525.Az

Kamal Abdullanın “Labirint”i


 

Kamal Abdullanın “Labirint”i <b style="color:red"></b>

İnkarolunmaz faktdır ki, sağlam ədəbi tənqid ədəbi prosesin inkişafına təkan verir. Son illər  nəsrimizdə roman bumu yaşandığı kimi, həm də hekayə axını mövcuddur. Ədəbi tənqid irihəcmli əsərlərlə yanaşı, kiçik janrda ərsəyə gəlmiş mətnlərə də biganə qalmır. Bu baxımdan Kamal Abdullanın “Labirint” adlı hekayələr toplusu da diqqətimizi cəlb etdi.

Başlanğıcını rəvayət, nağıl kimi folklor janrlarından alan hekayə epik növün yazılı ədəbiyyatdakı digər janrlarından həcminə görə olduğu kimi, çevikliyinə və operativliyinə görə də seçilir. Yığcam formaya malik hekayə janrında uğurlu mətn yazmaq heç də hər yazara nəsib olmur. İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatının təcrübəsi sübut edir ki, sənət əsərinin dəyərləndirilməsində həcm meyar deyil. Müasir hekayəçilik klassik ənənələrə bağlı olmaqla yanaşı, həm də ideya-məzmun rəngarəngliyi, forma müxtəlifliyi baxımından yeni orijinal xüsusiyyətlərə malikdir. 
 
K. Abdullanın “Labirint” toplusundakı hekayələri oxuyarkən hər şeydən əvvəl, belə bir qənaətə gəlinir: insan dünyaya göz açandan öz ömür hekayəsini yaşamağa başlamır, hər bir hekayətin başlanğıcı çox-çox illər, əsrlər öncə onun əcdadları tərəfindən qoyulmuşdur. Və hər yeni doğulan insanın ömrü sadəcə o hekayəti davam etdirir. İnsan genetik kodlarla keçmişinə, keçmişinin keçmişinə bağlıdır və istəsə də, istəməsə də, öz həyatına bu kodları daşıyır. Başlanğıc haqqında nə qədər əfsanələr, rəvayətlər uydurulsa da, bütün bunlar insanın xəyal gücünə dayanır. O zaman nədən hər kəs öz keçmişini, başlanğıcını, həqiqətini, xəyalını uydurmasın?!
 

“Labirint” müəllifini həmişə başlanğıc cəlb edir. Müəllif iş stolu arxasında əyləşib uzaqlara – lap əvvələ, dünyanın, həyatın başlanğıcına baxır və nəinki baxır, bu günkü yaşamını dəyərləndirərkən ilklərdən olan insanın keçmişini yaradır. “Labirint”dəki hekayələrin bəzilərində mif, bir qismində xəyal və illüziya, digərlərində yuxu elementləri hadisələri arxasınca çəkib aparır. Oxucu hər hekayədə qarşısına çıxan və başını sındıran sualların bələdçiliyi ilə çox vaxt sonsuzluğa aparan yola – labirintə gedib çıxır. Ha dönüb-dolanır, konkret bir cavab tapa bilmir; Əhməd müəllimin (“Kamera teatrı”) son cavabları kimi, “Ola da bilər, olmaya da”, – deyə namüəyyənlik içində qalır. İnsan axı yuxuda da yaşaya bilər, niyə də yox? Sevmədiyin, sənə aid olmayan və sənin aid olmadığın bir dünyanı istəmirsənsə, öz dünyanı yarat, xəyal gücünlə, hətta qüvvən yetirsə, lap əməlinlə. Yetər ki, istə. Əhməd müəllim xəyal etdiyi dünyada yaşadığı kimi, firon I Psammetix də (“Çəngəl çiçəyi”) yaşamaq istədiyi yeganə məkanın yuxuları olduğunu deyir.  

