525.Az

Yağmadı yağış... - İmir Məmmədlidən yeni hekayə


 

Yağmadı yağış... - <b style="color:red">İmir Məmmədlidən yeni hekayə </b>

Növbəti seçkilər də keçdi. Muradqulunun üzv olduğu partiyadan məmləkət parlamentinə on nəfər düşdü. Muradqulu partiya siyahısında on ikinci idi.

Parlament astanasına qədər ikicə addım, yəni ikicə adam qaldı. Həmin partiyadan parlamentə on yox, on iki namizəd keçsə idi, ən adi məntiqə görə, indi Muradqulu parlament üzvü idi.

Cəfakeş Muradqulu nəyə əl atmadı: heç nədən xəbəri olmaya-olmaya öz adını siyasətçimi qoymadı, üzvü olduğu partiyaya qoşulub, ağlasığmaz ideyalarmı söyləmədi, öz işində-gücündə olan dövlətdənmi küsmədi, dost-qardaşdanmı keçmədi, bir sözlə, nə illah elədisə, parlament astanası ilə öz arasında aşılmaz dərə kimi qalan həmin iki addımı keçə bilmədi ki, bilmədi. Ancaq həmin maneəni keçəcəyi, dəf edəcəyi barədə ümidini də itirmədi.

Muradqulunun bu ümidi bir qədər ciddi mənbədən qidalanırdı: məxsus olduğu partiyanın başçısı seçkilərdən sonra ona (təkcə ona) sirr olaraq pıçıldamışdı ki, beş il bir igid ömrüdür. Beş il ərzində nələr baş verəcəyini, kimin ölüb-kimin qalacağını heç kəs əvvəlcədən deyə bilməz. Beş il beş ay, beş həftə deyil, beş gün də deyil. Çox güman ki, bu beş il ərzində partiyamızdan parlamentə düşən on nəfərdən təbii fəlakət, qəza və sadəcə əcəl saatının çatması nəticəsində bir-iki nəfər vəfat edəcək, yəni öləcək (partiyanın sədri bu sözləri deyəndə, Muradqulu ürəyində "gəbərəcək" demişdi). Hə, bax onda, ölənləri dəfn edəndən sonra növbə (siyahı üzrə) Muradquluya çatacaq və mexaniki şəkildə Muradqulu da olacaq millət vəkili.

Başqa sözlə desək, Allah istəsə, onunla parlamentin arasında qalan həmin o keçilməz iki addım öz-özünə dəf oluna bilər.

Partiya sədrinin bu nikbin ehtimalı Muradquluya olduqca inandırıcı göründü və onun ürəyini ümid işığı ilə nurlandırdı.

O gündən etibarən Muradqulu inanıb, başladı beş il ərzində baş verə biləcək həmin o xoşbəxt hadisələri, üzr istəyirəm, bədbəxt hadisələri gözləməyə.

Muradqulunun qulağı səsdə-sədada, gözü parlamentə keçən həmin on nəfərin üzündə qalmışdı: görsün, kimin rəngi solğun, kimin ovqatı təlxdir.

Onlarla hər görüşündə Muradqulu fürsəti əldən vermir, səhhətlərini soruşur, sağlamlıqları, ümumi vəziyyətləri ilə maraqlanırdı.

Zalım uşaqları da onun suallarının cavabında elə hey deyirdilər ki, sağ ol, salamatam, yaxşıyam, kefim sazdır və sairə və ilaxır.

Düzdür, bir-iki dəfə dişi ağrıyan da olmuşdu, başqa səbəblər ucbatından xəstəxanaya düşənlər də, amma aradan iki gün keçməmiş belələri sappasağ geri, parlamentə qayıdırdılar.

Zavallı Muradqulunun əlindən nə gəlirdi?! Onun ayağına dolaşan, məqsədinə gedən yolda keçilməz maneəyə çevrilən parlamentin iki nəfər üzvünü vurub öldürməyəcəkdi ki?! Öldürməyəcəkdi deyəndə ki, bir-iki dəfə buna bənzər cəsarətli fikir və qəhrəmanlara layiq çıxış yolu, əlbəttə, onun xəyalına gəlmişdi...

Amma nə fayda?! Lap tutalım Muradqulu onların yolunu güddü, axşam parlament iclasından sonra, şəhərin dar küçələrində onları pusdu, əlverişli bir yerdə böyürdən çıxıb, dəmirdən-daşdan millət vəkilinin kəlləsinə vurub öldürdü də...

Sonra nə? Qatili qazamata göndərərlər, yoxsa parlament salonuna?

Bu sualın cavabı Muradquluya gün kimi aydın olduğundan, o, öz təbii axarı ilə gedən parlament həyatını, ara-sıra xəstələnib-sağalan deputatların heç vəch ilə sona çatmayan ömürlərini pərişan halda müşahidə etmək məcburiyyətində qalmışdı.

