525.Az

"Özünü keçmişi unutmağa məcbur edə bilməzsən" - Tanınmış psixoloqla müsahibə


 

"Özünü keçmişi unutmağa məcbur edə bilməzsən" - <b style="color:red">Tanınmış psixoloqla müsahibə</b>

Psixologiya Azərbaycan üçün o qədər də dərin köklərə malik olan sahə deyil. Hətta ölkəmizdə bu elmin daha çox son onilliklərdə inkişaf etdiyini desək, yəqin ki, yanılmarıq.

Buna baxmayaraq psixologiyaya olan həvəs və maraq konkert sahədə kifayət qədər bacarıqlı ixtisaslı kadrların yetişməsi ilə nəticələnib.

Onlardan biri olan Leyla Qasımlı sosial şəbəkələrdə, xüsusilə Youtube-dakı çıxışları ilə yüzlərlə insanın sevgisini qazanıb.

Maraqlıdır ki, o, buna necə olur? Ümumiyyətlə, bir psixoloq kimi Leyla xanımı digərlərindən fərqləndirən nədir? Bu və digər suallara cavab tapmaq üçün onunla həmsöhbət olduq:  

- Leyla xanım, gənc olmağınıza baxmayaraq, kifayət qədər tanınır və sevilirsiniz. Bu uğurunuzun sirri nədədir?

- Məncə, özüm olmaqda, səmimiliyimdə. Özümə "psixoloq" deməməkdə və daim özümü inkişaf etdirməkdə.

- Youtube sosial şəbəkəsindəki çıxışlarınızla daha da məşhurlaşdınız. Ümumiyyətlə, necə oldu ki, Youtube-da müxtəlif mövzularla çıxış etmək qərarına gəldiniz?

- Mən Xəzər Universitetinin psixologiya fakültəsində təhsil almışam. Bizə müxtəlif ölkələrdən, o cümlədən, Amerikadan olan mütəxəssislər dərs keçirdilər. Onların mühazirələri sayəsində tez bir zamanda başa düşdüm ki, bizim bildiyimiz psixologiya kodeksləri, o cümlədən, tempramentlər XIX əsrə aid terminlərdir. Yəni bu sahə bizdə o qədər də inkişaf etməyib. Odur ki, bir kanal açıb insanlara psixologiyanın nə olduğunu mümkün qədər sadə dillə izah etməyə başladım. Əvvəllər müəyyən müddət televiziya və radioda işləməyim mənim üçün üstünlük idi. Çünki kamera qarşısında sıxılmır, nitqimi sadə, təsirli və anlaşıqlı edə bilirdim. Bir sözlə, həyatımdakı hər şey məni Youtube kanalı açmağa sövq edirdi. Odur ki, həm də bir növ insanların həyatını asanlaşdırmaq məqsədilə Youtube sosial şəbəkəsində bir kanal açdım.  Təşəbbüsümün uğurlu alındığını düşünürəm.

- Sizin "Dinlə" seriyalı çıxışlarınız böyük maraqla qarşılanır. Heç özünüz sonradan onları dinləyirsinizmi?

- Düzü, yox. Mən gərgin anlarımda adətən sakit dayanmağa və düşdüyüm vəziyyəti dərk etməyə üstünlük verirəm. Bəzən elə bilirlər ki, pixoloq həmişə gülməli, şən olmalıdır. Hərçənd, psixoloq da insandır. Hamı kimi mənim də bəzən qışqırmağa, ağlamağa, eləcə də düşdüyüm vəziyyəti dərk etməyə ehtiyacım olur. "Dinlə"yə gəldikdə isə mən yaratmağı xoşlayıram, yaratdıqlarımı ideallaşdırmağı yox. Odur ki, sadəcə yaradır və faydalanmaları üçün insanlara təqdim edirəm.

- Qərbdə məşhur bir "Carpe diem", yəni "Anı yaşa" cərəyanı var. Sizin bu fikrə münasibətiniz necədir?

- İnsanlar çoxu bu prinsipi səhv baş düşərək elə bilirlər ki, anı yaşamaq üçün mütləq keçmişi unutmaq lazımdır. Əsla belə deyil. Özünü keçmişi unutmağa məcbur edə bilməzsən. Bu, nəyisə xalça altına gizlətməyə bənzəyir. Anı yaşamağın isə tərəfdarıyam. Bir şərtlə ki, bu prinsipi düzgün başa düşəsən. Anı yaşamaq əslində, fərqində olmaqdır. Yəni mən indi müsahibə verirəm və ətrafdan tamamilə tədric olunmuşam. Fikrim, demək olar, ancaq sizdədir.

