525.Az

Edqar Po "ölümün ustası" mövqeyində - Taleh Eminoğlunun yazısı


 

Edqar Po "ölümün ustası" mövqeyində - <b style="color:red">Taleh Eminoğlunun yazısı </b>

Edqar Allan Po və əsərləri haqqında kifayət qədər danışılıb. Onun nəsr və poeziya nümunələri üzərində çox tənqidi mətnlər yazılıb.

Ponun detektiv romanları, hekayələri öz quruluşu, üslubu, kriminal hadisənin motivi baxımından olduqca unikaldır. Onun əsərlərini daha da maraqlı edən həm də fantastik elementlər daşımağı, reallıqdan çıxış etməsi və fəlsəfi altqatına sahib olmasıdır.

Po, dövrünün oxucu zövqünü yaxşı bilir və günün nəbzini tutmağı bacarırdı. O, fantastik mətnlərini "qotik fantastik" üslubda yazırdı. O əsərlərində diqqət çəkən ilk şey ölümlə bağlı olan nüanslardır. Belə ki, ölümün fiziki əlamətləri, meyidin çürümə prosesi, diri-diri dəfnetmə, ölülərin dirilməsi kimi hadisələr onun mətnlərində xüsusi yer tutur. Ədəbi tənqidçilər onun əsərlərini transsendentalizm cərəyanına qarşı yaranmış "qara romantizm"in bir hissəsi kimi qəbul edirlər.

Edqar Allan Ponun yaradıcılığı sadəcə detektiv janrı ilə yekunlaşmır. O, bu janrla yanaşı, eyni zamanda, satira və komediya üslubuna da müraciət etmişdir. Satirası və komediyası daha çox ironiya üzərində qurulurdu. Misal üçün, ilk hekayəsi hesab olunan və qorxu janrında qələmə aldığı "Metzenqerşteyn", burlesk (parodiyalı uzlaşdırma üslubu) üslubuna ironik baxışdır. Po, həmçinin, dövrünün elmi yeniliklərindən, kəşflərindən də məharətlə istifadə edirdi. O, "Ballon-Hoaks" silsilə yazılarında hava şarı kimi o dövrdə təzə kəşf olunmuş vəsaitlərdən istifadə edərək elmi-fantastik janrına yenidən həyat vermişdi.

Edqar Allan Po oxucu kütləsinin marağı çəkmək üçün daha bir maneradan istifadə edirdi. Belə ki, o, əsərlərində frenologiya və insan tanıma kimi məşhur yalançı elm sahələrindən məharətlə yararlanırdı.

Bütün bu yazdıqlarımı bir növ sübut etmək Ponun "Mari Rojenin sirri" hekayəsinə istinad edəcəm.

İlk öncə onu qeyd edim ki, "Mari Rojenin sirri" hekayəsi "Morq küçəsində qətil"in davamıdır və 1842-ci ildə qələmə alınıb. Hekayə real hadisə üzərində qurulmuş ilk detektiv janrının nümunəsidir.

Hekayənin ana xəttini Ponun əsərlərinin baş qəhrəmanı olan detektiv Ogüst Düpenin Parisdə Mari Roje adlı bir xanımın qatilini axtarması təşkil edir. Mari ətriyyatçı dükanında işləyirdi. Onun cəsədi Sen çayından tapılır. Onun necə öldürülməsi mətbuatın və insanların böyük marağını cəlb edir. Qəzetlər qətl barədə müxtəlif xəbərlər yayır, hadisəni başqa yerlərə çəkir. Bu isə Ogüst Düpenin gözündən qaçmır; onun fikrinə görə, qəzetlər qətlin üstünü açmaq yerinə hadisəni şişirdir və sensasiya yaratmağa çalışırdı. Bu yazılar nə qədər cəfəng olsa da, Düpen qətlin sirrini tapmaq üçün onlardan istifadə edir.

Detektivin istifadə etdiyi daha bir şey isə məntiqi fikir yürütməkdir. O, bunun sayəsində qatilin əslində, bir nəfər olduğunu, cəsədi çayın kənarına qədər belindəki kəmərdən tutub sürüyə-sürüyə gətirdiyini, daha sonra isə qayığa qoyub çayın ortasına çatanda suya atmasını tapır. Qatili tapmaq üçün isə mütləq o qayıq tapılmalıdır.

