525.Az

Davos İqtisadi Forumu: Azərbaycan diqqət mərkəzində


 

"AZƏRBAYCAN GƏNCLİYİNİN ƏSAS İDEYASI VƏ İDEOLOGİYASI SUVERENLİK, MÜSTƏQİLLİK VƏ ÖZ EHTİYATLARIMIZA GÜVƏNMƏKDİR"

Davos İqtisadi Forumu: <b style="color:red">Azərbaycan diqqət mərkəzində</b>

Hər ilin ilk ayının sonlarına yaxın bütün dünyanın diqqəti İsveçrənin Davos şəhərinə yönəlir. Kiçik Davos dünya liderlərini, aparıcı şirkət rəhbərlərini, nüfuzlu siyasətçiləri, iqtisadçıları, ictimai təşkilatları bir araya gətirən Dünya İqtisadi Forumuna ev sahibliyi edir.

Bu il sayca 50-ci dəfə keçirilən forumun əsas məqsəd aktual iqtisadi problemləri və yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Davos dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir. Forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Prezident İlham Əliyev 2007-ci ildən başlayaraq Davosda Forumun İllik Toplantısına qatılır, Azərbaycan reallıqlarını dünyaya təqdim edir. Bu dəfə də dövlət başçısı nüfuzlu şirkətlərin rəhbərləri, eyni zamanda, bir sıra ölkələrin rəsmiləri ilə görüşüb. Dövlət başçısının "Strateji baxış: Avrasiya" mövzusunda panel iclasında iştirak edib və panelin moderatorunun suallarını cavablandırıb.

Bu forumda Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazanığı böyük nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib.

"Strateji baxış: Avrasiya" mövzusunda panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?" sualına cavab olaraq Prezident İlham Əliyevin "Bakıya" cavabını verməsi bir daha Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu siyasət yürütdüyünü əyani şəkildə təsdiq edir. Dövlət başçısı Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslandığını, bununla yanaşı, ölkəmiz üçün onun milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir.  Müstəqillik illərində əldə olunmuş bütün nailiyyətlər Azərbaycan xalqının müstəqillik amalına sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirilməsinə görə əldə olunub. Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib.

İlham Əliyev vurğulayıb ki, parlament seçkilərinin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan yaratmaqdır. Seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır.

Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətini şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov deyib ki, bu forumda iştirak ilk növbədə Azərbaycana texnologiyaların idxalında perspektivlərin açılması və iqtisadi əlaqələrin inkişafı baxımından önəmlidir.

Onun sözlərinı görə, Azərbaycanın iqtisadi potensialı bu gün investisiya siyasətinin daxili mənbələr hesabına reallaşmasına imkan verir: "Bununla yanaşı, müəyyən seqmentlər var ki, bunlar texnologiyalarla bağlıdır. Texnologiyaların inkişafı üçün Davosda iri transmilli şirkətlərin rəhbərlərinin, potensial investorların olmasını nəzərə alaraq burada müəyyən perspektivlər var. Təsadüfi deyil ki, dövlət başçısı iri transmilli şirkətlərin rəhbərləri ilə prioritet olaraq Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir. Prezident İlham Əliyevin çalışdığı əsas istiqamət məhz ölkəyə texnologiyaların idxalından ibarətdir. Biz görürük ki, bu istiqamətlərdə müəyyən müsbət nəticələr əldə olunmaqdadır".

E.Məmmədov Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılmasının ölkəmiz üçün əhəmiyyətli olacağını vurğulayıb:

"Regional mərkəz potensial investorların ölkəmizə marağının artmasına xidmət etməlidir. Bu gün dünya iqtisadiyyatında bütövlükdə xarici investisiyaların əksər hissəsi texnologiyalarla, birbaşa investisiyalarla bağlı deyil. Texnologiyaların idxalından fayda görə bilərik. Hədəfimiz də məhz bundan ibarət olmalıdır ki, ölkəyə texnologiyaların idxalını təmin edək. Bu üsulla ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini artıra bilək".

