525.Az

Bəşəri sənət incisi - İlham Rəhimli yazır


 

STİVEN FREDERİK STARIN "İTİRİLMİŞ MAARİF" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

Bəşəri sənət incisi - <b style="color:red">İlham Rəhimli yazır </b>

Eramızın I-VI, xüsusən VII-XIX əsrlərlərində milli mədəniyyətimizin tərəqqisi, dövlətçilik ənənələrinin dünyəvi örnəklərinin təşəkkülü və tərəqqisi, hərb qüdrəti, iqtisadiyyatı, İpək yolu ilə bağlı ticari ənənələrin formalaşması, hökmdar və ədəbiyyat münasibətlərinin səmərəli bəhrələri və bu kimi problemlərlə bağlı alimlərimiz çox dəyərli araşdırmalar aparıblar.

Təbii ki, milli tədqiqatçılarımız XXI əsrdə də bu istiqamətdə daha sanballı yaradıcılıq axtarışları aparmaqdadır. Çox sevindirici haldır ki, dünyanın görkəmli zəka sahibləri Yaxın Şərqin, xüsusən Mərkəzi Asiyanın mədəniyyətinin, tarixinin, dövlətçilik ənənələri, ədəbiyyatının, incəsənətinin, memarlığının, tibbinin, dəqiq elmlərinin tərəqqisinə aid maraqlı tədqiqatlara nail olublar, elmi-nəzəri əsərlər yazıblar. Bunlardan biri də S.Frederik Starın (Stiven Frederik Starr) "İtirilmiş Maarif" fundamental elmi-tarixi tədqiqat əsəridir. Dünya alimlərinin böyük dəyər verdikləri kitabı "Qafqaz" nəşriyyat evi çap edib. "İtirilmiş Maarif"in tərcüməsi və nəşri ADA Universitetinin (Azərbaycan Diplomatik Akademiyasının) dəstəyi ilə işıq üzü görüb. Əsəri ingiliscədən çevirən də ADA-nın müəllimi Nəriman Qasımoğludur.

Kitaba təqdimat mətni yazan ADA universitetinin rektoru, görkəmli diplomat Hafiz Paşayev göstərir ki, "F.Star bir müddət ABŞ-ın üç prezidentinə Rusiya və Avrasiya məsələləri üzrə müşavirlik edib. Şəksiz ki, onun bu istiqamətdəki uğurlu siyası fəaliyyətinin məzmununu dərin elmi-nəzəri biliklər şərtləndirirdi. Bu da xoş bir xatirədir ki, fəaliyyətini elmi müstəvidə davam etdirərkən təsis etdiyi Mərkəzi Asiya-Qafqaz İnstitutunun yaradılmasına mən də öz yardımımı əsirgəmədim və sonradan nüfuzlu araşdırma mərkəzinə çevrilmiş bu institutda ilk çıxış edən də mən oldum". Bu iki cümləni araşdırıb açıqlayanda, arxasında "gizlənmiş" əzəmətli fikirlərin mahiyyətinə varanda görürük ki, Azərbaycan Respublikasının qeyrətli vətəndaşı, fizika-riyaziyyat elmləri doktoru, qüdrətli diplomat Hafiz Paşayev müstəqil ölkəmizin dünya siyasi orbitində tanınmasında necə möhtəşəm işlər görüb. Xatırladım ki, görkəmli yazıçı və alim Mir Cəlalın kiçik oğlu Hafiz Paşayev 1992-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda, Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri olub. Onun diplomatiya sahəsində gördüyü misilsiz işlər qələmə aldığı "Bir səfirin manifesti" kitabında bütün reallığı ilə təcəssüm tapıb. Stiven Frederik Starın Azərbaycanla dostluq və elmi münasibətlərinin bünövrəsini də Hafiz Paşayev qoyub. Star ADA Universitetinin fəxri doktorudur, dəfələrlə bu təhsil ocağının qonağı olub, tələbələrə mühazirələr oxuyub.

