525.Az

“Gözəl dünya, gözəllərin var olsun!..” - Şeir


 

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN ƏZİZ XATİRƏSİNƏ

“Gözəl dünya, gözəllərin var olsun!..” - <b style="color:red">Şeir</b>

Unudulmaz söz sənətkarı, Xalq şairi mərhum Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi tamam olur. Müasir poeziyamızda, ədəbi-ictimai həyatımızda silinməz izlər qoymuş Zəlimxan Yaqub bu yubileyilə əlaqədar Azərbaycanın bir çox yerində və ümumən Türk dünyasında bir daha ehtiramla yad edilir.

Bu münasibətlə şair-publisist Zərəngiz Dəmirçi Qayalının qələmə aldığı yazını və şeiri oxuculara təqdim edirik.

Zərəngiz DƏMİRÇİ QAYALI

Haqdan vergisi olan insanların bəzən ölümü də sirləşir, məzmununu dəyişir. Elə bil ki, bununla diriliyə qovuşurlar. Onları hər kəs anmağa çalışır, onunla bağlı nəsə yeni bir şey eşitmək istəyir. Xalq sevdiyi insanları heç vaxt unutmur. Sağlığında onları dinləməyi xoşlayırlar, dünyasını dəyişəndə də yad eləməyi özlərinə borc bilirlər. Elə Xalq şairi Zəlimxan Yaqub da belə şəxsiyyətlərdən idi.

Vəfatından illər keçsə də, onun məzarı hər gün çox sayda insanın ziyarətgahına çevrilir. Necə ki, o rəhmətə gedəndə insanlar axın-axın evinə, Fəxri xiyabana və Təzəpir məscidinə gəlirdilər. Çünki Zəlimxan Yaqub xalqın sevdiyi, xalqın ruhundan doğulan, xalq qədər incə və qaynar duyğulu şair idi. Vətəninin, türk dünyasının, bütün dünyanın sevgisini bir şair ürəyinə yükləyə bilmişdi. Onun dünyadan, türk varlığından, həyatdan gedişi, bütün gözəllikləri vəsf eləyərək "Gözəl dünya, gözəllərin var olsun" - deyən şairin həyata qəfil vida deməsi də hamını silkələdi. Elə vəsf elədiklərini də diksindirdi, həyəc
anlandırdı. Bəlkə də Zəlimxan son nəfəsini verərkən, Haqqa qovuşarkən Savalandan, Ağrıdan, Göyəzəndən və ya Aveydən şığıyan bir qartalın qanadları titrədi. Bir durnanın teli qırılıb düşdü gəzib-dolaşdığı Göyçə, Kəlbəcər, Borçalı dağlarına, Özbək-Cığatay, Qazax, Türkman çöllərinə. Sürgün dərdini dünyaya bəyan etdiyi Ahıska türkünün bir ağsaçlı qarısı, bir ağsaqqal qocası bəlkə bir "Of!" çəkdi ürəkdən. Türkün möhtəşəm asma körpüsü silkələndi bəlkə də. Çünki Z.Yaqub türk elləri arasında bir mənəvi körpü qurub getdi. Ədəbi və əbədi körpü. Ona görə də dünyanın hər yerindən insanlar onu yad eləməyə gəlirdilər. Yanvarın 9-10-da evində, 11-də Fəxri xiyabanda, ayın 12-də Təzəpir məscidində şairin ölüm, dəfn və anma mərasimləri, 40-ı, ili keçirildi. İnsanlar ailəsinə, anasına başsağlığı verirdilər. İnsanlar qarşısında mətanətlə dayanan anası Güllü ana: "Dünya boyu gəzib, insanların arasından oğlumu tapardım, əgər harasa getmiş olsaydı. Lakin axtarmıram, çünki oğlum dünyadan, bu həyatdan, mənim ürəyimə köçüb. Ürəyimin içindəcə Zəlimxanımı yaşadacam!" - dedi. Ağsaçlı anada kamala, sözündəki məntiqə heyran qaldım. Elə bu cür analar, onların belə hikmətli sözləri balalarını yetişdirib şair edir zaman-zaman! Ana yurdun ədəbiyyatı isə özünün ən gözəl səhifələrindən birində yaşadır Zəlimxan Yaqub adını. Allah ona qəni-qəni rəhmət eləsin!

***

Zəlimxan Yaqub xəstə olanda ona təskinlik vermək üçün bir şeir yazmışdım. Verdim Musa Nəbioğluya, dedim, bunu şairə çatdır. Oxuyub bəyənmişdi bu şeiri...

Gərəksən

"Hər əsrin əlçatmaz bir zirvəsi var,
O da bir şairin bəxtinə düşər".
                           (Zəlimxan Yaqub)

Zəlimxan bir elin sinədəftəri -
Qobustan qayası, köksü yazılı.
Tarix görməmişdi belə hünəri,
Ürəyi bir ozan, Qorqud arzulu!

Dilində əzbərdi Vurğun, Ələsgər,
Abbas, Xəstə Qasım, Yunus-dədələr!
Belə pirlər sevən nəzərdən düşər?
Sözü mirvaridir, saylı, düzülü!

Türkün ellərini dolanan kişi,
Dərya tək çağlayan, bulanan kişi,
Köksündə kitablar qalanan kişi,
Nəfəsin bal kimi şandan süzülü!

Ruhun Məkkəsinə yol aldın, şair!
Əlçatmaz zirvəyə ucaldın şair!
Yetdiyin zirvələr xəyaldı, şair!
Sözün Çin səddidir, haqdan düzülü!

Şöhrətə uymadın, sözə qul oldun,
Necə növcavana sən uğur oldun,
Ana torpağımdan keçən yol oldun,
Türkün sevdasına adın yazılı!

Su kimi gərəksən sən bu ellərə,
Ruzusan, çörəksən, sən bu ellərə,
Qayasan, çiçəksən, sən bu ellərə,
Rübabında ötən qopuz, saz olu!

Əsrin ayna tutdu sözünə, şair!
Tanrıdan nur gəldi gözünə, şair!
Sən elə güvəndin özünə, şair,
Bir bina ucaltdın, sözdən özülü!

Mövlammı oyatdı, təbin oyandı?
Ocağında közün əbədi yandı!
Zərəngiz, sözləri mənə əyandı!
Söz sərraf yanında zərdi, qızıldı!

12.02.2014

 





23.01.2020    çap et  çap et