525.Az

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada


 

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada <b style="color:red"></b>

Yanvarın 23-də Bakıda səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri - Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar işlər şöbəsinin müdiri Tamilla Əhmədova, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyəti üzrə direktoru Svetlana Qoroxova, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Elmi və Tədris işləri üzrə direktoru Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, İPR MEDİA-nın baş direktoru Natalya İvanova, İPR MEDİA-nın layihə koordinatoru Vita Kutuyeva Azərbaycan Milli Kitabxanasında olublar.

Səfər 23-25 yanvar tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda keçirilən "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" adlı konfrans çərçivəsində baş tutub.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssislərini qəbul edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov görüş zamanı kitabxana proseslərinin modernləşdirilməsi və qlobal informasiya məkanına inteqrasiyası, kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, həmçinin, Milli Kitabxananın geniş elektron imkanlarından, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq, virtual biblioqrafik xidmət imkanlarından söhbət açıb.

İlk olaraq Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri həftənin 7 günü və günün 24 saatı fasiləsiz işləyən Açıq Kitabxananın qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, burada istifadəçilərə göstərilən elektron və onlayn xidmətlər, açıq səma altında təşkil edilən tədbirlər haqqında qonaqlara məlumat verilib.

Daha sonra qonaqlar Milli Kitabxananın "Nadir Kitablar və Kitabxana muzeyi", "Kolleksiyaların və informasiya resurslarının mühafizəsi", "Not nəşrləri və səsyazmaları", "Mədəniyyət tədbirlərinin təşkili" şöbələrində, oxu zallarında,  "Beynəlxalq Əməkdaşlıq Zalı"nda olub və kitabxananın sosial-mədəni fəaliyyətləri, istifadəçilərə informasiya xidmətlərinin müasir metodları, elektron kitabxana sistemi, elektron kataloqu, eləcə də virtual xidmətləri ilə yaxından maraqlanıblar. 

Sonda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tərəfindən Milli Kitabxana haqqında üç dildə yazılmış (Azərbaycan, ingilis və rus dillərində) "Azərbaycan Milli Kitabxanası. Fotoalbom", "Azərbaycan xalçaları dünya kolleksiyalarında" adlı kitablar və Azərbaycanın tarixi və mədəniyyət abidələrini əks etdirən xəritə qonaqlara təqdim edilib.

 





24.01.2020    çap et  çap et