525.Az

Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi - İsa Həbibbəyli yazır


 

Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi - <b style="color:red">İsa Həbibbəyli yazır </b>

Azərbaycan elmi fikrinin son iki əsrdəki inkişafı tarixində görkəmli simalarından biri də Əziz Mirəhmədovdur. Çoxcəhətli, ardıcıl, səmərəli və fədakar elmi fəaliyyəti, böyük zəhmətinin nəticəsi olan sanballı əsərləri ilə o, milli ədəbiyyatşünaslıq elminə nadir töhfələr vermişdir.

Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov (1920-2002) geniş elmi dünyagörüşə, qeyri-adi dərəcədə işgüzarlığa, bənzərsiz çətin xarakterə malik olan görkəmli alim idi. Onun həyatının və elmi fəaliyyətinin 60 ilə yaxın bir dövrü Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlıdır. Əziz müəllim 1942-ci  ildə Ədəbiyyat İnstitutunun ilk özəyi olan SSRİ EA Azərbaycan Filialı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda laborant kimi işə başlamış, müxtəlif illərdə Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, direktor müavini və nəhayət direktor (1981-1985) vəzifələrində çalışmış, İxtisaslaşmış Müdafiə Şurasına sədrlik etmişdir. Bu günün zirvəsindən baxanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bütün inkişaf dövrlərində Əziz Mirəhmədovun mühüm  xidmətlərinin olduğu aşkar və qabarıq şəkildə görünür. Əslində Əziz Mirəhmədovun özünün genişmiqyaslı elmi fəaliyyəti və uzun illər rəhbərlik etdiyi Mətnşünaslıq şöbəsinin məhsuldar işi Ədəbiyyat İnstitutunun içərisində özünəməxsus müstəqil bir elmi-tədqiqat institutu təsiri bağışlayır. Böyük elm məbədi olan Ədəbiyyat İnstitutu çərçivəsində çalışan, lakin ölkə miqyaslı elmi fəaliyyət missiyası yerinə yetirmiş görkəmli akademiklər Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, müxbir üzv Yaşar Qarayev, professor Məmmədhüseyn Təhmasib kimi qüdrətli alimlərin sırasında Əziz Mirəhmədovun da adı vardır.

Bu görkəmli ədəbiyyatşünas alimlərdən hər biri özünəməxsus fərqli xidmətləri və hətta üslubları ilə səciyyələnmişlər. Akademik Məmməd Arif Dadaşzadə üçün ədəbi tənqidi, Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətində ədəbiyyat nəzəriyyəçiliyi, Kamal Talıbzadənin tədqiqatlarında tənqid tarixi, Yaşar Qarayevin əsərlərində tənqidçiliklə nəzəriyyənin sintezi, Məhəmmədhüseyn Təhmasibdə folklorşünaslıq aparıcılıq təşkil etmişdir. Əziz Mirəhmədovun elmi fəaliyyəti isə ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyin sintezi əsasında formalaşıb inkişaf etmişdir.

Fikrimizcə, Əziz Mirəhmədovun ədəbiyyatşünaslıq fəaliyyətinin özünəməxsusluğu onun ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsini böyük məharətlə vahid məcrada sintez edə bilmək kimi mühüm elmi vəzifəni uğurla həyata keçirməsindən ibarətdir. Müşahidəmizə görə bu işin iki mühüm qaynağı var idi. Əziz Mirəhmədov şəxsi əlaqələri və elmi fəaliyyəti ilə yaxından bağlı olduğu görkəmli elm xadimləri Feyzulla Qasımzadənin ədəbiyyat tarixçiliyi ilə Məmməd Cəfər Cəfərovun ədəbiyyat nəzəriyyəsi məktəblərindən bəhrələnmiş, onları  təkrar etməmək şərti ilə yeni elmi istiqamət yaratmağa nail olmuşdur. Bu mənada Əziz Mirəhmədov Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyatın nəzəriyyəsi ilə tarixini uzlaşdıran yeni tipli elmi istiqamətin əsas yaradıcılarından biridir. Buna görədir ki, Əziz müəllimin ədəbiyyat tarixinə həsr olunmuş əsərlərində - "Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı" mövzusundakı namizədlik, "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəlləri Azərbaycan dövrü mətbuatı məsələləri"nə həsr etdiyi doktorluq dissertasiyalarında, monoqrafik əsərlərində və məqalələrində mövzu ilə əlaqədar olan tənqidi realizm, satira, ədəbiyyatda tipiklik və xəlqilik, satirik şerin və bədii nəsrin janrları, sənətkarlıq məsələləri və sair kimi ədəbiyyat nəzəriyyəsinə aid olan elmi məsələlərə obyektiv cavablar tapmaq mümkündür. Yaxud əksinə, Əziz Mirəhmədovun ədəbiyyat nəzəriyyəsi istiqamətində meydana çıxmış əsərlərində, məsələn, "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə ədəbiyyat tarixinə aid olan informasiyalar nəzəri terminlərin aydınlaşdırılmasına uğurla xidmət edir.

