525.Az

Bakıda regional mərkəz yaradılır


 

AZƏRBAYCAN-DAVOS FORUMU ƏLAQƏLƏRİNDƏ YENİ SƏHİFƏ

Bakıda regional mərkəz yaradılır<b style="color:red"></b>

İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumu Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qaldı.

21-24 yanvar tarixlərində baş tutmuş forumda 117 ölkədən 3 min siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər qatılıb. Sammitdə "Uyğunlaşmış və davam etdirilə bilən bir dünyanın tərəfdarları" mövzusu ilə 400-dən çox açıq və qapalı iclas keçirilib. 50-dən çox ölkə isə prezident və baş nazir səviyyəsində təmsil olunub. Forumda hər il, bir sıra mühüm qlobal problemlər, siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələlər müzakirə olunur. Əsası 1971-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən qoyulan Davos İqtisadi Forumu artıq dünyada təkcə iqtisadi deyil, həm də mühüm siyasi platformalardan birinə çevrilib.

Azərbaycan Prezidenti artıq 14-cü dəfədir ki, Davos İqtisadi Forumunda iştirak edir. Dövlət başçısı hər il forum çərçivəsində rəsmi şəxslər, dünyada tanınmış şirkətlərin rəhbərləri ilə görüşür, onları Azərbaycana dəvət edir, ölkəmizdə aparılan islahatlar, əlverişli investisiya mühiti barədə məlumat verir. Davos İqtisadi Forumunda Azərbaycana marağın ilbəil artması da diqqətdən yayınmır. Ölkəmizdəki sabitlik, iqtisadi inkişaf, islahatlar böyük şirkətləri üçün olduqca cəlbedicidir. Dövlət başçısı Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsində bildirib ki, bu Forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, Azərbaycana islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

Builki forumun Azərbaycan üçün daha bir əhəmiyyəti isə Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzinin yaradılması ilə bağlı razılaşmadır. Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin bununla bağlı imzaladıqları niyyət protokolu ilə ölkəmizlə Forum arasında əlaqələrin yeni səhifəsinin başlanğıcı qoyulub. Çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Prezident İlham Əliyev niyyət protokolunun imzalanmasını Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandırıb. Protokolun əhəmiyyətini vurğulayan Borge Brende deyib: "Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq".

Bundan əlavə, "Procter and Gamble Europe" şirkətinin regional mərkəzini yaratmaq üçün də Bakı seçildi. Davosda ölkə rəhbərinin keçirdiyi görüşlər çərçivəsində, həmçinin, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın "Lukoil" şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunub, "Sighify" şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunub.

Xatırladaq ki, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 2006-2007-ci illərdə 137 ölkə arasında tutduğu 64-cü yerdən 2017-2018-ci illərdə 29 pillə irəliləyərək 35-ci yerə yüksəlib. Hesabata əsasən, 2019-cu ildə "Əhalinin elektrik təchizatı səviyyəsi" üzrə dünyada ikinci yerdə, "Hökumət tənzimləməsinin yükü" və "Əcnəbi işçilərin işə qəbulunun asanlığı" üzrə üçüncü, "Hökumətin dəyişməyə cavabdehliyi" üzrə beşinci yerlərdə, "Biznesə başlama üçün tələb olunan günlərin sayı" və "Hökumətin uzunmüddətli strategiyası" üzrə isə ilk onluqda qərarlaşıb.

Ötən il Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq razılaşması imzalanıb. Bu razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradır.

