525.Az

Üç gün davam edən Qarabağ danışıqları: Cenevrə görüşünün hansı nəticələri ola bilər?


 

Üç gün davam edən Qarabağ danışıqları: <b style="color:red">Cenevrə görüşünün hansı nəticələri ola bilər?</b>

Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun iştirakı ilə  28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və və Zöhrab Mnatskanyanın görüşü olub.

Danışıqların ilk günü, yanvarın 28-də nazirlər Minsk qrupunu həmsədrləri ilə ayrı-ayrılıqda görüşüblər. 29-30 yanvar tarixlərində isə həmsədrlərin iştirakı ilə danışıqlar davam etdirilib. Müzakirələrin birinci raundu 7 saat davam edib. Tərəflər ilk dəfə olaraq danışıqları növbəti gün də davam etdiriblər. Azərbaycan XİN-in görüşün yekunu ilə bağlı yaydığı bəyanatda qeyd edilib ki, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar.

Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında Cenevrədə keçirilən danışıqlarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirak etdiyi görüşlərdə üç gün ərzində tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Görüşlərdə tərəflər arasında razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, sülhün əsasını təşkil edən prinsiplər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, XİN rəhbərləri həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə razılıq veriblər. Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutan görüşün konkret nəticəsindən danışmaq hələlik tezdir".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev görüşü şərh edərkən bildirib ki, görüşlə bağlı tərəflər daha geniş açıqlamalar verməlidirlər: "Danışıqlar çərçivəsində konkret təkliflər var. Bu təkliflər yenilənmiş Madrid prinsiplərindən irəli gəlir. Prinsiplərin fəlsəfəsi mərhələli şəkildə münaqişəni həll etməkdən ibarətdir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan ermənilər üçün sensasiyalı bəyanat verməyə çalışmışdı. Amma həmin bəyanatda heç bir yenilik yox idi. Yəni birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. O ki qaldı, indiki konkret addımlara, belə qənaətə gəlmək olar ki, Azərbacan və həmsədrlər işğalçı ölkədən ciddi adddımlar atmasını tələb edirlər. Çünki danışıqlar 25 ildən artıqdır ki, davam edir. Hər dəfə müəyyən bir mərhələyə çatırıq, amma nəticə yoxdur. Hazırda irəliləyişin olduğunu düşünmürəm. Sadəcə Ermənistana təzyiqləri müşahidə edirik. Ermənistan tərəfi bir-birinə zidd olan bəyanatlar verir. Təzyiqlərin mahiyyəti də ondan ibarətdir ki, Ermənistan tərəfi konkret təkliflərə öz münasibətini bildirməlidir".

2019-cu ildə cəbhədə nisbətən sabit şəraitin hökm sürdüyünü qeyd edən F.Şəfiyevin sözlərinə görə, bunu Azərbaycan tərəfi təmin edib: "Bizə deyirdilər ki, danışıqların olması üçün müsbət mühit yaranmalıdır. Biz də bunu təmin etmişik. Amma bu vəziyyət daimi davam edə bilməz. 2020-ci ildə münaqişənin həlli ilə bağlı konkret addımlar atılmasa, Azərbaycan hazırkı şəraitə dair mövqeyini dəyişdirməlidir. Çünki Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan əsgəri yerləşib. Biz onlar üçün şərait yaratmışıq ki, oradakı əhali nisbətən sabit şəraitdə yaşasın. Amma irəliləyiş olmayacaqsa, vəziyyət dəyişməlidir. Biz 2020-ci il üçün də müəyyən möhlət veririk, ancaq danışıqlar fayda verməsə, taktikamızı dəyişdirməliyik".

Politoloq Elxan Şahinoğlu isə deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri İsveçrədə görüşdülər. Məlum olub ki, həmsədrlərin yeni planı yoxdur: "Buna baxmayaraq, xarici işlər nazirlərin budəfəki görüşü fərqli idi. Birincisi, həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi. İkincisi, həmsədrlər görüşün nəticəsiylə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, xalq diplomatiyasının gücləndirilməsinin vacibliyi bildirildi. Buna baxmayaraq, xarici işlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan xalq diplomatiyası faydalı olmayacaq. Çünki xalq diplomatiyası çərçivəsində Azərbaycanın və Ermənitanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur. Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq.

Bu arada, Fransa prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng etdi. Bu zəng diqqəti çəkdi. Fransa ATƏT-in Minsk Qrupunu 3 həmsədr ölkəsində biridir. Emmanuel Makronun Bakıya zənginin məqsədi nə idi?

Birincisi, Makron bu zənglə göstərmək istəyib ki, Fransa da Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlara maraq göstərir.

İkincisi, Makron keçən il Azərbaycana səfər etməli idi. Ancaq bu səfər reallaşmadı. Mümkündür ki, Makron bu il Azərbaycana səfər edəcək və telefon danışığında səfərin tarixini barədə Azərbaycan prezidentinə məlumat verib".

PƏRVANƏ

 





04.02.2020    çap et  çap et