Fikrimizcə, tədqiqat üsulunun bu tipdə elmi ifadəsi, yəni ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin sintezi əsərin elmi dəyərini artırır, onun uzunömürlülüyünü təmin edə bilir. Əziz Mirəhmədovun bu gün də əhəmiyyətini qoruyub saxlayan sanballı elmi əsərləri bunu bir daha təsdiq edir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədov çoxcəhətli elmi fəaliyyətə malik olan geniş dünyagörüşlü ədəbiyyatşünas alim idi. Məşğul  olduğu elm sahələri və istiqamətlərin hamısında o, yüksək professionallıq nümayiş etdirmişdir. Hansı səmtdən baxsan Əziz müəllim elmdə professionallığa, kamilliyə əsl klassik nümunədir. Görkəmli alim  ədəbiyyatşünaslıq elmi ilə yanaşı mətnşünaslıq, mətbuat tarixi, teatr, kitabşünaslıq, lüğətçilik işi  istiqamətlərin hər biri ilə yüksək professionallıq səviyyəsində məşğul olmuş, mühüm elmi nəticələr əldə etmişdir. Geniş elmi dünyagörüşün və böyük zəhmətin məhsulu olan "Ədəbiyyatşünaslıq terminləri lüğəti" kitabı Əziz Mirəhmədovu həm də bacarıqlı bir lüğətçi kimi tanıtmışdır.

Əziz Mirəhmədovun "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ni (1978), daha da zənginləşdirərək "Ədəbiyyatşünaslıq ensiklopediyası"na çevirməsi (1998), görkəmli alimin lüğətçilikdən başlanan işini universal ədəbiyyatşünaslıq səviyyəsinə çatdırdığını əyani surətdə nümayiş etdirir. Beləliklə, Əziz Mirəhmədov Azərbaycanda ilk "Ədəbiyyatşünaslıq ensiklopediyası"nın yaradıcısı olmuşdur. Doğrudur, həmin ədəbiyyatşünaslıq ensiklopediyasında ədəbiyyatşünaslıq terminlərinin izahı çox, ədəbi-elmi şəxsiyyətlərə aid məlumatlar az idi. Bununla belə, Əziz Mirəhmədov Azərbaycan elmində "Ədəbiyyatşünaslıq ensiklopediyası"nın əsaslarını yaratmış, ilkin modelini müəyyən etmişdir.

Yaxud Əziz müəllimin Azərbaycan kitabının inkişaf yoluna həsr olunmuş araşdırmaları onun mükəmməl bir  kitabşünas olduğunu təsdiqləyir. "Sovet Azərbaycanının kitab mədəniyyəti" adlı tədqiqatı (1975) böyük ədəbiyyatşünasın mətnşünaslıq sahəsindəki fəaliyyətinin mühüm bir göstəricisidir. Əsərin adında sovet dövrünün nəzərə çarpdırılması, heç şübhəsiz, zamanın nəfəsi ilə əlaqədar idi. Reallıqda isə Əziz Mirəhmədov  tədqiqat işində Azərbaycan kitabının çoxəsrlik tarixindən geniş bəhs etmiş, ilk dəfə olaraq ölkəmizin kitab mədəniyyətinə həsr olunmuş sistemli bir tədqiqatı meydana qoymuşdur. Kitab mədəniyyətinə dair tədqiqatları Əziz Mirəhmədovun elmi fəaliyyətində ədəbiyyat tarixindən mətnşünaslığa keçid funksiyasını yerinə yetirmişdir. Elmi fəaliyyəti boyu Əziz Mirəhmədov üçün mətnşünaslıq həmişə doğma  elm sahəsi olmuşdur. Mətnşünaslıq sahəsində yazdığı əsərlər, tərtib  etdiyi klassik ədəbiyyat nümunələri, nəşr etdirdiyi kitablar, təqdim etdiyi müqəddimələr, şərhlər və izahlar Əziz Mirəhmədovun fədakar mətnşünas olduğunu  qabarıq surətdə nəzərə çarpdırır. Onun rəhbərliyi və iştirakı ilə "Əkinçi" qəzeti və "Molla Nəsrəddin" jurnalının əski əlifbadan müasir əlifbaya çevrilmiş transliterasiya nəşrləri hazırlanıb nəşr olunmuşdur. Bundan başqa o,  mətnşünaslığı praktik fəaliyyətdən, tərtibçilikdən xüsusi  elmi fəaliyyət sahəsinə çevirməyi bacarmışdır. Bu mənada Azərbaycanda Əziz Mirəhmədovla müqayisə edilə biləcək ikinci bir tanınmış mətnşünas alim göstərmək çətindir. Mətnşünaslıq sahəsindəki sanballı xidmətlərinə görə Əziz Mirəhmədovu rus ədəbiyyatşünaslığındakı akademik Dmitri Lixaçovla müqayisə  etmək mümkündür.