"İtirilimiş Maarif" kitabında Mərkəzi Asiyanın ərəb istilasından Teymurləngə qədər olan dövrü araşdırılıb. Müəllif bu zaman kəsiyini Mərkəzi Asiyanın "Qızıl dövrü" adlandırır və tədqiqat boyu bu elmi "diaqnozunun" "tarixi tərifini" elmi-nəzəri prinsiplərlə, alim qeyrətiylə, mütəfəkkir idrak sahibi kimi dönə-dönə təsdiqləyir. Bəri başdan deyim ki, almin bu kitabı yazmaq üçün istifadə etdiyi mənbələrin toplusu özü bir kitab qədər genişdir. Alim yüzlərlə, minlərlə mənbələrdən bəhrələnib və gəldiyi hər bir qənaətin elmi-nəzəri modelini monumental reallıqla təqdim edib. Müəllifin bir insan ömrünə sığmayan, ağlagəlməz mütaliə genişliyi heyranlıq doğurur. Onun müxtəlif mövqelərdən yazılmış faktlara münasibətinin özündə bir orijinallıq, tədqiqatçı müdrikliyi var. O, söylədiyi elmi qənaəti sanki riyazi dəqiqliklə inci kimi fikir sapına düzür. Elə düzür ki, onun hansısa elmi qənaətinə oxucuda zərrə qədər də şübhə duyğusu oyanmır, fikirlərinə şəkk gətirmək yeri qalmır.

768 səhifəlik kitabın cildi Oksford Universitetinin Bodlcian Kitabxanasına məxsusdur. Super-cildin iç qatlama vərəqində yazılıb: "Bu geniş əhatəli və bol əlvanlıqda cərəyan etmiş tarixə aid əsərində S.Frederik Star Mərkəzi Asiyanın orta əsrlər maarif dövrünə dair olduqca maraqlı, fəqət çoxlarına bəlli olmayan əhvalatı nəql edir və bu əhvalatı oxuculara bölgənin nəhəng zəkalarının keşməkeşli hadisələrlə zəngin həyatları və onların heyrətamiz nailiyyətləri fonunda təqdim olunur. Söhbət yeni dünyaya vaxtilə körpü salmış görkəmli şəxsiyyətlərdən gedir. Bu şəxslərin, demək olar, hamısı öz əsərləini ərəb dilində yazdıqlarına görə onların uzun müddət ərəb olduqları qənaəti yaranıb. Əslində isə onlar ərazisi hazırda Qazaxıstandan cənub istiqamətində Əfqanıstanın, İranın şərq vilayətindən Çində Sincanın içərilərinə doğru uzantısı olmuş bir bölgənin Persiya və Türk xalqlarının övladları idilər".

"Yeni dünyaya körpü salmış görkəmli şəxsiyyətlər" deyiminə əsaslanan müəllif  800-1200-cü illər arasında bir möhtəşəm məkan kimi Mərkəzi Asiyanın dünyanın ticarət və iqtisadi inkişafında oynadığı əzəmətli rolunu layiqncə qiymətləndirir. Həmin ərazidə qüdrətli xaqanların mədəniyyətə, elmə, tibbə göstərdikləri xidmətləri, şəhərsalmada Şərq formalarını ləyaqətlə təsbit etmələrini, ədəbiyyatı, memarlığı, eləcə də fərdi sənət növlərini qavramaq üçün işıqlı zəka ilə çağdaş oxuculara yol göstərir. Adicə bir faktı deyim ki, Star elmi dəlillərlə sübut edir ki, milliyətcə türk olan, ensiklopedik biliklərə malik mütəfəkkir Biruni Kolumbdan 500 il əvvəl öz təzkirələrində Cənubi və Şimali Amerikanın mövcudluğu barədə məlumat verib. Düzdür, 1000-ci ildən bir qədər əvvəl skandinavlı vikinqlərin, tacirlərin ayaqları Şimali Amerikaya dəymişdi (başda Leif Erikson olmaqla). Lakin onlar bunun yeni qitə olduğunun fərqinə varmamışdılar. Üstəlik də, Starın yazdığı kimi, "meşə örtüklü sahil Leif Eriksona o qədər maraqsız gəlmişdi ki, oraya bir daha qayıtmaq barədə belə fikirləşməmişdi.

Ancaq şərəf tacını Biruni də gəzdirməlidir. Onun gəldiyi nəticələri doğuran əhatəli və elmi analitik proses də ən azından skandinav tacirlərini olduğu sayaq, bəlkə, onlardan da artıq dərəcədə şərəfləndirməni haqq edir".

