525.Az

Unudulmaz görüş


 

(“Ürəyimdən kimlər keçdi” silsiləsindən)

Unudulmaz görüş<b style="color:red"></b>

Şəkildə: soldan Bəxtiyar Vahabzadə, Nazim Axundov,
Kamran Məmmədov və başqaları. Hacıkənd. 1949-cu il.

Bu günlərdə  şəxsi arxivimi araşdırarkən professor Nazim Axundovun 20 yanvar 1991-ci ildə mənim “Xallı gürzə” tarixi romanım barədə yazdığı məqalənin əlyazmasına rast gəldim. Yazını bir daha oxudum. Yaddaşımda Nazim müəllimin səsi canlandı, onun nurlu çöhrəsi, bəylik ədası xəyalımda cilvələndi. O vaxt çalışdığım “Yazıçı” nəşriyyatının 1989-cu ilin tematik planında 15 müəllif vərəqi həcmində kitabım plana salınmışdı. Lakin məlum 1988-ci il hadisələri bu kitabı çap etdirmək həvəsimi öldürdü. Mən Qarabağ xanlığının, Şuşa qalasının banisi Pənahəli xan Cavanşir haqqında roman yazmaq fikrinə düşdüm. Bu da təsadüfi deyildi. Mən hələ 1982-ci ildə Pənahəli xanın nəvəsi Ağabəyim ağa haqqında “Təbəssüm çiçəyi” adlı povest yazmışdım, lakin onun İran həyatını əks etdirən mənbələri əldə edə bilmədiyimdən bu əsəri çap etdirməyə tələsmirdim. Bu mövzu ətrafında işləyərkən Pənahəli xan haqqında da müəyyən məlumatlar əldə etmişdim. Nə isə, mən roman üzərində çox həvəslə işləməyə başladım. Baş verən ictimai-siyasi hadisələr də mənim bu işimə təkan verdi. 1990-cı ildə romanın böyük bir hissəsini yazıb, o zaman 45 min tirajla nəşr olunan “Karvan” jurnalına verdim. Əlyazmanı redaksiyanın bütün əməkdaşları – baş redaktor Oqtay Salamzadə, məsul katib Əmir Mustafayev, şair Ağasəfa, Dilarə Vəkilova, Mahmud Abbasov oxuyub, çap üçün qəbul etdilər. Romanın böyük bir hissəsi elə həmin il jurnalın 11–12-ci saylarında çap olundu. Mən bundan ruhlanıb, romanı bitirdim. Lakin tarixi mövzuda ilk qələm təcrübəm olduğundan çox nigarançılıq hissi keçirirdim. Nigarançılığıma son qoymaq üçün romanı Qarabağ xanlığının tarixini yaxşı bilən bir adama oxutmaq istəyirdim. Bu niyyətlə soraqlaşanda dostlar romanı professor Nazim Axundova oxutdurmağı məsləhət bildilər.

Doğrusu, mənim o vaxta qədər Nazim Axundovla tanışlığım yox idi. Amma mən onun mətbuatımızın tarixinə aid yazılarına yaxşı bələd idim. Onun “Molla Nəsrəddin” jurnalının nəşri tarixi”, “Azərbaycan satira jurnalları” kitablarını oxumuşdum.

Nazim Axundov Xankəndində  Dövlət İnstitutunda Azərbaycan dili və ədəbiyyatı  kafedrasının müdiri işlədiyi üçün Bakıda yaşamırdı. Mən romanımın əlyazmasını Nazim müəllimə göndərməyin yolunu aradığım bir gündə rəhmətlik Namiq Babayev (“Xarı-bülbül əfsanəsi”ni də “Azərbaycan təbiəti” jurnalında ilk dəfə bu istedadlı gənc alim yazıb çap etdirmişdi) “Yazıçı” nəşriyyatına, mənim müdir olduğum nəsr şöbəsinə gəlmişdi. Hal-əhvaldan sonra ondan xahiş etdim ki, romanımın əlyazmasını Şuşaya aparsın, əvvəl özü oxusun, sonra Nazim müəllimə mənim xahişimi yetirsin. Beləcə, Namiq Babayev əlyazmamı götürüb apardı. Bir müddət sonra zəng edib, məni romanın yaxşı yazılması münasibəti ilə təbrik etdi və əlyazmasını Nazim müəllimə verdiyini söylədi.