Mövzu ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib ki, Davos Forumu dünya miqyasında çox əhəmiyyətli bir Forumdur.  Onun sözlərinə görə, Prezidentin Davosa budəfəki səfəri onu göstərir ki, mötəbər təşkilat Azərbaycanla münasibət qurmağa, əməkdaşlıq etməyə xüsusi önəm verir: "Digər tərəfdən bu Forum dünya biznes liderlərinin, ölkə başçılarının toplandığı yerdə Azərbaycanın öz sözünü deməsi üçün çox vacibdir. Eləcə də bu Forum faydalı kontraktların, müqavilələrin, əməkdaşlıqla bağlı konkret addımların atılması üçün mühüm əhəmiyyətə malikdir. Dünya İqtisadi Forumu da onu göstərdi ki, biz bundan yararlanmışıq. Dövlət başçımız orada bir çox mühüm görüşlər keçirib. Cənab İlham Əliyev mötəbər maliyyə qurumlarının, neft şirkətlərinin, bizlə əməkdaşlıq edən ölkələrin rəhbərləri ilə görüşüb. Bu görüşlər əsnasında müqavilələr imzalanıb və qərarlar qəbul olunub. Onlar Azərbaycanı hal-hazırda regionun ən aparıcı dövləti və eyni zamanda, aparıcı bazarı olaraq tanıyırlar. Azərbaycanla münasibət quran tərəflər, ölkələr bir növ çalışırlar ki, təkcə Azərbaycanda yox, regionda öz yerlərini möhkəmləndirsinlər. Artıq "Procter and Gamble Europe" şirkəti regional mərkəzini Bakıda açacaq, "Carlsberg Group" şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir və s. Bütün bunlar ona görədir ki, burada açılan regional nümayəndəlik imkan verəcək ki, həmin o qurumlar digər regionda fəaliyyət göstərsinlər və nüfuzunu artırsınlar".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev isə bildirib ki, Azərbaycanın bu forumdan gözləntisini iqtisadi və siyasi istiqamətlərdə qiymətləndirmək olar: "Bunlara ikitərəfli ticarət münasibətlərinin inkişaf etdirilməsi, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, dünyada sosial, iqtisadi, demoqrafik, iqlim, sənaye və texnoloji trendlər haqqında gedən prosesləri digər dövlətin liderləri və şirkət rəhbərləri ilə müzakirə edərək təkliflər vermək və s. daxildir. Azərbaycan dünya ilə inteqrasiya olunan bir dövlətdir və bu mənada Davos dünyanın sadalanan problemlərinin müzakirə olunduğu bir platformadır. Prezident İlham Əliyev də dünyadakı bu prosesləri diqqətlə izləyən və bu dəyişikliklərə görə tədbir alan bir lider olaraq tədbirdə təmsil olundu. Digər tərəfdən, Azərbaycan Prezidentinin iştirak etdiyi "Strateji Baxış: Avrasiya" paneli də olduqca vacib idi. Dünya ticarət və iqtisadiyyatının mərkəzi son illərdə bildiyimiz kimi, Avrasiyaya keçmişdir. Azərbaycan bunu nəzərə alaraq Şərq-Qərb arasında bir körpü olduğu strategiyasından hərəkət edir. Prezident İlham Əliyevin yuxarıda qeyd edilən başlıqda bir paneldə iştirak etməsi dünya dövlətləri və şirkətlərinin gözündə Azərbaycanın bu strategiyasının qəbul olunduğunun təzahürüdür. Bu mənada Azərbaycan Qərb üçün Avrasiyaya giriş qapısı olaraq qiymətləndirilir".

C.Vəliyevin sözlərinə görə, Davos Forumunun iqtisadi bir zirvə görüşü olmasına baxmayaraq, siyasi təsirləri də vardır: "Prezident İlham Əliyevin "Azərbaycan haqqında qərarlar Bakıda verilir", "Azərbaycan Bakıdan idarə olunur" mənasına gələn ifadələrinin dünya dövlətləri və şirkətlərinin təmsil olunduğu bir zirvədə səslənməsi olduqca vacibdir. Bu açıqlamalar Azərbaycan xarici siyasətinin müstəqillik prinsipi əsasında qurulduğunun bir təzahürüdür. Çünki Avrasiya coğrafiyasında bəzi dövlətlərin həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti Qərbdə onların suverenlik və müstəqilliyinin şübhə ilə yanaşılmasına səbəb olur. Bu baxımdan, Azərbaycan müsbət bir nümunə olaraq təqdim olunub". Onun sözlərinə görə, Davosa dəvət olunmaq qədər, tədbirdən necə qayıtmaq da vacibdir: "Belə ki, Prezident Əliyev Davosun regional mərkəzinin Azərbaycanda yaradılması haqqında protokol imzalayaraq Bakıya əli dolu qayıdacağını göstərdi. Bununla Azərbaycan Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzinə qoşuldu. Dünyada sadəcə 5 belə regional mərkəz var idi, Azərbaycan 6-cı oldu. Bu mərkəzlərin məqsədi yeni texnologiyaların idarə edilməsi sahəsində dövlət-özəl sektor əməkdaşlığını inkişaf etdirməkdir. Bu mərkəz, eyni zamanda, Milli Dördüncü Sənaye İnqilabı strategiyalarının inkişafında köməkçi rol oynayacaq. Davosda Prezident İlham Əliyevin keçirdiyi görüşlər uğurlu olub və Azərbaycanın dünya ilə inteqrasiyası və dünyadakı yeni trendlərin iştirakçısı olması üçün fürsətlər yaradır. Bu, həmçinin, qeyri-neft sektorunun inkişafı və çoxvektorlu, müstəqil xarici siyasətimizin anlaşılması baxımından da vacib əhəmiyyətə malikdir".

Politoloq Nəzakət Məmmədova isə hesab edir ki, Davos Forumu dünya miqyasında əhəmiyyətli qlobal bir görüşdür. Politoloqun sözlərinə görə, bu Forum dünya ölkələrinin iqtisadi yol xəritəsini müəyyən edir: "Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı ilə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi imzalanmış niyyət protokolunun əhəmiyyəti qeyd edilə bilər. Sənədə əsasən, Forumun ölkəmizdə regional mərkəz yaradacaq. Bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi, Pakistan İslam Respublikasının Baş Naziri, Xorvatiyanın Baş Naziri ilə görüşlərdə mühüm məsələlər müzakirə olunub, o cümlədən, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Davos görüşü hər zaman olduğu kimi, bu dəfə də mühüm əhəmiyyətə malikdir".

PƏRVANƏ

 





25.01.2020    çap et  çap et