525.Az

Müasir sivilizasiya və insan amili


 

Müasir sivilizasiya və insan amili<b style="color:red"></b>

Sivilizasiyaların tarixi heç vaxt dəqiq olmur. Onların hüdudları dünya əhəmiyyətli tarixi proseslərlə müəyyən olunur.

Sivilizasiyalar müəyyən tarixi hadisənin rəqəmlərindən başlanmır. Həmin tarixi hadisənin bəşəriyyətin taleyində mərhələli rol oynayan əlamətləri, yaxud nəticələri ilə müəyyən olunur. Sivilizasiyalar epoxalarla özünü büruzə verir. Məsələn, ədəbiyyat və incəsənətdə İntibah epoxası, sufizm dövrü, ana dilli ədəbiyyata keçid mərhələsi və s. Tarixdə sivilizasiyaların rolu böyükdür - həm mənfi, həm də müsbət Küll halında sivilizasiyalar möhtəşəm ideyalarla doğulur  və insanlığın tərəqqisinə xidmət edir.

Müasir dövrdə sivilizasiya qloballaşma -  kürəsəlliklə başlandı. Tarixə dünya müharibələri, ictimai inqilablar, qanlı repressiyalar, kosmosun fəthi və sovet imperiyasının biabırçılıqla dağılması dövrü kimi daxil olan XX əsr eyni zamanda, yüksək tərəqqi epoxası - elm, ədəbiyyat və incəsənətin böyük bədii fəlsəfi nailiyyətlər qazandığı vüsətli inkişaf əsri idi. Müxtəlif  millətlər (zorən) bir araya gələrək, qarşılıqlı təmas şəraitində qüvvələrini, istedadlarını, tarixdə qazandıqları mədəni və milli nəaliyyətlərini birləşdirərək, böyük sosial-siyasi gücə çevirilmişdilər. Tarixdə heç bir zaman keçmiş sovet dövlətində yaşayan millətlər dünya sivilizasiyasına belə tərəqqi ucalığından qovuşmamışdılar. Əslində, 70 illik sovet dövründə postsovet məkanına daxil olan millətlər dünya ədəbi-tarixi prosesinə liderlik edib, bəşər mədəniyyətilə bədii-fəlsəfi şedevrlər bəxş edib.

Fəqət itkilər də çox olub: ən əsası milli müəyyənlik totalitar sovet ideologiyasının basıncına məruz qalıb, dünya ədəbiyyatı və mədəniyyəti nümunələri tərcümə olunarkən rus dili və kommunist ideologiyasının süzgəcindən keçib. Eləcə də milli ədəbiyyat nümunələri laqeyidlik məngənəsində qalıb, sovet ideologiyasının tələblərinə uyğun gəlməyən cəhətlər senzura torundan keçməyib. Sovet dövründə nəzəri ədəbiyyatşünaslığın əsas formulası olan "Məzmunca sosialist, formaca milli!" düsturu ədəbiyyata və rus bolşevizminin bədii yaradıcılıq sahəsində tətbiq etdiyi çərçivə olan sosializm realizmi nəzəriyyəsi ilə hüdudlanmış bir qəlib idi. Ədəbiyyat və hər cürə sənət partiyalı şüara çevrilmiş sosioloji çamurluğa batıb qalmışdı.

