525.Az

Ülvi Bünyadzadəyə həsr olunmuş ədəbi müsabiqənin qalibləri mükafatlandırıldı - Fotolar


 

Ülvi Bünyadzadəyə həsr olunmuş ədəbi müsabiqənin qalibləri mükafatlandırıldı - <b style="color:red">Fotolar</b>

Ötən gün Azərbaycan Dillər Universitetində (ADU) "525-ci qəzet"in təşkil etdiyi, 20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunmuş vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, 20 Yanvar şəhidi, bu universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin şəhidlik zirvəsinə qalxan qısa, lakin mənalı ömür yolundan bəhs edib: "Ülvi Bünyadzadə mənim tələbəm olub. Biz onunla dərsdənkənar da görüşürdük, şeirlərini mənə oxuyurdu, söhbətlərimiz olurdu. Müəllimi kimi onun itkisini mən də dərin ağrıyla qarşıladım. Ona və bütün şəhidlərimizə Allah rəhmət eləsin! Onların ən böyük qəhrəmanlıqları odur ki, öz ölümləriylə bütün dünyaya çox vacib bir həqiqəti çatdırdılar: bir azərbaycanlı vətən uğrunda tərəddüdsüz ölümə gedə bilər!"

Kamal Abdulla müsabiqə ilə bağlı fikirlərini bölüşərkən deyib: "Rəşad Məcid bu müsabiqədən bizi xəbərdar edəndə və yaddaqalan bir mükafatlandırma mərasimi keçirtmək istədiyini deyəndə fikirləşdik ki, niyə bizim universitet də bu prosesdə iştirak etməsin?! Ülvi Bünyadzadə Dillər Universitetinin tələbəsi olub. Bura həm də onun doğma ocağıdır. Ona görə də təqdimat mərasiminin elə burada keçirilməsini qərarlaşdırdıq. Ümumiyyətlə, "525-ci qəzet"in, Rəşad Məcidin bu təşəbbüsü alqışa layiqdir. Gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması, Ülvi və onun kimi şəhid düşmüş qəhrəman insanlarımız haqqında əsərlər yazılması çox gözəl haldır. Bu işdə zəhməti olanlara təşəkkürümü bildirir, bütün qalibləri və iştirakçıları təbrik edirəm".   

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təşkilatçılığa, göstərilən dəstəyə görə ADU rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib. O, müsabiqənin əhəmiyyətindən danışarkən layihənin yaradıcı gənclərin vətənpərvərlik mövzusuna yönləndirilməsi və gənc nəslin bu ruhda tərbiyəsinə xidmət etdiyini vurğulayıb: "Ötən il sentaybrın 23-də Ülvi Bünyadzadənin ad günündə, onun 50 illik yubileyini qeyd edərkən "525-ci qəzet"in əməkdaşları və Könül xanımla birgə qərarlaşdırdıq ki, şəhid şairimizin xatirəsinə gənclər arasında esse, şeir müsabiqəsi keçirək. Təqdimat mərasimini məhz 20 Yanvar ərəfəsində keçirməyi nəzərdə tutmuşduq. Bununla bağlı mətbuatda, sosial şəbəkələrdə elanlar yerləşdirdik və üç ay müddətinə çox böyük marağın şahidi olduq. Müsabiqənin yekununda münsiflər heyəti tərəfindən qaliblər seçildi və bütün yazılar bir kitabda toplandı. Düşünürəm ki, Ülvi Bünyadzadənin həyatı və şəhidliyi, vətənpərvər ruhlu şeirləri gənclər üçün  örnəkdir. Biz bu müsabiqə və kitabla onun xatirəsinə ehtiramımızı bir daha ifadə edirik".

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti professor Cahangir Məmmədli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynlidən ibarət idi.

Tədbirdəki çıxışında Könül Bünyadzadə şəhid şairin xatirəsinə göstərilən ehtiram üçün "525-ci qəzet"ə və ADU-nun rəhbərliyinə minnətdarlığını bildirib: "Mən hər dəfə Dillər Universitetinə gələndə elə bilirəm ki, doğma bir evə, qardaş ocağına gəlirəm. Çünki Ülvi Bünyadzadə buranın tələbəsi olub. Ülvini düşünərək belə gözəl esselər, şeirlər yazdıqları üçün hər müəllifə ayrılıqda təşəkkür edirəm. Bu müsabiqə bir daha sübut etdi ki, Azərbaycan heç zaman istedadlı, vətənpərvər gənclərindən xali olmayıb. Rəşad Məcidə belə bir müsabiqəni təşkil etdiyi üçün təşəkkürümü bildirirəm. "525-ci qəzet" hər zaman gənc qələm sahibləri üçün bir növ kürsü rolunu oynayıb. Hər zaman Rəşad müəllim onların səsinə səs verib. Özü də gənclərin ilk növbədə ədəbi mühitə "525-ci qəzet"lə addım atmasından qürur duyub. Ülvinin adına, xatirəsinə göstərilən belə yüksək münasibətə görə hər birinizə minnətdaram".

"525-ci qəzet"in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli gənclərin  müsabiqəyə böyük maraq göstərmələrini məmnunluqla qeyd edib: "Bu müsabiqənin maraqlı cəhətlərindən biri bu idi ki, 20 Yanvar hadisələrindən və Ülvi də daxil olmaqla onun çiyindaşlarının şəhidliyindən 30 il keçir. Müsabiqə iştirakçılarının əksəriyyəti isə yaş etibarilə o hadisələrdən sonra doğulanlar olmalıydı. Qarşılaşdığımız ən maraqlı hal bu oldu ki, gənclər 20 Yanvar hadisələrinin ağrı-acısını ürəklərində, yaddaşlarında canlandırmış, yaradıcı düşüncə baxımından həll eləmişdilər. Bu da müsabiqə üçün yazdıqları mətnlərə köçmüşdü. Yəqin digər münsif həmkarlarım da mənimlə razılaşarlar ki, kifayət qədər səmimi fikirlər və onların yazıda uğurlu ifadəsi vardı. Qısa zaman ərzində keçirilən müsabiqədə 36 gəncin iştirakı böyük bir fəallıq göstəricisidir. Onlar arasında münsiflərdən aldığı qiymətlərə görə eyni bal toplayanlar vardı ki, biz onlar üçün ikinci və üçüncü yerlərin sayını artırmalı olduq".