Çoxcəhətli elmi fəaliyyətə malik olan Əziz Mirəhmədov görkəmli Məmmədquluzadəşünas alim kimi şöhrət qazanmışdır. Alimin "Azərbaycan Molla Nəsrəddini" adlı sanballı monoqrafiyası mirzəcəlilşünaslıq elmi istiqamətinin şah əsərlərindən biridir. Böyük demokrat ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin həyatı və mühitinə, ədəbi-publisist fəaliyyətinə, habelə müasirlərinə dair çoxsaylı faktları və məlumatları, əlyazmalarını, bir çox bədii  nümunələri ilk dəfə Əziz Mirəhmədov tapıb aşkara çıxarmış, tədqiqata cəlb etmiş, geniş elmi təhlillərdən keçirərək ictimaiyyətin diqqətinə çatdırmışdır. Müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyini (1951-1954), üçcildliyini (1966-1967) və altıcildliyini (1981-1985) çapa hazırlayıb nəşr etdirmək kimi ağır və şərəfli zəhmətin nəticəsi olan mühüm işləri həyata keçirmək, bu nəşrlərə müqəddimə, qeyd, izah və şərhlər yazmaq Əziz Mirəhmədova nəsib olmuşdur. Nəhayət, möhtərəm Əziz müəllim Cəlil Məmmədquluzadənin və Həmidə xanımın məktublarını da ilk dəfə olaraq ayrıca kitab halında nəşr etdirməklə Azərbaycanda yazıçı məktublarının nəşri işinin də  əsasını qoymuşdur. Ən nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, "Molla Nəsrəddin" jurnalının 25 illik saylarının  transliterasiyasını çoxcildlik nəsr kimi çapa hazırlanması və birinci cildin öz sağlığında nəşr edilib geniş ictimaiyyətə çatdırılması vəzifələrini də Əziz Mirəhmədov məsuliyyətlə yerinə yetirmişdir. Əziz Mirəhmədovun davamçıları "Molla Nəsrəddin" jurnalını əvvəlcə səkkiz cilddə, hazırda isə on cilddə latın qrafikası ilə nəşr etdirərək bu böyük işi geniş ictimaiyyətə çatdırmaq vəzifəsini başa çatdırmışdır. Bütövlükdə bu gün "Molla Nəsrəddin" jurnalının tam halda çoxcildlik şəklində nəşr edilib elmi dövriyyəyə daxil edilməsi həm də Əziz Mirəhmədovun və vaxtilə onun rəhbərlik etdiyi "Mətnşünaslıq" şöbəsi əməkdaşlarının xatirəsinə böyük ehtiramın ifadəsidir.