XX əsrin sonunda - 90-cı illərdə bir-birini tamamlayan üç tarixi hadisə baş verdi. Azərbaycanda və digər postsovet pespublikalarda əli qana batmış, soyqırımlar törətmiş "şanlı qızıl ordu" sovet dövlətinin və onun ideologiyasını tənəzzülə uğramasının qarşısını almaq kimi uğursuz cəhd göstərərək, xalqın nifrətini qazandı, bir neçə gündə öz nüfuzunu və millətlərin inamını itirdi. SSRİ-nin hər yerində "Bəşərin vicdanı, eşqi ürəyi // Fikri, düşüncəsi, zehni diləyi// Bütün yer üzünün xoş gələcəyi // Hər zövqü, səfası..." (Səməd Vurğun) kimi tərənnüm olunan Kommunist Partiyasının üzvlük biletlərindən tonqallar çatıldı, ikincisi bu idi ki, tarixi şansdan yararlanan, milli azadlıq təşnəsi ilə çırpınan millətimiz istiqlal arzusu ilə meydanlara çıxdı, can verən işğalçı imperiyaya öz gücünü göstərdi. Azadlıq uğrunda şəhid oldu. Üçüncüsü bu idi ki, dünyada ən böyük proses olan qloballaşma - Kürəsəllik baş verdi. Demokratiya adı altında Qərbi Avropa və Amerikada dünyanın gəlir mənbələrini ələ keçirmək istəyən, öz ölkələrini sərhədləri ilə kifayətlənməyən şirkətlər sərhədsiz Dünya ideyasını irəli sürdülər. Sovet imperiyasının təzyiqindən yenicə qurtulmuş xalq üçün bu proses əvvəlcə ekzotik dərəcədə güclü idi. Lakin milli özünüdərk, vətənsevərlik qlobalistlərə sərf eləmirdi. Yeni sivilizasiyanın başlanmasından soraq verən qloballaşma ilk zərbəni bu nöqtəyə milliliyə, vətənçiliyə vurmalı oldu. Bu, eyni zamanda, milli istiqlal, milli azadlığa zərbə idi. Beləliklə, yenicə müstəqilliyə qovuşmuş, istiqlalın ləzzətin dadmış millətlər çaşıb qaldılar. Qloballaşmanın irəli sürdüyü sərhədsiz dünya ideyası terrorizmə və narkobiznesə yeni üfüqlər açdı. Separatizm gücləndi. Dünyada yeni cəbhələşmə yarandı: qloballizm və patriotizm! Avropa birliyi ilə Amerika üz-üzə qaldı. Bugünkü Amerikanın timsalında bu, aydın görünür. Tarixən demokratiya libasında olan demokratiyanın iç üzünü açdı, ona qarşı vətənpərvərliyi qoyuldu. Qloballaşma Avropa demokratiyasın tənəzzülə uğratdı. Müsəlman ölkələrindən qaçıb gələn mühacirlərlə heyvan sürüsü kimi rəftar etməsi, demokratiyanın dəyənəklə idarə olunması Qərb demokratiyasının antiinsani xarakterini sərgiləyir. Xalqların min illərlə formalaşmış adət-ənənələri, estetik zövqləri, gözəllik anlayışları, o cümlədən, ana vətən anlayışları təhlükə altına alındı. Mən hələ 30 il bundan əvvəl yazmışdım ki, varlının vətəni olmur; harada qazanc var ora vətəndir, varlının bazarı onun vətənidir, vətənin sahibi kasıblardır, onlar vətən və millət təəssübü çəkir, şəhidlər arasında bir dənə də varlı, yaxud varlı balası yoxdur. XXI əsrdə də qloballaşmanın vüsət aldığı dövrdə mənim bu fikrim özünü doğrultdu.

Avropanın qlobal şirkətləri, neft maqnatları gözlədilər ki, biz kimə çox pay verəcəyik. Eynən XX əsrin əvvəllərində olduğu kimi - Nobellərin, Rotşildlərin nəvə-nəticələri öz babalarının yolu ilə gəlib Azərbaycana çıxdılar, biz də onları məhəbbətlə, duz-çörəklə qarşılayıb, qədəmlərinə gül-çiçək səpdik, gəlişlərini bayram etdik.

Qloballaşma cildində Azərbaycana girən dünya kapitalizmi, daha doğrusu, imperializm Azərbaycanda təkcə öz şirkətlərini qurmadı, yoxsul əhalini qul edib işlətdi, milli adətləri yavaş-yavaş dəyişib, öz qaydalarını yaratdı, "köhnə bazara təzə mıx"qoydu. Çox səmərəli sovet - alman təhsil sistemi hələ də mahiyyəti bilinməyən təzə təhsil sistemi ilə əvəz olundu. Hər hansı sahədə sistemlərin dəyişməsi xalq üçün çox təhlükəlidir. Bu proses xalqın tarixinə uyğun aparılmalıdır, tarixin sınağından çıxdıqdan sonra millətə və dövlətə təklif və tətbiq olunmalıdır. Hələlik bizdə yalnız papaqlar dəyişib, başlar olduğu kimi qalıb. Müstəqilliyin bərpasından təxminən 30 il keçməsinə baxmayaraq, bir çox sahələrdə sovet dövründən qalma qaydalarla işləyirik, çünki idarə edənlər, başda oturanlar sovet kommunist rejimində qalma pomeklaturadır.

Sovet dövründə bir kişi uzaq dağ kəndindən Bakıya gəlir. Qayıdanda kəndçiləri ondan soruşur ki, -  Bakıda nə gördün?

