525.Az

Universitetlərin nəzdində orta məktəblər yaradılacaq


 

Universitetlərin nəzdində orta məktəblər yaradılacaq<b style="color:red"></b>

Təhsil Nazirliyi tərəfindən ölkədəki bır sıra ali məktəblərin nəzdində orta məktəblər yaratmaq  istiqamətində işlər aparılır.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, artıq bununla bağlı təcrübə var. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan İnşaat və Memarlıq Universitetinin nəzdində ümumtəhsil müəssisələri yaradılıb. İndi isə Dövlət İqtisad Universiteti, yaxud Azərbaycan Dillər Universiteti və başqa ali məktəblərin nəzdində belə məktəblərin yaradılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə təşkilati işlər görülür.

Məlumatda bildirilib ki, nazirlik regionlardakı ali məktəblərin nəzdində də orta məktəblərin yaradılması məsələsinə baxmağı nəzərdə tutur. Bu məqsədlə nazirlik həmin ali məktəblərin rəhbərliyi ilə iş aparacaq. Ali məktəblərin nəzdində yaradılacaq orta məktəblərin həmin ali təhsil müəssisələrinin fəaliyyət istiqamətlərinə uyğun olmasına çalışılır: “Ali və orta məktəbin istiqamətləri ayrı olsa, onda bunun təşkilinin mənası olmayacaq. Çünki orta məktəb ali məktəb üçün müəyyən bir baza kimi nəzərdə tutulur”.

Sevinc Qarayeva

 





12.10.2012    çap et  çap et