- Bəziləri də gələcəyi həddindən çox düşünərək indiki situasiyanı unudurlar...

- Gələcəyi düşünmək insanın qayğılarının olduğunun göstəricidir. Və adətən bu qayğıların kökü keçmişə bağlıdır. Yəni sən səni keçmişdə narahat etmiş bir şey üçün gələcəyi düşünürsən. Əslində, gələcəyi düşünmək səni narahat edən problemlərin üzərinə getməkdir. Bu mənada gələcəyi düşünmək daha yaxşıdır, nəinki "Anı yaşayıram" bəhanəsilə problemlərdən qaçmaq.

- Leyla xanım, psixologiya fakültəsində tədris olunan nəzəriyyə ilə təcrübədə tətbiq olunanlar nə qədər üst-üstə düşür?

- Üst-üstə düşmür. Hətta o qədər üst-üstə düşmür ki, mən tez bir zamanda öz metodlarımı yaratmağa başladım. İndi də hər dəfə yeni üsullarda istifadə etməyə çalışıram.

- Bəs, bu, həmişə müsbət nəticə verir?

- Bəli. Çünki mərkəz insandır və terapiyanın növü insana uyğun olaraq müyyənləşir. Yəni mən hazır metodlardan yox, insana uyğun olan individual terapiyadan istifadə edirəm. Bir də ki, mən çox psixoloqdan fərqli olaraq vəziyyətə konkret diaqnoz qoymadan həll yolunu tapmağa çalışıram. Çünki diaqnoz qoyduğum andan etibarən pasientin daha da da gərginləşəcəyini başa düşürəm. Odur ki, əksinə, ən sadə yolu tapmağa çalışır və birbaşa həllə istiqamətlənirəm. Əslində, hər şey olduqca sadədir. Sadəcə insanlar bunu qəbul etmək istəmirlər.

- Sizcə, niyə?

- Çünki hər şeyin özləri üçün əlçatmaz olduğunu  istəyir və əziyyətə qatlaşmağa can atırlar. Mənə elə gəlir ki, biz əziyyət və zəhmət anlayışlarını qarışdırırıq.

- Necə düşünürsünüz, psixoloq olmaq üçün psixologiya ixtisasına yiyələnmək vacibdir?

- İnsanda ilk növbədə istedad olmalıdır. Psixologiya ixtisasına yiyələnənlərin üstünlüyü ondan ibarətdir ki, onlar həm də nəzəriyyəni bilirlər. Mən onun tərəfdarıyam ki, həm psixologiyanı sözün əsl mənasında oxuyasan, həm də müəyyən istedada sahib olub sonradan onu inkişaf etdirəsən.

- Müsahibələrinizin birində demisiniz ki, insan hansı tezliyə sahibdirsə, qarşısına da həmin tezliyə sahib insan çıxır. Bu məntiqlə yanaşanda demək olar ki, insan nəyə inanırsa, o da başına gəlir?

- Əslində, hə. Dərinliyə gedəndə belədir. Nəyə daxilən, həqiqətən inanırsansa, o da başına gəlir. Bir şərtlə ki, inandığını etiraf edəsən. Belə ki, bəzən insanlar inandıqlarını etiraf etməkdən çəkinirlər.

- Nəyəsə nail olmaq üçün sadəcə inanmaq kifayətdir?

- Bunun üçün sadəcə inanmaq kifayət etmir. Həm də hər şey üst-üstə düşməlidir. Yəni elə şeylər var ki, hansı vaxtda baş verməlidirsə, mütləq də o vaxt baş verir. Yetər ki, sənin həqiqətlə və ya hansısa ilahi hesab etdiyin qüvvə ilə əlaqən kəsilməsin.

- Demək olar, bütün çıxışlarınızda simanızda xoş bir təbəssüm olur. Ümumiyyətlə, sizə görə təbəssüm nə deməkdir?

- Təbəssümdən bir çox hallarda manipulyasiya məqsədilə istifadə edirlər. Ancaq şəxsən mən konkret andan zövq aldığım üçün gülürəm.

- İndi də təbəssüm edirsiniz...

- Bəli. Çünki bayaq da dediyim kimi, ətrafdan təcrid olunub, tamamilə müsahibəyə köklənmişəm və bu, mənə zövq verir. Adətən, insanlarla söhbətimin mövzusu mənə xoş gəldiyinə görə üzümdə də qeyri-iradi olaraq təbəssüm yaranır. Amma mən heç vaxt təbəssümdən qarşı tərəfə təsir etmək üçün istifadə etməmişəm.

Kənan NOVRUZOV

 





01.02.2020    çap et  çap et