Paralel dünya modeli Kamal Abdullanın romanlarından olduğu kimi, hekayələrindən də əsas xətt kimi keçir; müəllifin həcmindən, janrından asılı olmayaraq, bütün əsərləri sanki birlikdə böyük bir epopeyadır və üslubi xüsusiyyətlərinə, bədii-fəlsəfi dəyərinə, şərti-metaforik elementlərin tətbiqinə görə,  biri digərini tamamlayır. Sanki müəllifin bir əsərinin qəhrəmanı divarı aşaraq başqa bir əsərinə qonaq gəlir, bir hekayədə meydana çıxan ideyadan başlanğıc götürüb digərində istiqamətini bir az da dəqiq müəyyənləşdirir. Topludakı hekayələrin əksəriyyəti yaşadığımız və gerçək hesab etdiyimiz dünyaya paralel olaraq başqa dünyaların mövcudluğuna nəinki işarə, hətta təkiddir. Və müəllif oxucunu bu paralel dünyalar arasında qırılmaz əlaqənin mövcudluğuna inandıra bilir. Düşünə bilən insan dərk edir ki, həyatında baş verən ən təsadüfi hesab olunacaq epizod belə əslində təsadüf deyil; yuxu da, xəyal da, mif də bəzən yaşananların, bəzən isə  yaşanmaq arzusunun əksi, aynasıdır.  

Az qala bir romanın yükünü daşıyan “Labirint” hekayəsində Ariadnanın sevgilisi Teseyi vəhşi Minotavrla döyüşə yola salarkən dönə-dönə xatırlatdığı sözlər (“Kələfin ucunu itirmə.”) həm də müəllifin oxucuya verdiyi mesajdır: “kələfin ucunu itirmə ha, yoxsa bu hekayə-labirintin içində azıb-qalarsan, lap elə həyatının içində də.” Ölümsüzlük, əbədiyyət, sonu olmayan, bitib-tükənməyən hisslər və o cümlədən, sevgi çıxışı olmayan – pəncərəsiz, qapısız bir binadır; çıxmaq istəyəndə dalana dirənirsən. Düşmədən öncə düşünmək lazım idi. Ayrı-ayrı adlarla müxtəlif cisimlərdə dünyaya gələn iki ruh əvvəlcə sevgisi ümman olan, sonralar yavaş-yavaş bu birgəlikdən bezən, usanan və hətta yollarını ayıran insanlarda yaşayır. Ölümsüz koşşey əbədi həyatdan bezdiyi kimi, sevgisini zorla, düşünülmüş şəkildə müxtəlif zaman və insanlarda dövr etdirən adamlar da bu duyğulardan usanırlar. Detektiv qatı ilə oxucuda bir az da maraq oyadan hekayədə sevgidə əbədiyyət qazanmaq üçün cinayət yolunu seçən cütlüklər məhz bu faciənin səbəb olduğu görüş nəticəsində rastlaşır, yenə birləşib bərabər yaşayırlar. Bu tilsimi Vaqif qırır; Qətibə yenidən qovuşmaları üçün açar sözü onun dilindən eşitməyi nə qədər arzulasa da, Vaqif düşünüb-daşınır və Dürdanəni seçir. Beləliklə, labirintdən azad olmanın yolu tapılır – ora daxil olmamaq. Kələfin ucu göylərin yeddinci qatındadır əslində, insanın taleyinə yazılmış qismət gözəgörünməz bir əl tərəfindən yavaş-yavaş açılan kələfdir elə. Cinayət, bəzən xəyanət hesabına o qisməti dəyişməyə çalışanda kələfin ucu itir, insanın yolu dalana dirənir.  

