525.Az

Yeddi il bağlı qalmış ağır cinayət... (davamı)


 

Azərbaycan Prokurorluğu - 95

Yeddi il bağlı qalmış ağır cinayət... <b style="color:red">(davamı)</b>

yazıçı-publisist

"Tovuz rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət və peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl -  12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun qəsdən  öldürülməsi cinayətinin üstü açılmış, qətli törədən Fikrət Hüseynov Ali Məhkəmənin hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir".

Azərbaycan Respublikası Prokurorluğu Kollegiyasının 1999 - cu il 14 avqust tarixində keçirilmiş  geniş iclasında Baş Prokuror, II  dərəcəli dövlət  ədliyyə müşaviri Eldar Həsənovun məruzəsindən.

                                              

Axtarışdan soyuyan müstəntiq Ələkbər Rzayev daha heç bir zəruri istintaq hərəkətləri aparmadı və ilkin istintaq - əməliyyat qrupunun sonrakı yarıtmaz fəaliyyəti nəticəsində cinayətin açılması istiqamətində görülmüş tədbirlər gözlənilən müsbət nəticəni vermədi.

Təbii ki, müqəssir şəxs və ya şəxslər də uzun müddət kənarda qalaraq istintaqdan və məsuliyyətdən yayınmağa müvəffəq oldular. 

Burada əl saxlayıb, bəzi mülahizələrimi söyləmək istəyirəm. İlk nəzərdə elə güman etmək olardı ki, adi cinayət işidir, istintaq materialları asanlıqla araşdırılacaq və tezliklə hökm çıxarılacaqdır. Əlbəttə, müstəntiq Ələkbər Rzayevin istintaqa ürəklə başlaması buna əsas verirdi. Amma...

Bəri başdan oxucum səni xəbərdar edim ki, yazıda bundan sonra müstəntiqin həvəslə və ehtirasla işlədiyi, yuxusuz gecələr keçirdiyi, təcrübəli ekspertlərlə məsləhətləşdiyi, adamları üzləşdirdiyi anlar təsvir olunmayacaq. Ona görə ki, istintaq materialları ilə tanış olduqca müəmmalı suallar ortaya çıxırdı. Xırdalamıram, uzatmıram.

Bir sözlə müstəntiq Ələkbər Rzayev beş ay - burada mötərizə içində deyəcəyəm ki, ağır və gərgin - işlədikdən sonra rayon prokurorluğunun gücsüz olduğunu etiraf etdi və 1992 - ci il iyunun 12 - də Cinayət - Prosessual Məcəlləsinin 209 - cu (ibtidai istintaqın dayandırılmasının əsasları) maddəsinin 3 - cü bəndini əsas tutaraq cinayət törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyinə görə istintaqın dayandırılması haqqında qərara imza atdı.

Nəticədə müstəntiq Ələkbər Rzayev zərərçəkmiş Adilə Həsənovaya qətiyyətlə və cəsarətlə  "narahat olmayın, bacı, biz qatili və ya qatilləri tapacağıq, mütləq tapacağıq" təsəlliverici vədini yerinə yetirə bilmədi.

Bu cinayət işinin açılmasına maraqlı olanlar da, olmayanlar da düz yeddi il gözlədilər. Camaat arasında bir - birinə uyuşmayan şayiələr dolaşmağa başladı...

 

PROKUROR RƏSUL HƏSƏNOVLA SÖHBƏT... 

Oxucu qoy məni bağışlasın, söhbətin gedişini kəsərək, bu fəsildə rayon prokuroru Rəsul Həsənovdan və onun başçılıq etdiyi prokurorluğun gördüyü müsbət işlərdən danışacağam. Çünki haqqında yazılan və keçmiş illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətinin açılmasının təmin edilməsinə məhz onun özünün və rəhbərlik etdiyi istintaq - əməliyyat qrupunun gərgin əməyi, hədsiz səyi, peşəkarlığı səbəb olmuşdu.

Əvvəl prokuror barəsində bir neçə kəlmə məlumat verirəm, sonra onunla söhbətimin üzərinə qayıdıram.

... 1976 - cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsilini başa vurduqdan sonra Rəsul Həsənov Lerik rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor kimi əmək fəaliyyətinə başladı. Özünü bilikli hüquqşünas, məsuliyyətli işçi kimi tanıdan Rəsul Həsənov 1979 - 1995-ci illərdə Cəlilabad Rayon Prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Respublika Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq, İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi  təyin olundu.

