525.Az

Xalq rəssamı Arif Əziz haqqında kitabların təqdimatı olub


 

Xalq rəssamı Arif Əziz haqqında kitabların təqdimatı olub<b style="color:red"></b>

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, Xalq rəssamı, professor Arif Əzizin yaradıcılığına həsr edilən kitabların və "Bəyaz" sənədli filminin təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Arif Əzizin zəngin yaradıcılığından söz açıb. Onu istedadlı rəssam olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik pedaqoq kimi səciyyələndirib: "Onun necə rəssam olduğunu rəssamlar çox yaxşı bilirlər. Biz onu müəllim, pedaqoq kimi dəyərləndirə bilərik. Universitetdə rəssamlıqla bağlı bütün məsələlərdə, layihələrdə Arif müəllim yanımızda olur, bütün layihələrə könüllü şəkildə başçılıq edir. O, bir müəllim kimi tələbələrinə çox böyük səxavətlə təhsil verir, tələbələriylə bir ailə olur. O, istəmir ki, tələbələri onun oxşarları, nüsxələri olsunlar. Ona görə də gənclərə tədrislə yanaşı, azadlıq, sərbəstlik də verir, özlərini aydın ifadə etmələri üçün hər cür şərait yaradır. Ona görə də onun tələbələri eyni müəllimdən dərs almalarına baxmayaraq, öz üslubunda sənətkara çevrilirlər".

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Arif Əzizin zəngin sənət dünyasından danışıb.

Bildirilib ki, təsviri sənətdə əsas yer tutan rənglər rəssamın təkcə fikirlərini, dünyasını ifadə etməklə qalmır, onun üslubunu da müəyyən edir: "Arif Əzizin Azərbaycan rəssamlığına gətirdiyi əsas yenilik ondan ibarətdir ki, o, bütün hallarda fikrini ağ rənglə ifadə edir. Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ağ rənglər vasitəsilə qrafika sənətinin ən mükəmməl nümunəsini Xalq rəssamı Arif Əziz yaradıb. Bu, rəssamın sənətinin özünəməxsusluğunu, bənzərsizliyini ifadə edir. Ağ rənglərdən qrafika janrına məxsus olan ləkə kontur cizgilərini cızmaqla obraz yaratmağı yox, interyeri, daxili gözəlliyi, harmoniyanı göstərmək baxımından da çox məharətlə istifadə etməyi bacaran Arif Əziz ağ rənglərlə ifadə olunan milli qrafika sənətinin yaradıcısıdır. Bu, onun Azərbaycan rəssamlığında möhürüdür. Onun "Bəyaz" təxəllüsü yaradıcılığını bütünlükdə ifadə edir. O, ağ rəngdən interyeri, harmoniyanı ifadə etmək üçün çox gözəl istifadə edib. Bundan başqa az olsa da, onun əsərlərində ağla yanaşı, qara rəngə də rast gəlirik. O, ağla fikrini ifadə edirsə, az istifadə etdiyi qara rənglə həmin fikrin böyüklüyünü, əzəmətini göstərir".

"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, tarix üzrə elmlər doktoru, professor Fuad Məmmədov, Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov və başqa iştirakçılar Arif Əzizin şəxsiyyəti və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Sonra Xalq rəssamının çoxşaxəli və zəngin yaradıcılığına həsr edilən "Bəyaz" sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Zərnişan İnqilabqızı, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur. Film Azərbaycan Dövlət Televiziyasının Sənədli və Bədii Filmlər Studiyasında istehsal edilib.

Axırda Xalq rəssamı Arif Əziz çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Şahanə MÜŞFİQ

 





18.01.2020    çap et  çap et