525.Az

Separatizm və yeni müharibə ocaqları - Telman Orucov yazır


 

Separatizm və yeni müharibə ocaqları - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə saylarımızda)

ABŞ-ın Dövlət katibi Maykl Pompeonun Qəddafinin və Səddam Hüseynin sonluğu barədə Şimali Koreya rəhbərini qorxutmaq üçün etdiyi ağılsızlıq cəhd də əks effekt vermiş, Kimin qətiyyətliliyini möhkəmləndirmişdir. 2019-cu il oktyabrın 5-də isə ABŞ-la Şimali Koreya arasında danışıqlar uğursuzluqla başa çatmışdır. ABŞ yalnız denuklerizasiyadan sonra sanksiyalarını götürəcəyini bildirmiş, bu isə Şimali Koreyanın mövqeyinə zidd olduğuna görə onun tərəfindən rədd edilmişdi.

Vyetnamda isə xalq fransız müstəmləkəçilərinə qarşı 1945-1954-cü illərdə azadlıq müharibəsi aparmışdı. Ölkənin vətənpərvər qüvvələri Fransanın ağalığına qarşı silahlı münaqişəyə girmişdilər. Nəhayət, Fransa hökuməti danışıqlar aparmağa məcbur oldu. Hind-Çində olan bu dövlət də çoxdan ortadan iki hissəyə bölünmüşdü. 1945-ci ildən şimalda Vyetnam Demokratik Respublikası, beş il bundan əvvəl isə cənubda Vyetnam Respublikası yaranmışdı. Cənubi Vyetnam diktaturasına 1955-1956-cı illərdən artıq ABŞ qəyyumluq edirdi və onun əhalisinin azadlıq mübarizəsinə qarşı birbaşa təcavüzə keçmişdi. 1964-cü ildə ABŞ Vyetnam Xalq Respublikasına qarşı müharibəyə başladı və 1965-ci ildə Cənubi Vyetnama qoşun yeritdi, böyük tərkibdə canlı qüvvə göndərdi. Bundan əlavə, hakimiyyət qüvvələrini silah və sursatla bol qaydada təmin edirdi. Müharibənin gedişində Birləşmiş Ştatlar aviasiyası Şimali Vyetnamın şəhərlərini və kəndlərini dəhşətli bombardmanlara məruz qoydu, napalm bombaları ilə yaşayış məntəqələri və tropik meşələr yandırılırdı.

Dünya kinosunun dahi xadimlərindən biri, altı dəfə Oskar mükafatına layiq görülmüş amerikan kinorejissoru Frensis Ford Koppola özünün "Apokalipsis bu cün" adlı məşhur filmində bu dəhşətləri realistcəsinə, böyük təsir gücünə malik bir qaydada təsvir etmişdir. Bu fəlakətlər miqyasına görə heç də Hirosima və Naqasaki faciələrindən geri qalmır.

Şimalda milyonlarla adam döyüşdə və bu bombardmanlar nəticəsində həlak oldu. Bəzi məlumatlara görə, müharibə ərzində Vyetnamda ABŞ-ın təqsiri üzündən təkcə üç milyon mülki sakin öldürülmüşdü. Cənubdakı dövləti artıq saxlamaq mümkün olmadığı aydın olduqda ABŞ-ın iştirakı ilə danışıqlar getdi və 1973-cü ildə sülh müqaviləsi bağlandı. 1976-cı ildə Şimali Vyetnamın siyasi quruluşunun hakimiyyəti altında iki dövlətin birləşməsi başa çatdı və vahid Vyetnam dövləti yarandı. Vyetnam xaqının qəhrəman mübarizəsi fövqəldövlət olan ABŞ-ın geri çəkilməsinə və əslində, biabırçı məğlubiyyətinə səbəb oldu. Məşhur "Vyetnam sindromu" SSRİ və ABŞ tərəfindən Əfqanıstanda da özünü büruzə verdi və hər iki dövlət qarşıya qoyduğu məqsədə çata bilmədi. SSRİ 1989-cu ildə onillik uğursuz vuruşdan sonra öz ordusunu Əfqanıstandan çıxardı.