Nazim Axundov isə  romanı nəinki oxuyur, hətta institutda onunla birgə çalışan şair Ənvər Əhmədə, tarixçi-yazıçı Şahlar Həsənoğluna və başqalarına da oxutdurduqdan sonra müzakirəsini keçirir. Bununla da rahatlıq tapmayıb, əsərdən müəyyən parçaları müəllif haqqında kiçik bir tanıtdırma ilə “Şuşa” qəzetinə təqdim edir. O, şuşalı oxuculara məni belə təqdim eləmişdi: “Mustafa Çəmənli müasir Azərbaycan nasirlərindən biridir. Onun hekayə və povestləri oxucular tərəfindən rəğbətlə qarşılanır. Hazırda “Yazıçı” nəşriyyatında nəsr bölməsinə rəhbərlik edir.

Mustafa Çəmənli Pənahəli xanın həyat yolunu, Qarabağ xanlığının əsasını  qoymasını, Bayat, Şahbulaq və Şuşa qalalarını tikdirməsini, xarici və daxili düşmənlərə qarşı qalibiyyətli mübarizəsini əks etdirən “Xallı gürzə” romanını bitirmişdir. Romandan bəzi fəsilləri oxuculara təqdim edirik”.

Beləliklə,  “Şuşa” qəzetinin 1991-ci il 12 yanvar tarixli nömrəsindən başlayaraq romandan parçalar hissə-hissə dərc olunur. Bu ərəfədə mən çox narahat idim. Həm erməni separatçılarının üzündən, həm də qış fəsli olduğundan Şuşaya gediş-gəliş xeyli çətinləşmişdi. Ölkədə xaos hökm sürürdü. Mən romanın vaxtında nəşr olunmasını istəyirdim. Əsərin əlyazması isə Şuşada, Nazim müəllimdə qalmışdı. Mən çox çətinliklə onunla əlaqə yaradıb, əlyazmanı Bakıya – mənə göndərməsini xahiş elədim.

Bir neçə gündən sonra nəşriyyatın baş redaktoru Cəmil Əlibəyov daxili telefonla məni yanına çağırdı. Onun kabinetinə girəndə ağsaçlı, nurlu sifətli bir kişinin Cəmil müəllimlə üz-üzə oturub, söhbət etdiyini gördüm. O məni tanımırdı, mən isə onu kitabındakı şəklindən, bir də qarşısındakı qovluğumdan tanımışdım. Qəlbi təmiz Cəmil müəllimin üzü nurlanmışdı:

– Nazim müəllim, – dedi, – bayaqdan romanını təriflədiyin cavan oğlan budur.

Nazim müəllim qalxıb, mənimlə mehribancasına görüşdü:

– Təbrik edirəm! Cəmil müəllimə də demişəm, sənin romanın bu gün 100 min tirajla çap olunsa, satılar.

– Belə yüksək fikirdə olduğunuza görə sizə təşəkkür edirəm! – dedim.

O, əlyazmanı  və bir topa qəzeti mənə uzadaraq:

– “Şuşa” qəzeti 12 nömrəsində romanından fəsillər çap edib. Darıxdın, redaksiya istəyirdi ilboyu əsərini çap etsin, – dedi.

– Nazim müəllim, buna görə də təşəkkür edirəm. Görürsünüz də hadisələr necə cərəyan edir. İstəyirəm əsərim kitab halında çıxsın, qorxuram sonra gec ola.

– Doğrudur, – dedi, – romanın haqqında ürək sözlərimi də yazmışam. Xoşun gəlsə, çap etdirərsən.

– Çox məmnunam, – dedim. Sağollaşıb əlyazmamı götürmək istəyəndə Cəmil Əlibəyov gülə-gülə:

– Qoy qalsın, aparım oxuyum. Görüm nə yazmısan belə, Nazim müəllim bərk tərifləyir.

– Nə olar, Cəmil müəllim, çox şad olaram ki, bu əsəri siz də oxuyasınız, – dedim və qəzetləri, Nazim müəllimin məqaləsini götürüb çıxdım.

Bir həftədən sonra Cəmil müəllim əsərimi çapa imzaladı və “ürəyində daha bir şey qoymamısan qala, təbrik eləyirəm” deməyi də unutmadı.

1991-ci ilin mart ayında “Qızıl Şərq” mətbəəsinə göndərilən romanım, xeyli gec, 1992-ci ilin fevral ayının 17-də 30 min tirajla işıq üzü gördü. Mən Nazim müəllimin məqaləsini makinada yazdırıb, “Ədəbiyyat qəzeti”nə təqdim etdim. Nazim Axundovun romanım haqqında yazdığı “Tarixin yaddaşı – yazıçının romantikası” məqaləsi “Tarixi yaddaşın bərpası” adı ilə “Ədəbiyyat qəzeti”nin 6 mart 1992-ci il tarixli nömrəsində dərc olundu.