Bu səpkili heyrətamiz faktlar "İtirilmiş Maarif" kitabında yüzlərlə, minlərlədir. Elə buna istinadən də cəsarətlə demək olar ki,  Stiven Frederik Starın ürək yanğısı, pak alim vicdanı ilə tərif verdiyi "İtirilmiş Maarif" dünyanın müxtəlif dillərinə tərcümə edilməklə yenidən ölümsüzlük qazanmışdır. Onu da qeyd edim ki, azərbaycanlı tədqiqatçılar bu möhtəşəm və fundamental əsəri dərindən-dərinə mütaliə etməklə xalqımızın maarif-mədəniyyət sahəsindəki hansısa qaranlıq, alatoran səhifələrinə çox geniş, işıqlı qapı aça və təzə-təzə elmi-tarixi, fəlsəfi-mənəvi dəyərlərli üzə çıxarmağa nail ola bilərlər.

Dəyərli kitabın müəllifi sanki fəhmlə duyur ki, azərbaycanlı oxucu özünə bu sualı verə bilər: "İtirilmiş Maarif: Mərkəzi Asiyanın Qızıl dövrü" kitabının mövzusunun "Azərbaycanda bizə nə dərəcədə dəxli var? Axı, hər şeydən əvvəl, Mərkəzi Asiya ilə bizi Xəzər dənizi ayırır..." Bu fikirləri söyləyən müəllif "Azərbaycanlı oxucularıma" bölümündə yazır: "İcazə verin, bu məsələyə iki tamamilə fərqli cavabımı təqdim edim.

Birincisi, müasir Azərbaycan ərazisi bir neçə minillik ərzində Mərkəzi Asiya ilə sıx ticarət əlaqələri ilə bağlı olub. Azərbaycanın bir çox qədim mərkəzlərində aparılan qazıntılar nəticəsində aşkarlanan maddi-mədəniyyət nümunələri bunu təsdiq edir. Mərvdə, Bəlxdə, Səmərqənddə incə zövqlə poladdan hazırlanan kəsici alətlər, Səmərqənd kağızı, bir çox Şərq mərkəzlərində istehsal edilmiş pambıq-kətan məmulatları - bütün bunlar dediklərimizə sübutdur.

İkincisi, Azərbaycan həm Çin, həm də Hindistanla qarşılıqlı əlaqələrini məhz Mərkəzi Asiya vasitəsilə həyata keçirirmiş. Hind tacirlərinin öz mallarını Bakıya (burada hətta ticarətlə məşğul olan bir icma da yaratmışdılar) daşıdığı bir zamanda çinlilər qərb istiqamətinə yolladıqları malların Mərkəzi Asiyalı tacirlərin əli ilə Azərbaycana çatdırılması üçün bunları Mərkəzi Asiya sərhədlərində anbarlayırmışlar. Ticarət malları haralara gedirdisə, bunların ardınca həmin yerlərə ideyalar da daşınırmış".

Məhz bu elmi pəncərədən, reallıqlara bu baxım bucağından yanaşdıqda kitabda bəhs olunan dövrdə Azərbaycanın bütün sahələrdəki inkişafını ümumbəşəri kontekstdə dərk edib qavramaq üçün müxtəlif mövzulara, maarifçilik kontekstində elmi axtarışlara geniş yollar açır. Bunu dərindən dərinə dərk edən Stiven Frederik Star fikrini aydınca belə çatdırır: "Azərbaycanlılar üçün bu da dəyərli ola bilər ki, Mərkəzi Asiyanın "qızıl dövrü"nün tənəzzülü səbəblərini götür-qoy etsinlər. Başqa sözlə, hansı səbəblər üzündən bu dahilər çağı "İtirilmiş Maarif" dövrü oldu? Kitabımın son fəsli bunu izah etməkdən ötrü əsrlər uzunu baş vermişlər üzərində qurulan dəlilləri nəzərdən keçirir. Aşkar görünən suçlardan hər şey müzakirə edilsə də, nəhayətdə, mənə elə gəlir ki, başlıca səbəb orta əsrlər alimlərinin dünyəvi elmi səylərinə qarşı sərgilənən dini dözümsüzlük olmuşdur".

