525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq memorandumu imzalayıb


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq memorandumu imzalayıb<b style="color:red"></b> İsveçrənin paytaxtı Bern şəhərində Mərkəzi Asiya Araşdırmaları Cəmiyyəti və Bern Universitetinin Arxeoloji Tədqiqatlar İnstitutunun dəstəyi ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu (IICAS)  tərəfindən IICAS-ın Akademik Şurasının 22-ci iclası və “Təmasda olan Mədəniyyətlər - Mərkəzi Asiya ticarətin, mədəniyyət mübadiləsinin və biliyin ötürülməsinin mərkəzi kimi” mövzusunda konfrans keçirilib.

Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru Dimitri Voyakin  rəhbəri olduğu qurumun ötən ilki fəaliyyətindən, həmçinin 2020-ci ildə həyata keçiriləcək layihələrdən danışıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, Fondla əməkdaşlığa böyük önəm verdiyini söyləyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya cıxışında Fondun yaranması və məqsədlərindən, türkdilli xalqların tarixinin, adət-ənənələrinin, mədəniyyətinin təbliğ olunmasının və bu sahədə tədqiqatların aparılmasının, ölkələr arasında mədəni mübadilənin gücləndirilməsinin vacibliyindən söz açıb, ötən illər ərzində bu səpgidə Fondun fəaliyyətindən danışıb. O, Böyük İpək Yolu mövzusunun mühüm önəm daşıdığını qeyd edərək, onun türkdilli ölkələrə qarşılıqlı təsirindən, həmçinin bu istiqamətdə Fondun həyata keçirdiyi layihələr, təşkil etdiyi tədbirlər barədə məlumat verib. 

Sonda iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi təşkilatlar arasında mədəniyyət, tarix, arxeologiya, coğrafiya, ədəbiyyat və dilçilik sahələrində, eləcə də Böyük  İpək Yolu ilə bağlı aparılan tədqiqatlar üzrə əməkdaşlıq yaratmaq və qarşılıqlı maraq kəsb edən akademik proqramlar və araşdırma layihələrini həyata keçirməkdir. Anlaşma Memorandumunda həmçinin türkdilli ölkələrin ortaq mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi sahəsində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova da iştirak edib.
 





13.02.2020    çap et  çap et