacı müəllim fəxrlə dedi ki, "bəxtiniz gətirib ki, belə bir zamanda orda dekan Yalçın kimi mənəviyyatlı adamdır". Sonra da radioda birgə çalışdıqları dövrdən söz saldı və Yalçın müəllimin həmin illərdə "Xəbərlər"baş redaksiyasına necə rəhbərlik etməsini xeyli təriflədi. 

***

Yalçın müəllimdə mənim müşahidə etdiyim çox parlaq keyfiyyətlər var: şəxsi ləyaqət hissini yüksək tutar, çox qürurludur, gözü toxdur və həmişə nəfsinə hakimdir, ömründə kimsənin qabağında əyilməz, layiq olmayan adamı tərifləməz, zərrə qədər də kiçilməyi özünə rəva görməz. Yaltaq adamları heç sevməz, həmin adamlar danışanda mən Yalçın müəllimin üzündə həmişə qəribə istehza görürəm.

O, istedadlı adamlara dəyər verər, öz həyat prinsiplərinə sadiq qalar, gənclikdən bu yana dostluq etdiyi insanları həmişə yüksək qiymətləndirər, ehtiyacları varsa, onlara əl uzadar. Dünyasını dəyişmiş dostlarından birinin dara düşmüş övladı üçün necə böyük əziyyətlərə qatlaşmasını, hansı qapıları döyərək onu fəlakətdən xilas etməsini görəndə, yaxud ədalətsizliklə üzləşmiş tələbəsinin müdafiəsinə qalxmasını müşahidə edəndə ürəyimdə həmişə ona minnətdarlıq hissi yaranıb.

Əslində, mənim də Yalçın müəllimə bir minnətdarlıq borcum var, çünki 1998-ci ildə məni Bakı Dövlət Universitetində dərs deməyə məhz professor Yalçın Əlizadə təkidlə dəvət edib. Nə yaxşı ki bu dəvətdən heç birimiz peşman deyilik.

Bəzən dəyərlərin itdiyi, norma və meyarların pozulduğu, fərasətli diletantların və mənəviyyatsızların önə çıxmağa can atdığı bir mühitdə yanında dürüst və ləyaqətli insanların olmasını hiss etmək bir başqa duyğudur. Bizlərə bu duyğunu yaşatdığına görə də Yalçın müəllimə minnətdarıq...

 

 





17.01.2020    çap et  çap et