Nazim müəllimin roman haqqında yekun fikri o zaman bir gənc müəllif olaraq mənim üçün çox qiymətli idi. O yazırdı:

“Heç kəsə sirr deyil ki, tarixi həqiqəti üzə çıxarmaqda bədii ədəbiyyatın imkanı hər hansı sənədli tarixi əsərə və publisistikaya görə daha geniş, daha böyükdür. Bu baxımdan Mustafa Çəmənlinin “Xallı gürzə” romanı bir çox tarixi həqiqətləri dərk etməkdə oxucuya kömək göstərir. Böyük dövlətlərin “parçala, hökm sür” siyasəti xanlıqlar dövründə də Azərbaycanın birliyinə mane olmuşdur. Lakin müəllif bir ana xətt kimi bütün əsər boyu Azərbaycan birliyi ideyasını Pənahəli xanın və başqalarının səylərində qabarıq göstərməyə çalışmışdır.

Əsər rəngarəng həyat lövhələri, fərdi obrazlar aləmi ilə zəngindir. Birinci növbədə və doğru olaraq müəllif Pənahəli xanı və onu əhatə edən şəxsiyyətlərin səciyyəvi cəhətlərini açıb göstərməyə cəhd edir. Xanın böyük oğlu İbrahimxəlil ağanın hələ 15 yaşında ikən uzaq Əfqanıstan sərhədlərindən hərəkət edib, Qarabağda atası ilə qovuşması, sürgündə olan elatın vətənə köçürülməsi, xalqın öz rəhbərləri ətrafında sıx birləşməsi və əfsanəyə bənzər igidliklər təsirli, ibrətamiz səhifələrdə canlandırılır. Bu döyüşlərdə, igidlərin tərbiyəsində, şəhər və kəndlər salınmasında qadınlar kişilərdən geri qalmırlar.

Yeri gəlmişkən ustalıqla işlənmiş “Xallı gürzə” barədə  bir neçə kəlmə danışmaq istərdik. Bu, əsl bədii kəşfdir. “Xallı gürzə” Pənah xanı, Qarabağ xanlığını, bəlkə bütün Azərbaycanımızı əzəl gündən izləyən xəbis, qəddar bir niyyətdir, qara bir tale, iyrənc bir ruh, amansız bir alın yazısıdır. İndi bizim çağdaş Azərbaycan ictimaiyyətini sarsıdan hadisələrə “Xallı gürzə” əsəri ibrətamiz bir cavabdır. Roman bizi mənəvi yüksəkliyə, bütövlüyə, haqq işi uğrunda mübarizəyə səsləyir. Aydın olur ki, Xallı gürzə təzə məsələ deyil, o əlimizə qılınc aldığımız gündən bizi – Qazan xanımızı, Koroğlumuzu, Şah İsmayılımızı... izləmişdir. İndi ondan qorxub sarsılmaq, ruhdan düşmək olmaz. Ona sinə gərmək, babalarımız kimi layiqincə cavab vermək lazımdır.

Yazıçı Pənahəli xanın həyatındakı tarixi dəqiqliyə sadiq qalmaqla bərabər, eyni zamanda özünün inandırıcı fantaziyasının köməyi ilə, heç şübhəsiz, maraqlı əsər yazmışdır. Əminik ki, roman xalqımızın yaxın keçmişində və müasir həyatında onun bədxahlarını – xallı gürzələri tanımaqda oxuculara kömək göstərəcək”.

Professor Nazim Axundov çox işıqlı, xeyirxah şəxsiyyət idi. İlk tanışlıqdan sonra aramızda səmimi ünsiyyət yaranmışdı. O, “Yazıçı” nəşriyyatında iki cilddə çapa hazırlanan “Qarabağnamələr”in tərtibçisi, “Qarabağ salnamələri” kitabının müəllifi kimi nəşriyyatla müntəzəm əlaqə saxlayırdı və buna görə də tez-tez görüşürdük.

Bir dəfə eşitdim ki, xəstə yatır. Cərrah dostum Çingiz Baxşəliyevlə  onu yoluxmağa getdik. Yataqda olsa da, nikbin ruhdaydı. Çingiz ona bəzi məsləhətlər verdi. Gəlişimizdən çox məmnun olmuşdu. Bu mənim onunla son görüşüm idi.

Professor Nazim Fərrux oğlu Axundov 20 iyun 1924-cü ildə Şuşada anadan olmuşdu. 10 mart 1994-cü ildə isə Bakıda vəfat etdi. Allah ona rəhmət eləsin. Onun işıqlı xatirəsi həmişə mənimlədir.

 

 





18.11.2013    çap et  çap et