Tədbirdə müsabiqəyə təqdim edilmiş mətnlərdən ibarət "Vətən - şəhid əmanəti" kitabının təqdimatı olub.

Sonda qaliblər mükafatlandırılıb.

Şəfa Vəli "Anamın boyat dərdi" essesi ilə 1-ci mükafatı qazanıb. Mükafatı rektor Kamal Abdulla təqdim edib.

Emin Piri "Qələmlə yazılanlar", Günel Bayatlı (Mehdizadə) "Qəbirdə də Qarabağın özüyəm", Heyran Cavadova "İyirmi", İlahə Əhmədova "Qırmızıya bürünmüş qara tarix" essesinə görə ikinciliyə layiq görülüblər. Onlara mükafatlarını ADU-nun prorektoru Novruz Məmmədov və Könül Bünyadzadə təqdim ediblər.

Elmin Nuri "Ruhköçürmə stansiyası" essesi, Gülnar Natiqqızı "İgidim Ülvi" şeiri, Kənan Novruzov "İllər keçsə də... yaşayacaq...", Nahidə Xəqaniqızı "Xalqın ürəyində yer alan şair", Nərgiz Qazi "Vətəni qürbətdə yaşamaq", Simran Qədim "İşığa toplaşanlar", Şəhla Aslan "Torpaq - dövlətin təməli kimi" essesi ilə üçüncü mükafata layiq biliniblər. Onlar mükafatlarını Seyfəddin Hüseynlidən qəbul ediblər.

Afiq Abdullayev "Ülvi Bünyadzadə - tarixin şahidi və vətənin şəhidi olan gənc", Aysel Misirgil "Gedənlər geriyə dönür...", Dəniz Kərimli "Onlar mütləq doğma yurda qayıdacaqlar", Əminə Mirzəyeva "Vətən mənim bu günüm...", "Etibar Həsənzadə "Şəhidlik ülviyyəti", Fatimə Şavruqova "Vətənpərvərlik", Günel Abbas "Vətənə getməyim gəlir...", Günəş Mərdiyeva "Hər addımda vətənpərvərlik", Nuranə Abbasova "Qorxu", Pərvanə Fərhadqızı "Vətən cənnətdir", Sevda Səfərova "Gəncliyə örnək ömür yolu", Sonaxanım Əzizova "Ölümsüzlük şərbəti - Şəhidlik" essesi ilə, Ayşən Məmmədova "Sil gözünü, Azərbaycan!", Elnur Rəhimov "Bağışla, ürək", Elvin Əlizadə "Bayraq", Ərşad Nihad "İlk sözün vətəndi, son sözün vətən", Gülay Tahirli "Salam, ana torpaq!", Xətai Misirzadə "Sən bir zirvəsən...", Məhəmməd Hacıyev "Vətən", Nigar Arif "Çağırış", Pərviz Əlyaroğlu "Mən ölmək istəmirəm!", Səidə Əliyeva "Elegiya", Tural Cəfərli "Kor güllənin işıq həsrəti", Ulucay Akif "Vətən" şeiri ilə iştirakçı kimi hədiyyə qazanıblar. Onlara həvəsləndirici mükafatları Rəşad Məcid təqdim edib.

Sonda akademik, Xalq yazıçısı Kamal Abdulla ADU-nun da Ülvi Bünyadzadənin xatirəsini əbədiləşdirmək üçün onun yaradıcılığının təbliği yönündə işlər gördüyünü bildirib. Rektor qeyd edib ki, Ülvi Bünyadzadənin xatirəsi burada da hər zaman əziz tutulur və onun yaradıcılıq nümunələri müxtəlif xarici dillərə tərcümə olunub. Bu yaxınlarda şəhid şairin "Düşüncələr" adlı  şeiri 11 dilə tərcümə olunmaqla, müxtəlif xalqların oxucularına təqdim edilib: "Təbii ki, bizim universitet də həm tələbəmiz olmuş Ülvi Bünyadzadənin 50 illiyinə, həm də 20 Yanvar faciəsinin 30-cu ildönümünə diqqətsiz yanaşa bilməzdi. Universitet olaraq, şəhid məzunumuzun xatirəsini əbədiləşdirmək üçün müəllim və tələbələrimiz çox gözəl təşəbbüs irəli sürdülər. Belə ki, onun "Düşüncələr" şeirini on bir dilə tərcümə etdilər. Ülvinin şeiri indi yapon, ingilis, fransız, İndoneziya, macar, ibri, serb, Norveç, ispan, alman və italyan dillərinə çevrilib. Gördüyünüz kimi, bu dillərin içərisində bizə yaxın dillər də var, uzaq dillər də. Biz bu yaxınlarda həmin tərcümələri orijinalla birlikdə çap etdirəcəyik. Bu işdə zəhməti olanlar bizim tərəfimizdən mükafatlandırılırlar. Ümid edirik ki, Ülvi Bünyadzadənin əsərlərinin yayıldığı coğrafiya getdikcə daha da genişlənəcək".

Şahanə MÜŞFİQ

 





18.01.2020    çap et  çap et