525.Az

Ayaz Mütəllibov: “Mən müxalifətin fantaziyalarına çoxdan alışmışam”


 

Ayaz Mütəllibov: “Mən müxalifətin fantaziyalarına çoxdan alışmışam”<b style="color:red"></b>

"Prezident seçkilərinə qatılmaq barədə fikirləşmirəm”

 Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun APA-ya müsahibəsi

- Ayaz müəllim, hazırda nə ilə məşğulsunuz? Yeni mənzildə darıxmırsınız ki?

- Hal-hazırda mənim keçmiş xatirələrim üzərində gördüyüm işlərdən başqa məşğuliyyətim yoxdur. Bunların bir qismini isə müsahibə formasında oxuculara ünvanlayıram. Bu günədək bağda qalıram və oktyabrın günəşli günlərindən həzz alıram. Şəhərdəki mənzilimə isə hələ köçməmişəm. İlk dəfə yaşayacağım mənzilin yeniliyi ilə əlaqədar bildirmək istəyirəm ki, həmin binanın 17 ildən artıq yaşı var.

- Eks-prezidentlərlə bağlı qanunun hansı müddəalarından yararlanırsınız, hansılardan yararlana bilmirsiniz?

- Qanunla eks-prezidentlərə şamil olunan bütün imtiyazlardan yararlanıram.

- Kimlərlə görüşürsünüz? Köhnə dostlardan ziyarətə gələn olurmu?

- Vaxtımı, əsasən ailəmlə birlikdə keçirirəm. Qohumlarımla görüşürəm. Köhnə dostlarımdan bəziləri ilə görüşmüşəm. Bütün görüşlərim bağda olub.

- ASDP və partiyanın rəhbərliyi ilə münasibətləriniz necə qurulub?

- ASDP-nin rəhbərliyi ilə mənim heç bir sistemli əlaqəm yoxdur, çünki mən partiya üzvlüyündən çıxmışam. Araz Əlizadə ilə vaxtaşırı ünsiyyət saxlayıram.

- Müsahibələrinizdən birində yenidən siyasətə qayıda biləcəyinizi bildirmisiniz. Halbuki bir müddət əvvəl - ASDP-nin qurultayında siyasətdən getdiyinizi açıqlamışdınız. Bu, ziddiyyətdir, yoxsa nə?

- Mən bildirmişəm ki, partiya işlərinin aparılması üçün lazımi potensiala malik üzvləri olan Sosial-Demokrat Partiyasından çıxmışam. Sizə məlumdur ki, mən siyasətçi üçün ən yüksək hesab edilən post - prezident postunda fəaliyyət göstərmişəm. Bu gün mən özündə başqa heç nə, ancaq siyasi məna ehtiva edən eks-prezident statusunu daşıyıram.

- Siz çalışmaq niyyətinizi də bəyan etmisiniz. Konkret olaraq hansı sahədə işləmək ürəyinizdən keçir?

- Mən qeyd etmişəm ki, zərurət yaranarsa, ölkəmizə faydalı ola bilərəm.

- Bu yaxınlarda bəzi müxalifətçilər Sizi hakimiyyətdən vəzifə ummaqda ittiham da etdilər. Bunu necə qarşıladınız?

- Mən müxalifətin fantaziyalarına çoxdan alışmışam.

- Gələn il keçiriləcək prezident seçkilərinə qatılmağı düşünürsünüzmü?

- Bu haqda fikirləşmirəm.

- Namizəd olmasanız, hansısa namizədi dəstəkləyəcəksinizmi?

- Mənə namizədlərin Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş siyahısını təqdim etsəydınız, kimə səs verəcəyimi sizə bildirərdim.

- İndiki müxalifətlə - İctimai Palata, Müsavat Partiyası, AXCP ilə münasibətləriniz necədir?

- Qeyd etdiyiniz təşkilatların heç biri ilə münasibət saxlamıram.

- Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ölkəyə ekstradisiyası və əfv edilməsinə necə yanaşırsınız?

- Prezident borcunu yerinə yetirdi.

- Dağlıq Qarabağ danışıqları ilə bağlı fikirləriniz də maraqlıdır. Müharibə olmalıdır, yoxsa sülh variantına ümid bəsləmək olar? Sizcə, münaqişənin həlli Rusiyadan nə qədər asılıdır? Rusiya özü sülh yolu ilə həll məsələsində nə qədər maraqlıdır?

- Nə mən, nə də başqası münaqişənin həlli yolunun müharibə, yaxud sülh ilə olmasını qəti şəkildə bildirə bilər. Münaqişənin sülh yolu ilə həlli ermənilərin mövqeyi ilə qarşılaşır və onlar bu variantla o vaxt razılaşarlar ki, Dağlıq Qarabağa müstəqillik verilsin. Bu variantla isə Azərbaycan qəti surətdə razılaşa bilməz. Müharibə yolu isə aparıcı dövlətlərin simasında beynəlxalq aləmin neqativ münasibətinə səbəb olacaq. Halbuki, məntiqi yanaşdıqda Azərbaycan Dağlıq Qarabağ ərazisinə daxil olmadan işğal olunmuş rayonlarını, o cümlədən güc tətbiq etməklə azad etmək hüququna malikdir. Bu hüquq ondan irəli gəlir ki, Azərbaycanın işğal olunmuş 6 rayonunun Dağlıq Qarabağ ərazisinə birbaşa aidiyyəti yoxdur, bu torpaqlar erməni işğalına məruz qalıb. Son vəziyyəti BMT dəfələrlə Ermənistan tərəfindən təcavüzkarlıq kimi qiymətləndirib və torpaqların boşaldılmasını tələb edib. Təəssüflər olsun ki, BMT-nin qərarları indiyədək icra edilməyib. Bu isə Azərbaycanı işğal altında qalmış torpaqlarını güc yolu ilə geri qaytarmağa vadar edə bilər.

 





12.10.2012    çap et  çap et