Stiven Frederik Star Mərkəzi Asiyada maarifçiliyin itirilməsinin real və rəmzi mahiyyətini, tənəzzülünün və çöküşünün siyasi, iqtisadı və mənəvi-əxlaqi, dini münasibətlərdə dəyişmələrin prizmasından nəzər yetirməklə qələmə alıb. Tədqiqatçı-alim bu qənatə gəlməmişdən əvvəl bəşəri dühalardan Əbu Abdulla Məhəmməd əl-Xarəzminin (780-850) sferik triqonometriyaya verdiyi elmi töhfələr, əlcəbri riyazi fənn kimi sistemləşdirməsi, Şərqdə Aristoteldən sonra "İkinci müəllim" sayılan Əbu Nəsr Məhəmməd əl-Fərabinin (870-950) məntiq şərhləri, özbək türkü Məhəmməd əl-Buxarinin (810-870) topladığı peyğəmbər hədisləri, türk mənşəli Əbu Reyhan əl-Biruninin (973-1048) astronomiyaya, tarixə, ictimai elmlərə aid əsərlrəi, filosof Əbu Əli əl-Hüseyn İbn Sinanın (980-1037) "Tibb qanunu", "Nicat kitabı" əsərləri, səlcuq türkü Nasir Xosrovun (1004-1088) fəlsəfi poeziya irsi, səlcuq Nizam əl-Mülkün (Əbu Əli əl-Həsən. 1018-1092) "Dövlət idarəçiliyi kitabı", Qaraxanilər dövlətində yaşamış Mahmud əl-Qaşqarinin (Kaşğari. 1029-1105) "Türk dialekti toplusu", Ömər Xəyyamın (1048-1131) əlcəbr probleminin aşkarlanması risaləsi, ilahiyyatçı filosof Əbu Hamid Məhəmməd əl-Qəzalinin (1058-1111) "Filosofların qeyri-ardıcıllığı", ensiklopedik biliklərə malik Nəsrəddin ət-Tusinin (1201-1274) Marağa rəsədxanası, Əfqanıstan şairi Ruminin (Cəlaləddin Məhəmməd Bəlxi. 1207-1273) poeziya inciləri, Uluqbəyin (Mirzə Məhəmməd Tarağay. 1394-1449) riyaziyyatla təbii elmlərin inkişafındakı fikirləri, astronomiya elminə verdiyi bəşəri töhfələr, cığatay Əlişir Nəvainin (1441-1501) türk dilini poeziyada fars dili ilə rəqabət aparacaq zirvələrə qaldırması, osmanlı astronomiyasının banisi Əli Quşçunun (1402-1474) astronomiya elmini fəlsəfədən ayırması, rəssam Kəmaləddin Behzadın (1450-1537) Herat miniatür məktəbi barədə dəyərli fikirlər söyləməklə orijinal elmi qənaətlərə gəlir. Hindistandan İranadək ortodoksal sünni imperiyasının əsasını qoyan Mahmud Qəznilinin (971-1030) 400 şairə himayədarlığı, sərt təbiətli türk sərkərdəsi Əmir Teymurun (1336-1405) incəsənət xadimlərini Səmərqəndə toplamasının məram və məqsədi haqqında təhlil-araşdırnması heyranlıq doğurur. Alim öz kitabında Çingiz xanın (1162-1227), eləcə də bu qəbildən olan hökmdarların apardıqları qanlı müharibələrə məhz "itirilmiş maarif" prizmasından yanaşır. Onun fikrincə, Çingiz xanın "Mərkəzi Asiyanı viran qoyması "soyqırıma qəsd" adlandırılsa da o, Mərkəzi Asiyadan həm Çinə, həm də Persiyaya yeni intellektual təsir axınları üçün yol açdı".

Stiven Frederik Starın gəldiyi qənaətlərin misilsiz dəyər və qiyməti orasındadır ki, dünəndən bugünə və indidən gələcəyə maarifçi, elmi təfəkkür və idrakla yanaşmaq körpüsünün əbədi sütunlarını ucalda bilib. Alimin tədqiqatının maraqlı cəhətlərindən biri də orasındadır ki, Star Mərkəzi Asiyada yaşayıb yaratmış ensiklopedik bilik və məlumat dühalarından danışarkən onları nənki XVI-XX əsr mütəfəkkirləri, hətta bizim eradan əvvəlki yunan və Roma zəka sahiblərinin yaradıcılıq fəaliyyətləri ilə müqayisəli təhlilə üstünlük verib. Məsələn, o göstərir ki, bizim eradan əvvəl 79-cu ildə Böyük Plini öz bilgilərini ensiklopediya şəklində reallaşdırmağa cəhd göstərib. Altıncı əsrin ortalarında siciliyalı Kassiadorus Plininin ənənəsini daha təkmil şəkildə davam etdirib. "Ancaq elmi məhsullarının təkcə sayı və müxtəlifliyinə görə onlardan heç biri Mərkəzi asiyalıları ensiklopediyaçı olaraq ötə bilməyib. Həqiqətən, Mərkəzi Asiyanın Maarif dövrü XVIII əsr Avropasının Maarif dövrünü önləmişdi". Bunun da əsas səbəblərindən biri və bəlkə də birincisi o idi ki, "itirilmiş maarıf" dövrünün Mərkəzi Asiya mütəfəkkirləri azı dörd-beş elmə kamil yiyələnə bilmişdilər.