Vaxt-zaman beləcə ötüb gedə-gedə dörd il gəlib keçdi. Dörd ilin tamamında az qala öz ali istəyindən əlini üzən Muradqulu bir səhər, qəzeti nəzərdən keçirərkən, gözü qəzetin aşağı küncündə öz partiyasından, yəni on nəfərdən biri olan millət vəkilinin qara çərçivəyə salınmış şəkilinə sataşdı.

Muradulu əvvəlcə gözlərinə inanmadı. Sonra qəribə baxışlarla ətrafa boylanıb, otaqda tək olduğunu yəqinləşdirərək yerini rahatladı, nəfəsini toxdadıb özünü ələ aldı.

Qəzetə bir də diqqətlə baxıb şəkilin altındakı yazını oxudu: "Filan partiyaya və ölkə parlamentinə ağır itki baş vermişdir... Filankəs filankəs oğlu filankəsov sağ-salamat durduğu yerdə qəflətən vəfat etmişdir".

Sevincindən var-bədəni əsən Muradqulu şəkilin altındakı yazını bir də oxudu, bir az nəfəsini dərib yenidən oxudu... Beləcə, məzmunu tamam aydın və birmənalı olan yazını altı-yeddi dəfə oxuyub, özündən də asılı olmadan əzbərləyəndən sonra qəzetdəki şəkili və qara xəbəri (Muradquludan üzr istəyirəm), şad xəbəri səliqə ilə kəsib iki qatlayaraq dəftərçəsinin arasına qoydu. (Hadisələri qabaqlayıb bildirməliyəm ki, sonralar Muradqulu həmin şəkilə sevdiyi adamın şəkli kimi baxır, ölən deputatı get-gedə doğrudan da sevir, diri qalanlara isə nifrəti artırdı).

Bir sözlə, deputatlıq ehtirasının üstünə benzin kimi calanan bu xəbərdən sonra Muradqulunun öləziyən ümidi yenidən alovlanmağa başladı: aha, maneənin biri aradan götürüldü! Parlament astanasına bir addım, cəmi bircə addım qaldı. Həmin on nəfərdən, daha doğrusu, yerdə qalan doqquz nəfərdən bircəciyi də ölsə, partiyanın sədri demişkən, Muradqulu sözsüz-kəlamsız olacaqdı millət vəkili. Bax o zaman qohum-əqraba da, dost-aşna da, lap elə tanış-biliş də ona həsəd aparacaq, ona möhtac olacaqdı. O da, istədiyinə əl uzadacaq, istəmədiyinin əlini kəsəcəkdi.

Düzdür, növbəti seçkilərədək bircə il qalır, amma bu bir il də Muradquluya görə bir igidin ömrüydü. Yaxın vaxtlarda bircə nəfər də ölsə, Muradqulunun işi düzələr.

Millət vəkillərindən biri durduğu yerdə öldüsə, biri yenə ölə bilməzmi? Əlbəttə, ölə bilər! Beləliklə, sədrin də, Muradqulunun da ehtimalları doğrular. Məntiqə qalanda, əgər ölüm varsa, biri ölən yerdə beşi də ölə bilər, on beşi də...

Muradqulu yerdə qalan millət vəkillərini tez-tez xəyalən nəzərdən keçirir, onların səhhətlərini, ümumi vəziyyətlərini mümkün qədər dəqiq xatırlayır, kiçik götür-qoydan sonra bir də görürdün o, deputatların içərisində bir-iki nəfər ölməyə namizəd yenə tapırdı: bax, filankəs, inanmıram ki, ili başa vura bilsin... Beş il yaşamaq, sözsüz ki, hər kişinin hünəri deyil...

Muradqulu yenidən alovlanan ümidlə, şaxə qalxmış ehtirasla gözləməli oldu. Günlər ötdü, aylar keçdi, il başa çatdı, fəqət yerdə qalan millət vəkillərindən ölən-itən olmadı. Muradqulu da beləcə parlamentin bir addımlığında, cəmi bircə addımlığında qaldı... Arada qalan bir addım, yəni bir adam aradan götürülmədi ki, Muradqulu da bir illiyinə, heç olmazsa, bir aylığına, lap elə bir günlüyünə millət vəkili olsun.

Ölümsüz-itimsiz (bir nəfəri nəzərə almasaq) keçən beş il barədə ürək ağrısı ilə düşünən Muradqulu özünə təsəlli verərək xəyalında təkrarlayırdı: "Yağmadı yağış, bitmədi qamış!"

Növbəti seçkilər ərəfəsində Muradqulu müxtəlif partiyaların tərkibi ilə maraqlanır, qərargahları bitdə-bitdə gəzirdi. Harada naçaq-xəstə, qoca-qoltaq varsa, bu dəfə öz namizədliyini oradan vermək niyyətində idi.

Siyahı ilə keçə bilməsə, yenə qoca-qoltağa, ölüb-itənə bel bağlamalı, ümid bəsləməli olacaqdı.

Keçən beşillik yağmursuz oldu. Bəlkə bu beş illikdə yağdı yağış, bitdi qamış.

 





27.01.2020    çap et  çap et