525.Az

Qədim Kiş kəndi seçkilərə hazırdır - Fotolar


 

Qədim Kiş kəndi seçkilərə hazırdır - <b style="color:red"> Fotolar</b>

Təbiətin ən füsunkar guşəsində, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Kiş kəndi turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Xüsusilə həftə sonları kəndin daş döşənmiş yolları ilə turistlərin dəstə-dəstə axışması burada adi hal sayılır. Qədim Kiş Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına çox böyük töhfələr vermiş məşhur insanların yurdudur. Bu kəndin hər daşında, hər döngəsində bir tarix yaşayır. Sakinləri də qonaqpərvərliyi, açıq ürəkliliyi və səmimiyyəti ilə seçilirlər. Bu gün də Kiş kəndində xüsusi canlanma vardı. Əhali kəndin mərkəzinə axışırdı. Bu günkü qonaq Kişlilərin çox yaxşı tanıdığı və dərin rəğbət bəslədiyi Cavanşir Feyziyevdir.

Modern.az xəbər verir ki, deputatlığa namizəd Cavanşir Feyziyev özü də etiraf edir ki, son 10 ildə seçki dairəsi ərazisində ən çox ziyarət etdiyi yaşayış məntəqəsi məhz Kİş kəndi olub. Cavanşir Feyziyevin seçki təşviqatı ilə bağlı tədbirə qatılanların simalarında təmənnasız bir səmimiyyət və rəğbət hiss olunurdu. Görüşü Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Kiş kəndinin seçilib -sayılan ziyalı alimi, şair Vaqif Aslan açdı. Keçən illər ərzində Cavanşir Feyziyevin Kiş kəndinə səfərlərindən, Kİş əhalisi ilə müntəzəm əlaqəsindən söz açan şair Vaqif Aslan görüşə gələn kənd sakinlərinin həvəslə seçkilərdə iştirak edəcəyini və növbəti seçkilərdə də məhz Cavanşir Feyziyevi dəstəkləyəcəyini əminliklə vurğuladı. Çıxış edənlər son 10 il ərzində Cavanşir Feyziyevlə mütəmadi əlaqədə olduqlarını, kəndin sosial problemləri ilə bağlı qaldırılan məsələlərə deputat tərəfindən xüsusi diqqət göstərildiyini qeyd edərək, qarşıdan gələn parlament seçkilərində növbəti dəfə ona etimad göstərəcəklərini qeyd edirdilər.

Seçicilər qarşısında çıxış edən Cavanşir Feyziyev Kiş kəndində aparılan təmir-bərpa işlərindən danışaraq kəndin daha böyük turizm potensialına malik olduğunu və bunun üçün Şəki turizm idarəsi və Dövlət turizm agentliyi tərəfindən müvafiq layihə hazırlıq işlərinin aparıldığını bildirdi. Kiş kəndinin məktəblərində təhsil prosesinin yüksək səviyyədə həyata keçirildiyini və nəticədə hər il rekord sayda abituriyentlərin ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunduğunu bildirən deputatlığa namizəd Kiş müəllimlərinə xüsusi minnətdarlığını bildirdi. Görüşdə iştirak edən seçicilər keçən iki çağırış müddətində Cavanşir Feyziyevin fəaliyyətindən razı qaldıqlarını və yenidən onları Milli Məclisdə təmsil etmək üçün parlament seçkilərində məhz ona səs verəcəklərini bildirdilər. 3 saat ərzində qarşılıqlı etimad və səmimiyyət şəraitində keçən görüş seçicilərin böyük ruh yüksəkliyi və alqış sədaları ilə başa çatdı.

 

Seçicilərlə növbəti görüş günün ikinci yarısında Şəkinin Qışlaq məhəlləsində baş tutdu. Böyük həvəslə görüşə qatılmış Şəki sakinləri öz millət vəkillərini hərarətli alqışlarla salamladılar. Çıxış edənlər keçən dövr ərzində Cavanşir Feyziyevin millət vəkili kimi fəaliyyətindən razı qaldıqlarını və ona yenidən etimad göstərəcəklərini bildirdilər.


Deputatlığa namizəd Cavanşir Feyziyev ölkəmizdə aparılan quruculuq işlərindən, ardıcıl olaraq həyata keçirilən islahatlardan və eləcə də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsindən danışdı. Görüşün sonunda seçicilərin suallarını cavablandıran Cavanşir Feyziyev onun fəaliyyətinə verdikləri yüksək qiymətə görə Qışlaq sakinlərinə minnətdarlığını bildirdi, növbəti dəfə Milli Məclisə üzv seçiləcəyi halda onların etimadını doğrultmağa çalışacağını vəd etdi.

Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə görüşləri 115 saylı seçki dairəsinin digər yaşayış məntəqələrində də davam etdiriləcək.

 

 





28.01.2020    çap et  çap et