Kitabda sufizm cərəyanı, sufi intbahının fəlsəfi, elmi, psixoloji və ruhi mahiyyəti, ayinləri, ehkamları barədəki fikirlər bu istiqamətdə indiyənədək müxtəlif tədqiqatçı-alimlər tərəfindən söylənilmiş müddəa və qənaətlərdən öz orijinallığı və bədii-estetik mahiyyəti ilə tamamilə fərqlənib seçilir. İnsanın iç dünyasına qapılmasının əsl mahiyyət və məqsədinin açılmasına xidmət edən sufi ayinləri ilə bağlı inancın əsasında tanrı sənin öz içindədir məntiqi durur. Maraqlısı budur ki, Frederik Star sufiliyin necə nəsnə olduğunu təhlil edərkən Mərkəzi Asiyada yaşamış Əhməd Yasəvi (1093-1166), Nəcməddin Kübra (1145-1220), Fəridəddin Əttar (1145-1221) kimi müdrik simaların yaradıcılıqlarına əsaslanır. Onların həyata dini-mistik və fəlsəfi baxışlarının məğzindən çıxış edir. Hətta həmin dühaların "qapalı", "örtülü" görünən fikirlərinə də elmi təmkinlə açıqlıq gətirir. Alim "Tanrını sevmək, fərdi ibadət və vəcd halına dalmaqla O-nunla təmasda olmaq" təliminin ruhi, fəlsəfi, psixoloji mahiyyətini təmkin və idrakla açıqlayır. Bu prizmadan yanaşanda Azərbaycan türklərinin yaratdıqları sufi poeziyasının poetik gücü-qüdrəti, bədii siqləti daha dərin qatlarla açılır. Məhz həmin poeziyada ağlın, idrakı insanın iç dünyası, daxili mənəvi səltənəti ilə bağlılığı poetik vüsətə görünür.

"İtirilmiş Maarif" kitabında "Səlcuq hakimiyyətinin qübbəsi altında silkələnmə" fəsli dolayısı ilə Azərbaycanla bağlı olduğu üçün bizdə daha çox maraq doğurur. Bu fəsil özü "Səlcuqlarda memarlıq və istehsal mədəniyyəti", "Səlcuqlar dövründə elm və təhsil aləmi", "Səlcuq və türkmən tayfaları hərəkətdə", "Nizamülmülk: Tus Makiavellisi" kimi əsas və digər yardımçı bölmələrə ayrılır. Tədqiqatçı-alim Səlcuq imperiyasının qüdrətli hökmdarları Toğrulun (1040-1063), Alp Arslanın (1063-1073), Məlikşahın (1073-1093) hakimiyyətlərinin əsas dövlətçilik və idarəçilik prinsiplərindən danışmaqla yanaşı, Mərkəzi Asiyada, eləcə də imperiyanın sərhədlərinin uzandığı Azərbaycan ərazisində fəaliyyət göstərmiş dövlət xadimləri, alimlər, memarlar, təbiblər, mütəfəkkirlər, şairlər haqqında dəyərli məlumatlar verir. Həmin məlumatların təqdimində heyranlıq doğuran odur ki, müəllif bütün faktlara soyuqqanlı, lakin ziyalı alim-tədqiqtçı təfəkkürü ilə yanaşıb. Qənaətlərinin fəlsəfi orijinallığı yüksək intellektin məhsuludur.