Kişi cavab verir ki, Bakı lüğətlər şəhəridir: su - voda, xleb - çörək... Bəs görəsən, həmin kişi indi Bakıya gəlsəydi nə görərdi?.. Bəzi şirkətlərin, otellərin,  idarələrin adını heç mən - profesor  Nizaməddin Şəmsizadə oxuya bilmirəm. Bunun üçün ingilis, alman, italyan, ispan, fransız dillərini bilmək lazımdır ki, uzaq dağ kəndindən gəlmiş Azərbaycan vətəndaşı öz vətəninin paytaxtında gəzə bilsin, baş çıxarsın...

Qloballaşmanın yeni sivilizasiyada bizim üçün hazırladığı ən böyük problem Qarabağ sindromu idi. Düyünü hələ bu gün də açılmayan Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatların - BMT-nin ATƏT-in də gücsüzlüyünü aşkara çıxardı. BMT-nin üç qətnaməsinə Ermənistan bu gün də məhəl qoymur. ATƏT-in Minsk qrupu 30 ilə yaxındır ki, Azərbaycana turist kimi gəlib gedir, təkcə ATƏT-in deyil, mənsub olduqları ölkələrin - Fransa, Rusiya, Amerikanın da gücsüzlüyünü nümayiş etdirirlər.

Mən bir vətəndaş və ziyalı kimi belə hesab edirəm bu problem düyünü sülh yolu ilə açılan deyil. Qarabağı bizim milli qeyrətimiz, qəhrəman ordumuz azad edəcək. Şair Ələmdar Quluzadə yaxşı yazır: 

Vətənin əsgəri yaralanmasa
Vətənin yarası sağalan deyil. 

Biz tarixin böyük dönəmində XX və XXI əsrlərin, II və III minilliyin qovuşub ayrıldığı, qloballaşmanın özü ilə gətirdiyi sivilizasiyanın müsbət (və daha çox!) mənfi nəticələr verdiyi bir epoxada yaşayırıq. Bunun iqtisadi nəticələrinin hansı yöndə - mənfi, yaxud müsbət olduğunu deyə bilmərəm. Amma çox ciddi psixoloji, mədəni-mənəvi, insan amilini nəzərə almayan milli və dini ziqzaqları var. Xüsusi təhlil aparmadan deyə bilərik ki, qloballaşmadan hələlik din qazanır. Din xüsusi bir vüsətlə insanların davranış sferasına daxil edilir. Müxtəlif məzhəblər, təriqətlər, əsası olmayan hadisələr və qissələr həqiqət kimi müqəddəs Quranın adından mənəvi mühitimizə yeridilir. Tarixi - dini hadisələr şişirdilmiş şəkildə,  cəbhələşdirilərək savadsız mollalar tərəfindən təbliğ olunur, fanatik əhalinin ailəsinə, ümumən mühitinə yol alır. Cazibədar fanatizm aurası yaradılır.

Bu baxımdan xalqın maariflənməsinə, bu sahədəki sivil qaydaların möhkəmləndirilməsinə ehtiyac var. Konstitusiyamızda yazılıb ki, "Azərbaycan demokratik, dünyəvi dövlətdir və dinin onun işlərinə qarışması yolverilməzdir".

Dünya imperializminin son 10 ildə müsəlman Şərqində apardığı regional və lokal müharibələr İŞİD, PKK kimi seperatist-terrorçu formalarının "Allahu-Əkbər" deyərək dini cihad altında öz müsəlmanlarını qırması, İsrailin 70 ildən artıqdır ki, Fələstin xalqını zəbun etməsi müasir sivilizasiyanın utanc gətirən, qəzəb doğuran əlamətləridir. İraqda, Suriyada, Yəməndə özünü sivil hesab edən dünyanın gözü qarşısında müsəlman mədəniyyəti məhv edilir, müsəlmanlar terrora, kütləvi qırğına məruz qalır, Avropa müsəlman mühacirlərin əlindən bilmir hara getsin və s. Deyəsən, tarixin imtahanı başlanıb, qoca tarix amansız bir qüvvə ilə Avropa imperialistlərini tökdüklərini öz qaşıqları ilə özlərinə yedizdirir, bumeranq kimi öz başlarına çırpır. İspaniyada, Kataloniyada, Fransada "sarı jiletlilər"in üsyanları tarixin ibrət dərsləridir. Bir neçə il öncə erməni separatizminə bəraət qazandıran İspaniya, İtaliya, İngiltərə, Fransa indi özü separatizm mərhələsi ilə üz-üzə dayanıb, dünyada səhman yaratmalı olan BMT, ATƏT çıxılmaz vəziyyətdə qalıb.

