525.Az

Coğrafiya İnstitutu Təbriz Universiteti ilə əməkdaşlığa başlayır


 

Coğrafiya İnstitutu Təbriz Universiteti ilə əməkdaşlığa başlayır<b style="color:red"></b>

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti seminarında İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə "Təbriz Universitetində görüş" mövzusunda təqdimatla çıxış edib.

Təbrizin bugünkü sosial-iqtisadi-siyasi durumu, coğrafi mövqeyi, demoqrafiyası haqqında qısa məlumat verən məruzəçi ustanın (rayonun) inkişaf etmiş sənaye sahələrindən, turizm obyektləri, səhiyyəsi, tarixi-mədəni abidələri, insanları, qaya parçaları üzərində yerləşən turistik Kəndovan yaşayış məntəqəsindən, Azərbaycanın ustad şairi Şəhriyarın ev muzeyindən, orada tanış olduğu xalça ustası, şair, elmlər doktoru Mahmud Rufegərlə olan tanışlıqdan, onun hələ heç yerdə nəşr edilməyən, Qarabağa həsr etdiyi poemasından və sairdən söhbət açıb.

O qeyd edib ki, Tehrandan sonra İranın ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetinin rəhbərliyi ilə görüşdə iştirak edib. Universitetin elmi və beynəlxalq əlaqələr üzrə direktoru, professor Dr. Səid Şocai və Coğrafiya və şəhərsalma departamentinin professoru İrəc Teymurinin institut rəhbərliyi və kollektivinə salamlarını çatdıran X.Rzazadə bu görüşdə İnstitutla Universitet arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yarandığını diqqətə çatdırıb.

İranın Təbriz Universiteti ilə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu arasında qarşıdakı 5 il müddətinə elmi tədqiqat sahəsində anlaşma memorandumu imzalanıb. Memorandumda birgə elmi tədqiqatlar, alim, mütəxəssis, müəllim və tələbə mübadiləsi, elmi əsərlərin nəşri, qarşılıqlı olaraq keçirilən konfrans, simpozium, beynəlxalq toplantılarda iştirak, maraq doğuran müştərək layihə və proqramlarda iştirak nəzərdə tutulur.

 

 





24.01.2020    çap et  çap et