Starın farslar, fars dili və İran əhalisi barədə də maraqlı fikirləri var. O, fədakarlıqla apardığı araşdırmalarından bu qənaətə gəlir: "Lap erkən çağlardan anlaşılırdı ki, Mərkəzi Asiyada farslaşmış adlandırılan insanlar indiki İranın farsdillilərindən fərqlənirmişlər. Herodot qeyd etmişdi ki, Dara və Kserksin fars imperatorluğu "fars" kimi qəbul etdiyi insanların üzərinə vergi qoymurmuş. Ancaq İran dil qrupuna məxsus Mərkəzi asiyalılar yetərincə fərqli bir kimlikdə sayıldığından fars dövləti onları xarici vətəndaşlar qismində vergiyə cəlb edirmiş. Hazırda İran vətəndaşları ilə Mərkəzi Asiyada dari və tacik dillərində danışanların fərqini də bu fakt möhkəmləndirir ki, birincilər hamısı şiələr, onların Mərkəzi Asiya və Əfqanıstan əmiuşaqları isə, əsasən, sünnilərdir. Oxşar hadisə Mərkəzi Asiyaya köçərilər olaraq gəlib burada qərarlaşmış türk xalqları ilə əlaqədar baş vermişdi. Burada yaratdıqları yeni münasibətlər və yaşadıqları həyat tərzi onları türk xalqlarının böyük hissəsindən getdikcə fərqləndirirdi. Biz hələ indiki Sibirin uzaq və doğma Altay bölgəsində, Şərqi Qazaxıstanda olanları qeyd etmirik". Bu fikirləri oxuyanda əmin olmaq istəyirsən ki, bütün dünyada, o cümlədən, Azərbaycanda türkologiya ilə məşğul olan alimlər üçün "İtirilmiş Maarif" kitabı yeni-yeni elmi qənaətlərə gəlməyə əvəzsis xəzinə olacaqdır.

Kitabdakı bölmələr arasında "Dünyanın mərkəzi", "Bacarıqlar, ideyalar və etiqadların qaynadığı qazan", "Dünyəvi şəhər adamları, qədim yurd yeri", "Ərəblər Mərkəzi Asiyanı necə işğal etdi...", "Gəzərgi alimlər", "Səlcuq mədəniyyətinin qübbəsi altında silkələnmələr", "Səhrada bir an", "Səhnəyə türklər çıxır: Mahmud Qaşqarlı və Yusif Basaquni", "Bir türk qarətçisi - Mahmud Qəznilinin hakimiyyəti dövründə mədəniyyət", "Monqol əsri" də xüsusən diqqət çəkir. Bölmələr təkcə adları ilə deyil, əsasən, fikir yükü, tarixi faktların şərhindəki elmi sanbalı, dərin elmi-fəlsəfi yükü ilə hədsiz maraq doğurur. Bu bölmələrdən yalnız biri barədə iki-üç cümlə artıq söyləmək istəyirəm.

Frederik Star göstərir ki, Mərkəzi Asiya alimləri, xüsusən də türkdilli dühalar dövrün iri-iri, nəhəng şəhərlərinə səyahət etməyi, Bağdad, Səmərqənd, Buxara, Mərv, Şam (Dəməşq), Xorasan, Nişapur, Xarəzm, Bəlx və bu kimi mərkəzlərdə yaşamağı üstün tuturdular. Həmin səyahətlər nəticəsində təbabət, riyaziyyat, astronomiya elmlərindəki kəşflər dünyaya daha intensiv şəkildə yayılırdı. Məsələn, Mərkəzi Asiya astronomu Əhməd əl-Fərqani (797-860) Özbəkistanın Fərqanə vadisində doğulub. O, əvvəlcə Mərvə, oradan isə Bağdada gəlmişdi. Starın fikrincə, Fərqani çox məşhur olan "Elementlər" kitabında Ptolomeyin 2-ci əsrdə yunanca qələmə aldığı "Alamagest" əsərindəki ulduzların mürəkkəb hərəkətləri və planetlərin orbital yolları barədə ifadə edilən fikirləri ustalıqla ümumiləşdirmişdi. Onun haqqında söhbət gedən əsərinin əsas məziyyətlərindən biri o idi ki, Qərb həmin kitabı dəfələrlə çap etmişdi. Frederik Star qətiyyətlə yazır ki, "yer kürəsində yeddi iqlim yaşayış zonası üçün astronomik əsasın izahını Ptolomeydən sonra Fərqani irəli sürdü. Qərb və ərəb yazarlarından fərqli olaraq, Fərqani öz izahında götürdüyü xətti şərqdən qərbə doğru apardı və o zonalardan üçünü Mərkəzi Asiya ilə əlaqəli olaraq müəyyənləşdirdi". Bağdadda nəhəng elmi işlər görmüş Fərqani yeni su kanalı çəkmək üçün Misirə dəvət almışdı.

