525.Az

"Vallah, bir ordunu qız dayandırar..." - Fikrət Qocanın şeirləri


 

"Vallah, bir ordunu qız dayandırar..." - <b style="color:red">Fikrət Qocanın şeirləri </b>

MƏN KİMƏM

Mən bir səyyaham ki, zaman atımdır,
Ürəyim sinəmdə yol saatımdır.
Dünyada olanlar ömrüm boyunca
Məndən keçib gedib, öz həyatımdır.

29.01.2020

***

Allaha uzanıb narazı əllər,
Hamı "mənim payım az oldu" deyir.
Yalnız ağlı Allah elə verib ki,
Heç kəs öz ağlından gileylənməyir.
Allaha şikayət etməzdən qabaq
Sən bir öz ağlına, öz elminə bax.

1995

VƏZİFƏ

Bir hambal tanıyırdım,
Yaxşı dolandırırdı uşağını, arvadını.
Heç kəsdən gizləməzdi iş yerinin adını.
İşdən sonra şux geyinərdi, şəhərə enərdi.
Tanış-bilişi ilə görüşərdi,
Söhbətləri düşərdi
şəhərdən, kənddən,
mütləq bir az da siyasətdən.
Ya da tapdalanan uzaq bir məmləkətdən.
Gah astadan danışardılar, gah da bərkdən.
Soruşan olanda sənətini
Laqeydliklə: "Vağzalda hambalam" - deyərdi.
Cavab söhbət yoldaşlarına
Sillə kimi dəyərdi.
Bir an susardı hamı,
sonra kiminsə lətifəsi yetərdi haraya,
başqa söz salardı araya...
Əslində, ən yüksək vəzifələr
vətən üçün hamballıqdı.
Ölkədə hər kəs işinin
hambalı olanda deməli, ölkədə halallıqdı.

1964-cü il

QARAYANIZ GÖZƏL QIZ

(zarafatyana)

Gözəllər gözəli qarayanızdır,
Gülər - çaylar çağlar, susar - dondurar.
Qaşı çatılanda demək payızdı,
Bircə təbəssümü bəxt oyandırar.

Dağdan şəlalə tək havaya qalxsa,
Dərədə bulaq tək rəqs edib axsa,
Eşqlə bir orduya "dur"! - deyib baxsa,
Vallah, bir ordunu qız dayandırar.

Bircə gülüşüylə buzu əridər,
"Qoynuma gəl" - desə daşı yeridər.
Bu qız əzrailə beşik yürüdər.
Od qoyur atamı mənim, yandırır.

Anamı görəndə susur danışmır.
Anam söz soruşur ağzını açmır.
"Gəl" - deyir - gəlməyir, get deyir qaçmır.
- Oğlum, bu qız səni necə qandırır?

Ana, demişdin ki, dilsiz qız olsun!
Köklü bir nəsildən bir quzu olsun!
Mən də tapşırmışam qız səssiz olsun.
Görürəm səni də tez inandırıb...

27.01.2020

 





04.02.2020    çap et  çap et