525.Az

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Avropa Məktəbinə növbəti qəbul elan edib


 

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Avropa Məktəbinə növbəti qəbul elan edib<b style="color:red"></b>

Azərbaycandan olan 16 və 17 yaşlı şagirdlər Şərq Tərəfdaşlığı Avropa Məktəbində Avropa və Avropa İttifaqı (Aİ) haqqında biliklərini artıra və “Beynəlxalq bakalavr” (IB) dərəcəli orta təhsil haqqında diplom ala biləcəklər.

“Report” xəbər verir ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv altı ölkədə yaxşı qiymətlərlə təhsil alan 35 şagird müsabiqə yolu ilə seçiləcək. Ərizələr 2020-ci ilin martın 14-dək təqdim edilməlidir.

Sözügedən təqaüd proqramı Aİ tərəfindən maliyyələşdirilir və Gürcüstanın Tbilisi şəhərində yerləşən “Yeni məktəb”də 2020-2021 tədris ilindən başlayaraq iki illik tədris kursunu əhatə edir. Bu unikal diplom proqramı Avropa məktəblərinin təhsil sistemindən ilhamlanan ixtisaslaşmış tədris ilə nəzəri bacarıqları birləşdirir.

Seçilən tələbələr çoxdilli və çoxmədəniyyətli mühitdə keçirilən dərslərdə iştirak edərək Avropa və Avropa İttifaqı haqqında təsəvvürlərini artırmaqla yanaşı, Avropa dilləri, ədəbiyyatı və tarixi haqqında biliklərini dərinləşdirə biləcəklər. Tələbələrin dərslərdən kənar zəngin proqram çərçivəsində baş tutacaq Aİ ilə bağlı mövzuları əhatə edən yüksək səviyyəli konfranslarda iştirak etmək imkanları olacaq. Onlar məktəbi Avropaşünaslıq ixtisası üzrə beynəlxalq bakalavr dərəcəli diplomla bitirəcəklər.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi Aİ və onun altı tərəfdaş ölkəsinin birgə səyləri nəticəsində yaradılıb. O, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna gəncləri üçün yeni təhsil və regionlararası mübadilə imkanları yaradır.

Ərizələr 2020-ci il 14 mart saat 12:00-a qədər www.eapeuropeanschool.eu internet səhifəsi vasitəsilə təqdim edilməlidir. Seçim prosesində ilkin mərhələdə seçilmiş namizədlər üçün yazılı testlər və müsahibələr nəzərdə tutulub. 2020-2021-ci tədris illəri üzrə təqaüd alan tələbələrin siyahısı 2020-ci il may ayının ikinci yarısında açıqlanacaq.

 





28.01.2020    çap et  çap et