525.Az

İkinci Dünya müharibəsi - Telman Orucov yazır


 

İkinci Dünya müharibəsi - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Onun gələcək ağır cinayətləri ilə yanaşı, Almaniyanı yenidən inkişaf yoluna qoymaqda, buna həsr olunan metodlar nəzərə alınmaqla yanaşı, meydana gələn nəticəni inkar etmək olmaz. Qeyri-adi ambisiyalara malik olan bu insan dünya ağalığı iddiasına düşdükdə, öz ölkəsini və Yer üzünü fəlakətə sürüklədi və ədalətin zəfəri kimi özü də milyonlarla yanaşı, bu fəlakətin qurbanı oldu. Dünyaya bəla, şər gətirən, Holokost kimi vəhşiliyi tətbiq edən bir adam cəhənnəm odunda yanmalı idi. Belə də oldu, özünü intihar etdi və onun cəsədi yandırıldı.

Çoxları güman edirdi ki, Birinci Dünya müharibəsinin dəhşətlərindən, ağır itkilərindən sonra bir də belə çox sayda dövlətlərin iştirak etdiyi müharibənin başlanmasına yol verilməyəcəkdir. Lakin bu ümidlər puç oldu.

1938-ci ilin martında Almaniya Avstriya faşistlərinə yardım məqsədilə, onun ərazisini işğal edib, müstəqil ölkəni anneksiya etdi və bunu anşlyus adlandırdı. Hitler öz doğma vətənini, füreri olduğu Almaniyaya birləşdirməyə nail oldu. Revanşizm hissi ilə alışmış Almaniya və militarizm yolunu seçən Yaponiya bir-birinin ardınca dünya müharibəsinin tonqalını alovlandırdı. Almaniya 1939-cu ilin 1 sentyabrında Polşaya hücum edib, onu iki həftə ərzində işğal etdi. Polyaklar öz torpaqlarının müdafiəsinə hazır deyildi, alman tanklarına qılıncla silahlanmış süvarilər hücum edirdi. Belə vəziyyətdə məğlubiyyət qaçılmaz idi.

Avropa dövlətləri Hitleri sakitləşdirmək cəhdləri etsələr də, bu diplomatik manevrlər fayda verməmişdi. 1938-ci ilin sentyabrında Münhendə böyük Britaniya, Fransa, İtaliya və Almaniya rəhbərləri görüşdükdə, onlar Çexoslovakiyanın bir hissəsini, Sudetləri Hitlerin işğal etməsinə razılıq verdilər. Slovakiya Çexoslovakiyadan ayrılıb, 1939-cu ildə Almaniyanın mühafizəsi altında müstəqil dövlət qurdu. Böyük Britaniya baş naziri Nevil Çemberlen Münhendən qayıtdıqda, təyyarə meydanında əlindəki müqaviləin kopyasını göstərərək qürurla demişdi ki, ki, bu razılaşma "bütün dövrlər üçün sülhdür". 

İkinci Dünya müharibəsi 

1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya müdaxilə etməsi ilə İkinci Dünya müharibəsi başlandı. Müharibəyə hazır olmayan Böyük Britaniyanın Almaniyanı sakitləşdirmək planları da baş tutmadı və sentyabrın 3-də İngiltərə və Fransa, Polşaya müdaxiləsinə görə Almaniyaya müharibə elan etdi.

Lakin 1939-1940-cı illərin 9 ayı ərzində Qərb cəbhəsində müttəfiqlər elə bir hərəkət etmədiyindən Almaniya, Qərbi Avropa dövlətlərinə qarşı təcavüzə daha yaxşı hazırlaşmaq imkanı qazandı. Bu 9 aylıq fasilə dövrü "qəribə müharibə" kimi tanındı.