İqtisadçı hesab edir ki, Azərbaycan üçün prioritet qeyri-neft və real sektorun inkişafıdır: "Ölkədə sənayeləşmə ilə bağlı ciddi təlabat var və dövlət başçısı ölkə iqtisadiyyatının modernləşməsi üçün ciddi islahatlara gedir. Bütövlükdə yüksək texnoloji sektorun müasirləşməsi, modernləşməsi ölkəmizə ciddi töhfələr verə bilər. Hazırda bu məsələlər təhlil edilməlidir. Bunun əsasında milli iqtisadiyyatımızın maraqlarına uyğun şəkildə xarici investisiyaların birbaşa investisiyalar və ya texnologiyalar şəklində ölkəmizə daxil olmasına şərait yaratmalıyıq".

Milli Məclisin deputatı Sona Əliyeva isə deyib ki, hər il keçirilən Davos İqtisadi Forumunda əsasən iqtisadiyyatın inkişaf perspektivləri, dünyada sabitlik və ekoloji tarazlığın bərpa olunması ilə bağlı məsələlər müzakirə olunur. Bu Forum Azərbaycan iqtisadiyyatının geniş auditoriyada tanınmasında müsbət rol oynayır. Hər il Davos görüşləri çərçivəsində 300-dən çox plenar iclas, dəyirmi masalar, dövlət məmurlarının iştirakı ilə kiçik görüşlər keçirilir. Bu görüşlərdə hər hansı bir rəsmi sənəd qəbul edilmir. Forum sadəcə olaraq dünya iqtisadiyyatının bir çox vacib məsələlərini qeyri-formal şəraitdə müzakirə etməyə, yeni iqtisadi əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır.

Onun sözlərinə görə, son on yeddi ildə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır: "Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında "Güclərin qlobal balansının yerdəyişməsi" devizi altında "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilən Forumda iştirak etmişdi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu inam ifadə olunmuşdur ki, BTC və BTƏ neft-qaz kəmərlərinin stimul verdiyi digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq. Forumlarda "Energetika sənayesində günəş enerjisinin rolu", "Neft-qaz geosiyasəti: yeni sərhədlər" və s. kimi mövzularda müzakirələr digər dövlətlərlə yanaşı, Azərbaycanın da malik olduğu imkanların təqdimatına öz töhfəsini verib. Bütün bunlar göstərir ki, müasir çoxqütblü dünyamızda daha da kəskinləşmiş geosiyasi və geoiqtisadi problemlərin həlli, dördüncü sənaye inqilabı ilə bağlı problemlər, yaranmış fürsət və çağırışlar müxtəlif səpkili iş birliklərinə və müzakirələrə ehtiyac doğurur. Bu istiqamətdə real və səmərəli addımların atılmaması isə əksinə, geoiqtisadi və hətta geosiyasi böhranların daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu təhlükə yeni planetar sərhədlər şəraitində yaşayan dünyamız üçün çox real görünməkdə, bəzi məqamlarda isə hətta artıq hiss edilməkdədir. Məhz bu amil insanlar, dövlətlər, hökumətlər və şirkətlər arasında münasibətlərin yenilənməsi, yeni qlobal əməkdaşlıq mərhələsinin bərqərar olması zərurətini meydana gətirir".

S.Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin qloballaşma şəraitində böyük uğurlara gətirib çıxarmış və ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırmış daxili və xarici siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasıdır: "Məhz unikallığı və universallığı eyni dərəcədə vacib sayaraq cənab İlham Əliyev onların hər birinin prinsipcə mümkün hesab edilə bilən mənfi nəticələrin yaranmasına qarşı siyasət aparmaqla, bütün sahələrdə Azərbaycanın müstəqil mövqeyinin tanınmasına nail olmaqla, öz dövlət quruculuğu siyasətində ya mütləq universallıq və ya mütləq unikallıq əvəzinə, optimal universallıq və optimal unikallıq yolu ilə ölkəmizi dünyada stabitlik adasına, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, dünyəvi tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirib. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı sərfəli əməkdaşlığa əsaslanan bir çox layihələr baş tutub və bu sahədə yeni-yeni addımlar atılmaqdadır".

PƏRVANƏ

 





24.01.2020    çap et  çap et