525.Az

Mübarizlik və müstəsnalıq - Şahanə Müşfiq Mübariz İbrahimovdan yazır


 

Mübarizlik və müstəsnalıq - <b style="color:red">Şahanə Müşfiq Mübariz İbrahimovdan yazır</b>

Hər zaman yuxuların insan həyatıyla, yaşadığımız bu dünyayla mistik bir əlaqəsi olduğuna inanmışam. Düzü, elmin yuxu haqqında dedikləri məni o qədər də qane etmir. Bu haqda çox oxuduğumu, araşdırdığımı da deyə bilmərəm. Amma öz yuxularımın nəsə bir mənası, mesajı olduğunu düşünmüşəm həmişə. Yoxsa aylarla yuxu görməyib, sonra bir yuxunu niyə dəfələrlə görüm ki? Son bir il ərzində davamlı şəkildə gördüyüm yuxu ötən gecə də qonağım idi...

İnsanın yuxusu necə ağrıdarmış onu iliklərinə qədər. Yuxudaykən özünü cənnətdə hiss edib, oyanandan sonra xatırladığın həqiqətlərin cəhənnəmində qovrulmaq elə bərbad hissdir ki.

Yuxularımdakı cənnət

Cənnət demişkən, özümü cənnətdə görürəm,  düz bir ildir. Təkrar-təkrar, dönə-dönə. Elə bu gecə də həmin cənnətdə idim. Dəfərlərlə görməyimə baxmayaraq, hər dəfə təəccüblənirəm. Elə bilirəm, ölmüşəm, hansısa əməlimə görə Allah məni cənnətlə mükafatlandırıb. Hələ yamyaşıl, budaqlarından meyvələr sallanan ağaclara, kəpənəklərə naz edən güllərə, xoşbəxt nəğmələriylə bizi salamlayan quşlara baxa-baxa "cənnət buradır?" deyə soruşuram da. O an yanımdakı hənirdən tək olmadığımı anlayıram. Elə onda bir evin eyvanında olduğumuzun da fərqinə varıram. Allaha, onun hikmətinə, cənnətə məndən çox inanan şair dostum var yanımda. Qımışır: "Cənnətdə deyilik, əzizim, Qarabağdayıq! Daha doğrusu, Şuşada". Qarabağ? Şuşa? Bir anlıq elə sevinirəm ki, sanki havadakı bütün oksigen ciyərlərimə dolub köksümü qabardır. Amma sevincim saniyənin yüzdə biri qədər də çəkmir. Həmən xatırlayıram: axı... bəs... Qarabağ... düşmən... işğalçı ermənilər...necə...

Yenə qımışır: "Qorxma, Qarabağ azad olunub. İlk gələn də bizik. Hamı gəlir, yoldadırlar".

Gülümsəyirəm. Sevinirəm. Maraqla ətrafa baxıram. Bu dəfə o ağaclar da, o çiçəklər də, o kəpənəklər də, o quşlar da gözümə daha gözəl, daha doğma, daha sevimli gəlir. Başımı qaldırıb göylərə baxıram. Şən-şən parlayan günəşə minnətdarlıqla gülümsəyirəm. Deməli, düz otuz ildən sonra biz nəhayət, öz torpaqlarımızdayıq. Qələbə bizimdir!

Bu vaxt evdən qoca, beli bükülmüş, eybəcər bir qarı çıxır. Bu cənnətlə onun kifir görünüşü o qədər tərs mütənasibdir ki, gülüşüm üzümdəcə donur, içimi ikrah bürüyür. Qarı isə yarı-yarımçıq Azərbaycan dilində deyinir: "Hə, nədi, nolub? Səbr eliyə bilmədiz ki, çıxaq, elə o dəqiqə soxulduz evə? Sizi görüm lənətə gələsiz!"

Deyəsən, qorxduğumu anlayıb, şair dostum əlini çiynimə qoyub, qulağıma pıçıldayır: "Fikir vermə, gedirlər, bu gün son günləridir!"

Eşidir qarı: "Hə, hə, gedirik, bezdik daha... Alın, torpaqlarınız sizin olsun!"

Bu vaxt aşağıda siqnal səsi gəlir, boylanırıq: bir neçə nəfər saçı saqqalına qarışmış kişi "Kamaz"ın arxasına yığılmış yüklərin arasında oturublar, o qarını çağırırlar. Qarı düşür və o "Kamaz"la sonuncu düşmənlər də Qarabağdan - Şuşadan çıxıb gedirlər.