Dünyanın fəlsəfi dərkinə yönəlmiş konseptual-bədii yanaşma, sivilizasiyalararası paralellər və fərqlərin təsviri, mifoloji və folklor elementlərinin özünəməxsus duyumu bütövlükdə K. Abdulla nəsri üçün olduğu kimi, hekayələri üçün də xarakterikdir. Müəllifin yaratdığı paralel dünya modeli zaman və məkan fövqündəki alternativ gerçəkliklərə söykənən bir aləmdir. Əsərlərində dünya içində dünya yaratmaq üçün yazar əksər hallarda retrospektiv elementlərə, arxetiplərə müraciət edərək mətn içində mətn yaradır. Hekayənin mətni özündən öncəki mətnlə, bu halda miflə, bir növ, dialoqa girir. K. Abdullanın hekayələri intellektual oxucu üçün əsl töhfədir, lakin “Labirint” hekayəsinin sonunda sanki müəllif qeyri-intellektual auditoriyanın da qeydinə qalaraq əsəri ağır konsistensiyadan məhrum edib sadələşdirir və sonluğu ən anlaşıqlı dillə izah edir, oxucuya müraciət edərək əsərin ideyasını 3 punktla açıqlayır.  

Söz sənəti özünün elə bir mərhələsinə yetişib ki, gerçəkliyi olduğu kimi əks etdirən əsərlər oxucuda bir o qədər maraq doğurmur. Hadisələrin mistik çalarlarla zənginləşdiyi, oxucunu dalınca çəkib çıxmazlara salan əsərlər daha oxunaqlı və maraqlıdır. Müəllifin mifik və tarixi dünyaduyumunun interpretasiyası ilə fantastik  hadisələri bir araya gətirdiyi “Dəvə yağışı” hekayəsində Yaradanın yaratdıqlarına rəhməti olan yağış öncə ilahi hakimiyyət, güc, qüdrət  simvolu olan şir şəklində yağır. Lakin öz hiyləsi ilə şirdən də güclü olan insan onları qəfəsə salır. Bu dəfə göydən dəvə yağır; o dəvə ki Səmud qövmünə sınaq kimi gəlmişdi və insan öz nəfsinə yenilib bu sınaqdan üzüqara çıxmışdı. Heç müasir insan da öz xələfindən seçilmir, daha “təkmilləşmiş” hiylələr işlədərək dəvələri də qəfəsə salır. Çünki insanın öz dəvəsi var, o öz bütünü yaradıb. “Yaratdığına “allah” deyib ucalığından enən insan” virtual aləmdə öz əməyi və zəkası sayəsində yaranmış dəvəni qəbul edir, göylərdən göndərilənləri istəmir. İnsan zəkasının məhsulu olan virvizual dəvə isə təbiətin yaratdığına – yağış-dəvələrə can atır, onlarla birlikdə olmaq istəyir. Lakin insanın yaratdığını Ay zolağı qəbul etmir, sanki ondan “canını qurtarmaq istəyir.” Ay zolağı naviqator rolunu oynayaraq insan tərəfindən aldadılmış “nabələd” məxluqlara yardım edir, onlara yol göstərir. Dəvələri elə bu zolaq vasitəsilə Aya yola salırlar, göydən enənləri göylərə qaytarırlar. Çünki Ay saflıq və təmizlik simvoludur, haqlı olanın himayədarı, haqsızlıqlara düşməndir. İnsanlar şirlərlə müqaviləni də pozub ovsunun köməyilə onları asanlıqla qəfəsə salırlar. Lakin sonda qəfəsdən qurtulan qəzəbli şirlər son və qəti sözlərini deyirlər: “Biz gedirik. İnsanlar bizi aldatdılar. Biz gedirik və bir də yağış kimi insanların şəhərinə yağmağı mən əbədiyyən şirlərə qadağan edirəm.” İnsan cəmiyyətindəki nizamsızlıq, xaos, əslində elə insanın özünün “zəhmətinin” bəhrəsidir. Çünki yalan, xəyanət, dönüklük insan xarakterinin xüsusiyyətlərindəndir. Və yaşadığı haqsızlıqların, bədbəxtliklərin əsas səbəbi İlahinin hakimiyyətindən üz çevirməsi, haqqa dönüklüyüdür. Xeyirlə şərin mübarizəsi elə insanın öz nəfsi ilə mücadiləsidir və nə qədər ki o, nəfsinə qul olacaq, bəşər cəmiyyətində şərin qalibiyyəti  və hakimiyyəti hökm sürəcək. “Dəvə yağışı” hekayəsinin mübədində duran bu fikri “Parisin seçimi” hekayəsi də davam etdirir. 