Bu gün Azərbaycan ən sabit, ən sakit ölkədir. İnamla islahatlar apararaq gələcəyə - tarixin qızaran üfüqlərinə doğru irəliləyir. Xüsusən böyük strateq və təcrübəli taktik, yeni sivlizasiyanın lider etalonu Prezident İlham Əliyevin son çıxışları göstərdi ki, o, daxildə gedən sualtı proseslərdən, sovet dövründən qalma bəzi nimdaş məmurların əməllərindən də xəbərdardır. Onda böyük şəxsiyyətlərə xas səbr var və bu dövlət başçısının ləyaqətidir, lakin hər şeyin həddi  və sərhəddi olduğu kimi, səbrin də hüdudu var. Millətin və dövlətin mənafeyi tələb etdiyi məqamda bu səbr kasası daşıb güclü selə çevriləcək, hakimiyyətdə olan məmur tör-töküntüsünü süpürüb aparacaq...

Qloballaşma əsas zərbəni bu gün milli adət və ənənələrə vurmaqdadır. Xüsusən Azərbaycan xalqının qiymətli mənəvi dəyəri olan ailə bağları zəifləyir. Pul, daha doğrusu, pula ehtiyac ailələri xərçəng kimi içərdən məhv edir.

Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma prosesi gedir. Əvvəllər bir qadın, yaxud bir kişi boşananda hadisəyə çevrilərdi. Dost-tanış yığışıb buna imkan verməzdi. İndi boşanmaq səhər-səhər durub diş fırçalamaq kimi bir işə çevrilib. Mən həmişə demişəm ki, ailəsi möhkəm olmayan xalqın dövləti möhkəm olmaz.

Erkən nigahlar, sevgisiz qurulan ailələr bu gün Azərbaycanda ailə kultuna zərbə vurmaqdadır. Həyat yoldaşını bir uşaqla qoyub günün birində çantasını çiyninə atıb gedənlərin ("kişi" sözü işlətmək istəmirəm!) sayı çoxalıb. Öyrənmişəm ki, bu prosesi saxlamaq üçün qanun mövcud deyil. Bəzən ortada heç bir səbəb olmur, sadəcə kişinin oğlunun kefi belə istəyir. Bir çobanın qabağından üç qoyun itəndə həmin çobana bizim "ədalətli" məhkəmələr üç il iş kəsir. Amma bir şərəfsiz ləyaqətli bir ailənin ali təhsilli qızının taleyini məhv edəndə onu cəzalandırmaq üçün qanun tapılmır. Kişilərdə kişilik, qadınlıqda xanımlıq zəifləyib.

Qloballaşmanın gətirdiyi müasir sivilizasiya gözəllik anlayışını, daha doğrusu, gözəlliyin oyektini də dəyişib. Qədim və orta əsrlərdə, İslam fəlsəfəsində, sufizimdə gözəlliyin meyarını təyin edən Hüsn idi. Orta əsrlərin cəngavər şairi  Nəsimi yazırdı: 

Sən bu hüsni-cəmal ilə, bu lütf ilə görüb
Qorxdular həqq deməgə, döndülər insan dedilər.

Orta əsrlərin bütün zamanların dahisi Füzuli deyib:

Ey mələksima ki, səndən özgə heyrandır sənə
Həq bilir insan deməz hər kim ki insandır sənə. 

Füzuli Hüsnə daha şiddətli metafora işlədir: 

Heyət ey büt, surətin gördükdə lal eylər məni
Surəti-halim görən, surət xəyal eylər məni. 

Bizim sivilizasiyada bu təbii hüsndən, insanı lal edən surətdir. Hurifilərin Allahın yazısı hesab edən hüsndən əsər-əlamət qalmayıb. Qloballaşmanın gətirdiyi yüksək texnologiyalardan istifadə edən xanimlarımız, xüsusən müğənni və aktrisalar üzdəyişmədə eyni metodlardan istifadə edərək hamısı inkubator cücələri kimi bir-birinə oxşayır.

Başqa yandan yanaşsaq, ehtiraslar azalıb. Həkimlər (və atalarımız!) yaxşı bilirlər ki,  ailə üçün güclü ehtiras lazımdır. Elə ədəbiyyat və incəsənət - bədii yaradıcılıq üçün də, ailə də bir əsərdir - insanın şah əsəri. Böyük alman filosofu K.V.Hegel yazırdı ki, "Ehtirassız dahiyanə heç nə yaradılmır".

