525.Az

Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə Cəbrayılın təhsil müəssisələrində tədbirlər keçirilib


 

Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə Cəbrayılın təhsil müəssisələrində tədbirlər keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə razılaşmasına əsasən, ölkənin bütün təhsil müəssisələrində maarifləndirici seminarlar təşkil olunur.

Belə seminarlar Cəbrayıl rayon təhsil müəssisələrində də keçirilir. Biləsuvar rayon ərazisində yerləşən Cəbrayıl rayon 14 saylı Mehdili və Dəmşalaq kənd tam orta məktəblərində cəmiyyətin rayon bölməsinin təşkilatçılığı ilə "İnsan Alverinə Qarşı Mübarizə" mövzusunda tədbir keçirilib. Tədbirdə cəmiyyətin Cəbrayıl rayon bölməsinin əməkdaşı və fəal könüllüləri, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə bölmənin əməkdaşı  açaraq, Qızıl Aypara Cəmiyyəti haqqında məlumat verib, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışıb. "Kimlər insan alverinin qurbanı ola bilər?",  "İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət edilməlidir?" kimi məsələlərə aydınlıq gətirilib. Sonda mövzu barədə hazırlanmış bukletləri şagirdlərə paylanıb.

Cəbrayıl Rayon Təhsil Şöbəsi və Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin  təşkilatçılığı ilə rayonun ayrı-ayrı məktəblərdə müəllimlərin rəhbərliyi ilə şagirdlərdən ibarət "Könüllülər" dəstələri yaradılıb, şagirdlərlə "Fövqəladə Hallara Hazırlıq",  "Cavabvermə", "Axtarış Xidməti", "Sağlamlıq", "Qayğı", "QİÇS"lə mübarizə, Vərəmlə mübarizə, ilk tibb yardımı, Gənclər, Könüllülər və Silahlara Qarşı Mübarizə mövzusunda təlimlər təşkil edilib.

Cəmiyyətinin rayon bölməsi tərəfindən Mehdili, Minbaşlı, Yuxarı Mərcanlı, Böyük Mərcanlı, Cocuq Mərcanlı, Tatar, Cərəkən kənd tam orta məktəblərində, eləcə də 10 saylı, 11 saylı, 12 saylı və 14 saylı tam orta məktəblərində köməyə ehtiyacı olan imkansız müəllim və texniki işçilərə maddi yardım göstərilib. Cəbrayıl rayon 5 saylı qəsəbədə yaşayan 4-cü sinif şagirdi, I qrup əlil Yasin Cəfərova və 6 saylı qəsəbədə yaşayan I qrup əlil Murad Hüseynova əlil arabası verilib.

Ötən ilin noyabrında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Avropa və Asiya üzrə vitse-prezidenti, Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib. Qonaqlar Cocuq Mərcanlı kəndində tam orta məktəb və uşaq bağçası ilə tanış olub, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri ilə görüşüblər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov jurnalistlərlə söhbətində qeyd edib ki,  Kərəm Kınıkın ölkəmizə səfərinin məqsədi Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsidir. Cəbhə bölgəsinə səfərin əsas məqsədi isə burada reallaşdırılan layihələrlə tanış olmaq, həmçinin, mövcud ehtiyaclarla bağlı gələcəkdə yardım göstərilməsidir.

Səfərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık Cocuq Mərcanlının çox sürətli şəkildə yenidən qurulması, inşa edilməsi və məktəbin, uşaq bağçasının fəaliyyət göstərməsinin sevindirici hal olduğunu bildirib. 

Rövşən AĞAYEV

 





18.01.2020    çap et  çap et