Gənc hüquqşünasın əldə etdiyi uğurlarının kökündə hərtərəfli müsbət keyfiyyətləri ilə səciyyələnən yüksək peşəkarlığı, ədalətə və qanuna, dövlətçilik ideyalarına sadiqliyi dururdu. Respublikanın Baş Prokuroru,  II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənov baş ədliyyə müşaviri Rəsul Həsənovun məhz peşəkar məziyyətlərini - xidməti fəaliyyətində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirməsini dəyərləndirərək 1995 - ci ildə onu Tovuz rayon prokuroru vəzifəsinə təyin etmişdi. Baş ədliyyə müşaviri Rəsul Həsənov tutduğu mühüm dövlət vəzifəsində ona göstərilmiş etimadı prinsipiallığı ilə doğrultmağa çalışırdı.

- Əvvəlki illərə nisbətən mətbuatla prokurorluq orqanları arasında əlaqə sıxlaşıb. Bu yaxınlarda ilin birinci yarısına yekun vurmuşsunuz. Görülən işlər barədə nə deyə bilərsiniz?

- Hamımıza məlumdur ki, ötən səkkiz ildə Azərbaycan dəfələrlə müstəqilliyin itirilməsi, vətəndaş müharibəsi, anarxiya və xaos girdabına yuvarlanmaq təhlükəsi qarşısında qalmışdır. Danılmaz bir həqiqətdir ki, indiki müxalifətin hakimiyyətdə olduğu təxminən bir il ərzində separatçı qüvvələrin cinayətkar hərəkətləri nəticəsində qanunsuz silahlı birləşmələrin yaradılmasına rəvac verilməklə ölkə vətəndaş müharibəsi həddinə çatdırıldı. Cəzasızlıq şəraitinin formalaşması səbəbindən cinayətkarlıq görünməmiş vüsət aldı. Şəxsiyyətin hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması adi bir hala çevrildi.

Artıq cəmiyyətin həyatındakı mənfi təzahürlər arxada qalmışdır. Yeni inkişaf mərhələsini yaşayan ölkəmizdə həyata keçirilən quruculuq işlərində rayon prokurorluğunun əməkdaşları da səlahiyyətləri daxilində yaxından iştirak edirlər. İctimai - siyasi sabitliyin və əmin - amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müəyyən işlər görülmüşdür.

İlk növbədə bildirmək istərdim ki, rayon prokurorluğunun fəaliyyət prinsipləri və qaydaları Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət - prosessual qanunvericiliyin tələbləri, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Respublika Baş Prokurorunun əmr və göstərişləri ilə tənzimlənir.

Cinayətkarlığa qarşı mübarizənin kəsərliliyinin artırılmasının digər hüquq - mühafizə orqanları ilə, ilk növbədə polis şöbəsi ilə sağlam və işgüzar münasibətlərin gücləndirilməsinin, əməliyyat - axtarış fəaliyyəti üzərində nəzarət səviyyəsinin artırılmasının, istintaq və ibtidai araşdırmaya prosessual rəhbərliyin yaxşılaşdırılmasının nəticəsi olaraq Tovuz rayonunda son illərdə kriminogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuşdur.

Belə ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə artım meyli müşahidə olunan cinayətlərə qarşı qabaqlayıcı, məqsədyönlü tədbirlərin daha da gücləndirilməsi, cari ildə və ötən illərdən bağlı qalan cinayətlərin açılması üçün aparılan zəruri əməliyyat - axtarış tədbirləri üzərində prokuror nəzarətinin günün tələbləri səviyyəsində  həyata keçirilməsi, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olan məlumatların vaxtında qəbulu, qeydə alınması və həlli zamanı cinayət - prosessual qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, cinayətlərin uçotdan gizlədilməsi hallarına qarşı barışmaz mübarizə aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün kəsərli tədbirlərin görülməsi təmin edilmişdir.

Törədilmə müddətindən asılı olmayaraq, açılmayan hər bir qəsdən adamöldürmə cinayətinin açılmamış qalması prokurorluğun bütün əməkdaşları üçün ciddi siqnal olmalıdır. Çünki belə təhlükəli cinayətlərin açılmaması həmin cinayəti törədən şəxslərin cəzasızlıq şəraitindən istifadə edərək, mütəşəkkil cinayətkar dəstələrə çevrilməsi ehtimalını artırır, yeni - yeni ağır cinayətlərin törədilməsinə, kriminogen durumun kəskinləşməsinə şərait yaradır.

Yüksək peşəkarlıq göstərilməklə ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin keyfiyyətli istintaqının aparılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tərəfimizdən təmin edilmişdir. Prokurorluq və polis şöbəsi tərəfindən yaradılan birgə istintaq - əməliyyat qruplarının gördüyü işlər nəticəsində uzun illər açılmamış qalan bir sıra cinayət işinin üstü açılmışdır.

Bu istiqamətdə prokurorluq əməkdaşları fəaliyyətlərini davam etdirir, törədilmiş cinayətlərin üstünün açılması üçün bütün imkanlardan yararlanırlar.