1940-cı ilin 10 mayında Nevil Çembermen vəzifəsindən istefa verdi və Birinci Dünya müharibəsinin uğursuz iştirakçısı, Qalliopolidəki ingilislərin biabırçı məğlubiyyətinə görə döyüşün əsas təşəbbüsçüsü, Hərbi-dəniz Admirallığının rəisi kimi, o, istefaya getmişdi, Uinston Çörçill baş nazir təyin edildi. O, üzv olduğu İcmalar Palatasında alman nasistlərinin təhlükəsi barədə dəfələrlə həyəcan təbili çalmış, hökumətin hərbi cəhətdən ölkənin müdafiəsinə fikir vermədiyini kəskin tənqid etmişdi. Çörçill inanırdı ki, nasistlərlə heç bir kompromis ola bilməz.

13 may 1940-cı ildə İcmalar Palatasındakı çıxışında Çörçill baş nazir kimi heç bir vəd vermədi, əvəzində dedi: "Mənim sizə təklif edəcəyim şeylər - qan, ağır zəhmət, göz yaşları və tər tökməkdir". O bildirdi ki, müharibə qələbə sonluğuna qədər davam edəcəkdir. Başa düşürdü ki, qabaqda arzu olunmayan məğlubiyyətlər də baş verəcəkdir. Lakin adalarda son ingilis qalana qədər quruda, suda, havada vuruşacaqlarını, axırda qələbə çalacaqlarını bəyan etdi.

Kral ailəsində Hitlerə pərəstiş edənlərin olmasına baxmayaraq, Çörçill ümid qığılcımını yandırmaqla ingilis xalqını amansız mübarizəyə qaldırmağa nail oldu. Alman bombardmanları mülki əhaliyə itki verir, Londonu dağıntılara məruz qoyurdu, lakin ümidsizlik hissi, mübarizənin əbəs olması fikri şəhər sakinlərini bütünlüklə tərk etmişdi.

Çörçillin nikbinliyi, Hitler ordusunun 22 iyun 1941-ci ildə SSRİ-yə hücumu, uzun müddət onun nifrət etdiyi bolşevik rejiminin müharibəyə qoşulması ilə xeyli artdı. Bu vaxtadək Hitler Almaniyasına qarşı yeganə vuruşan dövlət Böyük Britaniya idi. Çörçill ləngimədən SSRİ ilə həmrəyliyini bildirdi.

Hitlerin SSRİ-yə hücum edib, onun ərazisini işğal etmək barədəki "Barbarossa" planı bu ölkənin nəhəng əraziyə, resurslara və əhaliyə malik olduğunu nəzərə almamışdı. Hitler də Napoleon kimi Rusiyanı asanlıqla əldə ediləcək bir ov hesab edirdi, lakin nəticə onların hər ikisi üçün əsl faciəyə çevrildi.

1941-ci il dekabrın 7-də Yaponiya ABŞ-ın Sakit okean dənanmasının Havay  adalarındakı dayaq bazasına hava hücumu edib, donanmanın böyük hissəsini məhv etdi. 2,3 min nəfər insan həlak oldu. Prezident F.D.Ruzvelt bunu ABŞ tarixində ən biabırçı gün adlandırdı və Konqressin Yaponiyaya müharibə elan etməsi ilə Amerika da Dünya müharibəsinin iştirakçısına çevrildi. Antialman və antiyapon cəbhəsi xeyli möhkəmləndi. Almaniya, Yaponiya, İtaliyanın təşkil etdiyi Ox İttifaqına qarşı ABŞ, SSRİ və Böyük Britaniyadan ibarət Müttəfiqlər Birliyi yarandı. Onsuz da, ABŞ ilk dövrlərdə də vuruşan Britaniyaya və SSRİ-yə hər cür hərbi və maddi yardım göstərmişdi.

Yaponlar ilk aylarda Sakit Okean və Asiya müharibə cəbhələrində döyüşən amerikan qoşunlarına ağır zərbələr vururdu. Lakin 1942-ci ilin iyunun əvvəlində Miduey atollu yanındakı vuruşlarda ABŞ Yaponiyanın 4 təyyarədaşıyan gəmisini sıradan çıxardı, özü isə 1 təyyarədaşıyan gəmisini itirdi. Əməliyyata komandanlıq edən admiral Yamaquçi göyərtəsində olduğu flaqman gəmisi ilə birlikdə məhv edilmişdi. Amerikanlar düşmən üzərində taktiki qələbə çaldı. Sakit okean müharibə teatrında amerikanların xeyrinə dönüş əmələ gəldi.

