525.Az

Siyasi ekspert: "İlham Əliyev Paşinyanı darmadağın etdi"


 

Siyasi ekspert: "İlham Əliyev Paşinyanı darmadağın etdi"<b style="color:red"></b>

1962-ci ildən keçirilən Münhen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. 1998-ci ildən etibarən Almaniya hökuməti tərəfindən maliyyələşdirilən konfrans iştirakçıların statusuna və sayına görə, eləcə də dünyanın diqqət mərkəzində olduğu üçün özünün analoji alternativlərini xeyli üstələyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, bu il 56-cı dəfə keçirilən konfransda 800-dən çox nümayəndə, 150 dövlət və hökumət başçısı, həmçinin hökumət üzvü iştirak edib. "Belə bir önəmli tədbirdə Azərbaycan Prezidentinin iştirakı, şübhəsiz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və çıxışları hər zaman maraq doğurub və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, xarici siyasət və enerji məsələləri üzrə nüfuzlu ekspertlərinin diqqət mərkəzində olub”, - deyə siyasi ekspert vurğulayıb.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransının 56-cı toplantısının ən önəmli hadisəsi isə, təbii ki, Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr və Prezident İlham Əliyevin Ermənistanın hökumət başçısına tarixi həqiqətlər və beynəlxalq hüquqla bağlı verdiyi dərsdir.
E.Mirzəbəyli qeyd edib ki, əvvəlcə Prezident İlham Əliyevin Azərbaycanın və onun ayrılmaz bir parçası olan Dağlıq Qarabağın tarixi, münaqişənin yaranma səbəbləri və Ermənistanın baş nazirinin əsasız iddialarına diqqət çəkmək istəyirəm. “Prezident İlham Əliyev tarixi müstəvidə çıxışına 1805-ci ildə Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının generalı Sisianov arasında imzalanan sazişdən başladı bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçdiyini qeyd etdi. Yəni, Prezident İlham Əliyev məsələni tarixi müstəvidən hansısa salnaməçilərin, yaxud maraqlı tərəflərin uydurduğu xronikadan deyil, beynəlxalq münasibətlərin subyekti olan və hazırda da qorunub saxlanan dövlətlərarası müqavilələrdən başladı. Prezident İlham Əliyevin Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla bağlı söylədikləri, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı söylədikləri də mübahisə doğurması mümkün olmayan tarixi faktlara söykənirdi və bu faktlar sənədlər şəklində bu gün Rusiya və dünyanın ayrı-ayrı ölkələrində qorunub saxlanılır”, - deyə E.Mirzəbəyli bildirib.

Siyasi ekspert bildirib ki, Nikol Paşinyan hər hansı bir tarixi sənədlə təsdiq olunması mümkün olmayan, erməni salnaməçilərinin uydurduğu və yalnız ermənilərin inandığı söz yığınından ibarət tarixi dedi-qodularla Azərbaycan Prezidentinə cavab verməyə cəhd göstərdi. Paşinyanın “Böyük Tiqranın romalı hərbi lider Pompeylə danışıqlar aparması” barədə söylədikləri isə, təkcə onun savadsızlığını və səriştəsizliyini yox, həm də yalan üzərində qurulan erməni təbliğatının mahiyyətini ortaya qoydu. Paşinyanın imkanı olsaydı, hətta ibtidai icma quruluşundakı “erməni dövlətçiliyindən” də danışardı. Ortalıqda onun dediklərini təsdiqləyəcək dövlətlərarası müqavilə, yaxud hər hansı bir sənəd yoxdur. Sadəcə əfsanə var və bu əfsanə də Prezident İlham Əliyevin misal gətirdiyi tutarlı tarixi faktlarla dünyanın gözü qarşısında darmadağın oldu.

Elçin Mirzəbəyli əlavə edib ki, Nikol Paşinyan hər dəfə Prezident İlham Əliyevin onu acınacaqlı duruma salan fikirlərinə cavab vermək istəyəndə öz vəziyyətini daha da pisləşdirdi. Bu Xocalı soyqırımı, Şaumyan rayonu ilə bağlı fikir mübadiləsində də özünü qabarıq şəkildə göstərdi.

Ekspertin fikrincə, Azərbaycan Prezidentinin Ermənistanın Baş nazirinin Şaumyan rayonu ilə bağlı düşdüyü acınacaqlı durumdan və üzr istəməsindən istifadə edərək, unikal bir siyasi manevrlə bolşevik Stepan Şaumyanın adının tarixi Azərbaycan şəhəri olan Xankəndinə verilməsini, müstəqil bir dövlətə rəhbərlik edən Xanın kəndinin (şəhərinin) bolşevik Stepanın şəhərinə çevrilməsini vurğulaması ermənilərin öz himayədarlarının xidmətindən yararlanmaqla azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycan toponimlərini qondarma erməni adları, hətta qaniçən və cəlladların adları ilə əvəzləməsi ilə bağlı tarixi həqiqətləri ortaya qoydu.

Bu debatda sadəcə Ermənistanın Baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub olduğunu deyən siyasi ekspert hesab edir ki, Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışları, şərh və cavabları işğal altında olan Azərbaycan torpaqları ilə bağlı həqiqətlərin dünyaya təqdim olunması baxımından yeni və olduqca əlverişli bir mərhələ açıb və ümid edirəm ki, ölkəmizin müvafiq qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, diaspor təşkilatları bu əlverişli imkandan yararlanmağı bacaracaqlar.

 





16.02.2020    çap et  çap et