525.Az

Koronavirusun yayıldığı Çində təhsil alan həmyerlimizdən mediaya müraciət


 

Koronavirusun yayıldığı Çində təhsil alan həmyerlimizdən mediaya müraciət <b style="color:red"></b>

Ölümcül koronavirusun yayıldığı Çinin Nanjing Kənd Təsərrüfatı Universitetində təhsil alan həmyerlimiz Nigar Süleymanlı mediaya müraciət edib.

Teleqraf.com xəbər verir ki, Çində vəziyyətin yaxşı olmadığını bildirən tələbə fakta əsaslanmayan məlumatları dərc etməməsi üçün KİV-ə çağırış edib:

“Sizdən xahiş edirik, xəbər yayarkən sadəcə öz maraqlarınızı güdməyin, başlıqlara və verdiyiniz yarımçıq, heç bir fakta əsaslanmayan məlumatlara fikir verin. Bəli, hazırda Çində vəziyyət yaxşı deyil, lakin məlumat yayarkən bizi də düşünün. Siz pul, reklam düşünərkən, biz canımızı düşünürük.

Sizin yaydığınız xəbərləri bizim ailə üzvlərimiz oxuyur və dərhal bizə yazır, zəng edir, ağlayıb təkidlə Bakıya qayıtmağımızı istəyirlər. Nəzərə alın ki, Çində yüzlərlə azərbaycanlı var və çoxu tələbədir. Aramızda valideyni xərçəng xəstəsi olan da var. Təsəvvür edin, sizin xəbərlərinizi oxuyarkən vəziyyətləri necə olur”.

Nigar Süleymanlı qeyd edib ki, Çində baş verənlərə baxmayaraq möhkəm və təmkinlidirlər: “Valideynlərimizi də sakitləşdirməyə çalışırıq”.

O, dezinformasiyalarla yanaşı sosial şəbəkələrdə yazılan əsassız rəylərə də etiraz edib: “Evində rahat oturub sosial şəbəkələrdə bizi təhqir edən, yandırmağa hazır olan, “yaxşı olub, nəyə getmişdiniz Çinə, yarasa supu içməyə getmişdiniz, bura gəlməyin, virusu gətirməyin, qalın orda” fikirlər kimi yazan cahillər var. Biz yarasa supu yemədik, amma səhərə kimi yatmayıb dolma bükdük ki, festivallarda ölkəmizi layiqincə təmsil edək, əlimizdə vəsaitlər olmasa da, min yola əl atıb ölkəmizi, mədəniyyətimizi təqdim etdik, ermənilərin olduğu festivallarda səhnəyə çıxıb “Sarı gəlin”in sədaları altında rəqs etdik.

Ölkəmizi hər zaman layiqincə təmsil etməyə çalışırıq. Şərh yazarkən əlinizi vicdanınıza qoyun, bizi öz yerinizdə bilin. Virusu Bakıya gətirəcəyimizdən narahat olduğunuzu daha səviyyəli formada bildirə bilərsiniz, heç kimi təhqir etmədən...

Məlumatınız olsun ki, heç birimiz virusa yoluxmamışıq, yaxşıyıq. Ölkəmizi, millətimizi sizdən çox düşünürük, düşünməsək, artıq Bakıda olardıq. Bu, bizə sınaqdır, yaxşı, yaxud pis keçəcəyik.

Günlərdir Bakıdan yazıb maraqlanan, narahat olan dostlar, hər birinizə ayrılıqda təşəkkür edirəm, dəstəyiniz üçün çox sağ olun, var olun!”

 





29.01.2020    çap et  çap et