 Kamal Abdullanın ümumbəşəri dəyərləri əks etdirən hekayələrinin mövzusu, əsasən, antik ədəbiyyat, mifologiya və folklordan götürülür. Lakin müəllif əsrlər boyunca bəşəriyyətə məlum olan miflərə yeni rakursdan yanaşır, öz mifini yaradır. Elə postmodern estetikanın məlum xüsusiyyətlərindən biri də bütləri yıxıb-dağıtmaq, daşlaşmış mövzulara müdaxilə və onları dekonstruksiya etmək imkanını yaratmasıdır. Antik yunan mifologiyasından bəlli olduğu kimi, nifaq ilahəsi Eridanın “Gözəllər gözəlinə çatacaq” yazısı ilə ortalığa atdığı alma ilə araya nifaq salınır və dünyanı yaradan, idarə edən allahlar belə seçim etməkdə aciz qalarkən seçim hüququ insana verilir. İnsan allahlardan daha güclü olardı, əgər seçimi doğru olsaydı.

Əsatirdə Troya padşahı Priamın oğlu Parisin seçimi ona dünyanın ən gözəl qadınını vəd edən Afrodita olsa da, hekayədə Paris gözəllər arasında nifaq salan almanı ona Troya üzərində hakimiyyət vəd edən Heraya təqdim edir. Müəllifin sonluğu məhz bu şəkildə bitirməsi təsadüfün deyil, qanunauyğunluğun nəticəsidir. Min illər boyunca hakimiyyət insana arzusunda olduğu hər şeyi qazandıra bildi – o, dünyadakı ən gözəl qadınlara da sahibləndi, qüdrəti sahəsində ağıllı görünməyi də bacardı.

Ötən əsrin 50-ci illərindən formalaşmağa başlayan posmodenizm-strukturalizm cərəyanının nümayəndələri mətni dünyaya bərabər nəsnə hesab edirdilər. K.Abdulla dünyanı gerçəyi, uydurması, xəyalı, təsəvvürü... ilə birgə kiçik bir mətnə sığdırmağı bacarır. Hər bir sənətkar əsərlərində ilk növbədə özünün iç dünyasını, ruhunu, yaşantılarını ifadə edir. Lakin əsərin uğuru və məziyyəti bu yaşantıların dar çərçivəyə qapanıb qalmamasında, ümumbəşəri dəyərləri əks etdirməsindədir. Bu gün Azərbaycan ədəbiyyatını məhəlliçilikdə, müəllif özünüifadəsindən bir addım da kənara çıxa bilməməsində suçlayanlar “Labirint”i oxuyarkən bunun əksi ilə qarşılaşacaqlar. Kamal Abdulla əsərləri ilə ədəbi hadisə yaratmağı bacaran sənətkardır. Və fikrimcə, yazıçının bəşəri ideyalar daşıyıcısı olan milli məzmunlu hekayələri təkcə Azərbaycan oxucusuna ünvanlanmır. “Labirint”dəki hekayələri yüz il sonra da olsa, oxuyan oxucu üçün buradakı hekayələrin ideyası, mahiyyəti aktual olacaq. Çünki məşhur bir aforizmdə deyildiyi kimi, “Tarixin bircə dərsi var, o da onun heç bir dərs verə bilməməsidir.”