Bu cür faktlar "İtirilmiş Maarif" kitabında dünyaya səpələnmiş onlarla Mərkəzi Asiya alimləri haqqında kifayət qədərdir. Məsələ təkcə faktların çoxluğunda deyil. Önəmlisi və oxucuda heyrət doğuran əsas amil odur ki, kitabın müəllifi həmin faktların hər birinə ayrı-ayrılıqda ecazkar müdrikliklə şərh və təhlil verə bilib.

Kitabının sonunda Stiven Frederik Star qətiyyətlə, inamla, cəsarətlə, əsl alim vicdanı ilə yazır: "Deməliyik ki, XII əsrin Avropası elə bir nəsnəyə sahib deyildi ki, o zamankı Mərkəzi Asiyanın zəngin intellektual potensialı və təcrübəli şəhərləri ilə müqayisəyə gəlsin... Mərkəzi Asiya hələ uzun illər Avropa, eləcə də ərəb alimlərinin əksər hissəsi üzərində intellektual üstünlüyünü saxlayırdı... Mərkəzi Asiyanın həm intellektual, həm də iqtisadı sahələrdə liderliyinin sonunun başlanğıcı XII əsrə təsadüf edir".

"İtirilmiş Maarif" Mərkəzi Asiyanın, o cümlədən, müxtəlif türk qollarına məxsus mütəfəkkirlərinin neçə-neçə əsrlər boyu elmə, mədəniyyətə verdiyi misilsiz töhfələrin zəngin toplusunu sistemləşdirən, yaddaşları oyadan əvəzsiz salnamədir. Bu əsər əsrlər boyu tarixin amansız gərdişlərinin qaranlıqlarında mürgü vuran həqiqətləri nəhəng elmi şüalarla, səngiməyən zəka nuru ilə gur-gur işıqlandırır. Kitabın elmi dəyərini artıran cəhətlərdən biri də odur ki, müəllif öz əsərini müxtəlif mövzulara aid son dərəcə unikal şəkillərlə süsləndirib. Xüsusən bəhs olunan dövrün müxtəlif funksiyalı tikinti abidələrinin möhtəşəmliyini əyani göstərən foto-şəkillər heyranlıq doğurmaqla yanaşı, əsərin elmi dəyərini qat-qat gücləndirir.

Bu baxımdan Herat yaxınlığındakı səlcuqlar dövrünə aid Malan körpüsü (XI əsr), Nişapur-Mərv yolu üzərindəki səlcuqlar dövrünə aid karvansara (XI-XII əsrlər), Qırğızıstanın Talas vadisindəki məqbərə, Əfqanıstandakı Qəzni şəhər-qalası, Özbəkistanın Çakurqan şəhərindəki Qülləvari minarə (XII əsr), Üzkənddəki üç Qaraxanlı məqbərəsi (XI əsr), Türkmənistanın Ürgənc (Gürgənc) şəhərindəki sufi məqbərəsi (XI-XII əsrlər), Səmərqənddəki Uluqbəy məqbərəsi (XV əsr), Özbəkistanın Şəhrisəbz şəhərindəki Ağ Saray dravazası (XIV əsr), Özbəkistanın Tim ərazisindəki mavzoley (X əsr), Mərvdə 2500 yaşı olan Ərk qalası, Xivə şəhər divarları, Buxaradakı Qəlyan minarəsi (1127-ci il), Əfqanıstanın Cam şəhərindəki 65 metrlik minarə (1190-cı il), Məhəmməd peyğəmbərin moizə oxumasını təsvir edən miniatür ilə bağlı foto-şəkillər nadir sənət incilərini parlaq reallıqla təcəssüm etdirir. Eləcə də Əbu ər-Rəhman əz-Xəzininin "əhatəli tarazlıq" tərəzisinin layihəsinin, Biruninin astrologiyaya həsr olunmuş və öz sağlığında işıq üzü görmüş "Kitab əal-Təhfim" kitabından salamat qalmış 22 vərəqinin, Nəsrəddin Tusinin planetlərin uzunluq dairəsinə aid araşdırmalarının əlyazısının, Mahmud Qaşqarinin türk xalqları üçün etno-linqvistik xəritəsinin, Xarəzm alimlərinin müəyyənləşdirdiyi "Nil çayının xəritəsi"nin orijinalından çəkilmiş fotoları nadir nümunələrdir.

