525.Az

Namizədlərin seçki şüarları nədən xəbər verir? - Şərh


 

Namizədlərin seçki şüarları nədən xəbər verir? - <b style="color:red">Şərh</b>

Seçkilər siyasi prosesin ən ictimailəşmiş mərhələsidir - desək, yanılmış olmarıq. Məhz bu səbəbdən mövcud mərhələ özünə maksimum ictimai diqqət cəlb edir.
 
Sözügedən mərhələ, eyni zamanda, saysız-hesabsız mülahizə və şərhlərlə müşahidə olunur. Burada cəmiyyətin diqqətini cəlb etmək məqsədilə süni yaradılan qalmaqallara da təbii hal kimi yanaşmaq lazımdır. Seçkiqabağı kampaniyalar politoloq, jurnalist və siyasi şərhçilər üçün də geniş imkanlar yaradır. Mövcud istiqamətdəki beynəlxalq təcrübəyə müraciət etsək deyə bilərik ki, əksər hallarda seçki kampaniyaları bilavasitə şou janrının prinsip və qaydalarına uyğun həyata keçirilir.

Həmin mərhələnin digər önəmli xüsusiyyəti də var. Belə ki, demokratik quruluş və söz azadlığı prinsiplərinə "sığınan" bəzi müxalifətçilər ictimai qalmaqal və sosial narazılıq yaratmaq niyyəti ilə siyasi münasibətlərin mövcud mərhələsini qaydasız və prinsipsiz döyüşə çevirmək arzusundadılar. Əlbəttə, konstruktivizmdən, ideya və kadr potensialından məhrum olan müxalifət üçün öz məqsədlərinə nail olmaqda emosional təzyiq yeganə ümid və alətə çevrilir. Ona görə də seçkiqabağı kampaniyalar bütün mövcud pozitiv potensialların nümayişi üçün ən ideal və əsası, leqal vasitə olduğu halda destruktiv qüvvələr həmin mərhələni gurultulu qalmaqalların yaradılması naminə istifadə edirlər. Seçki prosesinin qeyd olunan xüsusiyyətini ictimaiyyət mütləq nəzərə almalıdır. Söz və ideya çatmayanda, təkrarçılıq qabarıq şəkildə müşahidə olunduqda, habelə sosial etibarlılıq kreditləri tükənəndə emosional təzyiq və qışqırtı müxalifət üçün əsas siyasi alətə çevrilir.

Hələ tələbəlik dövründən eşidirdim ki, əgər hadisələrə düzgün qiymət vermək istəyiniz varsa, o halda sətirarası qeydlərə və "danışan rəmzlərə" xüsusi diqqət yetirmək lazımdır. Mövcud kontekstdə məhz bəzi namizədlərin seçkiqabağı şüarlarına diqqətinizi cəlb etmək istərdim.

Sevindirici haldır ki, seçki prosesinə gənclərimiz də fəal qoşulublar və onların sayı heç də az deyildir. Seçki prosesinin sadələşdirilməsi və sərbəst mühit gənclərdə özünəgüvən hissinin artmasına səbəb olub. Məhz bu səbəbdən sosial şəbəkələrdə də hiss olunacaq dərəcədə canlanma müşahidə edilir. Sosial şəbəkələri bir zaman tənqid edənlər belə bu gün onun imkanlarından istifadə edirlər. Virtual reallıq adlandırdığımız internet məkanı bu gün əslində, real həyatımızın məzmununu xeyli dərəcədə müəyyən edir. Əslində, reallıqla virtualıq arasında olan sərhəd artıq olduqca şərti məfhumdur. 

Bir sıra obyektiv amilləri nəzərə alsaq, müəyyən mənada təbiidir ki, sosial şəbəkələr çərçivəsində müşahidə olunan seçkiqabağı rəqabətdə gənclər daha böyük aktivliyi ilə seçilirlər. Qeyd olunan məsələ, eyni zamanda, Azərbaycanda siyasi münasibətlərin modernləşməsinin təkamül yolu ilə inkişaf etdiyinə işarədir.

Müşahidə etdiyim bir məqamı xüsusi olaraq vurğulamaq istərdim. Faiz etibarı ilə namizədlərin böyük əksəriyyəti öz seçkiqabağı kampaniyalarının əsas fikir və şüarı kimi məhz "yeniləşək" ifadəsini seçmişdir. Gözəl ifadədir, ancaq elə təsəvvür yaranır ki, guya 9 fevral tarixində hamı birdən öz şəxsi kompüterlərinə format etmə tapşırığını verəcək.

"Yeniləşək" kimi sosial-siyasi şüarda heç bir qəbahət yoxdur, əksinə, bu cür ifadələrin əsas təyinatı da bəllidir. Ancaq burada bizi düşünməyə məcbur edən başqa bir məsələ var. Paradoks ondadır ki, namizədlər öz yeniləşmə çağırışlarını müasir siyasi texnologiyaların nəzəriyyəsinə görə artıq keçmiş və köhnəlmiş sayılan üsul və metodlarla edirlər. Həmin o dedikləri yenilik artıq seçkiqabağı kampaniyalarında da özünü bildirməlidir. Yoxsa, yenilik yalnız millət vəkili kürsüsündə əyləşdikdən sonramı baş verir?

Sosial məsələlərlə manipulyasiya edən bəzi namizədlər əslində, siyasi spekulyasiya ilə məşğuldurlar. 2020-ci ildə müraciət olunan bu rəqabət üsulunu müasir siyasi texnologiyalar sırasına aid etmək mümkün deyil. Bəzi namizədlərimiz tərəfindən müraciət olunan metodlar daha çox 80-ci illərin sonları və 90-cı illərin əvvəllərində istifadə olunan siyasi üsulları xatırladır. "Yalnız mən söylədiklərim yaxşıdır" yanaşması ilə aparılan siyasi rəqabət təkcə rasionallıqdan məhrum deyildir, eyni zamanda, qərəzli və məhduddur.

Müəyyən namizədlər tərəfindən istifadə olunan siyasi ritorikaya diqqət yetirsək, ümumiyyətlə elə təsəvvürlər yarana bilər ki, bizim seçicilər də öz siyasi baxışlarında əslində, ötən əsrin səksəninci illərində qalıblar. Burada bazar iqtisadiyyatının tələb və təklif kimi qanunauyğunluq qaydalarını xatırlatmaq istəməzdim. Ancaq namizədlərin seçki kampaniyaları da müasirləşməlidir. Bu, müəyyən mənada müasir estradamızda yaşadıqlarımızı xatırladır, şou biznesdə yaşananları heç kəs bəyənmir və tənqid edir, ancaq buna baxmayaraq, yerli televiziya kanallarımızda göstərilən şou verilişlərə baxılır və onlar hətta böyük reytinqə malikdirlər.     

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyilə ölkəmizdə reallaşan sistemli islahatlar ictimai şüurlarda yeni müasir siyasi və peşə təfəkkürünün formalaşmasını tələb edir. Həmin vəzifələrin reallaşmasında daim ictimaiyyətlə təmasda olan və onları ali qanunverici orqanda - Milli Məclisdə təmsil edən millət vəkillərinin üzərinə taleyüklü missiya qoyur. Sözügedən sosial-siyasi məsuliyyət namizədlərimizin özlərinə qarşı tələbkarlığını artırmalıdır. Vəd verilən müasir və yeni yanaşmalar mütləq seçkiqabağı kampaniyalarda da öz əksini tapmalıdır.

 





29.01.2020    çap et  çap et