525.Az

"Yüksəliş" gənclər üçün bir şansdır


 

"Yüksəliş" gənclər üçün bir şansdır <b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Bugünədək 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 2-i saat 18:00-dək davam edəcək.

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, alitəhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və digərlərin idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Beş mərhələni də uğurla keçən qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki, "Yüksəliş" müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir. Bu müsabiqə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır: "Fikrimcə, kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq. Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək".

Təşkilat Komitəsinin üzvü, Təhsil naziri Ceyhun Bayramov  bildirib ki, ölkədə istedadlı uşaqlarla iş ümumtəhsil müəssisələrindən başlayır: "Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edənlərin belə gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır. İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır. Onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir".

C.Bayramov deyib ki, "Yüksəliş" müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır: "Bu müsabiqə istedadlı, hazırlıqlı, XXI əsrin tələbləri səviyyəsində bacarıqlara sahib gənclər üçün çox böyük imkan yaradır. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır". Nazir vurğulayıb ki, müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək: "Yüksəliş" istedadlı şəxslər üçün yeni bir imkandır. "Yüksəliş"ə qoşulun, yüksəliş sizinlə başlasın".

Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, müsabiqə ilə maraqlananların sayı gündən-günə artır: "Mən nəinki işi olmayan, hətta daha çox dövlət qulluğunda çalışan insanlara müraciət edirəm. Kim hesab edirsə ki, potensialı tam açılmayıb, karyerasının inkişaf sürəti onu qane etmir, bu müsabiqə onlar üçün çox gözəl imkandır. Onlar bu prosesə qoşulsunlar və nəticə əldə etsinlər. Qeydiyyat mərhələsi bitəndən sonra qeydiyyatı təsdiq olanlara sınaq təşkil ediləcək. Bununla onlar biləcək ki, hansı xüsusiyətər lazımdı və biz nəyi axtarırıq".

M.Abbaszadə deyib ki, müsabiqə üçün müraciət edənlərdən yalnız 20 faizi qadınlardır: "İmtahan bazar günü və online olacaq. Hətta övladları yanlarında olanda belə imtahan suallarına cavab verə biləcəklər".

Təşkilat Komitəsinin üzvü Gənclər və İdman naziri Azad Rəhimov isə qeyd edib ki, "Yüksəliş" müsabiqəsi karyera pilləsində yüksəlmək istəyən, istedadlı, özünə güvənən gənclər üçün bir şansdır. Aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində iştirak etməlidirlər. "Yüksəliş" sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur".

A.Rəhimov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesi başa çatandan sonra gənclərlə iş sahəsində yeni nəslin inkişafına xidmət edən böyük layihələr icra olunur, islahatlar həyata keçirilir: "Elə götürək ölkədə başlayan və bu gün müxtəlif sahələrdə geniş vüsət alan könüllü hərəkatını. Bu hərəkat gənclərin inkişafına və onların irəli çəkilməsinə xidmət edir. Onlara hər yerdə üstünlük verilib. Könüllülər üçün növbəti şans da məhz "yüksəliş"dir".

Nazir vurğulayıb ki, "Yüksəliş" müsabiqəsi, sadəcə, onlar üçün yox, bütün gənclik üçün bir şansdır: "Müsabiqə yeniləşən Azərbaycanın müstəqil fikri, idarəetmə bacarığı olan rəhbərliyi seçmək, yetişdirmək üçündür. Bunun üçün özündə güc tapan gənclər tərəddüd etməməli, bu müsabiqəyə qoşularaq mən də varam deməlidir. "Yüksəliş"in verdiyi imkandan istifadə edib idarəetmə bacarığınızı inkişaf etdirin. Dövlət yüksəliş müsabiqəsinin gənclərin inkişafına yönələn islahatların davamı olaraq icra edir. Siz bu yolla peşəkar təlimlər üçün qrant qazana, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirə, əvəzolunmaz əlaqələr qura bilərsiniz. "Yüksəliş"ə qoşulun, yüksəliş sizinlə başlasın".

"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediyinə görə, "Yüksəliş" müsabiqəsi hər kəsə öz bacarığı, intellekti ilə inkişaf etmək, yüksəlmək imkanı verir: "Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısına ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi qoyulur. Lakin yaşından, ixtisasından, işləməsindən asılı olmayaraq, hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. İdarəetmədə iştirak edəcək kadrlara olan tələblər isə daha yüksəkdir. Onlardan yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı, sosial məsuliyyətlik, innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur. Gələcək idarəçilər vaxtında və doğru qərar qəbul etməyi, işi düzgün bölüşdürməyi, komandada işləməyi bacarmalıdır. "Yüksəliş" müsabiqəsində məhz bu keyfiyyətlərə malik olanlar qalib gələcəklər. Lakin təkcə qaliblər deyil, müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq, finalçılar isə ölkənin tanınmış idarəçi rəhbərlərinin mentorluq proqramına cəlb olunacaqlar".

M.Cabbarov vurğulayıb ki, müsabiqənin hər mərhələsi iştirakçılara yeni imkanlar yaradacaq: "Yüksəliş ilkin seçim mərhələsindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq. Qaliblərə təqdim ediləcək qrant onların fərdi inkişaf yolunda yeni başlanğıc olacaq. Bir sözlə, istedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılmaqla həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra biləcək. Yüksəlişə qoşulun, yüksəliş sizinlə başlasın".

Sevinc QARAYEVA

 

 





24.01.2020    çap et  çap et