- Cinayət hadisəsinin baş verməsi, fakt üzrə cinayət işinin başlanılması  və istintaqın tam, hərtərəfli və obyektiv aparılması və peşəkarlıqla başa çatdırılması - bu halların biri digərindən nə dərəcədə asılıdır? Ümumiyyətlə, "açılmayan cinayət" nədir və o niyə açılmır?

- Təbii ki, prokurorluqda fakt üzrə başlanılmış müvafiq cinayət işi üzrə istintaq qarşıya qoyulmuş vəzifəni - cinayətin hansı zəmində kimə qarşı törədilməsi, hadisəni törətmiş şəxs və ya şəxslərin tapılması istiqamətində zəruri istintaq  və əməliyyat - axtarış tədbirlərini həyata keçirirlər. Əvvəla prokurorluq əməkdaşları hadisə yerinə vaxtında gəlməli, yerə ətraflı və savadlı baxış keçirməli, iş üçün əhəmiyyət daşıyan maddi sübutları müəyyən edib götürməli, şahidləri vaxtında dindirməlidirlər. Cinayət işinin istintaqının dərhal başlanılması və törədilmiş cinayətin "isti izlər"lə açılması üçün zəruri əməliyyat - axtarış tədbirlərinin görülməsi həm də müvəffəqiyyəti təmin edən cəhətdir. Əlbəttə prokurorluq işçilərində lazımi səriştə, peşəkarlıq və təcrübənin olması da vacibdir. Adətən, cinayətkar törətdiyi əməli həyata keçirməzdən əvvəl, hər addımını ölçüb - biçir, izi itirməyə çalışır. Amma onun bütün ciddi - cəhdinə baxmayaraq iz hökmən qalır və peşəkar istintaqçı onu üzə çıxarır.

Təəssüf ki, prokurorluq həmişə cinayətkarın arxasınca gedir. Odur ki, çalışıb işi elə səviyyəyə qaldırmalıyıq ki, qatili qabaqlaya bilək. Amma buna təklikdə nail olmaq mümkün deyil. Bu işdə xalq prokurorluğa kömək etməlidir.

Bütövlükdə törədilmiş hər bir cinayət hadisəsi açılmalı, müqəssirlər cəzasını almalıdır. Elə işin kəsəri də bundadır.

Qaldı "açılmayan cinayətlər"ə. Deyim ki, cinayətlərin əksər hissəsi açılır. "Bağlı qalanı"nın isə səbəbi çoxdur. Həmin səbəblər barədə konkret cinayət faktı əsasında danışmaq mümkündür.

- Konkret elə yuxarıda bəhs etdiyiniz Əli Məmmədovun qətli  və yeddi il açılmamış qalmış cinayət işinin yarıtmaz istintaqı  barədə nə demək olar?

- Sizin bu hekayətinizdəki hadisənin başlandığı doxsan ikinci ilin əvvəllərində ölkəmizdə vəziyyət xüsusilə gərgin idi. Həmin dövrdə respublikada hökm sürən şəraitdə prokurorluq orqanları da öz işini yüksək səviyyədə qura bilməmişdi. Bu orqanlarda yaranmış qeyri - sağlam mühit, ayrı - ayrı prokurorluq işçilərinin vəzifədən sui - istifadə etməsi, istintaq zamanı qanunun aliliyinin kobud surətdə pozulması və ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunların pozulması, bəzi cinayət işləri üzrə cinayətkarlara havadarlıq edilməsi, aparılan istintaqların yarıtmazlığı kimi mənfi hallar mövcud idi.

Elə prokurorluqda başlanmış məlum cinayət işi üzrə prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətin gücləndirilməsi və bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri ciddi surətdə pozulmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılması təmin edilməmişdi.

Belə ki, istintaq qrupu tərəfindən cinayətin "isti izlər"lə açılması üçün  məqsədyönlü və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat - axtarış tədbirləri görülməmişdi. İbtidai istintaq intensiv aparılmamışdı. Ötən beş ay müddətində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində müxtəlif fərziyyələr ətrafında, o cümlədən yüngül əxlaqlı qədim peşə sahibləri ilə təmasda olduğundan Əli Məmmədovun intim münasibət saxladığı qadınlar tərəfindən öldürülməsi, cinayətin onunla münaqişəsi olan şəxslər tərəfindən qisas məqsədilə törədilməsi, Əli Məmmədovla ədavəti olan qonşular, əvvəllər məhkumluğu olan şəxslər tərəfindən törədilməsi və sair fərziyyələr irəli sürülməmişdi, kompleks istintaq - əməliyyat tədbirləri həyata keçirilməmişdi.

Bir sözlə aşkar izlər və əlamətlər əsasında təkzibolunmaz sübutlar üçün imkanlar olduğu halda, düşünülmüş və səriştəli istintaq tədbirləri həyata keçirmək əvəzinə fəaliyyətsizlik göstərilmişdi.

(Ardı var)

 

 





20.11.2013    çap et  çap et