Sevinclə, təəccüblə yağıların arxasından baxarkən uzaqda ağacların arasında qaraltı görürəm. Diqqətlə baxanda əlində silah tutmuş əsgərimizi tanıyıram: Mübariz!

Bir ildir, o qaraltının kimliyini öyrənmədən oyanırdım yuxudan. Yuxumu bircə yanımda gördüyüm şair dostuma danışmışdım. Ona da yarımçıq. Heç vaxt həmin o qaraltıdan bəhs etməzdim. Onu özümdə bir sirr kimi saxlardım. Amma həmişə beynimi məşğul edirdi: görəsən, o, nədir, kimdir ki, mən hər dəfə onu görmədən oyanıram? Nəhayət, bu gecə düz on il öncə tək canına etdiyi qəhrəmanlıqla yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının tarixinə adını qızıl hərflərlə yazdıran Mübarizi tanıyıram.

O Mübariz ki, cəmi 22 yaşında içindəki Vətən sevgisiylə, qeyrətiylə qorxmadan sərhəddi keçmiş, düşmənin üzərinə şığıyıb ordusunu pərən-pərən salmışdı. Onun gəlişiylə düşmən bir ordunun hücuma keçdiyini zənn etmişdi. Şəhid olana kimi düşmənə divan tutmuş, onlarla zabitini həlak etmişdi. Ölümdən sonra düşmən cəsədindən belə qorxurdu, çəkinirdi. Buna görə də əllərini bağlamışdılar. Onun bu igidliyindən sonra Ermənistanda üç günlük matəm elan olundu. Ermənistan Müdafiə Nazirliyi baş vermiş hadisəylə bağlı iki general və səkkiz zabiti ordudan qovdu. 

Bir ildir görməyib, məhz bu gün Mübarizi yuxuda tanımağım elə-belə ola bilməzdi. Bunun nəsə bir səbəbi olmalı idi. Yuxudan durarkən ilk iş ayın tarixinə baxdım: 7 fevral. Hə, bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü imiş. Yaşasaydı, 32 yaşını qeyd edəcəkdi. Amma o, gənc yaşında şəhid olmağı seçdi. Bircə düşmən belə öldürməyi öz həyatından üstün saydı.

2010-cu ilin iyunun 18-də şəhid olub Mübariz. Hərbi xidmətdə olduğu Tərtər rayonundakı Çaylı kəndinin yaxınlığında. O, şəhid olanda məktəbi yenicə bitirmişdim. Əksər yaşıdlarım kimi mən də ali məktəbə hazırlaşırdım. Doğrusu, dərslərə, kitablara, hazırlıqlara o qədər çox diqqət ayırmışdım ki, dünyayla əlaqəm kəsilmişdi. Varsa, yoxsa kitablarım, dərslərim. Ətrafımda baş verən hər şeyə laqeyd birinə çevrilmişdim. Elə o zamanlarda eşitdim şəhid Mübariz İbrahimov adını. Amma utanaraq etiraf etməliyəm ki, çox da diqqət ayırmadım. Kim olduğunu, nə etdiyini eşitsəm də, sanki beynim almırdı, başa düşmürdüm. Ya da müharibə şəraitindəki bir ölkənin vətəndaşı olaraq dünyaya göz açmağımın gətirdiyi soyuqluqdan idi artıq şəhid xəbərlərinə alışmağım. Bir insan və elə bir dövlət üçün də ən qorxulu hal məhz budur: şəhid xəbərlərinə öyrəşmək. Biz bir xalq olaraq, çoxdan öyrəşmişdik bu xəbərlərə.

Mübariz isə təkcə bizim yox, tarixin görmədiyi, bilmədiyi bir qəhrəmanlıqla əzbərləri pozmuşdu. Bunu ölümündən bir az sonra - ali məktəbə qəbul imtahanım bitdikdə daha yaxşı başa düşmüşdüm. Çünki o zaman kitabların "əsarət"indən xilas ola bilmişdim, dünyayla əlaqələrim bərpa olunmağa başlayırdı.

Dediyimiz kimi, müharibə şəraitində yaşayan bir ölkə üçün şəhid vermək təbiidir. Kaş ki, olmasa... Amma bir var döyüşdə, müharibədə, ya da qarşılıqlı atışma zamanı, insidentdə şəhid olmaq, biri də var heç bir döyüş olmadan, dinc şəraitdə içindəki qürur və nifrət sayəsində gözünü qaraldıb, özündən sonra qoyduğun əl boyda kağızda "Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar" deyərək düşmənin üzərinə getmək və şəhid olana qədər geriyə dönməmək. Bu, hər oğulun işi deyildi ki, bunu Mübariz elədi. Qorxmadan, çəkinmədən, sonunu düşünmədən getdi ölümün üzərinə.

