525.Az

Gələn ildən səfirlərimizin maaşı artırılacaq


 

Gələn ildən səfirlərimizin maaşı artırılacaq<b style="color:red"></b>

Azərbaycan xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin aylıq əmək haqları 2013-cü il yanvarın 1-dən artırılacaq.

APA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə səlahiyyətlərinin icrası ilə bağlı əmək haqlarının 25 faizi, müşavir elçi, daimi nümayəndənin müavini, müşavir, konsul və birinci katib vəzifələrini tutan diplomatik xidmət əməkdaşlarına əmək haqlarının 15 faizi, digər vəzifələri tutan diplomatik xidmət əməkdaşlarına isə əmək haqlarının 10 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilib.

Azərbaycanın beynəlxalq təşkilatlardan NATO yanındakı Daimi Nümayəndəliyinin rəhbərinin aylıq maaşı 4200 avro, BMT yanındakı Daimi Nümayəndəliyin rəhbərinin maaşı 5100 ABŞ dolları, BMT-nin Cenevrədəki Daimi Nümayəndəliyindəki səfirin maaşı 5000 İsveçrə frankı, UNESCO yanında Daimi Nümayəndəliyin rəhbərinin maaşı 4200 avro, Avropa Şurası yanında Daimi Nümayəndəliyin rəhbərinin maaşı 4200 avro müəyyənləşdirilib.

MDB məkanında ən çox maaş Rusiyadakı səfirin maaşıdır - 5200 dollar. Qazaxıstan, Ukrayna və Tacikistandakı səfirlərin maaşı 4000 dollar, Belarus və Moldovadakı səfirlərin maaşı 3750 dollar, Qırğızıstan, Özbəkistan və Türkmənistandakı səfirlərin maaşı 3600 dollar, qonşu ölkələrdən Türkiyədəki səfirin maaşı 4000 dollar, İrandakı səfirin maaşı 3500 avro, Gürcüstandakı səfirin maaşı 3750 dollar müəyyənləşdirilib.

Afrika zonası üzrə CAR-lakı səfirin maaşı 4100 dollar, Misir və Liviyadakı səfirin maaşı 3850 dollar, Mərakeşdəki səfirin maaşı 3200 avro olacaq. Ərəb ölkələrində ən yüksək maaş BƏƏ-dəki diplomatik nümayəndəliyin rəhbəri üçün müəyyənləşdirilib - 4500 dollar. İordaniya, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Livandakı səfirlərin maaşı 3850 dollar, İraqdakı səfirin maaşı isə 3750 dollar təşkil edəcək.

Asiya regionunda Yaponiyada Azərbaycan səfirinin maaşı 645 min yapon yeni (təqribən 8242 ABŞ dolları), Koreyada 5200 dollar, Çində 4200 dollar, Malayziya, Pakistan, Hindistan, İndoneziya və Tailanddakı səfirlərin 3850 dollar, Vyetnamda 3750 dollar, Avstraliyadakı səfirin maaşı isə 4200 ABŞ dollar olacaq.

Avropa ölkələrindəki səfirliklərin əksəriyyətində səfirlərin maaşı 4200 avro, İngiltərədə 3 min funt-sterlinq, İsveçrədə 5000 İsveçrə frankı, İspaniya, Xorvatiya, Macarıstanda 4050 avro, Yunanıstan, Çexiya, Estoniyada 4000 avro, Latviya, Litva, Bolqarıstan, Rumıniya və Serbiyada 3900 avro təşkil edəcək.

Amerika qitəsi üzrə ABŞ-dakı səfir 5000, Kanadadakı 4950, Braziliyadakı 4300, Meksikadakı 4000, Argentinadakı isə 3850 dollar maaş alacaq.

 





12.10.2012    çap et  çap et