525.Az

Qırmızıya bürünmüş qara tarix - Esse


 

Qırmızıya bürünmüş qara tarix - <b style="color:red">Esse</b>

20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə "525-ci qəzet"in keçirdiyi, vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsində 2-ci mükafata layiq görülmüş İlahə Əhmədovanın "Qırmızıya bürünmüş qara tarix" essesini təqdim edirik. 

İlahə ƏHMƏDOVA

24 yaşı var. BDU-nun "Nəşriyyat işi və redaktəetmə" kafedrasının ikinci kurs magistrantıdır.  

Mənim 20 Yanvar faciəsilə tanışlığım beş yaşımda olmuşdu. 2000-ci ildə bu hadisənin onilliyi qeyd olunurdu, mənsə sadəcə uşaq idim. Bir axşam atam əlində zümrüd yaşılı, qalın cildli bir kitabla qayıtdı. Bu, üstündə rəngbərəng şəkilləri olan kitab deyildi. Atamın: "Qızım, bu kitabı sənin üçün almamışam" - deməyi məni lap çaşdırmışdı. Axı atam həmişə mənim üçün kitablar alıb gətirərdi... Küskün baxışlarla atamın onu aparıb öz kitab şkafına qoymağını izlədim.

Növbəti gün atamın evdə olmamasından istifadə edib həmin kitaba baxmaq fikrinə düşdüm. Kitab bir qədər hündür rəfdə idi, amma qəribə bir maraq məni necə olur olsun, ona baxmağa vadar edirdi. Elə oradaca yerdə oturub kitabı vərəqləməyə başladım. Donub qalmışdım. İlk şəkillə rastlaşanda tez kitabı örtüb əllərimlə gözlərimi tutdum. İlahi! O əmilər niyə küçənin ortasında yatıb qalmışdılar? Onları kim döymüşdü elə?? Üzləri, üstləri bütün qan idi... Amma üzlərindəki dəhşət ifadəsini hətta axan qanları belə ört-basdır edə bilməmişdi. İçimdə dəhşətli bir qorxu var idi. Bu kitab mənim şəkilli kitablarımdan çox fərqlənirdi...

Qorxuma üstün gəlməyə çalışdım. Axı artıq böyük qız idim - beş yaşım var idi!.. Bütün cəsarətimi toplayıb kitabı yenidən açdım. Vərəqlər bir-birini əvəzlədikcə daha dəhşətli şəkillərlə qarşılaşırdım. Lakin daha qorxmurdum. İçimdə qəribə, daha öncə heç hiss etmədiyim yeni bir duyğu yaranmışdı. Mən şəkildəki insanlara baxırdım və hiss edirdim ki, onların hamısı mənə doğmadır. Onları əvvəlcə qəddarcasına döymüşdülər, şəkillər çəkiləndə isə o yazıqlar yatmışdı. Döyüləndə çox ağrı çəkmişdilər deyə, yəqin çox yorulmuşdular. Mən hələ ölümün, qətlin nə olduğunu bilmirdim. Amma nifrətin nə olduğunu anlamağa başlamışdım.

Sonra bir yeniyetmə oğlanın şəklini gördüm. Onun başının yarısı yox idi... Gözlərim hədəqəsindən çıxmaq üzrə olarkən düşündüm: "Axı belə yuxu olmur, bu, yatmaq deyil!"

Sonra bir avtobus. Onun hər tərəfində yumru-yumru dəliklər var idi.

Sonra əzilmiş maşınlar...

Sonra bir xəstəxana otağı. Orada addım atmağa yer yoxdur, döşəmə bədənləri yaralar, yarıqlar, qanlar içində olan yatmış adamlarla tamamilə doludur.

Sonra Bakının şəklini gördüm... Bakı qara rəngə bürünmüşdü. Diqqətlə baxanda gördüm ki, bu, bütöv qaralığı yaradan həmin rəngə bürünmüş kiçik-kiçik insanlardır.

Sonra ağlayan, fəryad edən nənələrin, xalaların şəklini gördüm. Onları kim ağlatmışdı belə?!

Növbəti səhifədə üstü qırmızı güllərlə örtülü təpəcik və onun ətrafında dayanan babalar, əmilər var idi. Bu nə idi axı??? Mən o yaşıma qədər ağlayan kişi görməmişdim, hətta şəkildə belə olsa...

Səhifəni çevirən kimi elə mənlə yaşıd bir uşaqla göz-gözə gəldim. Onun gözlərində böyük kədər, mənim içimdə isə sonsuz dəhşət vardı. İkimizi də birləşdirən hiss isə çaşqınlıq idi, mənim qədər o da nə baş verdiyini anlamayana oxşayırdı. Mən şəkildəki ona, o isə yəqin ki, atası olan kişinin qara lentlə bağlanmış şəklini iki əli ilə sinəsinə sıxmış halda ətrafa çaşqın-çaşqın baxırdıq. Daha özümü saxlaya bilməyib ağlamağa başladım. O gündən sonra tez-tez həmin kitaba baxırdım, hər dəfə yeni məqamlar kəşf edib daha da dəhşətə gəlirdim...

Bax, bu cür - heç nə anlamadan öyrənmişdim mən 20 Yanvarı... Necə ki, həmin gecə heç kim nə baş verdiyini anlamamışdı. Bəlkə də məhz bu gözlənilməz ilk tanışlıq sonra illər uzunu mənim bu faciəni daha dərindən öyrənib mənimsəməyimə səbəb oldu.