Qəhrəmana sevgi

İyulun 4-də - ali məktəbə qəbul imtahanımdan sonra kitablardan ayrılıb Mübarizin qəhrəmanlığına, həyatına, onun haqqındakı söhbətlərə diqqət kəsilmişdim. Hər yerdə, hər kəs ondan danışırdı. Sevinirdim bu ad çəkildikcə. Bu arada sevdiyim, arzuladığım ixtisasa qəbul olmuşdum, universitetdə dərslərimiz başlamışdı.

Artıq hər gün bir saatlıq yoldan dərsə gedirdim. Hər gün şəhərdə gördüyüm mənzərə isə qürurumu oxşayır, gözlərimi yaşardırdı. Bütün avtobuslara, divarlara Mübarizin şəkilləri, plakatları asılmışdı. Televizorda da, həyatda da, universitetdə də mövzumuz Mübariz idi.

Bir gün universitetdən qayıdanda gördüm avtobusa onun böyük portretli plakatını yapışdırıblar. Sürücü nurani kişi idi, yanındakı köməkçisi isə cavan oğlan. Neftçilərdən Bakıxanova qədər olan məsafəni gözümü Mübarizin şəklindən çəkə bilmədim. Ünvana çatıb avtobusdan düşəndə utanmağı bir kənara buraxıb, içimdəki bütün cəsarətimi toplayaraq sürücüdən bu plakatı hardan aldığını soruşdum. Kişi bir mənə baxdı, bir şəkilə. Köməkçisinə dedi:

- Aç o plakatı, ver qızıma.

Nə qədər etiraz etsəm də, kişi razı olmadı. Plakatı götürüb avtobusdan düşdüm. O qədər çox sevinirdim, o qədər xoşbəxt idim ki... Əminəm dünyanın zər-zibasını başımdan töksəydilər, əlimdə bərk-bərk tutduğum o şəkil qədər əziz və dəyərli olmazdı mənə. Evə çatan kimi həmin plakatı yatağımın başından asdım. İçimdəki qürur, sevinc yerə-göyə sığmırdı. Sanırdım sevdiyim qəhrəmanın şəklinə deyil, özünə qovuşmuşam. Ondan sonra günlərim onunla keçirdi. Saatlarla, günlərlə onun şəklinə baxıb ağladığımı, dərdləşdiyimi bilirəm...

Sonra haqqındakı kitabları oxumağa, filmlərə baxmağa başladım. Hər biriylə Mübarizin dünyasına bir az daha yaxınlaşır, onun etdiyi qəhrəmanlığın məğzinə varırdım.

Mübarizi anarkən...

Vətən sevgisinin, torpaq qeyrətinin vaxtı, zamanı, xüsusi günü olmur. Vətənə sahib çıxmaq üçün müharibəni gözləyənlərin də səmimiyyətinə inanmıram mən. Hər an onun təəssübünü çəkmək, dərdinə yanmaqdır vətən sevgisi. 

Ölümündən sonra dövlətimiz bu qəhrəmanlığı layiqincə qiymətləndirdi. Düz 10 ildir ki, Mübarizin adı doğulduğu Biləsuvar rayonunda orta məktəb, küçə adında əbədiləşib. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Ən əsası odur ki, Mübariz İbrahimov Azərbaycan xalqının ürəyinə əbədi köçdü. Xalqının qürur mənbəyi, dostun fəxr yeri oldu, düşmənin isə bitməyən vahiməsinə, kabusuna çevrildi.

Artıq on ildir ki, Azərbaycan xalqı, Türk dünyası Mübariz adlı şəhidiylə öyünür. Xalqın mübarizə ruhunun yenidən dirçəlməsində, qələbə əzminin bərpasında onun kimi oğulların rolu əvəzsizdir! 2016-cı ilin Aprel döyüşlərindəki qələbə də məhz bu inamın, bu ruhun, bu əzmin şərəfli nəticəsi idi.

Mübarizin doğum günündə bu yurd üçün canından keçən bütün şəhidlərimizi qürurla anır, Allahdan onlara rəhmət diləyirik!

 





08.02.2020    çap et  çap et