Po, bu hekayədə çox şeyi realda olduğu kimi saxlasa da, bəzi şeyləri dəyişdirmişdir. Bunun üçün real həyatda baş vermiş qətl hadisəsinə nəzər salmalıyıq. Belə ki, Mari Sesili Rocers adlı bir qız 4 oktyabr 1838-ci ildə Nyu-Yorkda yoxa çıxır. Bu hadisə qəzetlərdə tirajlanır, hətta ona "Gözəl siqaret satan qız" ləqəbi də verilir. Bundan pul qazanmağa və sensasiya yaratmağa çalışan qəzetlərin sevinci elə də çox çəkmir. Qız geri qayıdır və bu dəfə isə onun donanma zabiti ilə qaçdığı məsələsi qulaqdan-qulağa yayılır. Mari Rocers bir daha üç il sonra, yəni 1841-ci ildə yenidən yoxa çıxır. Üç gün sonra isə cəsədi Hudson çayının kənarından tapılır. Hadisə bir neçə həftə ərzində ölkə gündəmini zəbt edir. Hadisədən bir neçə ay sonra isə Mari Rocersin nişanlısı zəhər içərək intihar edir.

Po, bu hadisəni necə hekayəyə çevirdiyini bir dostuna yazdığı məktubda bu cümlə ilə qeyd edir: "Ogüst Düpen obrazının Mari Sesiliya Rocers cinayətinin üstünü necə açdığını qurmaq üçün mən özüm də Nyu-Cersidə baş vermiş hadisəni dərindən tədqiq etməyə başladım". Edqar Allan Ponun qələmi ilə əbədiyyət qazanan hadisə Nyu-York tarixində hələ də üstü açılmamış cinayət olaraq qalır.

Ponun bu hekayəni çap etdirməsi prosesi də olduqca maraqlıdır. İnsanlar qətlin təfərrüatlarını sensasiya yaratmağa çalışan qəzetlərdən oxuyurdu. Po, bunu hekayəsi üçün əla vasitə hesab edirdi. O, yazdığı hekayəni, "Qətlin üstünü açdım" qeydi ilə bərabər, qəzetlərdən birinin redaksiyasına göndərir. Hekayənin birinci hissəsi 1842-ci ilin oktyabr, ikinci hissəsi isə dekabr ayında "Snowden's Ladies Companion"da çap olundu. Lakin üçüncü hissənin çap olunmasına "New York Tribune"da dərc edilmiş bir məqalə əngəl yaratdı. O məqalədə iddia olunurdu ki, Mari Rocersin ölümünə uğursuz abort səbəb olub. Bu isə Ponun hekayəsinə uyğun gəlmirdi. Amma qısa müddətdə hekayəsində dəyişikliklər edərək 1843-cü ilin fevral ayında çap etdi. Hekayə tam formada 1845-ci ildə dərc olundu. Tam formada çap edilmiş mətndə ondan çox dəyişiklik edilmişdi. Yazar bunu etməklə qətlin əsl səbəbini əvvəldən bildiyini iddia edirdi.

"Mari Rojenin sirri" hekayəsi ədəbi tənqidçilər tərəfindən Ogüst Düpe obrazının canlandırıldığı üç hekayənin ən zəifi olaraq qiymətləndirilir. Hətta tənqidçilərin bəziləri onun hekayədən daha çox məqalə olduğu fikrini irəli sürür. Arqument kimi isə hekayənin janrının əsas xüsusiyyətlərindən olan canlılığa sahib olmaması göstərilir. Bu hekayə ətrafında baş verən üçüncü maraqlı hadisə Ponun ədəbi cameədə rəqibi olan R.V.Qrisvold tərəfindən müsbət qarşılanmasıdır.

Edqar Allan Po kimi dahi yazarın üslubuna  bu qısa hekayə üzərindən fikir bildirməyə, szə təqdim etməyə çalışdım. Ponun yaradıcılığının unikallığı hər bir oxucunun orda özünə görə nələrsə tapması və onun demək istədiklərinə dair yeni yanaşma ortaya qoya bilməsidir. Hər bir oxucu Edqar Allan Ponun mətnlərində özünü detektiv hiss edə bilər.

 





27.01.2020    çap et  çap et