Hələ XIX əsrdə ingilislərin Əfqanıstanı tabe etmək cəhdi üzərində qələbə çalan əfqanlar sonrakı əsrdə iki fövqəldövləti ağır vəziyyətə salmaqla, özlərinin məğlubedilməz olduqlarını bir daha sübut etdilər.

1962-ci ildə isə bəşəriyyət Üçüncü Dünya müharibəsinin başlanmasına çox yaxın idi, Kuba böhranı onu gündəliyə gətirə bilərdi. SSRİ-nin Kuba adasında yerləşdirdiyi raketləri ABŞ-ın hava kəşfiyyatı aşkar etdikdən sonra onun hərbi-dəniz qüvvələri adanı blokadaya aldı. Prezident Con Kennedi raketlərin Kubadan çıxarılıb, SSRİ-yə qaytarılmasını müharibə başlamaq hədəsi ilə tələb etdikdə,

ölkə rəhbəri Nikita Xruşşov səhvini etiraf etmək qaydasında geri çəkilməyə, tələbi yerinə yetirməyə məcbur oldu. Böhran başa çatdı və nüvə silahına malik olan iki fövqəldövlət arasında müharibənin, əslində, Üçüncü Dünya müharibəsinin başlanması ehtimali aradan qalxdı. Paradoksal görünsə də, hər iki tərəfdə, demək olar ki, paritet qaydada nüvə silahının mövcudluğu yeni dəhşətli müharibə alovunun qalxmasının qarşısını aldı. Nüvə silahı hər iki tərəf üçün öz funksiyasını dəyişib, sipər rolunu oynadı. Həmin hadisədən 57 ilə bərabər vaxt keçir, 9 ölkə özünün nüvə silahına malikdir. Adi silahlar XX əsrdə iki dünya müharibəsinin qarşısını ala bilmədi, nüvə silahı isə, qəribə görünsə də, yeni dünyü müharibəsinin başlanmasının qabağını kəsmişdir. Göründüyü kimi, nüvə silahı, bəzi ölkələrdəki müharibə partiyalarının  istəklərinin əleyhinə heç də real müharibə alətinə çevrilməmişdir, əslində, yeni dünya müharibəsi üçün döyüş qılıncına çevrilməmiş, əsl qalxan rolunu oynamasını davam etdirməkdədir. Nüvə bombasının meydana gətirdiyi dəhşətli "köbələk"  xoşbəxtlikdən hansısa rəqib səmasında yüksəlmədi, çünki bərabər ölçüdəki cavabı xeyli müddət gözləmək lazım gəlməyəcəkdi, ancaq yeni silah növlərinin sınaqdan çıxarılmasına xidmət edirdi, yaxşı haldır ki, bütün məkanlarda - yerin üstündə, altında, atmosferdə və kosmosda isə belə sınaqların aparılmasına çoxdan qadağa qoyulmuşdur. 

Separatizm və yeni müharibə ocaqları 

Dünyanın ayrı-ayrı guşələrində, bir sıra multimilli tərkibə malik olan dövlətlərdə separatizm meylləri güclənməyə başladı. 1975-ci ildəki Helsinkidə keçirilən beynəlxalq müşavirə İkinci Dünya müharibəsindən sonrakı sərhədlərin toxunulmazlığını elan etdi. Lakin qatı millətçilər beynəlxalq sənədə məhəl qoymaq istəmirdi. Separatizm dalğası bir sıra dövlətlərin xırda hissələrə parçalanmasına, silahlı münaqişələrin yaranmasına, təhlükəsizliyin xeyli müddətdə yoxa çıxmasına səbəb oldu.