Müəllif Azərbaycan türklərinin dühalarından Nizami Gəncəvi, Əfzələddin Xaqani, Qətran Təbrizi və neçə-neçə şair, alim, mütəfəkkir, Təbriz və Şirvan ədəbi mühiti barədə son dərəcə qiymətli fikirlər söyləyir. Ürək ağrısı ilə onu da qeyd edir, ki, Azərbaycanda yaşamış, lakin ərəb-fars diilərində poetik nümunələr yaratmış şairlər yanlışlıq ucbatından əksər Avropa alimlərinin tədqiqatlarında ərəb mütəfəkkirləri kimi təqdim olunublar. Məhz bu baxımdan, yəni tarixi həqiqətlərin bərpa olunması, Azərbaycana məxsus dühaların milli mənsubiyyətinin dəqiq-dürüst verilməsi Starın milli mədəniyyətimizə əvəzsiz elmi töhfəsidir. Onun Mərkəzi Asiyanı geniş miqyasda, yəni bir siyasi məkan deyil, mədəniyyət bölgəsi kimi götürməsinin nəticəsidir ki, həmin müstəvidə Azərbaycan mədəniyyətinin də töhfələri parlaqlıqla bədii təcəssüm tapıb.

Dünya alimlərinin ortaq türk abidəsi kimi qəbul etdikləri "Dədə Qorqud Kitabı" barədə də Starın dəyərli orijinal fikirləri var. Alim yazır: "Dədə Qorqud Kitabı" - türk xalqlarının, oğuz türklərinin bu möhtəşəm qəhrəmanlıq dastanı müasir azərbaycanlıların əcdadları tərəfindən Xəzərdən qərbdə yerləşən torpaqlarda ərsəyə gəlsə də, Mərkəzi Asiya türkləri ilə üzvi tarixi və mədəni əlaqə izlərini də aşkaranə nişan verir. Bunların qeyd olunması Azərbaycanda böyüyüb boya-başa çatmış şairlərin, filosofların özünəməxsusluğunu və nəhəngliyini heç bir halda azaltmır".  Mərkəzi Asiyaya, Ön Asiyaya, Yaxın Şərqə, ərəb dünyasına səpələnmiş Azərbaycan türkləri olan mütəfəkkirlərin mədəni və intellektual qaynaqları ilkin orta əsrlərdə də qürurverici idi. Bununla fəxr etməyə mənəvi haqqımız var. Bu qürurverici istəyimizə yeni, daha parlaq işıq saldığı üçün də Stiven Frederik Starın "İtirlmiş Maarif" kitabına və alimin prinsipial mövqeyinə, xalqımıza olan səmimi, xeyirxah münasibətinə dönə-dönə minnətdarlığımızı bildirməliyik.

Yuxarıda qeyd etdim ki, "İtirilmiş Maarif"i orijinaldan Azərbaycan türkcəsinə şərqşünas alim, ADA Universitetinin sayılıb-seçilən pedaqoqlarından olan Nəriman Qasımoğlu çevirib. Tərcüməçinin peşəkarlıq səriştəsi, dilinin axıcılılığı və ifadəliliyi, bir sıra terminlərin azərbaycanca ekvivletinin tapılması kitabın oxunaqlığını artırıb. Fikrimcə, "İtirilmiş Maarif" kitabının tərcüməsinə və çapına dəstək verməklə ADA Universiteti xalqımıza çox dəyərli elmi töhfə verib. Bu kitab təkcə dəyərli tərcümə nümunəsi deyil, milli mədəniyyətimizə, tariximizin daha dərin qatlarını öyrənmək istəyən elm xadimlərinə hədsiz qiymətli töhfədir. Başda universitetin təsisçisi və rektoru Hafiz Paşayev olmaqla, bu işdə əməyi olan insanlara yeni-yeni uğurlar arzulayıram.

 

 





24.01.2020    çap et  çap et