Ömrünün sonlarında Əziz Mirəhmədov "Cəlil Məmmədquluzadə ensiklopediyası"nı çapa hazırlamaq işinə rəhbərlik etməklə demək olar ki, bütün həyatı boyu məşğul olduğu mirzəcəlilşünaslıq elminə axırıncı böyük töhfəsini, borcunu vermişdir. Vəfatından sonra 2008-ci ildə çap edilmiş bu dəyərli nəşrlə Əziz Mirəhmədovun elmi fəaliyyəti bir növ tamamlanır. Ailə üzvlərinin görkəmli alimin arxivindən üzə çıxarıb nəşr etdirdikləri "Əhmədbəy Ağayev", "Azərbaycan jurnalistləri və mühərrirləri" kitabları ilə Əziz Mirəhmədovun elmi irsi tam halda oxuculara çatdırılmışdır. Bu əsərlər Əziz Mirəhmədovun elmi irsində ideoloji yanaşmalardan ədəbi-tarixi proseslərin reallıqlarının təqdim edilməsinə doğru nə qədər ciddi dönüşün baş verdiyini aydın surətdə əks etdirir. Əziz Mirəhmədovun sovet dövründə yazılmış elmi əsərlərində də gerçəkliyin payı, əlahəzrət faktın yeri həmişə üstün olmuşdur. Əziz Mirəhmədov Əhməd bəy Ağaoğlu haqqında ilk təqdimatı hələ sovet hakimiyyəti illərində ictimaiyyətə çatdırmışdı. Müstəqillik illərində çap olunmuş "Əhməd bəy Ağaoğlu" monoqrafiyası əslində onun müəllifinin sovet hakimiyyəti illərində topladığı materiallar, əldə etdiyi sənədlər, apardığı araşdırmalar əsasında yazılmışdır. "Fikrin karvanı" toplusundakı "Əhməd bəy Ağayev" portret-oçerki sovet dövrünün ideoloji sədlərini aşa bilən tədqiqat nümunəsi kimi böyük maraqla qarşılanmışdı.

Əlbəttə, Əziz Mirəhmədov ilk növbədə sanballı ədəbiyyat tarixçisidir. "Mirzə Fətəli Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962) kitabları Azərbaycan ədəbiyyatının görkəmli  şəxsiyyətlərinin həyatı və yaradıcılığına həsr edilmiş mükəmməl monoqrafik tədqiqatlardır. Əziz Mirəhmədov bu əsərlərində də üzə çıxardığı çoxsaylı arxiv  sənədlərini və dövrü mətbuat materiallarını elmi ictimaiyyətə və oxuculara çatdırmaq üçün onları sadəcə təqdim etməmiş, mahiyyətini açaraq, elmi əhəmiyyətini aydınlaşdırmaqla həm də nəzəri cəhətdən şərh etmişdir. Ədəbiyyat tarixçiliyi ilə nəzəri təfəkkürünün ortaq nəticəsi kimi formalaşdırılan elmi əsərləri  ilə görkəmli alimin tədqiqatlarının özünəməxsusluğu meydana çıxmışdır. Doğrudur, Əziz Mirəhmədovun elmi fəaliyyətində ədəbiyyat tarixçiliyi ağırlıq təşkil edir, nəzəri yanaşmalar isə onun tədqiqatlarının mahiyyətini açmağa, dəyərini, əhəmiyyətini müəyyən etməyə xidmət göstərir. Bu cəhətdən yanaşdıqda ədəbiyyat tarixi örnəkləri kimi yaranmış "Sabir" monoqrafiyasını "Sabir və Azərbaycan realizmi", "Məhəmməd Hadi" monoqrafik tədqiqatını, "Hadi və Azərbaycan romantizmi"də adlandırmaq olar. "Azərbaycan Molla Nəsrəddin"i monoqrafiyası isə Azərbaycan mirzəcəlilşünaslığının klassik nümunəsi olmaqla yanaşı, həm də ədəbiyyatşünaslıq elmində maarifçi realizmdən tənqidi realizmə keçid proseslərinin və tənqidi realizm estetikasının elmi dərkinə həsr edilmiş nəzəri-tarixi tədqiqat kimi də xüsusi çəkiyə malikdir. "Azərbaycan Molla Nəsrəddini" monoqrafiyası Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" epoxasının ədəbi-tarixi oçerkləri" adlandırılmağa layiq olan sanballı tədqiqat əsəridir. Dövrün xarakterindən, Əziz Mirəhmədovun bir müddət Mərkəzi komitədə işləməsindən gələn ideoloji yanaşmaların olmasına baxmayaraq, "Azərbaycan "Molla Nəsrəddini" monoqrafiyası mirzəcəlilşünaslığın sütunlarından biri olaraq yaşamaqda davam edir.