XX əsrin son onilliyində baş verən döyüşlər, irimiqyaslı müharibələr bir sıra buna qədər stabil, təşvişsiz yaşayan dövlətlərə ağır zərbələr vurdu. 1991-ci ilin sonunda SSRİ-nin mövcudluğuna son qoyulması çox sayda müstəqil dövlətlərin yaranmasına səbəb oldu, lakin yeni yaranan respublikalarda separatizm öz məhsulunu biçmək üçün zamanın gəlib çatdığını başa düşdü, silahlı münaqişələrə, bütün silahlardan istifadə edilən tam səviyyəli müharibələrə girməkdən də çəkinmədi. Çox sayda insan tələfatı baş verdi. Şəhərlər, kəndlər, digər yaşayış məntəqələri xaraba qaldı, vandalizm Qədim Romada olduğundan daha geniş vüsət aldı. Hələ SSRİ-nin mövcudluğu dövründə federal hakimiyyətin zəifləməsi, güzəştə getmək yolu ilə taqətdən düşməsi və müqavimət iradəsini itirməsi separatizmin gur çiçəklənməsinə yol açdı.

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatçıları olan qatı millətçilər Azərbaycana qarşı heç bir əsası olmayan ittihamlar irəli sürməklə kifayətlənməyib, silahlı mübarizəyə keçdilər. Qan axıdıldı, vilayət paytaxtında ermənilərlə mehriban qonşuluqda yaşayan azərbaycanlılar evlərindən qovulmaqla, həmin evlər məhz azərbaycanlılara məxsus olduğuna görə yandırıldı. Ermənistanın isə şəhərlərində və kəndlərində kompakt yaşayan azərbaycanlı ailələrin kütləvi şəkildə zorakılıqla öz ata-baba torpaqlarından qovulması baş verdi. Lakin marginallar bununla kifayətlənməyib, Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı silaha əl atmaqdan da çəkinmədilər və belə bir varianta əvvəlcədən hazırlıq görmüş Ermənistan silahlı qüvvələri erməni millətçilərinin köməyinə gəldi və Azərbaycanın vilayətlə qonşu olan ətraf kəndləri, şəhərləri işğala məruz qaldı. Ermənistandan zorla çıxarılmış,  Azərbaycana pənah gətirən qaçqınlar ordusuna Dağlıq Qarabağdan və ətraf  7 rayondan öz evlərini tərk etmiş məcburi köçkünlər əlavə olundu və onların sayı 1 milyon nəfərə çatdı.

Çoxsaylı rəylərə görə, Dağlıq Qarabağdakı qanundan kənar hadisələr miqyasına və dinamikasına görə SSRİ-nin dağılmasının detonatoru kimi qiymətləndirilir. SSRİ rəhbəri, ilk və son prezidenti olan Mixail Qorbaçov Qarabağın və Ermənistanın qatı millətçilərinin ziyankar hərəkətlərinin qarşısını almaq, onların genişlənməsinə sədd çəkmək əvəzinə, güzəştə getmək, cinayətkarlarla qurbanları eyni rakursda görmək üsulundan istifadə edərək, günahsız Azərbaycan xalqına qarşı, özünəməxsus olan Prokrust çarpayısından istifadə etməyə üstünlük verirdi. Ona görə də qısa müddətdən sonra guya dinc mitinqlər silahlı vuruş fazasına keçdi və Ermənistanın separatçılara hərtərəfli hərbi köməyi ilə Azərbaycan əraziləri işğal edildi.