K.Abdullanın “Labirint” toplusundakı hekayələr sanki romanlarına açılan pəncərə və ya onlardan kiçik çıxarışlardır. Ümumiyyətlə, müəllifin həcmindən və janrından asılı olmayaraq, bütün əsərləri birlikdə bütövü, tamı təşkil edir. Romanlarda başlayan labirint hekayələrdə davam edir, bəlkə də, əksinə, hər şey elə hekayələrdən başlayıb və hekayələrin labirinti müəllifi (həm də oxucunu) romana doğru aparır. Başqa sözlə, başlanğıc sondan başlayır. Hər bir halda, maraqlı və düşündürücüdür.

“Labirint” hekayələr toplusu hər nə qədər ədəbi hazırlıqlı oxucuya xitab edirsə, müəllif bəzən sətirlərarası hər bir oxucunun onu başa düşməsinin də qeydinə qalır, ipucu verir. “Bu fikirlərin canı belə idi ki, bizim yaşadığımız və tanıdığımız dünya öz mövcudluğunda tək deyil. Onunla bərabər ona qismən bənzər digər dünyalar da sonsuz fəzada mövcuddurlar. Hətta bizim hər birimiz o biri paralel dünyalarda tamam başqa-başqa tərzlərdə öz yaşamağımızı davam etdiririk...” “Adaşlar” hekayəsindəki bu sətirlər tapmacanın açmasıdır, labirintdən çıxmaq üçün əvvəlcədən oxucunun əlinə verilmiş kələfdir. “Pəncərə”dən baxıb dünyanı, yaraşıqlı Apollonu, Eyfel qülləsini, Misir piramidalarını görmək nə qədər asanmış demə. Heç demə, Kamal Abdullanın “Labirint”i Minotavrın labirinti kimi çıxılmaz deyilmiş, müəllif ki oxucusuna kələfin ucunu verir yeri gəldikcə. Sadəcə bir az daha cəsarətli olmaq, düşününcə başının ağrıyacağından qorxmamaq lazımdır. Düşünməkdən daşındırmaq yox, düşündürüb-daşındırmaqdır bu hekayələrin qayəsi. K. Abdulla ruh əkizi X. L. Borxesin xatirəsinə yazdığı “Adaşlar” hekayəsini sələfinin “Özgə” hekayəsinin ruhunda yazıb. Əvvəlkinin qaçılmaz yoluna çevrilən sonrakının yolu mütləq gedilməli, həyatı mütləq yaşanmalıdır. Bu günün yanlışları sabahın peşmanlığı, dünənin arzuları bu günün gerçəyidir. Borxes “Özgə” hekayəsində onu hələ qəbul edə bilməyən, tamamən yad olan yeniyetməliyi ilə yanaşı oturur. “Adaşlar”da isə yazar, ədəbiyyatçı Kamalla həkim Kamal üz-üzə durur və onlar bir-birini ən yaxşı tanıyan, ən kiçik jestlərinə belə bələd olan iki nəfərdir. İki Kamal paralel dünyalarda – gerçəklə arzunun yaratdığı həyatda yaşayırlar. İnsan üçün yaşadıqları nə qədər adi, sıradan görünürsə, yaşamadıqlarının, dadmadıqlarının əlçatmazlığı onu bir o qədər cəlb edir. “Görəsən, belə seçim etsəydim, indi həyatım necə olardı?” sualı düşünə bilən hər kəsi narahat edir. “Adaşlar”da Kamal arzularının Kamalı ilə üz-üzədir; yaşanmayan gerçəyi gördü, bildi və bir daha heç zaman görüşməmək üzrə vidalaşdı.

Hekayələrində müəllif qəhrəmanı və bəlkə də, elə özü üçün əlçatmaz olanı reallaşdırır. Bu topluda labirint Yolun simvolu kimi insanı Həqiqətə doğru irəliləməyə sövq edir. K. Abdullanın “Labirint”indən keçmək yolun başlanğıcından sonuna kimi oxucunun yenidən doğuluşu, yeniləşməsi, təkamülüdür.
 

 





12.10.2012    çap et  çap et