Əziz müəllimi mən 1974-cü ildən, yəni Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almağa başladığım vaxtdan tanımışam. Münasibətlərimizin yaxınlığına üç amil  səbəb olmuşdur: akademik Məmməd Cəfər Cəfərovla, elmi rəhbərim professor Kamran Məmmədovla Əziz Mirəhmədovun yaxınlığı və  Cəlil Məmmədquluzadə ilə bağlı tədqiqatlar. İş elə gətirmişdi ki, mən  aspirant ikən möhtərəm və unudulmaz ustadım Məmməd Cəfər müəllimin yaxın əhatəsinə daxil olmuş, bu çox görkəmli alimin  dostları və müasirləri ilə tanış olmaq, ünsiyyət yaratmaq imkanı qazanmışdım. Bu sanballı və sabit elmi dairədə Əziz Mirəhmədovun xüsusi yeri var idi. Məmməd Cəfər müəllimlə Əziz müəllim demək olar ki, hər gün görüşür, bir-birlərinin kitablarına redaktorluq edir, ədəbiyyatımızın və ədəbiyyatşünaslıq elmimizin inkişafı yollarında bərabər çalışırdılar. Məmməd Cəfər Cəfərov - Əziz Mirəhmədov dostluğu elmimizin və ictimai fikrimizin ən azı 40 illik inkişafına xidmət edən elmi  münasibətlərin və şəxsi əlaqələrin əhəmiyyətini bir daha göz önünə gətirir. Əziz müəllim məni də Məmməd Cəfər müəllimin yaxın əhatəsinin üzvü kimi qəbul etmişdi. Bizim münasibətlərimiz  Məmməd Cəfər müəllimin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar bir çox görkəmli alimlərlə birlikdə Əziz Mirəhmədovun da iştirakı ilə 1979-cu ilin  iyun ayında Naxçıvanda keçirilən tədbirlərdə daha da yaxınlaşmışdı. "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda müdafiə etdiyim namizədlik dissertasiyasına 14 mart 1980-ci il tarixdə rəsmi opponentlik etməsi müəllim-aspirant münasibətlərinə unudulmaz məqamlar əlavə etdi. Namizədlik işimə yazdığı rəyi həmin ərəfədə, bir qədər nasazlamış Əziz müəllimdən müdafiədən cəmi bir gün qabaq ala bilməyim, müdafiə şurasının iclasında təcrübəsizlikdən birinci rəsmi opponentimin - özünü "cavan opponent" adlandıran Əziz müəllimin tənqidi qeydlərinin hamısına təkzibedici cavablar verməyim, Əziz müəllimin sərt reaksiyası, mənim və opponentimin ikinci dəfə "cavab nitqi" ilə çıxış etməsi nə qədər arzuolunmaz olsa da münasibətlərimizi dərinləşdirmişdi. Hazırda Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olan tanınmış ədəbiyyatşünas, professor Vilayət Quliyevin "dissertasiya müdafiəsi tarixində qeyri-adi hadisə" kimi mənalandırdığı bu əhvalatı Əziz müəllim özünəməxsus tərzdə, məxsusi yumorla "ifşa" adlandıraraq bir müddət məni öz həndəvərinə yaxın buraxmamışdı. Mən "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışarkən arxivlərdə araşdırmalar aparmağa "qızışdığım", aludə olduğum dövrdə müdafiəni gecikdirdiyimi görən Əziz müəllim günlərin birində bir münasib məqamda məndən niyə müdafiə etmədiyimi soruşduqda mən "hələ yazıb oxumalı, öyrənməli  çox işlər var" - deyə cavab vermişdim. Böyük müəllimimiz mətbuatda çap olunan məqalələrimi, nəşr edilmiş kitablarımı nəzərə alaraq "indiyə qədər yazdıqların doktorluq işi üçün kifayətdir, müdafiə et, sonra bütün ömrün  boyu oxuyub öyrənərsən" - demişdi. O, yenə də özünəməxsus qeyri-adi tələbkarlıq və məsuliyyətlə bir neçə il sonra baş vermiş doktorluq dissertasiyası müdafiəmdə rəsmi opponent kimi çıxış etmişdi. Əziz müəllim rəsmi opponentlik işinin tələblərinə uyğun olaraq dissertasiyadakı çatışmazlıqları göstərmiş, hətta makina xətalarını, orfoqrafik qeyri-rəsmi səhvləri də bir-bir ayrıca vərəqdə qeyd edib mənə vermişdi. Lakin sonra müdafiə onun mənə aid etdiyi "elmimizə bizi əvəz edən yeni nəsil gəlir" sözlərindən  dissertasiyamdan razı qaldığını elmi ictimaiyyətə çatdırmışdı. Və yalnız bundan sonra (1996) məni, necə deyərlər sınaqdan çıxmış hesab edən Əziz müəllimlə münasibətlərimiz bərpa olundu, dostluğa çevrildi. Haqqımda yazdığı "Ağsaqqal nəsillərin davamçısı" məqaləsində də o, üzərinə böyük məsuliyyət qoyan etimadını ifadə etmişdi.