Qaçqınlar və məcburi köçkünlər ordusu ilk anlarda əzablı həyat şəraiti yaşamağa məhkum oldu. Beynəlxalq aləm isə bu haqsızlığa biganə münasibət bəslədi, belə laqeydlik və ədalətsizlik bu günə qədər davam edir. Dünya dövlətlərinin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünə həmrəy olduğunu bildirir, bu quru sözlərdən ibarət bəyanatı mantraya çevirir. Lakin ərazinin işğalı, qaçqınlar və məcburi köçkünlər ordusunun mövcudluğu hələ də davam edir. Belə münasibət işğalçı Ermənistanın dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Azərbaycanın haqq səsinə heç bir əməli əks-səda eşidilmir, heç kəs işğalçını məhkum etmək istəmir, bu isə ölkə torpaqlarının işgal altında qalmasına münbit şərait yaradır. Bu azmış kimi, qüdrətli dövlətlər münaqişənin dinc yolla həll edilməsini israr edir, torpaqların hərbi yolla geri alınması imkanının bütünlüklə inkar edirlər. Belə status-kvo Ermənistanın xeyrinə işləyir və işğalın müddətinin qeyri-məhdud qaydada uzanmasını mümkün edir.

Dünyanın gözü qarşısında təcavüzün nəticəsi kimi torpaqların işğalı baş verir və onun ömrü onilliklərlə uzanır. Qüdrətli dövlətlər Azərbaycana problemi dinc yolla həll etməyi təlqin etməklə, beynəlxalq qanunların, BMT prinsiplərinin və qərarlarının icra edilməsinə maneçilik törətməklə, işğalın permanent xarakter daşıması yoluna daş döşəyirlər. Belə münasibət, əslində, pat vəziyyəti yaratmışdır və bu, heç şübhəsiz, Ermənistanın və Dağlıq Qarabağ separatçılarının xeyrinədir.

Postsovet dövründə meydana gələn müstəqil dövlətlər separatizmin yaratdığı zəlzələlərdən əziyyət çəkməyə başladı. Moldovada Prednestrovyenin rusdilli əhalisi moldovanlardan ayrı yaşamaq qərarına gəldi və millətçi general Aleksandr Lebedin komandanlıq etdiyi diviziyanın köməyi ilə burada guya müstəqil dövlət qurumu yaradıldı və həmin vəziyyət indiyə qədər davam edir.

Gürcüstanda yaşayan abxazlar hələ Sovet hakimiyyəti dövründə respublikanın tərkibindən ayrılmağı arzu edirdilər. 1970-ci illərdə onlar bu separatizm təşəbbüsünü ortaya atmışdılar. Cənubi Osetiya separatçıları isə ayrılıb Şimali Osetiyaya birləşməyi nəzərdə tuturdu. 1990-cı illərdə Abxaziyada silahlı münaqişə getdi və Gürcüstanın ordu dəstələri respublikanın o vaxtkı rəhbəri Eduard Şevardnadze ilə birlikdə məğlubiyyət ərəfəsində Abxaziya muxtar respublikasını tərk etməli olmuşdu. 2008-ci ilin avqustunda isə Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyada yerləşən Rusiyanın sülhməramlı qüvvələrinə hücum təşkil etdi və toqquşmada rus əsgərləri arasında itki meydana gəldi. Buna cavab olaraq Rusiya Gürcüstan silahlı dəstələrinə qarşı hücuma keçdi və onları Cənubi Osetiya ərazisindən qovmaq ilə kifayətlənməyib, Gürcüstan ərazisi ilə Tbilisiyə doğru irəlilədi. Fransa prezidenti Nikola Sarkozinin fəal müdaxiləsi ilə rusların gürcü paytaxtına tərəf hərəkəti dayandırıldı. Lakin Gürcüstan ağır maddi itkilərə məruz qaldı, Poti limanı dağıdıldı. Gürcüstandan ayrılmış iki ərazi müstəqil Abxaziya və Cənubi Osetiya dövlətlərinə çevrildi. Lakin onlar Rusiyanın təhriki ilə az sayda kiçik dövlət tərəfindən tanınması istisna olmaqla, beynəlxalq aləm tərəfindən tanınmadı. Gürcü qaçqınları ölkənin şəhərlərinə dağıldı. Əsas gəlir mənbəyi olan çox saydakı kurortlar, əsasən viran qaldı, sanatoriyalardan yalnız 20-25 faizi fəaliyyətini davam etdirə bildi.

(Ardı var)

 





11.02.2020    çap et  çap et