Dünyanı ehtiraslar və maraqlar idarə edir. Bir şəxsin kimliyini bilmək istəyirsənsə, arzularını öyrən...

İndiki gənclik sürü psixologiyası ilə yaşayır, arzuları çox məhduddur. Çünki əksəriyyəti böyük sevgi əsasında qurulmayan ailədə dünyaya gəlib.

İndiki gənclik sovet dövrünün komsomolçularında qat-qat zəifdir. Sovet dövründə gənc komsomol səviyyəsinə çatmaq üçün oktyabrat və pioner məktəbini keçirdi. Bu gənclik daha mobil idi. Bu gün Azərbaycan gənclərində passionarlıq çatışmır.

Bu gün sənət təqdim və təbliğ edən teleşoular, süjetsiz və estetik idealdan məhrum teleseriallar məhz müasir sivilizasiyanın (qloballaşmanın!) ciddi sənətə, istedadla yazılmış bədii ədəbiyyata mənfi təsirinin nəticəsidir. Bunlar əyləncəyə marağı ifrat dərəcədə artırır, xüsusən, gəncləri həyatı idealdan məhrum edir,  onları tənbəlləşdirir, sevgi-məhəbbət hisslərini zəiflədir.

Biz Şərq arealına mənsub xalqıq, humanitar təfəkkürə malikdir. Avropalılar isə texnokrat təfəkkür sahibidir. Dünyada ət kütləsini 70%-ni avropalılar yeyir. Ona görə də Qərb revanşizmə, müharibəyə, dağıdıcılığa meyllidir. Biz isə əsasən xəmir  yeməkləri, düyü, dənli bitkilərlə qidalanırıq, ona görə də sakit və səbirliyik. Avropa - texnokrat, elm və mədəniyyət üçün sıçrayışlı, bizim elm və mədəniyyət üçün təkamül inkişaf xarakterikdir. Bizdə bir mərhələni özündən əvvəlki mərhələ yaradır.

Din böyük qüvvədir. İslam dini ən demokratik dindir. Sonuncu Səma kitabı olan müqəddəs "Quran" dünyada ən dərin mənalı kitabdır, mistik elmlər ensiklopediyasıdır. Cəmiyyətdə mənəvi tarazlığın qorunması, dünyada təhlükə ilə üz-üzə dayanan hər bir müsəlmanı təhlükəli vəziyyətdən xilas edilməsi, ümumən insanın qəlbinə və zəkasına kömək etmək dinin əsas vəzifəsidir. Vəfatından bir neçə il öncə Xalq yazıçısı, professor Əzizə Cəfərzadə mənə danışdı ki, ərəb ölkələrinə getmişdik. Oraya çatanda bildik ki, bizi dəvət edən böyük bir şirkətin rəhbərinin qardaşı vəfat edib. Biz də yas yerinə getdik. Gətirib qabağımıza bir fincan qəhvə qoydular. Mən ondan soruşdum ki, bəs sizdə ehsan verilmir? Dedi ki, siz bizim acımıza gəlmisiz, bizdə qaydaya görə sizə acı qəhvə veririk. Bu söhbəti eşidəndə mən bizim yas məclislərini xatırladım. Əksəriyyətinizə yaxşı məlum olan plov üç cürə aşqarası, bozbaş, dolma, müxtəlif meyvələr. Baxırsan ki, elə cənnət bu dünyada imiş.

Bu söhbətdən sonra mən İctimai televiziyada çıxış edib belə bir təklif verdim: Yas mərasimlərində üç şey verilsin: halva (ürəyi zəif olanlar üçün), şor qoğalı (uzaqdan gələnlər üçün), bir də limonlu çay (təzyiqi olanlar üçün).

Bu günlərdə çap olunmuş "İdrakın üfüqləri" kitabımda gedən müsahibələrdən birində yazmışam: Allahı sevirəm, bütün dillərə hörmət bəsləyirəm, fanatizmə nifrət edirəm.

Bu yaxınlarda keçirdiyi iqtisadi müşavirədə möhtərəm cənab Prezidentimiz İlham Əliyev bir daha dedi: "Bizim bütün siyasətimizin mərkəzində İNSAN dayanır".

Biz insanın qəlbi və zəkası uğrunda mübarizə aparmalıyıq. İnsanı hər hansı yolla məhv etmək Allah qarşısında da, qanun qarşısında da günah və cinayətdir. Müasir sivlizasiyada insan haqlarını qorumaq hər birimizin vətəndaşlıq vəzifəsi, mərhəmət və ədalət rəmzidir.

 





13.02.2020    çap et  çap et