Məşhur yapon admiralı Yamomotonun, o, 1943-cü ildə amerikanlar tərəfindən təyyarədə uçarkən məhv edilmişdi, yalnız altı ay ərzində ABŞ qüvvələri üzərində üstünlüyə malik olacağıq, sonra isə bu üstünlüyün bütünlüklə itiriləcəyi barədə proqnozu tamamilə düz çıxdı. Axı Amerikanın iqtisadi qüdrəti o qədər böyük idi ki, Yaponiya onunla müqayisəyə girə bilməzdi. Militarist Yaponiyası bir çox mühüm məhsullar üzrə öz tələbatını ödəmək qabiliyyətində deyildi.

1942-ci ilin noyabrında ingilislərin "Torch" ("Məşəl") əməliyyatı nəticəsində Şimali Afrikada, əl-Alameyndə ingilis sərkərdəsi Montqomeri italyan-alman qoşunlarını darmadağın etdi. Bundan 3 ay sonra, 1943-cü ilin 2 fevralında alman ordusu Stalinqrad döyüşündə ağır məğlubiyyətə düçar oldu, 300 minə qədər əsgərini, feldmarşal Paulyus da daxil olmaqla əsir götürülənlərlə birlikdə itirdi. Bunlar alman ordularına qarşı müharibədə dönüş nöqtəsi oldu. 1943-cü ilin iyununda Proxorovka nəhəng tank döyüşündə almanlar məğlub oldular, bu Hitler ordusunun qışdan fərqli mövsümdə, yazda ilk böyük məğlubiyyəti idi. Artıq nə almanlar, nə də yaponlar döyüş meydanında hansısa bir qələbə  qazana bilmirdilər. Hitlerin "blitskriq" - "ildırım sürətli" müharibə barədə planı alt-üst olmuşdu, almanlar artıq mövqeləri təhvil verməklə, işğal etdikləri əraziləri tərk etməklə geri çəkilməyə məcbur olurdular. Müttəfiq orduları quruda, suda və havada düşmənə qarşı tam üstünlüyə malik olmuşdu. Üfüqdə artıq müttəfiqlərin qəti qələbəsi görünürdü.

1944-cü ilin 6 iyununda nəhəng desant qaydasında, onda 5 min gəmi iştirak etmişdi, amerikanların və ingilislərin Normandiyaya uğurlu müdaxiləsi baş vermişdi. "D-day" adlanan bu əməliyyat nəticəsində almanlar qərb cəbhəsində də ağır döyüşə cəlb edilmişdi. Şərq cəbhəsində isə almanlar geri çəkilməkdə davam edirdi, sovet qoşunları SSRİ sərhədini keçməyə müvəffəq olmuşdu, alman ordusu üzərində tam və qəti qələbənin çalınmasına artıq aylar qalırdı və 8 may 1945-ci ildə Almaniya qeyd-şərtsiz məğlub olması barədəki sənədi imzaladı.

ABŞ 1945-ci ilin 6 və 9 avqustunda inadkarlıqla vuruşan yaponların müqavimətini qırmaq üçün Hirosima və Naqasakiyə atom bombaları atdı. Avqustun 15-də Yaponiya imperatoru Hirohito orduya və xalqa müraciət edərək, Yaponiyanı və xalqı qoruyub saxlamaq naminə qeyd-şərtsiz məğlubiyyətlə razılaşmağın qaçılmaz olduğunu bildirdi. Yaponların bir hissəsi bundan çox mütəəssir olsa da, bir sıra generallar və zabitlər məğlub olmaqdansa, özləri üçün seppukunu - yapon qaydasında intihar etmək yolunu seçdilər, lakin bütünlükdə ordu imperatorun çağırışına əməl edib, öz silahlarını amerikanlara təhvil verdi. 2 sentyabr 1945-ci ildə ABŞ-ın "Missuri" hərbi gəmisində Yaponiyanın xarici işlər naziri ABŞ generalı Duqlas Makarturun və digər müttəfiq dövlətlərin hərbi nümayəndələrinin iştirakı ilə qeyd-şərtsiz təslim aktını imzaladı.

