525.Az

Yeni məktəblər tikiləcək


 

TƏHSİL NAZİRİ CEYHUN BAYRAMOV: "VALİDEYNLƏRLƏ KEÇİRİLƏN GÖRÜŞLƏRDƏ MÜZAKİRƏ EDİLƏN MƏSƏLƏLƏRDƏN BİRİ DƏ MƏKTƏBLİLƏR ÜÇÜN AVTOBUSLARIN TƏŞKİL EDİLMƏSİ İLƏ BAĞLI OLUB"

Yeni məktəblər tikiləcək<b style="color:red"></b>

"Ötən il Azərbaycanda 100-dən artıq yeni məktəb binası tikilərək istifadəyə verilib".

Bunu Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyində keçirdiyi mətbuat konfransında deyib.

Nazir çıxışında ölkədə müşahidə olunan yüksək şagird sıxlığı məsələsinə də toxunub.

O qeyd edib ki, ölkədə 4500-ə yaxın məktəb var: "Məktəblərin 50 faizində şagird sayı 200 və ondan aşağıdır. Hər kəsə məlumdur ki, ölkədə əhalinin sayı hər il artır və orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır. Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur".

C.Bayramov əlavə edib ki, bu məsələ hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzində olub: "Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı var. Təbii ki, mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır".

Nazir bildirib ki, ötən il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib: "Qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədi, Sulutəpə, Xırdalan, Masazır və Saray qəsəbəsində ilk olaraq şagird sıxlığı həllini tapsın. Adıçəkilən ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək".

C.Bayramov əlavə edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: "Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq".

Nazir vurğulayıb ki, valideynlərlə keçirilən görüşlərdə müzakirə edilən məsələlərdən biri də məktəblilər üçün avtobusların təşkil edilməsi ilə bağlı olub. Onun sözlərinə görə, bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edilməyə başlanılıb: "Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu işlər aparır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səylərimiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".

Nazir deyib ki, hər bir məktəb valideynlərlə birgə uyğun məktəbli formasını müəyyən edərək seçə bilər. Onun dediyinə görə, məktəblər üçün təsdiqlənmiş geyim formaları arasından hansısa birinin istifadə edilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq: "Məktəbli formaları ictimai rəyə təqdim olunan nümunələrdən biri də ola bilər".

Nazir qış aylarında qızlar üçün şalvar geyimindən istifadənin mümkün olub-olmadığına gəldikdə isə deyib ki, hazırda aparılan ictimai müzakirənin də məqsədi ilkin hazırlanmış forma layihələrinə rəyin verilməsidir: "Əminliklə deyə bilərəm ki, bizə daxil olan rəylər əsasında həmin layihələrdə dəyişiklik olacaq və yeni təkmilləşmiş variant müzakirəyə çıxarılacaq".

C.Bayramov vurğulayıb ki, hazırda ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsində məktəb daxilində məktəbli geyimlərinin vahid olması qeyd edilib: "Ancaq bütün ölkə üzrə məktəbli formalarının vahid olması ilə bağlı hər hansı standart, norma mövcud deyil. Məsələyə sırf qanunvericilik baxımından yanaşılsa, belə çıxır ki, hər məktəbin özü geyim müəyyənləşdirə bilər. Ancaq hər bir məktəb özü üçün məktəbli forması seçərkən müəyyən gigiyena normalarına əməl edilməli, standartlar gözlənilməlidir. Reallıqda buna o qədər də ciddi əməl edilmir. Vahid məktəbli formasının tətbiqi ilə bağlı əsas məsələ düzgün çərçivənin, rahat, keyfiyyətli, standartlara uyğun olan geyim formasının müəyyən edilməsidir. Ona görə də "Təhsil haqqında" qanuna 2018-ci ildə edilən dəyişikliyə əsasən, dövlət məktəbli formalarının nümunələri təsdiq ediləcək və məktəblər də bu nümunələr sırasından seçim edə bilərlər. Təsdiq edilmiş dövlət nümunələri 3-5 növ ola bilər. Orada bütün tələblər qeyd edilir. Bunlar da, sözsüz ki, daha çox istehsalçılar üçündür. Onlar normalara ciddi əməl etməlidirlər".

C.Bayramov qeyd edib ki, ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb. Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.

Həmin dövrdə 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib: "Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib".

Nazir qeyd edib ki, müqavilələrinin müddəti sona çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: "Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək".

Təhsil naziri müəllimlərin sertifikasiyası ilə bağlı növbəti aylarda yeni qaydaların təsdiqlənəcəyini deyib.

Onun sözlərinə əsasən, qaydalar təsdiq edildikdən sonra bu ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlanılacaq: "Təbii ki, bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək".

Nazir bildirib ki, əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır: "Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq. Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq, onlara həmin səviyyələrə çatmaq üçün təkrar olaraq ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq".

Nazir əlavə edib ki, Təhsil Nazirliyi məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydaları Nazirlər Kabinetinə təqdim edib. Onun sözlərinə görə, yeni qaydaların qəbul edilməsi ilə fəaliyyətdə olan bir psixoloqun səyləri nəticəsində deyil, ümumilikdə, məktəb kollektivinin, rəhbərinin, sinif müəlliminin, müəllimlərin birgə fəaliyyətinin təşkili, psixoloji xidmətin daha yüksək keyfiyyətli təqdim edilməsi ilə nəticələnməsi deməkdir: "Təbii ki, bu, sadə proses deyil".

S.QARAYEVA

 





29.01.2020    çap et  çap et