525.Az

Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb


 

Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb<b style="color:red"></b>

Beş il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda OPEC-ə üzv ölkələrin və OPEC üzvü olmayan neft istehsalçılarının bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış etmişdi. Dövlətimizin başçısı dünya liderləri arasında ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürmüşdü. Builki Davos Forumunda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo “OPEC+” formatında əməkdaşlığın əsasının məhz Azərbaycan Prezidentinin çağırışı sayəsində qoyulduğunu minnətdarlıq hissi ilə xatırlatdı.

Qeyd edək ki, iki əsr öncə qlobal miqyasda ilk dəfə sənaye üsulu ilə, ötən əsrin ortalarında isə dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlayan Azərbaycanın tarixi neftçıxarma ənənələri və təcrübəsi bu gün digər nəhəng karbohidrogen istehsalçılarını diqqəti cəlb edir. Baxmayaraq ki, ölkəmizin gündəlik neft hasilatı milyon barrel səviyyəsində deyil, lakin qlobal neft bazarında yaranan mənfi situasiyalar, balansın pozulması kimi vəziyyətlərdə Azərbaycan hər zaman proseslərə dərhal reaksiya verir və bu, digər hasilatçılar tərəfindən təqdir olunur. Çox uzağa getmək lazım deyil. Düz 5 il əvvəl dünya bazarında neftin bir barrelinin qiyməti 30-35 dollara düşmüşdü. Bu vəziyyət təbii ki, neft ixracatçılarını düşündürür, onlar çıxış yolları axtarırdılar. Təbii ki, prosesə nəzarət edən qurum Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) idi. OPEC də kartel üzvləri ilə birgə vəziyyətdən çıxış yollarını götür-qoy edirdi.

Hər il dünyandan 3 minədək qlobal lideri, nüfuzlu ekspertləri, iri şirkət rəhbərlərini bir araya toplayan Dünya İqtisadi Forumu da “qara qızıl”ın qiymətindəki bu kəskin ucuzlaşmaya biganə qalmamış, 2015-ci ildə Davos Forumunda enerji bazarının mövcud vəziyyəti müzakirəyə çıxarılmışdı. Prezident İlham Əliyevin də iştirak etdiyi forumun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında qızğın diskussiyalar aparılır, təkliflər səsləndirilirdi.

Gəlin bir daha xatırlayaq. Sessiyanın aparıcısı Prezident İlham Əliyevə müraciətlə deyir: - Real olaraq Siz OPEC üzvü olmadan gündəlik 800 min barrel neft istehsal edirsiniz. Heç OPEC-lə əlaqə yaradıb “Azərbaycanda çətinlik çəkirik, bununla əlaqəli bir şey etməliyik” demisinizmi?

Prezident İlham Əliyev sualı belə cavablandırır: - Biz bunu etməyə hazırıq. Əslində bu mövzu bir sıra OPEC üzvü olan ölkələrlə müzakirələrimizin bir hissəsi olub. Biz böyük istehsalçı deyilik. Ancaq düşünürəm ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq. Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır.

Aparıcı əlavə edir: - Son zamanlar OPEC-ə çox etibar edirsiniz.

Bunun real vəziyyət olduğunu deyən Prezident İlham Əliyev qeyd edir: - Düşünürəm ki, OPEC üzvü olmayan böyük istehsalçılar və OPEC üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa qarşılıqlı etibarı artırar. OPEC təkbaşına bu qərarı verə bilmədi. Bu qərar olmadıqda isə indiki vəziyyət alınır və neftin qiymətinin ən aşağı həddə enməsini gözləyirik. Hər gün ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük. Sözün açığı, ölkənin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa, bu, bir az da psixoloji cəhətdən yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda, istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq, eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır.

Bəlkə də o zaman bu, sadəcə bir təklif kimi qəbul olunurdu. Lakin sonradan Prezident İlham Əliyevin bu müdrik fikri başda OPEC olmaqla digər qeyri-OPEC ölkələri üçün də yol xəritəsinin əsasını təşkil etdi.

Dünya İqtisadi Forumu çərçivəsində ötən həftə OPEC-in baş katibi Məhəmməd Barkindo Prezident İlham Əliyevlə görüşdə bu tarixçəni xatırladaraq dedi: “Beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdi. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq.

Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalıb”.

Bu tarixi məqamı unutmadığı üçün OPEC-in baş katibinə təşəkkür edən Prezident İlham Əliyev dedi: “Bu təklifi ciddi nəzərə aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur... Çünki bu, bizim ümumi məqsədimiz idi... Mən bilirəm, hətta bəzi üzv ölkələr arasında hasilatın müəyyən dərəcədə azalmasına nail olmaq asan deyildi... Biz əməkdaşlığımızın gücləndirilməsini səbirsizliklə gözləyirik. Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir”.

Hazırda neft bazarında müəyyən sabitlik yaranıb, OPEC və qeyri-OPEC ölkələrinin yaratdığı “OPEC+” koalisiyasının birgə səyləri nəticəsində isə “qara qızıl”ın qiyməti 55-60 dollar/barrel ətrafında dəyişir. Bazarda tələb-təkif tarazlığı pozulan zaman isə Azərbaycanın da daxil olduğu “OPEC+” ölkələri buna dərhal reaksiya göstərir.

Azərbaycan bu gün qlobal enerji bazarının mühüm aktorlarından biridir. Azərbaycan Prezidenti isə qlobal iqtisadi vəziyyətə təsir edən amilləri dərindən təhlil edir və daha rəqabətli iqtisadiyyatın formalaşması üçün ideyalar verir. Məhz Prezident İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyaları dünyanın 14 nəhəng neft istehsalçısını bir araya toplayan OPEC, eləcə də digər neft hasilatçıları üçün də yol xəritəsi rolunu oynayır.

 





27.01.2020    çap et  çap et