72 ölkənin iştirak etdiyi İkinci Dünya müharibəsi 6 il davam etdikdən sonra başa çatdı. Döyüşlərə 110 milyon adam səfərbərliyə alınmış, 50 milyon adam həlak olmuşdu, bunun da 27 milyonu SSRİ-nin payına düşürdü. İkinci daha çox itki verən isə Çin idi. SSRİ, Şərqi Avropada faşizmdən azad etdiyi ərazilərdə sosialist ölkələri blokunun, bufer dövlətlərin yaranması ilə Avropada öz mövqeyini xeyli möhkəmləndirdi. Əgər müharibədən əvvəl yeganə sosialist ölkəsi olan SSRİ mövcud idisə, müharibədən sonra onun sərhədlərində ona dost olan sosialist ölkələri meydana gəldi. 1949-cü ilin oktyabrında Çində hakimiyyət Qızıl Ordunun Qomindan üzərində çaldığı qələbə hesabına kommunistlərin əlinə keçdi. Millətçi dövlətin rəhbəri Çan Kay-şi materikdən qaçıb, Tayvanda sığınacaq tapdı. Mao Tszedunun başçılıq etdiyi Çin hökuməti sosializm cəbhəsinin daha da möhkəmlənməsinə şərait yaratdı.

İkinci Dünya müharibəsi motorlar müharibəsinə çevrildi, döyüşlərin taleyini tanklar, hərbi aviasiya və hərbi-dəniz donanmaları həll edirdi. Müharibə hələ başa çatmamış, 1945-ci ilin iyulunda ABŞ atom bombasına malik oldu, bu görünməmiş nüvə silahı həmin ilin avqustunda Yaponiyanın Hirosima və Naqasaki şəhərlərini viran qoydu, yüz minlərlə dinc əhali tələf oldu. Bundan sonra iri dövlətlər arasında nüvə silahına sahib olmaq üstündə rəqabət başlandı.  

Qaliblər Avropanı yenidən bölüşdürür 

1945-ci ilin əvvəlində və yayında Yaltada və Potsdamda keçirilən konfranslar, onlarda ABŞ, Böyük Britaniya və SSRİ rəhbərləri iştirak edirdi, Avropanın yenidən bölüşdürülməsini müzakirə etdi və bu ideyanı reallaşdırdı. İlk parçalanan ölkə Almaniyanın özü oldu, onun ərazisi Fransa da daxil olmaqla 4 qalib dövlət arasında bölmələrə bölündü, sonralar Qərb dövlətlərinə məxsus olan ərazilər birləşib Almaniya Federativ Respublikasını əmələ gətirdi. Şərqdə isə, SSRİ-yə məxsus olan ərazi bölməsində Almaniya Demokratik Respublikası meydana gəldi. Paytaxt Berlin də onların arasında qərb və şərq hissələrinə bölündü.

Yaponiya Saxalin yarımadasının cənub hissəsi və Kuril adaları istisna olmaqla, öz ərazi bütövlüyünü saxladı. Yaponiya militarizmdən uzaqlaşmağa məcbur edildi, hətta ona ordu saxlamağa icazə verilmədi, burada dövlət quruluşu da yeni yaranan konstitusiyaya müvafiq olaraq dəyişdirildi, demokratik respublika quruldu. Köhnədən yalnız imperator Hirohitonun tituluna toxunulmadı, onun ölkənin simvolu və xalqı birləşdirən varlıq olması saxlanıldı, lakin allah nənşəyinə malik olduğu ləğv edildi. 1945-1951-ci illər arasında hökumətin başçısı vəzifəsini ABŞ generalı Duqlas Makartur icra etdi.

(Ardı var)

 





28.01.2020    çap et  çap et