XX əsrin səksəninci illərinin axırlarında Məmməd Cəfər müəllimlə münasibətlərində arzuolunmaz anlaşılmazlıqların meydana  çıxmasının otuz ildən çox əsl dostluq etmiş hər iki görkəmli alimi sarsıtdığını mən ayrı-ayrılıqda yaxından müşahidə etmişəm. Arada olan arzuolunmaz incikliyə baxmayaraq, Məmməd Cəfər müəllim həmişə Əziz Mirəhmədovun alimliyinə yüksək qiymət verirdi. Eyni zamanda, Əziz Mirəhmədov da ömrünün axırınadək Məmməd Cəfər müəllimdən söz düşəndə onu "mürşidimiz" - deyə  böyük ehtiramla yad edirdi. Hətta 2001-ci ildə Əziz müəllim evlərində mənə iri bir qovluq göstərib dedi: - Cəfər müəllimlə (dostları Məmməd Cəfər müəllimi belə adlandırırdı - İ.H.)  əlaqədar materialları toplamışam. Ömür vəfa etsə, yazıb borcumuzdan çıxarıq. Bu, həm də Məmməd Cəfər Cəfərovla aralarında yaranmış arzuolunmaz münasibətlərdə özünü müəyyən dərəcədə günahkar hesab etməyin də səmimi etirafı idi.

Məmməd Cəfər müəllimin vəfatından sonra Əziz Mirəhmədovun  ədəbi-elmi mühitdə təkləndiyi aşkar hiss olunurdu. Məmməd Cəfər müəllim kimi böyük şəxsiyyətdən, unudulmaz məsləkdaşdan sonra Əziz müəllim üçün heç kəs onun yerini verə, həmin boşluğu doldura bilmədi.

Nəhayət, mənim üçün  təsirli olan bir məqamı da böyük minnətdarlıq hissi ilə qeyd etməyi  özümə borc bilirəm. Azərbaycan Milli  Elmlər Akademiyasına 2001-ci ildə keçirilən seçkilərdə Əziz Mirəhmədov "həqiqi üzvlük" üçün sənəd təqdim etmişdi. Səksən bir yaşlı Əziz müəllimə artıq qocalıq əl vermişdi. Yaddaşında da, yerişində də müəyyən "çətinliklər" müşahidə olunmağa başlamışdı. Buna baxmayaraq, o, seçki günü Akademiyaya getmişdi. Orada özünə yaxın adamlardan birinə dediyi "gəlmişəm İsa Həbibbəyliyə səs verib gedəm" sözlərini ifadə etdiyi  böyük etimadı unutmağa heç cür ixtiyarım yoxdur. Əziz Mirəhmədov kimi güzəştsiz bir alimin iddiaçıların siyahısından mənim adımı tapıb səs verməsi, qalan adların üzərindən xətt çəkib getməsi unudulacaq hadisə deyildir. Və yəqin ki, "Ustadi-Əzizimiz"in həmin etimad və ümidlərini  gerçəkləşdirmək üçün vaxtilə böyük müəllimimizə dediyim kimi, hələ çox  çalışmaq, "yazıb oxumaq" lazımdır.

Əziz Mirəhmədov çox zəhmətkeş alim idi. Mən bir neçə dəfə onun Buzovnadakı bağ evində, yaxud Bakının Üzeyir Hacıbəyov prospektindəki binanın onuncu  mərtəbəsindəki mənzilində əlyazmalarını, kitabları dairəvi şəkildə döşəməyə sərib özü də ortada yerə uzanaraq saatlarla böyük şövqlə yazıb-yaratdığının şahidi olmuşam. Hətta ömrünün lap son illərində Əziz müəllimin gündə 10-12 saat fasiləsiz işlədiyi  üçün hədsiz yorulduğunu, yaranmış vəziyyəti bərpa etmək üçün təcili həkim çağırmaq lazım gəldiyini də görənlər az olmayıb.

Görkəmli alim, bənzərsiz şəxsiyyət Əziz Mirəhmədovun xatirəsi onun yaxınları  ilə yanaşı, davamçılarının da  qəlbində daim yaşayacaqdır. Hər bir ədəbiyyatşünas üçün qarşıda duran əsas vəzifələrdən biri də elmimizi Əziz müəllimin nümunəsində təmsil etməyə layiq olmağı bacarmaqdan ibarətdir.

2019

 





15.02.2020    çap et  çap et