Beşinci sinifdə oxuyarkən bizə "Ata yurdu" fənni keçirilirdi. Növbəti dərsimiz 20 Yanvar faciəsi haqqında idi. Müəllim məni dərs danışmağa çağıranda 5-6 il öncə baş vermiş həmin ilk hadisədən aldığım təəssüratlardan bir zərrə belə azalmamışdı. Əksinə, mən artıq bu qanlı hadisə ilə bağlı çox şey öyrənmişdim. Hələ lap sentyabr ayında kitabımı alıb içində nələr olduğuna baxandan məhz bu dərsi gözləyirdim. Ürəyim elə dolu idi ki... Müəllim isə mənə dedi:

"Bilirəm ki, dərsi tam öyrənmisən. Danışmağına ehtiyac yoxdur. Sən mənə 20 Yanvar şəhidlərindən heç olmasa birinin adını deyə bilərsənmi?"

Dedim:

"Birinin yox, bir neçəsinin adını deyə bilərəm. Adları ilə yanaşı, həyatları haqqında belə danışa bilərəm!"

Müəllim mənə qürurla baxıb ucadan dilləndi:

"Afərin! Bilirəm ki, danışarsan! Əyləş, əla!"

Gündəliyimə "5" qiymətini yazmaq istəyəndə onu dayandırdım:

"Müəllim, icazə verin, danışım..." O, heç nə demədən başı ilə başlamaq işarəsini verdi, gözlərinin içində qəribə bir işıltı vardı.

Mən olduqca uzun danışdım. İlhamla Fərizə haqqında... On üç yaşlı, atası ilə evə gələndə düz ürəyində güllələnən Larisa haqqında... On dörd yaşında Qızıl Ordu meydanında dayanıb ölümü, dəhşəti, alçaqlığı gözləyən adamlara soyuq olmasın deyə odun yığıb apararkən güllələnən İlqar haqqında... Ülvi, onun gənc həyatı, fəaliyyəti, şairliyi haqqında...

Həqiqətən də, insanlar bir dəfə doğulur, bir dəfə ölürlər. Şəhidlər isə bir dəfə ölür, əbədi həyat qazanırlar. Bu doğrudur ki, müstəqillik əldə etmiş hər xalqın təməlində yüzlərlə ölü can var. SSRİ-nin tabeçiliyindən çıxmaq istəyən demək olar ki, bütün postsovet ölkələri də hər hansı bir şəkildə bunun əvəzini ödəyiblər. Azadlıq toxumunun qan ilə suvarılmalı olduğuna Azərbaycan bütün dəhşəti ilə şahid oldu. Vətəni qorumaq vəzifəsi əsgərlərə məxsus olsa da, bizim azadlığımızı əliyalın, dinc əhali qazandı. Hələ heç vətənpərvərliyin, düşmənin, müharibənin nə olduğunu tam olaraq dərk etməyən uşaqların, yeniyetmələrin, gənclərin cavan ömürlərinin faciəvi sonu bizim kimi yeni nəsillərin azad həyatının başlanğıcına rəvac verdi.

Larisanın, İlqarın ölümü neçə-neçə uşağın vətənpərvərliyi dərk etməsinə, bu ruhda böyüməsinə səbəb oldu... İlhamla Fərizənin nakam evliliyi yeni nəsil gənclər üçün ən təsirli hekayəyə, sevgi dastanına çevrildi... Ülvi Bünyadzadənin "Vətən üçün ölməliyik" şeiri bir himnə, haraya, marşa bərabər sayıldı...

Ruhunda, genlərində igidlik, yenilməzlik, məğrurluq olan xalqın tarixi daima xüsusi qeyd edilən günlərlə dolu olur. 20 yanvar faciəsi də o günlərdən biri olaraq qırmızı qanlarla yazılıb qapqara tarixə çevrildi Azərbaycan üçün... Matəm günləri ən az Şəhidlər qədər unudulmazdır. Təəssüf ki, Azərbaycanımızın tarixində bu cür qara günlər var. Təkcə Şəhidlər Xiyabanı yox, bütöv Azərbaycan torpağının bir neçə qarış dərinliyinə şəhid qanı hopub. Yeni nəsillərin hər addımı bu torpağın izlərini dünyaya yaymalıdır ki, Vətən sağ, şəhidlərin ruhu şad olsun... Axı Vətən uğrunda həlak olmuş hər şəhidə bizim bir can əmanətimiz var. Axı vətənpərvərlik pafosdan, göstərişdən, nümayişdən və tamaşadan ibarət olmamalıdır... 147 yanvar şəhidi bizə azadlıq bəxş etdi, amma bizim Qarabağ dərdimiz və yüzminlərlə alınmamış intiqamımız, ödənilməmiş borcumuz var...

Bəzən düşünürəm ki, Qarabağda həlak olan insanların yerdə qalmış qanını bir yerə toplamaq mümkün olsaydı, Xəzərə yerləşərdimi..? Mən bilirəm ki, dünyadakı erməni faşistlərinin hamısının qanını son damlasına qədər axıtsalar, bir azərbaycanlının tüpürcəyi qədər dəyərə sahib olmaz. Keçmişə gedə bilməyəcəyimi də anlayıram... Axı bütün o faciələrin yaşı mənim yaşımdan daha böyükdür... Amma bir ümidim var - gələcək! "Şuşa" yazısını öz gözlərimlə Şuşa qalasının üzərində bizim doğma ana dilimizdə yazıldığını görəcəyim günü gözləyirəm. Və buna inanıram... Çox inanıram.

 

 





17.01.2020    çap et  çap et